Страница 2 из 2 · 50%

Atabəy Səba xanımın nələr düşündüyünü dərhal hiss etdi və buna görə də Səba xanıma vədə verdiyi qızılların gətirilməsini əmr etdi. Qızıl kisəsi Səba xanımın qarşısına qoyulduğu zaman, cariyə qorxu və tərəddüdləri unutdu və qolunu Atabəyin boynuna salıb dedi:

– Əlahəzrət, dünyanın işi belədir, vaxt olur ki, insanın özü sevir, yalvarır, yaxanır, lakin onu sevmirlər. Elə zaman da olur ki, insan sevmir, yalvarışları, hədiyyələri və mükafatları nəzərə almayaraq, “Sevmirəm” deyir və aşiqlərini təhqirlərlə rədd edir. Hər kəsin və hər qızın həyatında bu hadisəni görmək olar. O, həyatının gözəl günlərini bir şairin eşqində keçirtdi. Lakin şair: “sevmirəm” deyərək, onu rədd etdi və onun gənc qəlbini yaraladı.

Nəhayət, onu bir qəhrəman sevdi, onun eşqində gecə-gündüzünü itirdi. Mələkənin atası da bu gəncin sevgisinə rədd cavabı vermədi. Mələkəni bu sevgiyə məcbur etmək istədilər. Ancaq iqbal və qismət bu sevginin də üzünə gülmədi. Atabəyin Gəncə səfəri bu sevginin üzərinə ümidsizliyin qəmli xəttini çəkdi.

Atabəy Səba xanımın söhbətinə çox diqqətlə qulaq verəndən sonra soruşdu:

– Son sevginin kimin tərəfindən aralığa sürüldüyünü bilmədim.

– Son sevgi Hüsaməddinin sevgisi idi. Hüsaməddin onu dəlicəsinə sevirdi. Mələkənin ata-anası da buna razı idi. Nişan qoyulacaq idi, lakin qızın şairi sevməsi izdivacın baş tutmasına əngəl törətdi. İqbal belə bir yol göstərmişdi: qız şairi sevməsəydi, mələkə əla həzrətə yox, Hüsaməddinə qismət olacaqdı, ancaq bu qədər.

– Mənə doğrusunu söylə, mənim mələkəm indidəmi şairi sevir?

– Xeyr, sevmir; sizi əmin edirəm, hazırda mələkə şairdən intiqam almaq üçün fürsət axtarmaqdadır.

– O indi də Hüsaməddini sevirmi?

– O nə onda, nə də indi onu sevmir.

– Hüsaməddin yenə də onu sevirmi?

Səba xanım sakit olub danışmadı. Atabəy ona tərəf dönüb həyəcanla soruşdu:

– Nə üçün sakit oldun? Məni maraqlandıran ancaq bu nöqtədir.

– Mən bu barədə nə deyə bilərəm?! Qəlbləri oxumaq çox çətindir. Nə mələkə, nə də Hüsaməddin adi adamlar deyil. Əcəba, bir hökmdarın mələkəsi, yaxud bir hökmdarın sərkərdəsi bir-birini sevdiyi zaman öz cariyəsinə sezdirəcək qədər sadədil ola bilərmi?

Lakin sevgi məsələsi də qəlbdən silinəcək bir məsələ deyil. Dünyada hər şeyi yumaq mümkündür, lakin eşqi yumaq, ürəkdən təmizləmək olmaz.

Səba xanım bu sözdən sonra Atabəyin barmağındakı əqiq üzüyün yazılı qaşını göstərib dedi:

– Əlahəzrətin üzüyünün qaşındakı yazıları yumaq mümkündürmü?

– Xeyr, mümkün deyil, onu məhv etmək üçün sındırmaq lazımdır.

– Əlahəzrət, ürəkdə sevgi də eladır. Onu məhv etmək üçün insanı öldürmək və qəlbi parçalamaq lazımdır.

– Demək ki, Hüsaməddin mənim mələkəmi yenə də sevir, eləmi?

– Mən bu barədə heç bir söz deyə bilmərəm. Hüsaməddinin mələkə ilə əlaqəsinə müəyyən mündərica vermək barəsində düşünməmişəm; çünki əlahəzrət öz kənizinə bu barədə tapşırıq verməmişdi.

– Mən indi sənə bu tapşırığı verirəm.

– Bu tapşırıqdan məni ölüm cəzası gözləmirmi?! Mələkə bu işdən xəbər tutduğu zaman məni edam etdirərsə, kim ona mane ola bilər?! Əvvələ, o mələkədir, ikincisi də mən onun malıyam. Hərgah məni məhv edərsə, öz malını məhv etmiş olur.

– Mən oğlum Qütlüğün canına and içirəm, səni mühafizə edəcəyəm. Mələkə sənin gözünü də püfləyə bilməz. Səni Qasımabad malikanəsinə köçürər və bir mələkə kimi yaşadaram.

İndi də mələkənin kimlərlə əlaqədə olduğu, saraya kimlərin gedib-gəlməsi barədə danış.

– Mələkənin əlaqədə olduğu adamlar üç nəfərdən ibarətdir. Onlardan birisi Zəhirəddin Bəlxi, digəri Kəmaləddin şairdir.

Səba xanım sakit oturub üçüncü adamın adını çəkmək istəmədi. Bunun üçün Atabəy ondan soruşdu:

– Mən indi iki şeyi öyrənmək istəyirəm. Onları mənə danışa bilərsənmi?

– Bildiyim qədər.

– Əvvəla, bilmək istərəm ki, mələkənin Zəhirəddin və Kəmaləddinlə olan əlaqəsini nə isə isbat etmək olar?

– Onlar Həmədanda və Bağdadda yaşadıqları zaman hər bir məsariflərini mələkə göndərir. Hətta, əlahəzrət Azərbaycan səfərində olduğu zaman, onlar bir neçə dəfə mələkənin sarayına gəlmişdilər.

Mələkə üç kərə Əbudəccanənin qəbrini ziyarət üçün Maşan kəndinə getdiyi zaman yuxarıda adları çəkilən adamlar da ziyarətdə iştirak etmişlər.

Atabəy bu sözlərdən sonra dərin fikrə getdi, həyəcan və acığından çıldırmaq dərəcəsinə gəldi. O, bu söhbətlərlə yavaş-yavaş Həmədana başlanmış gizli macəraya iz açmağa başlayır və titrəyirdi.

O, Səba xanıma bir sual daha verdi:

– İndi üçüncü adamı mənə tanıtmalısan.

– Qorxuram, əlahəzrət, o cəsarəti edə bilməyəcəyəm.

– Mən sənə bu barədə and içmədimmi?

Səba xanım özünü ələ alaraq cəsarətlə dedi:

– Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur.

– Toğrul?

– Bəli, Toğrul!

– Buna mən inana bilmərəm. Hərgah başqa xəbərlərin də bu rəng və bu mündərıcədədirsə, onlara da inana bilmərəm.

Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxartdı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı və soruşdu:

– Əlahəzrət bu kağıza inana bilərmi?

Atabəy kağızı alıb oxudu:

“Möhtərəm Mələkə! Oğlum Məlikşahın yerinə oğlunuz Qütlüğün vəliəhd elan ediləcəyinə söz verirəm. Bu vədələr möhtərəm Mələkənin arzularına cavab verə bilərmi?

Toğrul”

Atabəy Səba xanıma sual verdi:

– Bu məktubu nə üçün götürüb saxlamışdın?

– Atabəy həzrətlərinə təqdim etmək üçün. Çünki bu xanədanın nemətləri ilə bəslənirəm.

Atabəy:

– Çox razıyam, gözəl qız. Ancaq bu xidmətin mükafatını aldığın zaman səni nə qədər sevdiyimi yəqin edəcəksən, – dedi və məktubu cibinə qoydu.

Aralığı sükut bürümüşdü. İkisi də danışmırdı. Atabəy hər bir şeyi öyrənmiş kimi idi. O, Canpolad kəndindəki sui-qəsdin mündəricəsini də bu gecəki söhbətdən təyin etdi. Bu sui-qəsdlə nə azərbaycanlıların, nə də Qızıl Arslanın əlaqədar olmadığını anladı və başını fikirli bir surətdə qaldırıb Səba xanıma sual verdi:

– Sən bu xidməti davam etdirmək istəyirsənmi?

– Madam ki, başlamışam, axıra yetirmək lazımdır.

– Onların hamısı Bağdaddadır. Toğrul da Bağdada getmişdir. Sən sabahdan etibarən Bağdada getməlisən.

– Mələkə mənim nə üçün gəldiyimi soruşmazmı?

– Söylərsən ki, Qütlüğ anasız yaşamaq istəmədi. Əlahəzrət uşağın Bağdada göndərilməsini əmr verdi.

Səba xanım razılıq verdi, Atabəyin otağından çıxıb gedərkən bir sual da verdi:

– Atabəy həzrətləri Azərbaycandakı oğlanlarını sevirmi?

– Ruhum kimi sevirəm.

– İndi ki, beladır, onların qeydinə qal, onları məhv etmək üçün də mələkəniz hazırlıq aparır, – deyib otaqdan çıxdı.

Səba xanım çıxıb gedəndən sonra Atabəy uzun saatlar oturub düşünür və buraxdığı səhvlərdən utanırdı. Xüsusən o, azərbaycanlılar üzərinə etdiyi səfərlərin siyasi səhv olduğunu hiss edərək, öz-özünə nifrət edirdi.

Atabəy Qızıl Arslanın nə qədər doğru xətt-hərəkət götürdüyünü bir daha təsdiq edərək, ona qarşı bəslədiyi fikirlərin hamısını qəlbindən atdı. Dərhal mirzəsini çağırıb, Qızıl Arslana məktub göndərdi və yazdığı kiçik bir məktubu da təcili çapar vasitəsi ilə Püsəran kəndinə, Gözələ göndərdi:

“Gözəlim Gözəl! Uşaqlardan mütəvəcceh ol, onlara qarşı sui-qəsd hazırlanıbdır.

Atabəy Məhəmməd”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qətibə və Qızıl Arslan

Şirvan həbsxanasından azad edilənlər Gəncəyə və Aran ölkəsinin hər tərəfinə yayılıb Qızıl Arslanın tələbi nəticəsində azad edildiklərini kəndlərə və şəhərlərə xəbər verdilər.Hər yerdə Qızıl Arslanın ömrünə, dövlətinə dua etməyə və Əmir İnanca lənət oxunmağa başlandı. Gəncə küçələrində Əmir İnancın qulağının dibində Əmirə qarşı nifrət səsləri ucaldı.

6 мин
Üsyan

Xəlifə Müstərşidbillahın ölüm xəbərini gizlətdilər. Aran ölkəsində Əmir İnanca qarşı üsyan qalxmasın deyə ölüm xəbərinin gizlədilməsi üçün Əmir İnanc ciddi tədbirlər görmüşdü ki, bu tapşırığı da Qətibə Həmədandan öz atasına göndərmişdi. Lakin bu xəbəri çox uzun bir müddət gizlətmək mümkün olmadı, çünki Şirvan həbsxanasından buraxılıb Gəncəyə gələnlər, Şirvan saraylarında ölmüş xəlifəyə matəm saxlanılması xəbərlərini Azərbaycanın hər tərəfinə yaymışdı.Bir neçə günün içərisində, Əmir İnancın düşmənləri Gəncəyə yığışmağa başladı. Əmir İnanc isə bundan qorxuya düşərək hər tərəfdən öz atlılarını Gəncəyə çağırdı. Əmir İnancın evinə tezlikdə hücum ediləcəyi şayiələri hər yerdə danışılırdı. Bu xəbəri buraxan Əmir İnancın öz adamları idi. Əmir şəhərdə böyük həbslərə başlamaq üçün bu xəbəri əlində bəhanə etmək istəyirdi.

11 мин
Matəm

Gəncə üsyanının xəbəri və Əmirin Toxtamışla bərabər dar ağacına çəkilməsi hadisəsi Həmədan saraylarında böyük bir matəmə səbəb oldu. Qətibənin sarayında qara rəngdən başqa bir şey görmək olmazdı. Atasına və onun qoca vəzirinə ehsan verildi. Qətibə bu hadisədə Qızıl Arslanı təqsirləndirir, Atabəy Məhəmməddən müqəssirlərə cəza verilməsini tələb edir və deyirdi:– Qızıl Arslan istəsəydi, Gəncədə üsyan yaradılmaz və mənim ata-anamın başına bu fəlakət gəlməzdi.

5 мин
Sui-qəsd

Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslanın yazışmalarından və Qızıl Arslanın Azərbaycan səfəri haqqındakı narazılığından tamamilə xəbərdar idi. Qətibə Qızıl Arslan ilə Atabəy Məhəmməd arasında ixtilaf törətmək üçün bundan da əlverişli bir məqam tapa bilməyəcəkdi.Azərbaycan səfərinin başlanmasına o qədər də qalmırdı. Atabəy Məhəmməd qoşunu gözdən keçirmək və onun keyfiyyətini təyin etmək üçün Keykur-Əsədabad və Səhnə tərəflərinə getmişdi. Qətibə Səba xanımı çağırıb Hüsaməddinin evinə göndərdi və ona tapşırdı:

10 мин

Стихи других поэтов