Əhvalat vaqe olur kənd qiraət komasında. Şə’ban kişi fikirli bir surətdə oturub çubuğunu çəkir. Komsomol Hüseyn komanın o tərəf-bu tərəfini dolanır, həyəcanlı bir surətdə fikir edir.

Hüseyn — (Şə’ban kişiyə). Qolçomaqların tülkülüyünə baxma! Onlarla mübarizə aparmaq o qədər də çətin deyildir. Əvvələn, budur ki, kəndlilərin gözləri açılır, ikincisi də torpaq və su bizim ixtiyarımızdadır.

Şə’ban — Yox, Hüseyn, elə düşünmə! Fikirləşmək lazımdır. Bu gün kolxozun taxılını yandırarlar. Sabah atını daşdan atıb öldürərlər, bu biri gün traktorun vintlərini oğurlarlar. Daha onda bizim nəyimiz qalar?

Hüseyn — Heç fikir eləmə! O qədər olsun ki, işin izini tapım. Onda bir at əvəzinə yüz at alacağam. Onları vardan-yoxdan çıxaracağam. (Gəlib əlini vurur çiyninə). Qorxma! Sənə söz verirəm ki, hər şey düzələcəkdir.

Qulaməli — (daxil olur və məclisə söyləyir). Siz öləsiniz, bizim aramızda candan tikan çıxaran və işləyən adamlar çox azdır. Bu gün səhərdən yenə də Qasımın evində iclasdır. Nə qədər çalışdımsa, yenə ora göndərməyə bir adam tapa bilmədim. (Gəzişməyə başlayır). Nə isə bir şey öyrənə bilmədim.

Hüseyn — Heç naümid olma! Bizim içərimizdə işləyənlər də vardır. Qasımın da evində adamımız yox deyildir. Qasımın ev qulluqçusu bizim tərəfimizdədir. O, batraq qızıdır. Xüsusən neçə gündən bəridir ki, Güllü yoldaş bu işin üstündə çalışır.

Şə’ban — (sevinçək qalxır). Güllü bacını kişi gördüm.

Qulaməli — Güllünün bir eybi budur ki, Hüseynə ərə getmək istəmir.

Şə’ban kişi — Doğrusu, mən siz komsomolların işindən baş çıxara bilmirəm. Hüseyn də dəlidir, Güllü də. Yeməkləri bir yerdə, işləmələri bir yerdə, gülüb-danışmaqları bir yerdə, gülüşür, zarafatlaşırlar, elə ki, evlənmək, ərə getmək adı gələndə ikisi də deyir ki, biz yoldaşıq.

Qulaməli — İkisi də bizi aldadırlar. Mən bilirəm ki, dərsdən qurtarandan sonra evlənəcəklər.

Hüseyn — İndi evlənmək, ərə getmək vaxtı deyildir. Qabağımızda böyük vəzifə durur. Biz ikimiz də yoldaşıq. Hərkah məni həmişəlik yoldaşlığa qəbul edərsə, sözüm yoxdur. O mənim düşündüyüm kimi düşünməzsə, yenə də möhkəm yoldaşlığımız yerindədir.

Güllü — (gəlir) Mən sizə dedim ki, hərkah bu tülkülərin yuvasını dağıtmasam, başımdakı qırmızı çalma, köksümdəki «KİM» mənə haram olsun. Dedimmi, ya yox?

Məclisdən — Bəli, dedin! İndi necə olub ki?

Güllü — Mən sizə dedim ki, hərkah bu qolçomaqlardan intiqam almasam, bir də bu komaya qayıtmayacağam?

Məclisdən — Bəli, dedin!

Hüseyn — (yüyürüb qarşı-qarşıya Güllünün əllərindən tutub soruşur) Hələ bu qədər öz şücaətindən demə! Doğrusunu və qısasını de görüm, nə iş görmüsən?

Güllü — (barmağilə qırmızı kuşədə Lenini göstərir) Lenin yoldaşa söz vermişdim. İndi ondan xəcalətli qalmadım. Mən! Mən! (Əlini sinəsinə vurur). Vəzifəmi bitirmişəm, caniləri tapmışam.

İndi onlardan bütün tarixin intiqamını alacağam. Ölənlərin, namusu ayaqlananların, malı, hüququ paymal olanların haqq-hesabını onlardan istəyəcəyəm.

Qulaməli — Güllü yoldaş, bəsdir, bağrım çatladı. De görüm nə qayırıbsan?

Güllü — Xələf heybət oğlunun atını daşdan atıb qılçasını sındıran Rüstəm özüdür. Taxılı yandıran Salehdir. Traktorun parçalarını oğurlayan Qasımın nökəri Cəlaldır. Bu gecə də gedib taxıl anbarını yandıracaqlar.

Hüseyn — (bağırır) Atalarına bu saat od vuraram!

Güllü — (əlini qoyur Hüseynin döşünə) Elə olmaz. Hay-küy salsan heç bir mənfəət çıxmaz. Səbr et! Necə deyirəmsə, elə də etmək lazımdır. (Şə’ban kişiyə) Bu saat gedib kənd şurasının sədrini taparsan. Bir nəfər milislə bərabər Əli kişini də götürüb anbarın ətrafında olarsan. Onlar əllərində neft qabı anbarı yandırmağa gələcəklər. Düz-doğru dutub bura gətirərsiniz.

Şə’ban kişi — Bəlkə gəlmədilər. Onda necə olsun?

Güllü — Tez get! Yoxsa anbarı yanmış görərsən. Bir kimsəyə demə! Kənd şurasının özünü də harda gördünsə daha gözdən buraxma! (Məclisə) İndi qaldı başqa məsələlər.

Hüseyn — Nə kimi məsələlər?

Güllü — (Qulaməliyə) Düz-doğru gedərsən, Abdullanın anbarından traktorun parçalarını bir meşoka doldurub verərsən Abdullanın dalına, gətirərsən bura.

Qulaməli — Təkmi gedim?

Güllü — Yox! İndi komsomolçulardan çağırmışam, bura gələcəklər.

Qulaməli — Güllü yoldaş! Dediklərin doğru olsa daha sənə şübhəm qalmadı.

Bir neçə komsomolçu daxil olur.

Güllü — Qulaməli hara gedərsə, onunla bərabər gedin! Qorxmayın! Fəqət ehtiyatlı olun!

Kəndlilər yavaş-yavaş komaya daxil olurlar. Qulaməli komsomolçularla gedir.

Qüdrətəli — Yəqin ki, allahın bəlası bizi dutubdur. Bu gün Molla Nəcəf yenə yuxu görübdür. Çayçı dükanında danışırlar ki, yenə bəla nazil olacaqdır. Xalq qorxuya düşmüşdür.

İskəndər — Qəribə burasıdır ki, onun yuxusunun heç birisi də yalana çıxmamışdır.

Güllü — Bəs indi ki, o, qeybdən xəbər verən və hər bir şeyi bilən adamdırsa, nə üçün özünə bir gün ağlamamışdır? Peşəsi dilənçilikdir.

Qüdrətəli — Necə dilənçilikdir?

Güllü — Bəli, lap dilənçilikdir. Lap da rəzil dilənçidir.

Qüdrətəli — O öz elminin bərəkətindən dolanır. O da olmasa, bizim xeyir-şərimizi kim yerbəyer eləyəcəkdir?

İskəndər — (məclisə) Elə bir mö’min atadan bunun kimi qız kimin ağlına gələrdi?

Güllü — Atamın vaxtı keçdi. O vaxt daha qayıtmayacaqdır. Çünki o vaxtda olan işlər və adətlər bizi yaşada bilməz. İndi mənim əsrimdir. İndi komsomol gedən yol ilə gedib yeni bir dünyaya çıxmalıyıq.

Bayırdan hay-küy gəlir.

Qüdrətəli — (qalxır) Allahhümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Görünür ki, yenə də mö’cüzə olubdur! (Ayağa qalxır).

Qulaməli — (Dalısınca komsomolçular, qolçomaq Abdulla, arxasında meşok daxil olurlar; kəndlilər həyəcana düşür). Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə! Hanı Molla Nəcəf? Gəlib traktorun parçalarını oğurlayan məlaikəsinə tamaşa eləsin.

Hüseyn — (gülür) Yaxşı məlaikədir. Amma ikicə eybi vardır. Bir qarnı yoğundur, bir də boynu.

Qulaməli — (milisə) Tez get, Qasımın nökəri Cəlalı tap bura gətir.

Milis gedir.

Komsomolçular — (Oxuyub oynayırlar)
Ay məlaikə qolçomaq,
Qarnı yekə qolçomaq,
Sizdə həya qalmamış,
Bircə tikə, qolçomaq!

Güllü — (Oxuya-oxuya oynayır)
Hiylə gəlirdin bizə,
Söylə bu nə mö’cüzə?

(Barmağilə qolçomağın burnuna vurur)
Son gecədir bu gecə
Toy tutaram mən sizə.

Cəlal milislə gəlir.

Abdulla — (Cəlalı göstərir)
Bax bu haramzadadır
Hər bir işin sahibi;
Hiylədə bir tülküdür
Fikirdə şeytan kimi.

Cəlal — Sözlərini dinləyin!
Gör nə deyir bircə bu;
Hər nə deyirsən danış!
Səndə ki, yox abru.

Abdulla — And olsun getdiyim səkkizinci imama, hamısı bu haramzadanın işidir.

Cəlal — Yalançının abrusuna lə’nət! Sən özün Qasım ağa ilə bərabər məni aldadıb göndərmədinmi?

Hüseyn — Onlar səni göndərdi, sən nə üçün getdin? Sən nə üçün öz sınıfını atdın?

Cəlal — Mən elmsiz, qanacaqsız bir kəndliyəm. Ağadırlar, buyurdular, mən də getdim.

Bayırdan yenə hay-küy səsi gəlir, kəndlilər ayağa qalxırlar.

Şə’ban və Əli kişi — (daxil olurlar. Aralıqda Molla Nəcəf, Rüstəm, Saleh, Qasım, Nəzər, dallarınca milislər, kənd şurası sədri daxil olur). Bu da bir mö’cüzə! Bu da müqəddəs və qorxulu yuxu!

Güllü — (mollanın əbasını qaldırıb altındakı neft qabını göstərir və kəndlilərə deyir) Molla Nəcəfin dünən gecə gördüyü qorxulu yuxunun nəticəsi budur! Bu neft qabı yenə də bir mö’cüzə çıxarmaq istəyirdi.

Hüseyn — (kəndlilərə). İndi öz düşmənlərinizi görün.

Kəndlilər — (birdən qalxırlar). Verin bura. Bu it uşağını neft töküb yandıraq.

Güllü — (keçir irəli). Yox, elə iş olmaz! Bizim vəzifəmiz bura qədər idi. Bundan sonrakı vəzifə proletar məhkəməsinindir.

Molla Nəcəf — (ağlaya-ağlaya oxuyur):
Əmmaməmə, əbama,
Şalıma rəhm eyləyin!
Birçə qərib mollayam!
Halıma rəhm eyləyin!

Mən getməmişdim sizin
Anbarı yandırmağa.
Getmişdim ki, və’z edib
Bunları qandırmağa.

Mən burada olmuşam,
Əvvəl-axır onca il.
Köhnə işim falçılıq,
Əsil yerim Ərdəbil.

Hər kəs ölübsə kənddə
Arvadını almışam.
Çoxlarının qızların
Öz toruma salmışam.

Güllü — Hər zibilsən, mollasan,
Hər işə sənsən maya,
Kəndi satarsan bütün
Bir plova, bir çaya.

Gündə otuz siğədən
Hasil olub mətləbin.
Burda sənə son kərə
Mən kəsərəm bir kəbin.

Güllü sənə bu gecə
Bir təzə don geydirər.
Qolçomağa toy tutar,
Mollanı evləndirər.

Hüseyn — (irəli gəlib tüpürür)
Tüf üzünə! Bir utan,
Qolçomağın quyruğu!
İndi sənə eylərik
Biz daha bir qulluğu.

Xələf — (qalxıb Rüstəmin yaxasından tutur) Haramzada, bu saat mənim atımın pulunu verməsən, gözünü tökərəm.

Kənd şurası sədri Səlim — Yoldaşlar! Bura haqq-hesab yeri deyildir. Atın da, yandırılan taxılın da, traktorun da pulu bunlardan alınacaqdır. Qorxmayın, yoldaşlar! Bunların kifayət qədərində malları vardır. Ancaq hələ məhkəmə lazımdır. (Milislərə) Hələ ki, ip gətirin, bunların qollarını bağlayın!..

Şə’ban kişi — Əvvəlcə neft qabını Molla Nəcəfin arxasına sarıyın!

Qüdrətəli və İskəndər — İndi bildik mö’cüzə nə deməkdir. Çox yaxşı oldu ki, bizi qara günə qoyan qara günə qaldı. İndi biz anladıq ki, bizi nədən ötrü kolxoza qoymurdular.

Qüdrətəli oxuyur:
Güllü demə bir kişi
Düzəldəcəkdir işi.
Yaz məni də kolxoza
İstəmirəm keçmişi!

Kəndlilər — (birdən) Məni də yaz! Məni də yaz!

Hüseyn — Yoldaşlar, səbr edin! Heç kəs kənarda qalmayacaqdır. Bu gün bizim böyük bayramımızdır. Düşmənlərimizə bu gün ancaq qələbə çala bilmişik.

Əli kişi — Mən təklif edirəm ki, Güllü yoldaş kolxoz sədri seçilsin.

Qulaməli — Mən də təklif edirəm ki, Güllü yoldaş ilə Hüseyn...

Güllü — Yum ağzını!

Hamı — (birdən) Necə yə’ni? Nə demək istəyirsən?

Qulaməli — Mən deyirəm ki...

Hüseyn — Sən demə ki...

Güllü — (çıxır stulun üstünə) Yoldaşlar! Mən sizdən çox razıyam. Gördüyüm iş çox böyük olmasa da, yenə kəndli qadınların təsərrüfatdakı fəaliyyətindən bir nümunədir. Mən təklif edirəm ki, Qasımın ev qulluqçusu Tərlanı kolxoza qəbul edək.

Hamı birdən — Razıyıq, razıyıq

Güllü — Tərlan gəl, yanıma gəl!

Tərlan çıxır stulun üstünə, Güllü ilə bərabər durub oxuyurlar:
Düşmənimiz yıxıldı,
İş axıra çıxıldı,
Həll olundu məsələ,
Gəlin verək əl-ələ.
İşləyək arvad-kişi,
Lenin göstərən işi.

Qolçomaqları aparırlar. Kəndlilər getmək istəyirlər.

Qulaməli — Yoldaşlar! Dayanın! Bir işimiz qaldı! Mən sözümü deyib qurtarmamışam. Güllü yoldaşla Hüseyn yoldaşın da işini bitirməliyik!

Hamı birdən — Razıyıq! Razıyıq!

Güllü — Biz Hüseyn ilə yoldaşıq!

Hüseyn — Yoldaşlıqdan böyük nə ola bilər?

Qulaməli — (gəlib Güllünün əlini tutub deyir) Güllü, hərkah mənə bir balaca yoldaşlıq hörmətin varsa, düzünü de, bu işə razısanmı?

Güllü — Bəli, razıyam! Hərkah Hüseyn də razı isə!

Hüseyn — (gəlib Güllünün əlini tutur) Mən də razıyam!

Hamı birdən — Bu da bir mö’cüzə! Bu da bir mö’cüzə!

Pərdə düşür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müharibə hazırlığı

Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.

9 мин
Hacı Səməd xana məktub

Mən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.

3 мин
Azərbaycan çar qubernatoru Səməd xana

dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

4 мин
Sarı Ağabala xan

Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.

5 мин

Стихи других поэтов