Kazakların içərisinə intibahnamə paylamaq məsələsi müzakirə ediləcəkdi. Jenyanı axtarmaq və iclasa gətirmək lazım idi. Pavluşa bunun üçün Sabunçuya getmişdi. Jenyanı tapmamışdı.

Vasya dedi:

– Bir saat bundan əvvəl mən onu soldat bazarında gördüm. Əsgəri göndərmək istədilər. Pavluşa özünü qabağa verdi:

– Mən gedib taparam.

O, Jenya ilə görüşmək və danışmaq üçün bir fürsət axtarırdı.

Pavluşa onu çox axtarmadı. Onu ev qulluqçuları yanında tapdı. Oturub tum çırtlayırdılar. O, özünü görməməzliyə vurdu, bir neçə kərə o tərəf-bu tərəfə keçdi. Jenya onun bir məqsəd üçün gəldiyini və yanaşmağa cəsarət etmədiyini anlayaraq yanına çağırdı:

– Burada nə axtarırsan? — deyə soruşdu.

Pavluşa:

– Vasyanı və Əsgəri axtarıram, — dedi.

– Sən bilmirsən ki, onlar dəmiryol emalatxanasında işləyirlər?

– O tərəfləri axtarmışam, bu gün nədənsə işə çıxmamışdılar. Dedim bəlkə burada olarlar.

Jenya cibindəki tumdan bir ovuc da Pavluşanın ovcuna tökub dedi:

– Otur, burada başqa həyat vardır. Burjuaziyanın istismarı nəticəsində var-yoxdan çıxanlar, öz zəhmət qabiliyyətini itirənlər, müharibələrdə, fabrik-zavodlarda şikəst olanlar, qol-qıçlarını itirənlər tamamilə buradadırlar. Məhv olmuş fəhlələrin yetim qalmış qızlarını, oğlanlarını da burada görmək olar. Pavluşa, buradakıları öyrənmək lazımdır. Gözü olan adam üçün bura bir dərnəkdir.

Biz buradakı başıpozuq və təşkil olunmamış əməkçilər içərisindən də özümüzə yoldaşlar axtarmalıyıq. Sənin kimi yanlış düşünənlər ideyalarımızı geniş kütləyə heç vaxt tanıda bilməz. Pavluşa, məndən incimə! Heç olmazsa özünü idarə etməyi və səni sevən adamlarla yoldaşcasına rəftar etməyi öyrən. Sən gecə-gündüz səninlə bir damın altında yaşayan, bütün varlığını sənin əlinə tapşırmağa hazırlanan bir qızı belə özündən qaçırdın.

– Jenya, and içirəm ki, mən indiyə qədər məndən nə səbəbə küsdüyünü təyin edə bilmirəm.

– Gəl bu barədə danışmayaq, ancaq sən arxayın ol, öz qəlbini möhkəm saxla. Sən bilirsən ki, mən heç vaxt əyləncə aləti olmayacağam. Mənim bədbəxtliyim orasındadır ki, öyrəndiyim bir adamı çox çətinliklə yaddan çıxara bilirəm. İndi əgər sən mənim yanıma bir iş üçün gəlmisən, söylə, yox görüşmək məqsədi ilə gəlmisənsə, danışdığımız kifayətdir. Salamat qal! Gələcəkdə də məni burada görə bilərsən. Ancaq bunu da bilməlisən ki, ürəyim səndən sınmışdır. Bu ürəyi düzəltmək üçün danışılan sözlər saqqız çeynəmək kimi bir şeydir. Saqqızdan insanın mədəsinə bir şey getmədiyi kimi, boş sözlərdən də insanın beyninə bir şey girməz. Mən buradan əl çəkməyəcəyəm, bura həyatın bir məktəbidir. Burada burjuaziyanın etdiyi zülmün bütün tablolarını görə bilirəm. Mənim inadım, mübarizə düşüncələrim burada daha da qüvvətlənir.

Pavluşa məqsədini söyləmək qərarına gəldi.

– Mən bura bir məqsəd üçün gəldim... kazaklar arasında iş aparılması üçün müşavirə çağrılmışdır. Yoldaş Lado səni də müşavirəyə çağırır.

Bu zaman Serafima Jenyaya yanaşıb, qulağına bir söz pıçıldadı, Jenya həyəcanla qalxdı, Pavluşaya dedi:

– Get, gələrəm!

Pavluşanı heyrət götürdü. Bu qız nə dedi? Jenya hara getmək istəyir?

Onların ardınca düşdü.

On dörd nəfər soldatı tutub gətirirdilər. Jenya Pavlov Vladimirin onların içində olub-olmadığını bilmək istəyirdi. Lakin Pavlov, yolda onlara rast gəlib əllərini sıxdı və birlikdə dustaqların dalınca getdilər.

Pavluşa Jenyanın soldatlar arasında işlədiyini bildiyi üçün Pavlov ilə görüşdü, Jenyanın onunla bərabər getməsindən heç də qısqanmadı.

Tutulan soldatlar bir neçə gün əvvəl iclasda iştirak edən soldatlar idilər.


Pavluşa gizli mətbəədə idi. O, bir neçə adamla intibahnamə aparmağa gəlmişdi. Jenya gec gəldi. O, çox solğun və həyəcanlı idi. Səbəbini soruşdular. İnqilabçı soldatların tutulduğunu söylədi.

Hər kəs öz hissəsinə düşən intibahnamələri götürüb lazımi yerlərə apardı. Kazaklar arasında intibahnamə yayma işi üstündə böyük mübahisə başlandı. Hər kəs bir cür təklif etdi.

Jenya söylənən fikirlərin heç biri ilə razılaşmırdı.

– Mən gərək vərəqələri kazakların öz əlinə tapşıram.

Mətbəədəkilər bu sözə güldülər.

Pavluşa da bu sözə təəccüb etdi:

– Sən çaşmısan, nədir? Necə yəni «vərəqələri kazakların öz əlinə tapşıram?» Sən onları nə vasitə ilə kazakların öz əlinə tapşıra bilərsən?

Jenya çox soyuqqanlı və çox da sakit bir surətdə cavab verdi:

– O mənim öz işimdir!

Semyon sözə qarışdı:

– İndi ki, yoldaş cəsarət edərək bunu öhdəsinə alır, bu onun öz işidir!

Vasya ilə Pavluşa erməni və rus dilində çap olunmuş 2100 nüsxə intibahnaməni götürüb lazımi yerinə aparmaq istəyirdilər. Pavluşa bir neçə kərə Jenya ilə danışmaq istədisə də, Jenya cavab vermədi, çünki vaxtı yox idi.

Nəhayət, Pavluşa mətbəədə işləyən qadına:

– Katya yoldaş, bir az tez ol! – dedikdə, Jenya iki ildən bəri zəhərli xatirəsi ilə qovrulduğu məktubu bir daha xatırladı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır!».

Jenya bir Pavluşaya, bir də Katyaya baxdı, onun tükləri biz-biz oldu, sanki onun başına bir qazan qaynar su tökdülər, tərlədi, bədəni titrədi, öz-özünə dedi: «Katya budurmu? Mənim yoldaşımı əlimdən alan bu məlundurmu?».

Jenyanın gözlərindən çıxan alov Katyanı yandırmaq istəyirdi.

Katya intibahnamələri Jenyaya təhvil verirkən, Jenya onları Katyanın əlindən acıqla dartıb aldı:

– Ver bura! İnsan yaşadıqca nə pis sifətlər görür!

Mətbəədə olanlar Jenyanın bu hərəkətinə təəccüb etdilər. Katyanın özü də Jenyanın bu hərəkətinə heyrət etdi, gülümsündü:

– İnqilabçı qız işin ağırlığından, ya da vəzifənin məsuliyyətindən əsəbiləşmişdir, – dedi.

Jenya daha danışmadı və heç kəsin üzünə baxmadı.

Jenya Voronsovski küçə ilə gedirkən tində duran və bığlarını tumarlaya-tumarlaya gəzinən qorodovoy onu paltaryuyan bir qız zənn etdi. Qorodovoy Jenyanın əlindəki yuyulmuş ağ paltar boğçasına deyil, özünə baxırdı.


Səhər tezdən kazak qışlası qabağında fındıq, şabalıd, günəbaxan tumu və bulka satan alverçi qadınlar cərgəsində gənc bir qız da durmuşdu. Bu qız fındığı öz qiymətindən ucuz satdığı üçün köhnə alverçilər onu burunlamağa başladılar.

– Bazarımızı xarablama!

– Biz bazarın qiymətini bilirik. Nə üçün malını mayasına satırsan?

– Xalqın bir parça çörəyinə mane olma!

– Səndən alverçi çıxmaz! Bu qiymətə mal satsan, bir neçə gündən sonra ayağında tumanın da qalmaz.

– İşin yoxdursa, bir yaxşı ev bilirəm, səni ora qulluqçu düzəldərəm. Alveri bacarmırsan.

– Nə üçün tələsirsən? Axşama qədər hamısı satılacaqdır.

– Mən bilirəm ki, sən malı satdığın qiymətə almamısan...

Jenya bu sözlərin heç birinə əhəmiyyət vermirdi.

Qışladan çıxan kazakların hamısı: Təzə alverçi qız gözəldir! – deyə onun ətrafına toplanırdı.

Jenya tez-tez fındığı intibahnamələrə doldurub verirdi.

Alverçi qadınlardan Dunya Jenyanın bu hərəkətinə dözə bilmədi, onu o ki lazımdır söydü və qışlanın qabağından qovmaq istədi, başqa alverçi qadınlar da ona kömək etdilər.

Jenya onlara çox mülayimliklə deyirdi:

– Mən malı ucuz almışam, ucuz da satacağam. Qazancım olur. Kazaklar da yoxsuldurlar, onların dərisini soya bilmərəm ki!

Alverçi qadınlardan Manya onun qabağındakı səbəti götürüb dedi:

– Hamısını bir yerdən çəkib ver mənə! – Jenyanın yanındakı intibahnamələri də qamarladı. – İndi ki, fındıqları verdin, kağızları da ver!

Jenya səbətini götürüb gedəndən yarım saat sonra, qışlanın qabağında alver edən rus qadınlarının hamısını tutub jandarm idarəsinə apardılar.

Kazaklar arasına yayılmış siyasi vərəqələrdən ancaq əllisi jandarmların əlinə keçmişdi. Qalanlarını kazaklar bir-birinə ötürüb gizlətmişdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Töhvə

İstambuldan bizə hərdən bir qəribə töhvələr gəlir.Biz indiyədək elə xəyal eləyirdik ki, əbcəd elmini Naxçıvanda Məşədi Həsəndən savayı heç kəs bilmir. Amma indi İstambuldan gələn «Şəms» ruznaməsində oxuyuruq ki, məktəbi-sultaniyyənin məşhur müəllimlərindən ədibi-fazil müəllim Feyzi cənabları bir hədisi əbcəd hesabına çəkib yazır:

1 мин
Qəribə günə qaldıq

Ə kişi, vallah indi bir para adamlar çıxıbdır ki, heç istəmir özlərinə baxsın. Laməzhəblər elə sözlər danışırlar adam heç eşitmək də istəmir. Hər yerdə otururlar başqa bir sözləri yoxdur. Məhz sözləri filan molla belə gəldi, filan molla şəriətə xəyanət elədi. Filan mərsiyəxan kimyagərlik eləyir, filan müdərris bisavaddır. Baxırsan ki, hər nə danışırlar, qərəz, hər nə iş görürlər, mollaların üstünədir. A kişi, sən gör bu laməzhəblər nə danışırlar? Məsələn, keçən gün deyirdilər ki, Zəngəzurda filan molla filan övrətə kəbin kəsib sonra övrətin əlahiddə sahibi çıxıb. Vəhalon ki, imanı olan müsəlman bu işi yəqin etsə də ki, mollada xəyanət var, yenə gərək ağzını açıb danışmasın, çünki allah-taala səttarul-üyubdur.A kişi, bir görün iş hara yetişib? Necə dünyanı kafir götürüb: Dünən bizim Fridun gəlib ki, «dadaş vidiş eta molla alla akper çto izdelayet?» Dedim ki, atam gorbagor olaydı, səni rus şkoluna qoyan yerdə! Gədə, haramzadə, utanmırsan, elm əhlinin adını kafir dilində deyirsən? Çox söyüb yamanlayandan sonra dedim ki, üzün qara olsun, de görüm yenə nə var? Dedi Dadaş, Zəngəzurun dördüncü uçastokunda bir Ləhvaz kəndi var, oranı tanıyırsan? Dedim çox da uzun getmə, hamama gedəcəyəm, tanıyıram. Dedi orada bir Mirzə Ələkbər var, tanıyırsan? Dedim, a gədə, hənə bağlayacağam, vaxt keçir, sözünü de! Dedi, ki, Mirzə Ələkbər heç əmmaməsından utanmayıb Sultan Məhəmməd adlı bir kişinin on dörd yaşlı bir qızını götürüb qaçıbdır. Üç gün saxlayandan sonra molla götürüb kəbinini kəsdirmişdir». Allah bilir ki, mən bu sözü eşidən kimi başımda tüklərim biz-biz oldu. Dedim allah sizin kimi adamlara lə’nət eləsin, gör yazıq mollalara nə iftira deyirlər. Nə yaxşı mən özüm bu işdən xəbərdar idim, yoxsa mənim də qəlbimə qaraltı gələcək idi. Yazıq Mirzə Ələkbər əzbəs ki, çox mö’min adamdır və heç vaxt namazın da qəzaya qoymaz və özü də yaxşı azan deyir, ona görə istəyib ki, övrətsiz qalmasın. Yazıq mö’min və azan deyən Mirzə Ələkbər bir adam tapa bilməyib ki, xastakarlıq üçün göndərsün. Labədə özü qabaqca bir cəmal siğəsi oxuyub, bir səlavat çevirib qızı götürüb qaçmışdır. Çünki Mirzə Ələkbər çox mö’min və azan deyən bir adamdır və başında pakizə əmmamə... Əmmamə dedim, Ordubadın Vənənd kəndi yadıma düşdü. Xub, hələ mətləbdən uzaq düşməyək. Gör bu laməzhəblər mollalara necə iftira deyirlər. Aya, Ələkbər qızı götürüb kənd aşırıb, dağ aşırıb ki, xilafşər olmasın? İntəhası rəiyyət məhəlləsindən götürüb bəy məhəlləsinə gətirmişdir. Müxtəsər, qəribə günə qaldıq.

2 мин
Miyanə

Miyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.

1 мин
Təəccüb

Doğrudan çox təəccüb ki, necə qorxmurlar?«Din və məşəqqət» məcmuəsi 6-cı nömrəsində yazır ki, «bu Avrupa müqəllidləri — bə’zi müdərris və müəllimlər ki, övrətlərini və qızlarını götürüb teatrlara gedirlər — bunlar yomul-məhşərdə xuda hüzurunda rüsvayi-aləm olmaqdan necə qorxmurlar?»

1 мин

Стихи других поэтов