Страница 1 из 2

Vaqe’ olur Kərbəlayi Haşımın evində. Ev bir dövlətli mülkədar evini təsvir edir. Münəvvər bir tərəfdə oturub ağlayır. Anası Həlimə evi düzəldir.

Akif — (daxil olur, Həliməyə) Həlimə xanım, sən bu deyilən sözlərə qulaq vermə! Mən bilirəm ki, Kərbəlayi Haşım ölməyibdir. Heç kəs nə Məkkədən gəlib, nə də kağız vardır. Bu deyilən sözlərə baxıb evi dağıtma.

Həlimə — Sən məni genə aldadırsan. Budur deyirlər ki, paltarlarını da gətiriblər. Mən hər cür olsa gərək işimi yerbəyer eləyəm. Budur, kişinin yası da tutulub qurtarıb, bu hələ deyir ki, ölməyibdir.

Akif — Sən nağissən! Mən bilirəm ki, sən bu ailənin bədbəxtliyinə bais olacaqsan. Axırıncı sözümdür ki, sənə deyirəm, Kərbəlayi Haşım ölməyibdir.

Həlimə — Get bu nəsihətləri öz övrətinə eylə! Mənə lazım deyil!

Akif — Mənim sözümü sonra anlayacaqsan! (gedir).

Əsədulla — (daxil olur) Xanım, axundlar buyurur ki, get biz də bu saat gəlirik.

Həlimə — (Münəvvərə) Bax, qızım, sənə deyirəm, daha ağlamaqdan, zaddan keçibdir. Axundlar nə desələr daha dil qaytarmayasan. Mirzə Bağır da bir mö’min kişidir. Mənim yüz qızım olsun, yüzü də Mirzə Bağırın çağırdığına qurban olsun.

Münəvvər — İstər Mirzə Bağır allah da olsa mən ona ərə getməyəcəyəm. Əvvəla budur ki, mənim atamın ölüm xəbəri hələ iki ay deyil ki, gəlibdir... Mən Akif əmimin sözünə də inanıram ki, atam ölməyibdir.

Həlimə — Səfeh-səfeh danışma, vallah dilini kəsərəm! Sənin də ağlın əminin ağlına bərabərdir. Səni evdə saxlayıb saçını ki, ağartmayacağam?

Münəvvər — Ana, sənin heç insafın yoxdur ki, məni bu uşaq vaxtımda əlli beş yaşında mərsiyəxana verirsən?

Həlimə — Kəs səsini! Nasəza danışma, əmin kimi! Bir də mənim axirətimdə məni cəhənnəm odundan xilas eləsə ancaq onlar eləyəcəkdir.

Münəvvər — Cəhənnəm odunda yanmaq dünyada bu odlarda yanmaqdan yaxşıdır. Nə fərqi vardır. Mirzə Bağıra getməyin özü də bir cəhənnəmdir. Vallah, özümü öldürərəm, getmərəm. (eşiyə çıxır).

Əsədulla — (daxil olur) Xanım, başınızı örtün, axundlar təşrif gətiriblər.

Həlimə çadırşəbi çəkir başına.

Mirzə Rəhim — (Mirzə Bağır ilə daxil olur) Mirzə Bağır, mənim də zəhləm o evdən gedir ki, orada kişi tayfası olmasın.

Mirzə Bağır — Cənab ağa! Kişi tayfasının olması da sizin iltifatınızdan asılıdır. Hələlik gərək bu zəifənin xatirəsinə xudavəndi-aləm dərgahına istiğfar edib əyləşəsiniz, çünki burada sizin hər bir nəfəs çəkməyinizin özü də qiyamətin günü ev sahibinin günahlarını əfv etdirəcəkdir. (Tutub qolundan əyləşdirir).

Həlimə — Allah sizin kimi alimlərin kölgəsini bizim başımızdan əskik eləməsin. Mən sizi özümə ata hesab edirəm.

Mirzə Rəhim — Əstəğfürulla elə ey zəifə! Məbada bir də belə kalamə mütəkəllim olasan. Çünki sənin sahibin olmadığına görə mənə naməhrəmsən.

Mirzə Bağır — Hərkah sizin kimi kərəm dəryası olan ağaların ehsanı olursa bu zəifə sahibsiz də qalmaz.

Mirzə Rəhim — Mirzə Bağır, bütün işlərin düzəlməsi bu zəifənin özündən asılıdır.

Həlimə — Ağa, məni siz öz qızınız hesab ediniz, çünki mənim sizdən başqa bir adamım yoxdur.

Mirzə Rəhim — Mirzə Bağır, dur buradan məni xaric elə. Mən on səkkiz ildir ki, Nəcəfdən gəlmişəm, qulağıma naməhrəm səsi gəlməyibdir. Bu gün mənim ikirmi illik ibadətim zaye oldu. (qalxmaq istəyir).

Mirzə Bağır — Əyləşiniz, cənab ağa! Bu zəifə elmsiz və dünya görməmiş bir övrətdir! Siz gərək bunlara xudavəndi-aləmin şəriətini yetirəsiniz. (Həliməyə) Xanım, siz də gərək hüşunuzu ağanın fərmayişlərinə verib anlayasınız ki, ağa nə fərmayiş buyurur və buyurmaq istəyir.

Həlimə — Mən elmsiz övrət bunları haradan baş tapım?

Mirzə Bağır — Doğru buyurursan xanım! Müctəhid cənablarının hər sözünün qur’an ayəsi kimi qırx mə’nası vardır. Hərkah siz bir allah bəndəsini oğulluğa qəbul eləmiş olsaydınız bu söhbətlərin heç birisi olmazdı və işləriniz də düzələrdi.

Həlimə — Cəmi malım da, canım da qurban olsun ağanın ayağının torpağına. Mənim nə həddim vardır ki, onun sözündən çıxım?

Mirzə Rəhim — Mirzə Bağır, artıq burada oturmağa taqətim yoxdur. Budur qiyamətin günü gəlib durub gözümün qabağında. Budur şəriət sahibi gözümün qabağında duruyub deyir: Mirzə Rəhim, sən hara, naməhrəm övrətlərin məclisi hara?

Mirzə Bağır — Cənab ağa. Gərək bu xanımın xatirinə də olsa əyləşəsiniz.

Mirzə Rəhim — Mirzə Bağır, sən bais olma ki, şəriət sahibi məndən rəncidə olsun. Budur şəriət sahibi mənə xitab edir ki: Mirzə Rəhim, hanı sənin Nəcəfdə 20 il gündüzləri oruc, gecələri əhya saxladığın zamanlar? Mirzə Bağır, budur cəhənnəm qapısında duran əzab məlaikəsi görünür. Əlində olan odlu kürzün işığı gözümə düşür.

Mirzə Bağır — (sərasimə) Allahümmə səlli əla Mühəmməd və ali-Mühəmməd mö’cüz oldu! Sənə şək gətirənin zatına lə’nət. (Qalxıb əlindən, ətəyindən öpür).

Mirzə Rəhim — Budur behiştin qapısında duran məlaikələr. Əllərində gül dəstələri tutub deyirlər: qırx ildir biz hurilər sənin intizarını çəkirik. Məbada sən dünyaya aldanıb bizi öz ziyarətindən məhrum eləyəsən! Dur buradan xaric olaq.

Həlimə — Anam-atam sənə fəda olsun, bəs siz də mənə rəhm etmiyəsiniz, kimlər edəcək?

Mirzə Bağır — Cənab ağa, tamam yerin, göyün ixtiyarı sizin əlinizdədir. Rəva deyil ki, bu biçarəni şəfaətinizdən məhrum eləyəsiniz. İndi ki, təşrif gətirmisiniz, bunun işlərini yerbəyer buyurunuz. Özü də dul övrətdir. Xüsusən bir qızı da vardır. Evində də ki, kişi tayfası yoxdur. Zəhmət çəkib evlərin möhrünü götürəsiniz.

Mirzə Rəhim — Düz deyirsən, Mirzə Bağır! Lakin kilidlər yanımda deyil gərək gedib gətirsinlər. İbadət etdiyim, sovməəmdə oturduğum köhnə qoyun dərisinin altındadır.

Mirzə Bağır — Cənab ağa, mən kilidləri bu saat gətirrəm və siz də mənim tərəfimdən vəkilsiniz.

Mirzə Rəhim — Mirzə Bağır, ləxeyrə fittə’çil!

Mirzə Bağır — (getdikdə) Əlağilünə la yestəxirünə filumurul xeyr. (gedir).

Mirzə Rəhim — Ey zəifə, bil və agah ol! Zamani ki, qiyamətin günü bərpa olar, hökm-rəbbülərbab yetişər. Oddan bir dar ağacı asıb oradan bə’zi üləmaları dara çəkərlər. Xitab yetişər; ey mənim bəndələrim, bunlar haman alimlərdir ki, camaatdan kənar yaşayıblar. Bir az yaxında əyləş! Razı olmayasan ki, qiyamətin günü xudavəndi-aləm məni də o dar ağacından başı üstə assın.

Həlimə — Baş üstündə! Müctəhid ağa izin verəndən sonra bizim nə həddimiz vardır ki, sözdən çıxaq (əyləşir irəli).

Mirzə Rəhim — İrəli! İrəli! Ey zəifə, bir az da irəli! (Həlimə bir az da irəli gəlir) Xeyr, olmadı! Olmadı! Yaxına! Yaxına! «Cameüləxbar» kitabında həzrət özü buyurur ki, İnnə təgərrubu və kanə kildul-muhübb vəlməvəddə! İrəli əyləş mö’minə!

Həlimə — Ağa, allah bizi qiyamətin günü sizin şəfaətinizdən binəsib eləməsin! (İrəli əyləşir).

Mirzə Rəhim — İrəli əyləş, mö’minə! Kitabülənvar sahibi buyurur ki, hər övrət ki, bir qədəm üləmaya yaxın qoysa min qədəm behiştə yaxın qoyacaq. Hər övrət ki, iki qədəm üləmaya yaxın qoysa gözlərin yuman kimi bila sorğu və sual özünü behiştin içində görəcəkdir. Yaxına əyləş, zəifə, ta ki, sən də əhli-behiştdən sayılasan.

Həlimə — (ağlayır) Daha sizdən də başqa biz kimlərə ümid bağlayaq? (irəli əyləşir).

Mirzə Rəhim — Təzkürətülüləmadə həzrət buyurur ki, hər o günahkar övrətin ki, bədəninə üləmanın nəfəsi toxunsa cəhənnəm odu onu yandırmaqdan həya eylər. Yenə də mur’atunnisa sahibi buyurur ki, hər övrətin bədəni ki, üləmanın bədəninə sürtüşür qiyamətin günü behiştin hurilər yığışıb haman övrəti ziyarət edərlər. Elə ki, haman övrət behiştə daxil olar tamam behişt əhli onun bədəninin ətrindən valeh, heyran olarlar. İndi bu övrətlərdən olmaq istəyirsən irəli gəl mö’minə!

Həlimə — (ağlayır) Ağa, sənə and verirəm bu başındakı əmmaməyə, məni cəhənnəm odundan xilas elə. (irəli gəlir).

Mirzə Rəhim — Ey mö’minə, sənə müjdə olsun ki, behiştin hurilərinin xanımı olacaqsan. Amma yenə cəhənnəm odundan qorx. Budur, mənim cəhənnəmin qorxusundan ürəyim nanə yarpağı kimi titrəyir. İnanmayırsınız əlinizi sinəmə qoyun. (Həliməyin əlini çəkib basır öz sinəsinə) Yəqin ki, sizin də ürəyiniz döyünür. (Əlini istəyir qoysun Həliməyin sinəsinin üstünə, Həlimə çəkilir). Gərək siz tezlikdə bir məhrəm ixtiyar edəsiniz. Vallah cəhənnəmdən sizə xilas olmağa söz verə bilmirəm.

Həlimə — Ay ağa, mən necə məhrəm ixtiyar edə bilərəm ki, hələ Kərbəlayi Haşımın ölüm xəbərindən iki ay da keçmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов