Страница 1 из 2

Konturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər.

Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər.

Mirzə Teymur — Dünya bir-birinə qarışıbdır. Heç bir kəs nə iş görəcəyini bilmir. Bir nəfər də olsa əmrə tabe deyil, biyabırçılıqdır. Təşkilat barəsində düşünən yox, partlayacaqlar, bircə həftə vaxt qoyuram.

Mirzə Əhməd — Bacarıq yoxdur, yox! Burada böyük bir işçi ordusu var. Amma idarəçisi yoxdur. Ay canım, Amerikada belə deyil axı, orada milyonlarca fəhlə bir saat mexanizmi kimi işləyir. Yox, təşkil edə bilməyəcəklər.

Mirzə Teymur — Təşkilatı kim yaratsın? Bəhlul ilə Durna kimi əxlaqı pozğunlarmı? Təzə xəbəri eşitməmisənmi?

Mirzə Əhməd — Nə xəbər?!

Mirzə Teymur — Dünən Bəhlul ilə Durnanı dəniz kənarında görüblər. Rüsvayçılıqdır. Bu gün iş üstündə hər kəs bu əxlaqsızların barəsində danışırdı.

Mirzə Əhməd — Bu məsələlər xırda məsələlərdir. İşin barəsində danışsan heç bir kəs səni tənqid etməz.

Mirzə Teymur — Sən əbəs yerə o cür adamlara evə girməyə icazə verirsən, axırda sənin qızını da pis yola çəkə bilərlər.

Mirzə Əhməd — Eh, nə qoyub nə axtarırsan. Qız heç mənim sözümə baxırmı? O da Qəhrəmana qoşulub məni tənqid edir. Dünən gecə az qala evdən qovmuşdum. Hər nə qədər çalışıramsa qızı Qəhrəmandan ayıra bilmirəm.

Mirzə Teymur — O barədə mən işə başlamışam. Moskvada mərkəzi adres stolu vasitəsilə Qəhrəmanın Firəngizinin yerini öyrənmişəm. Onu buraya gətirəcəyəm. Gələn kimi də Qəhrəman ilə Dilbər arasında düşmənçilik başlayacaq.

Mirzə Əhməd — Heç də inana bilmirəm. Hərgah belə bir iş varsa, heç kəsə bildirmə!

Mirzə Teymur — Budur adresi də qoynumdadır. Xatircəm ol, bu qruppanı dağıdacağam. Gəl gedək beləsinə, sənə deməli ən gizlin bir sözüm vardır. Buradakı başıpozuqluq barədə mərkəzə bir adsız məktub düzəltmişəm.

Mirzə Əhməd — Bu barədə düşünmək lazımdır. Sən əvvəlcə çalış Qəhrəmanın aktrisasını bura gətir. Onu gətirə bilsən Qəhrəman da başını itirər.

Mirzə Teymur — Mənə Mirzə Teymur deyərlər. Bizim kimi adamlar burada dura-dura bu böyüklükdə işi ağızlarından süd qoxusu kəsilməmiş uşaqlara tapşırsınlar?!

Mirzə Əhməd — Sənin bacarığına inanıram. Amma səni hörmətdən salan bir şey varsa, o da Durna məsələsidir. Sən onun yaxasını burax, bu iş baş tutan işə bənzəmir.

Mirzə Teymur — Başlanmış işi qurtarmaq lazımdır (gedirlər).

Durna — (əlində portfel gəlir, portfeli stolun üstünə qoyaraq dərin bir nəfəs alır) Yenə də deyirlər ki, biz bu işi təşkil edə bilməyəcəyik. Qoy desinlər, köhnə və çürük fikirlər ilə bu axının qarşısını ala bilməzlər. (Uzunboğaz çəkmələrini və gimnastyorkasını təmizləyir) Lakin Mirzə Teymurun böhtanları məni incidir, qanadlarımı qırır, nəticədə Bəhlul kimi mədəni bir oğlandan uzaq gəzməyə məcbur oluram. O nə qədər səmimi və mədəni bir oğlandır. O cür oğlanı sevməmək mümkündürmü?

Bəhlul — (gəlib bu sözləri eşidir) Əlbəttə ki, mümkün deyil! De görüm o oğlan kimdir?

Durna — Lap ürəyim düşdü, mən heç bir zaman belə diksinməmişdim.

Bəhlul — De görüm o oğlan kimdir? Nə üçün gizlədirsən?

Durna — Sən çoxdanmı buradasan?

Bəhlul — Sən o sözləri danışmağa başlayan dəqiqədən buradayam.

Durna — (başını aşağı salıb utanır) Qəhrəmanın barəsində danışırdım. Dilbər haqlı deyildir.

Bəhlul — (gəlib onun əlini sıxır) Amma doğru demədin ha...

Durna — Doğrusu o qədər yorğunam ki, nə danışdığımı, belə, bilmirəm.

Bəhlul — Boy, nə tez yoruldun?

Durna — Yorğunluğum fiziki yorğunluq deyil, fikir yorğunluğudur.

Bəhlul — Sənin nə kimi fikirlərin ola bilər? Şadlanmalısan, işi təşkil etmişik, hər iş yerindədir, sağlam bir kollektiv düzəltmişik.

Durna — İş barəsində fikrim yoxdur. O nə qədər çətin olsa da su kimi içə bilərəm. Məni düşündürən Mirzə Teymurun böhtanlarıdır. Dünən bizim hava almaq üçün dəniz kənarına getdiyimizi bir dastan qayırıb, bizə əxlaqı pozğun deyir, bu gün hamıya xəbər vermişdir.

Bəhlul — Əhəmiyyət vermə! Dəniz kənarında bizdən başqa yüzlərcə adam var idi.

Durna — (boğazı tutqun bir halda) Necə əhəmiyyət vermə? Bu xəbər bizim ailəmizə çatsa mən yaxamı qurtara bilərəmmi?

Bəhlul — Səbr elə, Durna. O cür adamlar çox yazıq adamlardır. Köhnə şüurla dolu olan başlar özlərini düzəltməli, yainki cərgədən çıxmalıdırlar.

Durna — Arıma gəlməsəydi, ərizə verib başqa bir işə gedərdim.

Bəhlul — Başqa tərəfdən də düşünəndə görürəm ki, o sovet düşməni deyil, onu düzəltmək mümkündür. Sevgi məsələsinə gəldikdə o da şəxsi işdir, o, hissi ondan almaq mümkün deyil. Madamki sən onu sevmirsən, o səni məcbur edə bilməz.

Qəhrəman — (şad bir surətdə gəlir) Salam uşaqlar! Deyin görüm sahənizdə gedən işlər nə vəziyyətdədir?

Bəhlul — Əleykümsəlam! İşlər ümidverici bir surətdə davam edir.

Qəhrəman — A qız nə var? Səni özündə görmürəm, gözlərin nə üçün qızarıb?!

Durna — Mirzə Teymurun əlindən buradan çıxıb qaçmaq istəyirəm. (Ağlayır).

Qəhrəman — Eyibdir, sən bir partiyalısan. O sənə nə edə bilər? Bu gün gəlib direktorla danışırdı. O ki, lazımdır qızardıb yola saldıq.

Bəhlul — Qırx il bundan qabaqkı tələbəlik zamanları yadına düşübdür.

Gülürlər.

Qəhrəman — Yoldaşlar, sizə bir tapşırığım vardır. Şüar birdir, bunu hər kəs özünə rəhbər tutmalıdır. Lülətəkən zavodu vaxtından əvvəl qurtarmaq üçün mexaniki, dülgərlik, xarratlıq və tə’miredici sexləri vaxtından əvvəl qurtarmaq lazımdır.

Bəhlul — Məsələ aydındır.

Durna — Buna görə də mən yaşayış mənzillərinin tez tikilməsinə çalışmalıyam.

Qəhrəman — Belə ha bacım. Bura Azərbaycanın hər tərəfindən minlərlə qadın və kişi işləməyə gəlmişdir. Hər şeydən əvvəl onları mənzil barəsində tə’min etməliyik.

Bəhlul — Burası şübhəsizdir, əmma...

Qəhrəman — Necə əmma? Bunun bir əmması yoxdur ki...

Bəhlul — Sən bilirsən ki, bizi başıpozuq adlandırırlar.

Qəhrəman — Bəzən partizanlıq da lazımdır.

Durna — Bizim sosializm yarışı düzəltməyimiz həmkarlar şöbəsi müdiri Hümmətin də acığına gəlibdir. İşi-peşəsi Mirzə Teymur ilə burunlaşmaqdır. Bizim məsələmizi partiya komitəsində qoymaq istəyirlər.

Qəhrəman — (gəlib onların saçlarını sığallayır) Mətanətli olun, mənim əzizlərim! Mən özüm həmkarlar şöbəsi müdiri Hümmətin fəaliyyətsizliyi barədə məsələ qoymuşam, çünki fəhlələrin arasında siyasi və ictimai tərbiyə işləri aparılmır.

Durna — Bəs Mirzə Teymurun məsələsini harda qoymaq lazımdır?

Qəhrəman — Onda quru bir lovğalıqdan başqa heç bir şey yoxdur. Demoqoqdur, lovğalıq onun silahıdır. Mənə inanın, o düzələcəkdir. İndi də işdən danışaq. Sən gedib bu gün görülən işin yekununu gətir. Sosializm yarışı müqaviləsinə yazılanları da götürüb gəl.

Durna getmək istərkən Dilbər gəlir.

Dilbər — Durna, dayan bərabər gedək.

Qəhrəman — Dilbər, nə olub? Yenə qaşlarının arasından ildırımlar çaxır?

Dilbər — İki qılıncın arasında qalmışam, nə atamı ata bilirəm, nə də işi, nəhayət evdən çıxıb Durnanın yanına yığışmağı qərara aldım.

Qəhrəman — Mən ona razı deyiləm, bu cəza onun üçün çox ağır olar.

Dilbər — Nə edim, iş hesabına güzəştə gedə bilmərəm ki?

Qəhrəman — Elədir Dilbər. Onlar yenə də Amerika və Avropada belə deyil deyə o köhnə fikirlərini gənc işçilərin və fəhlələrin arasına yaymaq istəyirlər.

Dilbər — Onlar bununla bir şey bacarmazlar, kütlə üzünü bizə, arxasını isə onlara çevirmişdir. Bu da onlar üçün çox ağırdır.

Qəhrəman — Mənə də ümid verən budur. Durma Dilbər, get sosializm yarışı müqavilələrini götürüb gəl.

Bəhlul — Mən də görülən işlər barəsində məlumatı alıb gəlim. (gedərkən) Sən buradasanmı?

Qəhrəman — Mexaniki sexin binasına baxıb qayıdıram.

Hamı gedir səhnə boş qalır.

Mirzə Teymur — (gəlib Durnanın dalınca baxır) Dinəndə yandı dilim, dinməyəndə dil yandı, Nə eşqi gizlədə bildim, nə aşikar elədim. Bu nataraz oğlu Bəhlul gəlməsəydi, qızı utandırıb və qorxudub alacağdım. Bu işlərdə xuliqanlıq da böyük iş görə bilər.

Mirzə Əhməd — (gəlir) Mirzə Teymur, kim ilə danışırsan?

Mirzə Teymur — Bu işlər barəsində danışıram. Burada olanların hamısı xəstədir. Ən sadə fəhlədən başlamış böyük bir mütəxəssisə kimi hər kəsə rast gəlirsən deyir ki, mexaniki sexi vaxtından qabaq qurtarmaq lazımdır.

Mirzə Əhməd — Ayıq ikən desələr, yenə bir təhəri vardır. Bizim ölmüş qız, yuxusunda da danışarkən deyir ki, mexaniki sexləri vaxtından qabaq istismara verməliyik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов