Üçüncü pərdə
Страница 1 из 2
Vaqe olur Mirzə Rəhim müctəhidin məhkəməsində
Mirzə Bağır — (daxil olur) Səlam əleykum!
Mirzə Rəhim — Əleykəssalam. Əyləş görək! Nə var ki, balam, sözlü adama oxşayırsan? Təzə xəbər nə var?
Mirzə Bağır — Kərbəlayi Haşımın Məkkədə ölməyindən təzə xəbər nə olsun ki?
Mirzə Rəhim — Nə söyləyirsən, Mirzə Bağır, bu iş ola bilməz!
Mirzə Bağır — Bəli, çox da pakizə ola bilər. Bu işi şəhərdə sizdən başqa hamı eşidibdir.
Mirzə Rəhim — And olsun çağırdığın həzrətə bu xəbəri elə indicə səndən eşidirəm, amma gərək şahidlər də olsun.
Mirzə Bağır — Allaha şükür şahidə nə gəlibdir? Məgər müsəlman şəhərində beş-on şahid tapmaq çətindirmi? Amma mən bilirəm ki, burası lap dibindən doğrudur. Lakin yazıq Kərbəlayi Haşımın evində heç kişi tayfası da yoxdur, sonra elə olmasın ki, şəriətə xəyanət olsun.
Mirzə Rəhim — O barədə nigaran qalma, bilirəm ki, nə demək istəyirsən. Xəyalın Kərbəlayi Haşımın qızını almaqdır. Bu iş əsli olursa qız sənin malındır. Amma mənim də sənə bir işim düşəcəkdir.
Mirzə Bağır — Bilirəm, mən sizin mənzurunuzu. Siz də mənə qaynata olmaq istəyirsiniz. Mənim bu gözüm üstə.
Mirzə Rəhim — Əl aqilü yekfibil işarə. İndi ki, baş tapmısan, daha nə deyim.
Həlimə — (daxil olur) Səlam əleykum. Müctəhid ağa, sizə bir ərzim vardır.
Mirzə Rəhim — Əleykəssəlam, (Mirzə Bağıra) daha durma, get şahidlərə xəbər ver, hazır olsunlar.
Mirzə Bağır — Orasında söz yoxdur. Amma elə eyləyin ki, şəriətə xəyanət olmasın. Çünki evlərində kişi tayfası yoxdur.
Mirzə Rəhim — Daha, dayanma, mənzurunu bilirəm. Tez get, çünki bu zəifənin şər’i məsələsi vardır.
Mirzə Bağır — (Gedir, qapı yanından dönür) Gərəz, mənim ərz eləməyim bundan ötrüdür ki, şəriətə xəyanət olmasın. O ki, qaldı mənim işimə, ona da siz vəkil olun.
Mirzə Rəhim — Get daha şahidləri gətir (gedir). (Həliməyə) Ey zəifə, nə sualın vardır? Əyləşiniz!
Həlimə — Allah-taala sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin.
Mirzə Rəhim — Ey zəifə, şər’i sualın varsa bir az irəli əyləş. İbadətin çoxluğu, səcdələrin uzunluğu nə qulaqlarımda, nə də gözlərimdə qüvvət qoymamışdır.
Həlimə — (irəli çəkilir) Ağa, allah bizim ömrümüzdən kəsib qoysun sizin ömrünüzün üstə.
Mirzə Rəhim — Ey zəifə, bir az da yaxında əyləş. Çünki qulaqlarıma behiştin qızıl dağlarından axıb tökülən Kövsər sularının gurultuları gəlir. Cəhənnəmdə olan əjdaha nə’rələrini eşidirəm. Göydəki mələklərin təsbeh təhlil sədaləri gəlir, odur ki, dünya sədalərini çox da eşidə bilmirəm. Sözün varsa bir az da irəli gəl.
Həlimə — (irəli gəlir) Ağa, doğrusu deyirlər ki, sahibim Kəblə Haşım Cəddədə vəbadan vəfat eyləyibdir?
Mirzə Rəhim — Ey zəifə, sizə bunu kim xəbər verdi? İnna lillah və inna ileyhi raciun!
Həlimə — Bu xəbəri mənə elə bir adam veribdir ki, atam da, anam da, övladım da ona qurban olsun. Bu gün tezdən bu xəbəri mənə Mirzə Bağır ağa gətirdi.
Mirzə Rəhim — Ey zəifə, doğrudur. Göndərmişəm şahidlər gəlsinlər.
Akif — (daxil olur) Nə kəsibsən məhkəmələr qapısını ey naqis övrət? Sənə yüz dəfə demişəm ki, bu yalançı müsəlmanların sözünə baxma? Kim Məkkədən gəlmişdir ki, sənin sahibinin ölüm xəbərini gətirsin? Sənin nə sözün varsa mənə söylə, buralarda nə işin var? Nə işin vardır bu haramilər yuvasında?
Həlimə — Mənim allah canımı belə yerlərdə çıxarsın.
Mirzə Rəhim — Akif, sən üləma qismini rüsva eləmə! İndi göndərmişəm şahidlər də gəlsin.
Akif — Hər an şahidlər də sənin yumurtalarındır ki, öz məzhəb və imanlarını beş qəpiyə satmağı adət eyləyiblər.
Zülfüqar — (Daxil olur, yanında övrəti Səlmə qoltuğunda boğçası) Ağa, bir məsəl vardır ki, şəriətdə şərm olmaz. Bu arvad mənim əyalımdır. Nə qədər çalışdım yola gedim yenə də başa gəlmədi. Axırda labüd qalmışam gətirmişəm talağını verim.
Mirzə Rəhim — (Səlməyə baxır. Zülfüqara) Ey mö’min, xudavəndi-aləm bu barədə kişilərə böyük ixtiyar veribdir. Lakin gərəkdir bir səbəb də olsun.
Zülfüqar — Ağa, bir övrət ki, sahibindən iznsiz qohum-qardaş evinə getdi, bir övrət ki, təzə paltarlarını geyib küçəyə çıxdı, daha bu tövr övrət mənim nəyimə gərəkdir?
Mirzə Rəhim — Ey mö’min, indi sənə şəriət hökm verir ki, bunu boşayasan.
Səlmə — Ağa, hərkah bu sözlərin hamısını bu yalan demiş olsa necə olsun? Məni buna verəndə bircə dəfə atalığım deyib ki, övrət tayfasının qıçı sınıq olar, genə yadımdan çıxmayıbdır. Bircə dəfə mənə yengələrim deyib ki, övrətin ata-anası olmaz, o vaxtdan nə qədər döyər, söyər cavab vermərəm. Neçə dəfə paltarlarımı alıb gözümün qabağında təzə arvadına geydirib. Genə demişəm ki, kişidir, əlacım nədir?
Zülfüqar — Yalançıya allah lə’nət eləsin. Qızıl da olsan bundan sonra mənə lazım deyilsən. Sən ağa hüzurunda mənə dil qaytaranda bəs gör evdə nə qayırırsan?
Səlmə — Nədən əvvəldən yalançı deyil idim, elə indi yalançı oldum? Niyə ki, mənim dayım qızı Züleyxanı almaq istəmirsənmi?.. Züleyxa deyir Səlməni boşa, onda mən də gələrəm, vəssəlam, mənim təqsirim budur!
Mirzə Rəhim — Ey zəifə, kişinin ixtiyarı vardır ki, səni istəməsə boşar. Həzrət özü də buyurubdur ki, la ikrahə fiddin.
Səlmə — Şəriət buyurandan sonra mən nə deyəcəyəm? Mən daha kişilərə necə inanım ki, dörd ildir zəhmət çəkib ev tikmişəm indi uşağımı da verib qoltuğuma yola salırsan? Çarəm nədir, sahibsiz adamam. Kəbinimi verin çıxıb gedim.
Zülfüqar — Bir övrət ki, sahibinin sözünə baxmadı, dəxi kəbin nə üçün? Budur, bir boğça da paltar vermişəm, bəs olmayırmı?
Səlmə — Bəs mən ata-anasız adam hara çıxıb gedim?
Mirzə Rəhim — Ey mö’minə, sən də cavanəsən, bu kişi olmaz gedərsən başqa ərə.
Səlmə — (Üzü göyə) İlahi, sən buna razı olursan ki, müsəlman övrəti fitə kimi gündə bir adamın belinə bağlansın? İlahi, sən razı olsan da, şəriətin hökm versə də, mənim həya və namusum bunu qəbul eləməz. Amma nə yapım? Zalım kişilərin istibdadı hələlik hökm sürür.
Zülfüqar — Ağa, mən bunun həyasını tanıyıram, ver talağını çıxıb getsin.
Mirzə Rəhim — Allahümmə səli əla Mühəmmədin və ali Mühəmməd. Zövcə və təma taligün təllətəhu, hiyə taligün təlləgəyü və hiyə taligün mər’ohyə, taligin riççiyyə. İndi gedə bilərsiniz.
Səlmə — Eybi yoxdur, ağa, götürsün uşağını, mən də çıxıb bir tərəfə gedim. Evim ki, yoxdur, bu uşağı harada saxlayacağam?
Zülfüqar — Mənim uşaqdan nə xəbərim vardır? Uşaq sənin əvvəlki ərindəndir.
Səlmə — Ey insafsız və zalım kişi, mən dörd ildir ki, sənin evindəyəm, daha bu körpə uşaq haradan mənim əvvəlki ərimdən ola bilər?
Zülfüqar — (Bir manat axunda verir). Axund, buyur bu da sizin həqqi-zəhmətiniz. İnşallah, genə işimiz düşəndə xidmət elərik. (gedir).
Səlmə — Get, zalım kişi, bu uşağın ahu zarı sənə bəsdir... Eyb etməz, de ver kağızımı əlimə çıxım gedim.
Mirzə Rəhim — Bu uşaq məsələsi işi əngələ saldı. Sabaha kimi səbr elə, bir də kitablara baxım, bəlkə bu işə bir əncam çəkəm.
Səlmə — (ağlaya-ağlaya) Vallah heç bilmirəm bu ac-susuz uşağı hara aparım. (gedir)
Gənbər ilə Nazlı daxil olur.
Gənbər — Səlam əleykum! Axund, yenə sənə bir işim düşübdür.
Mirzə Rəhim — Əleykəssəlam! Nə olub yenə? Olmaya bu qızı götürüb qaçmısan? Çünki mənə bir az tanış gəlirsən.
Gənbər — Bəli axund, sizə keçən il payızda da bir belə işim düşmüşdü.
Mirzə Rəhim — Bu qız kimlərdəndir yenə?
Gənbər — Bu qız Baş kəndli Hacı Rəşidin qızıdır. Çoxdan bəri istəyirdim, deyirdilər arvadı vardır vermərik. Haman qızı da ki, keçən il götürüb qaçmışdım, çox tayfalı olduğuna görə boşuya bilmirdim. Allah tərəfi bu il kənddə el davası düşəndə səkkiz arvada güllə deyib öldü ki, biri də bizim arvad idi.
Mirzə Rəhim — Pah, yazıq övrətlər. Nə zaman olubdur.
Akif — Bəli, elə də olmalı idi, çünki sizin kəbinlərin ondan da artıq tə’siri ola bilməz.
Gənbər — Axund, hələ o övrətin ölməyi cəhənnəmə, sonra baxdım gördüm ki, bu da əlimdən çıxır. Bu əhvalatı eşidib qızı tez əmisi oğluna adaxlandırıblar. Mən də labüddən bir ay bundan əvvəl götürüb qaçdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-dinciler-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.O düşünür və düşünürdü:
Rus konsulunun ziyafətindəİllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.
Döyüş günləriMəhərrəm ayının beşinci günü idi. Morqan Şosterin İrandan qovulması xəbəri Təbrizə yayılmışdı. Qadınlar bazarındakı alış-verişçi qadınlar belə bu barədə danışır, imamın zühurunun yaxınlaşdığını xəbər verirdilər.– Sarı kafərin (ruslar) Məkkə evində at bağlamasına az qalmışdır, – deyə xalq məsciddən məscidə gedirdi.
Təbrizlilərə müraciət«Təbriz xalqı! Yoxsullar, işçi və kəndlilər, peşəkar, ziyalı və təraqqipərvər ruhanilər!Çar hökumətinin müstəmləkə siyasəti bizi çarın işğal orduları ilə əlbəyaxa olmağa məcbur etdi. Hazırda biz çar soldatları əlində qırılır, öz növbəmizdə biz də onları öldürürük. Lakin bunu bilməlisiniz ki, sizə güllə atan rus soldatları da sizinlə müharibəyə məcburiyyətlə sürülür. Sizi mülkədar, əyan və varlı balaları, çar zabitləri qırdırır. Rus soldatlarını öz sinfinə qarşı çıxaran həbslər və edamlardır. Onlar uzaq Rusiyadan Yaxın Şərqə çar müstəmləkə siyasətini müdafiə üçün gətirilmişlər. Buna görə də siz rus işçi kəndlisinin doğma övladı rus soldatları ilə insan kimi rəftar edib, onların yaralanan və ölənlərinə hörmət göstərin. Onlara öz yaralılarınıza baxan kimi baxın, ölənlərin meyidlərini quyulara tökməkdən saqının!
Стихи других поэтов
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Axşam çağıdırCəvahir oldumsa,Kimsə almadı,
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki