Страница 1 из 2

Mühəndis Durnanın iş otağıdır. Durna əlində portfel daxil olur. Yazı stolunun dalında oturub məşğul olur.

Durna — (bir kağız götürüb baxır) Bütün fikirləri bizi aldadıb uyğunsuz vəziyyətə salmaqdan ibarətdir. Bu cür adamların sevgisi də, məhəbbəti də rəngdir, aldadıcılıqdır. (Kağızı stolun üstünə qoyub məşğul olur).

Mirzə Teymur — (daxil olur) Salam Durna xanım, nələri düşünürsən?

Durna — Bə’zi adamların uyğunsuz hərəkətləri barəsində düşünürəm. Dünən sizdən bu gecəki məruzə üçün nə istəmişdik?

Mirzə Teymur — Əvvəla budur ki, istədiyiniz materialı verdim. İkincisi də siz gəlin bu cəmaətin başını iclas ilə, məruzə ilə aldatmayın. Hələlik məruzəyə layiq bir iş görə bilməmisiniz. Başdan-ayağa səhv içindəsiniz.

Durna — Əlbəttə ki, sizin kimilər 62 kilometrdə daxili dəmir yolların əvəzinə 25 kilometr göstərəndə xalq bizim səhvimizi göstərə bilər. Bu sənin xəttindir ya yox?

Mirzə Teymur — (baxır) Mənim xəttimdir.

Durna — Bəs nə üçün 62 kilometri 25 kilometr yazmısınız? Siz həmişə deyirsiniz ki, mən Avropa mədəniyyətini mənimsəmişəm.

Mirzə Teymur — (özünü düzəldib Durnanın qarşısında durur) Əlbəttə ki, mənimsəmişəm. Bunu kim inkar edə bilər? Baxın bütün varlığımla bir fransız, mədəni bir avropalıya bənzəmirəmmi?

Durna — Hərgah onların mədəniyyəti bundan ibarətdirsə, vay onların gününə. Bilmirəm, siz gənc mütəxəssislərdən nə istəyirsiniz? Nə üçün öz-özünüzü ifşa edirsiniz? Ayıbdır, yaşlı mühəndissiniz, nə üçün özünüzü əyləncə aləti qayırmısınız? O qiyafə nədir?

Mirzə Teymur — Əlbəttə, mədəni lər mədəni olmayan adamların gözündə gülünc görünər. Görünür ki, sənin üçün mədəni qiyafələr və mədəni sevgilər yabançıdır.

Durna — Sevgidən danışma! Sən hər kəsi sevə bilərsən, o ixtiyarı heç bir kəs sənin əlindən ala bilməz. Amma səni sevməyən bir qızı ona məcbur edə bilməzsən.

Mirzə Teymur — Yaxşı bax, məndə bir avropalı qürürü vardır. Bu qürurla yaşadığım kimi bu qürurla da məhv ola bilərəm. Mənim iqbalımın gülünü qoparıb öz döşünə taxanlar ilə hesablaşacağam. Mən qabaqca səni yoldan azdıran Bəhlulun həyatına, sonra da öz həyatıma son qoyacağam.

Durna — (yalvarıcı bir vəziyyət alır) İnan mənə! Bəhlulun heç bir təqsiri yoxdur, o gəncdir, onun həyatına qəsd etmə!

Mirzə Teymur — Mənə qəti bir söz deməlisən. Əks surətdə iki nəfərin həyatı məhv olur.

Durna — Bu fikirdən əl götür. Mənim gəncliyimi məhv etmə. Mən sən istədiyin qəti sözü deyə bilməyəcəyəm.

Mirzə Teymur — Elə isə əlvida, ey mənim həyatım! (Gedir).

Durna — (həyəcanla qalxıb başını tutur və otağı dolaşır) Mən nə etdim? O gedib Bəhlulu da, özünü də məhv edəcəkdir. İki adamın ölümünə səbəb olan bir qız nə üz ilə cəmiyyət arasına çıxa bilər?! Qoy mən özüm məhv olum! Onun murdar əlinə təslim olummu? (Fikrə gedir) Gedirəm, onu qaytarım. (Paltosunu geymək istəyir, dayanır). Lakin vicdanım razılıq vermir. Nə vicdanla onun murdar əlinə təslim olum?

Nəsir — (pəncərədən) Salam Durna xanım, gəlmək olarmı?

Durna — Nəsir dayı, yalvarıram dayanma! Tez gedib Bəhlulu tap, ona xəbər ver ki, Mirzə Teymurdan ayıq olsun, onun gözünə görünməsin.

Nəsir — Bu saat, göydə də olsa, yerdə də olsa onu tapacağam.

Durna — Nə üçün mən onu rədd etdim? Nə üçün özümü fəlakətdən qurtarmaq üçün Bəhlulun məhvinə səbəb oldum? Bəhlulun nə təqsiri vardır? O mənim səbəbimə gənclik həyatından ayrılır. (Yenə də paltosunu götürüb geymək istəyir). Gedirəm!

Bəhlul — (daxil olur) hara, Durna? Bu nə həyəcandır?

Durna — (təvşüyə-təvşüyə oturur) Ah, nə qədər sevindim! Ürəyim partlayacaq idi. O səni görmədimi?

Bəhlul — Kim?

Durna — Mirzə Teymur səni də, özünü də məhv etmək istəyir.

Bəhlul — Nə olub, nə səbəbə?!

Durna — Çünki mən onun murdar ehtirasına təslim olmaq istəmədim, onu rədd etdim. Yalvarıram bir qədər ehtiyatlı ol, o mənim qəlbimi yaralamaq istəyir.

Bəhlul — (gülür). Bilmirəm sən nə üçün bu qədər sadə ürəklisən? O səni bununla qorxutmaq istəyir. O özünü öldürəcək qədər axmaq deyildir. Oyun çıxarır, sən bir sovet qızı, sovet mütəxəssisisən. Bu qədər sadəlik sənin üçün ayıb deyilmi? O mənim gözümü də püfləyə bilməz.

Durna — Doğru deyirsən, vicdanım imkan versəydi özümü fəlakətin qoynuna atacağdım. (Oturur) Bir qədər danış, qoy keçirdiyim qorxulu dəqiqələri unudum.

Bəhlul — Onda al «Komsomolçu qıza» sərlövhəli şe’rimi oxu, qəlbim açılsın.

Durna — Bəhlul, özün düşün, dəhşətdən dodaqları da ürəyi kimi titrəməkdə olan bir qız nə cür şe’r oxuya bilər? Mən yenə də qorxuram, o məndən ötrü özünü məhv edərsə, bu hadisə mənim həyat tarixımdə əbədi bir ləkə olub qalacaqdır.

Bəhlul — İnan mənə, bu onun son macərasıdır. Sənin sadəliyindən, rəhmdilliyindən istifadə etmək istəmiş.

Durna — Elə isə oxu şe’rinə qulaq asım.

Bəhlul — Dinlə, qoy özüm oxuyum. (Oxuyur)

Gözündə cilvələnir möhtəşəm bir istiqbal,
Əməllərim kimi çöhrən şəfəqlə malamal.
Dodaqlarında təbəssüm, baxışların mübhəm,
Nədir vücudunu tə’zib edən bu gizli ələm?
Nədən kədərlərə qərq olmuş hüsni-pürxəndən?
Kədərlərin dənizindən qopub gələn xəndən.

Durna — Yaxşı, ver bura özüm oxuyum! (Şe’ri özü üçün oxuyub yerə qoyur).

Bəhlul — Görünür ki, şe’rim xoşuna gəlmədi.

Durna — Təəssüf ki, şe’rində komsomolçu qızı nə qədər axtardımsa tapa bilmədim.

Bəhlul — Məgər bu şe’rim təbiətin yaratdığı gözəl və ülvi bir şəxsiyyətin fotoqrafı deyilmi? Bilmirəm nə üçün daima mənim şe’rlərimi tənqid edirsən?

Durna — Bəhlul, səni tənqid edirəm və çox da yerində tənqid edirəm, həm də utanıram, çünki bu cür şe’ri mədəni bir qadının yanında oxumaq mədəniyyətsizlikdir.

Bəhlul — Nə üçün?

Durna — Çünki bu şe’r ülvi bir şəxsiyyətin fotoqrafı yox, bir qadın əndamının fotoqrafıdır. Bu şe’rdə göstərdiyin ülviyyəti hələlik təbiət heç qadına nəsib etməmişdir.

Bəhlul — Nəsib etmişdir. Sənin varlığın mənim bu sözümün silinməz bir vəsiqəsidir.

Durna — İncimə, Bəhlul! Madam ki, biz bir-birimizə hörmət bəsləyirik gərək açıq danışaq. Sənin şe’rindəki misraların hər birisi qəlbində təlatümə başlamış coşqun bir ehtirasın damcılarıdır. De görüm sən mənim ülviyyətimi nədə görürsən?

Bəhlul — Sən insanın fikrinə, fəaliyyətinə, təşəbbüsünə ilham verə biləcək bir ülviyyətə maliksən. Sən elə ülvi bir gözəlliyə maliksən ki, ən mürəkkəb və ən çətin sənətlər sənin çöhrənə baxıldığı zaman yaradılır.

Durna — (gülür və qalxıb Bəhlulun saçlarını sığallayır) De görüm necə aydır mənim çöhrəmə baxırsan, cavab ver, səni yaxşıca tutmuşam.

Bəhlul — Bir ildən artıqdır.

Durna — Bəs necə olub ki, mənim çöhrəm bu müddətdə sənin fəaliyyətinə ilham vermədi. Nə üçün sosializm yarışında uduzmaq ərəfəsindəsən? Özünü ələ al!

Bəhlul — Vicdanımla söz verirəm! Özümü düzəldəcəyəm.

Durna — Dünyada irəli atılmaq üçün sevgidən də əlverişli bir qanad ola bilməz. Görünür ki, sevgin də şe’rin kimi sünidir. İnan mənə, vəzifəndə qalib gəlməyincə, sevgidə də qalib gəlməyəcəksən. Bu sözüm qətidir, gedib düşün.

Bəhlul — Söz verirəm, Durna! Sonra?

Durna — Sonra da elektrik stansiyasında gedən işlər barəsində mə’lumat lazımdır. Axşamkı iclasda lazım gələcəkdir.

Bəhlul — Hamısını hazırlamışam. Bu saat gedib gətirim. (Gedərkən).

Durna — Bəhlul! Yalvarıram, özünü o canavardan gözlə!

Bəhlul — Nigaran qalma! O canavar deyil, onun bu günkü hərəkəti əski tələbəliyə məxsus xasiyyətlərin kiçik bir nümayişidir.

Bu əsnada Nəsir daxil olub Bəhlulu görür.

Nəsir — A kişi, səni axtarmaqdan yoruldum axı.

Bəhlul — Nə işin var idi?

Nəsir — Məni Durna xanım göndərmiş idi. Ayıq ol, Mirzə Teymur səni öldürəcəkdir.

Bəhlul — O bu işi görməz, inanmayın. (Gedir).

Durna — Nəsir dayı! Nə əcəb gəlmişdin?

Nəsir — (gülümsəyib əyilib, büzülür) Doğrusu utanıram da deyim. Sabah gecə Güllü ilə bizim xeyir işimiz baş tutur. İstəyirəm ki, siz də zəhmət çəkib bu xeyir işdə iştirak edəsiniz.

Güllü — (gəlib bu sözləri eşidir) Necə-necə? hansı xeyir işin?

Nəsir — Yenə necə oldu? Yoxsa sözünü dəyişirsən?

Güllü — Sözümü dəyişmirəm, ancaq tələsməyə gəlməz. Qoy hələ biri-birimizi bir qədər öyrənək.

Nəsir — İnsafın olsun axı. Adam bir-birini necə ilə öyrənə bilər? Gözləməkdən saqqalıma dən düşüb ki.

Güllü — Nəsir, hərgah məni sevirsən, işimə mane olma! Sosializm yarışında ayağım-başım toya qarışsa uduzaram, bu da ki, mənim adıma yaraşmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ad günü, xalqın şad günü

İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir.Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi.

12 мин
Miss Hanna gedir

Evə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.

4 мин
Oktyabr inqilabı

Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.

3 мин
Zavodda

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

19 мин

Стихи других поэтов