Nina heç gözləmədiyim bir zamanda Məcidi və Təhminə xanımı götürüb şam yeməyinə gəlmişdi.

Bu gəliş səbəbsiz deyildi, daima fövqəladə və mühüm bir hadisə baş verdiyi zaman Nina məni başqa yerdə tapa bilmədiyindən evimə gələrdi.

Nina bu gün də qadın azadlığı cəmiyyəti təşkili haqqındakı təşəbbüslərimizdən xəbər tutmaq üçün gəlmişdi. Görüşdükdən sonra iclasda danışdıqlarımızı, əvvəlcə burada nə kimi bir cəmiyyət olduğunu, indi nə kimi bir şey təşkil etmək fikrində olduğumuzu Ninaya olduğu kimi söylədim.

Nina, qadın azadlığı cəmiyyəti üzvləri sırasında Hüseyn xanın adını eşidər-eşitməz:

– Onu kənara atın! – deyə etiraz etdi.

– Nə üçün? O, fəal bir zatdır.

– Doğrudur, fəaldır. Lakin çar konsulunun tapşırdığı vəzifələr üçün fəaldır.

– Ola bilməz!

– Olar. Kimlərin casus olduğunu bilsən, öz millətinə ölüncəyə qədər nifrət edərsən.

– Gözəl Nina! Doğrudur, mübahisə açmaq istəmirəm, lakin Mirzə Hüseyn xan qadın azadlığı tərəfdarıdır. Onun «Ədalət» qəzetində qadın azadlığı barəsində «Gec qabırğa» sərlövhəsi altında yazdığı bir sıra məqalələrini də mənə oxumuşlar.

– Orada, yəqin, konsulun əli vardır. Bunların hamısı öz yerində, bir də Təbriz kimi yerdə bu, hələ çox tezdir. Bundan daha mühüm bir məsələ vardır, bunun üçün də tək gələcəkdim, Məcid evdə oturmaq istəmədi, nəhayət, köç-külfətlə yığışıb gəlməyə və səni narahat etməyə məcbur oldum.

Bağçada yasəmən budaqları altından əyilərək keçdik. Hava qaranlıq olsa da, ətrafımızdakı güllərin rəngini təyin etmək mümkün idi. Güllər yenicə sulanmışdı. Əlvan yarpaqların üzərindəki qətrələr brilyant kimi parlayırdı, bu qətrələr çoxdan bəri arzusunda olduğu bir cümləni ansızın olaraq eşidən bir qızın çöhrəsindəki tər damcılarını təmsil edirdi. Nina həmişəbahar gülünün budaqları arasından keçərkən Livarcan yaylasının axşama məxsus mehləri də əsməyə başlamışdı. Mehlərdən hərəkətə gəlmiş həmişəbaharın tikanlı yarpaqları latış qızının al yanaqlarına toxunub onunla əylənirdi. Çiçəklərin müxtəlif rayihələri ilə canlanmağa başlayan sevgi duyğuları Ninanın başında çəkilməz bir siqlət təşkil edirmiş kimi gül yarpaqlarına qarışan sarı saçları əyilərək çiynimə düşürdü.

Birdən sanki Ninanı bir səs oyandırdı, o diksindi, dönüb baxdıqda Məcidin bizi araladığını, ikimizin də əlindən tutub gəzmək istədiyini gördük. Nina bir Məcidə və bir də mənə baxaraq güldü və:

– Məni dinlə! – dedi, – çar hökuməti yeni bir macəra düzəltməkdədir. Məhəmmədəlinin yenidən taxta çıxarılması üçün hazırlıq görülməkdədir. Tehran səfarəti ilə Peterburq arasında gedən müzakirənin surətləri Təbriz konsulxanasına göndərilmişdir. İngilislər də buna razılıq vermişdir. Məhəmmədəlinin hansı tərəfdən İrana daxil olması müəyyən deyilsə də, ona yardım etməyi vəd edən qəbilələrdən onun Türkmənistan tərəflərdən girəcəyi bəlli olur. Şaha yardım vədəsi verənlər Şahsevən, Türkmən, Cəfərbay qəbiləsi, Talış Mikayıllı, Hacıxocalı, Can xanımlı, Poladlı və Gümüş türkmən qəbilələrindən ibarətdir. Konsulxanaya müəyyən təlimat göndərilmişdir. Konsul Məhəmmədəlinin qələbəsinə inanır, onun zənninə görə, bütün qəbilələr, bütün yerli hakimlər Məhəmmədəlinin tərəfindədir, çünki yeni idarə onların müstəqil yaşamasına imkan verməməyə çalışır. Konsulun fikrincə, sərdar Bahadır Yefremin Rəhim xanı məğlub etməsi başqa müstəqil feodalları da qorxuya salmışdır, bunun üçün də Məhəmmədəli tərəfdarlarının sayı gündən-günə artmaqdadır.

Nina çox həyəcan və tələşla danışırdı. O, sanki Məhəmmədəlinin qələbə çalacağına və taxta oturacağına inanırdı.

Əlimi onun saçları üzərində gəzdirərək:

– Tökülmüş suyu yerinə qaytarmaq olmaz, – dedim, – Məhəmmədəli şah Tehran və kazak briqadası əlində olduğu zaman bir iş görə bilmədi, indi beş-on vəhşi qəbilə ilə taxtı əldə edə biləcəkmi? Ölkənin bütün dinclik sevən əhalisi, ruhanilərin liberal və tərəqqipərvər hissəsi, tacirlər, dükançılar, xırda burjuaziya, sənətkarlar, kəndlilər tamamilə Məhəmmədəlinin əleyhinədirlər.

– Bunu çar Rusiyası bilirmi? – deyə Nina təəccüblə soruşdu.

– Əlbəttə ki, bilir. Konsul da bilir, onların əlində alət olan Məhəmmədəli də gözəlcəsinə anlayır ki, bu işdən yaxşı bir nəticə əldə edə bilməyəcəkdir.

– Bəs nə üçün onu İrana gətirirlər?

– Onlar Tehran hökumətini qorxutmaq, Rusiya–İngiltərə tələblərinə boyun əyməyə məcbur etmək istəyirlər. Daha sonra seçkilər başlanmaqdadır. Mərkəzdə rus əleyhdarları gündən-günə çoxalır. Rusiya siyasəti məğlub olur, onun İran torpağına daxil olması ziyalı təbəqənin nifrətinə səbəb olmuşdur, bunun üçün də Rusiya hökuməti hələ öz mövqeyini bərkitməmiş məşrutəli hökuməti yeni təhlükə qarşısında qoymağa çalışmaq istəyir. Bu plan İranı tamamilə Rusiya–İngiltərə nüfuzuna təslim etmək planıdır.

– Bəs necə olacaqdır? – deyə Nina soruşdu.

– Məhəmmədəlini İrandan rəzil bir surətdə qovacaqlar, o bu səfərindən heç bir şey qazanmayacaqdır.

Məcid bizdən ayrılıb getmişdi. Hələ söhbətimizi bitirmədən Məcid ilə Hüseynəli əminin çəkişdiyini eşitdik. Məcid yenə də hovuzdakı balıqlardan birisini tələb edir, Hüseynəli əmi isə vermək istəmirdi.

– Sən yenə heyvanı öldürüb pişiyə verəcəksən, – deyirdi.

Səriyyə xala ərini məzəmmət edir və uşağı razı salmasını təkid edirdi.

Biz söhbətimizi burada qurtarmağa məcbur olduq. Şam vaxtı idi. Məşədi Kazım ağa da gəlmişdi. Şamı bir yerdə yedik. Söhbətimiz gecə saat on ikiyə qədər davam etdi. On ikidən sonra Ninanı və Təhminə xanımı evinə müşayiət etmək üçün Məşədi Kazım ağa ilə birlikdə evdən çıxdıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов