Страница 1 из 2

Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı.

Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü.

O özünü Bakı polisinə tamamilə unutdurmaq üçün yoldaşları ilə az görüşürdü.

Bu gün Pavluşa Jenyanın son hərəkətləri haqqında danışmaq üçün Sabunçuya getmişdi. Jenya təşkilatın bütün göstərişlərinə əməl edir, təşkilatdan izinsiz bir addım belə atmırdı. Bununla bərabər, onun hərəkətləri Pavluşaya xoş gəlmirdi. Qısqançlıq Jenya haqqında olan müsbət fikirlərinə qalib gəlirdi.

Jenyanın ata-anası onu çox böyük bir məhəbbətlə qəbul etdi. Keçən günləri, Pavluşa ilə bir yerdə yaşadıqları günləri xatırladılar.

Pavluşa xoş-beşdən sonra əsil məsələyə keçdi:

– Jenya daim ev xidmətçiləri ilə bərabər olur, bilmirəm onlardan nə öyrənə bilər? Adam gərək tayını tapsın. İstəyir ki, onlar onu düz yoldan azdırsınlar? İşləməyin də bir qaydası var. Ev qulluqçularının hamısı əyri yoldadır. Onlar, heç şübhə yoxdur ki, bir gün Jenyanı öz günlərinə salacaqlar. O zaman Jenyanı geri qaytarmaq çox çətin olacaqdır. Siz bilirsiniz ki, o yollar gedər-gəlməz və geriyə dönməz yollardır. Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir.

Sergey Vasiliç işdən təzəcə gəlmişdi. O, trubkasını hazırlayıb dişinə aldı:

– Oğlum, — dedi. — Sən bunları Jenyanın özünə deyə bilmirsənmi?

Pavluşa:

– O, mənə yaxın gəlmir, — dedi. — Bir kərə küçədə mənə rast gəldi, üzünü çevirdi. Neçə aydır ki, mənimlə danışmır.

– Nə üçün danışmır?

– Mən nə bilim? Onun qəlbində deyiləm ki...

– Bəs indiyə qədər səbəbini öyrənə bilmədin?

– Haradan öyrənim? Siz Jenyanı tanımırsınızmı? Onun nə qədər inadlı olduğunu bilmirsinizmi?

Pavluşa sözlərini bitirib, gözlərini Sergey Vasiliçin gözünə dirədi, ondan müsbət bir cavab gözləyirdi.

Sergey Vasiliç trubkasını sümürür, düşünürdü. Nəhayət Jenyanın anası sözə başladı:

– Pavluşa doğru deyir. Qız tayfası nədir, belə-belə işlər nədir? Mən bilirəm ki, qızı yoldan azdıracaqlar. Qızın belə-belə işləri axırda bizim başımızı xalq arasında yerə soxacaqdır.

Sergey Vasiliç trubkasını külqabına çırpıb dedi:

– İkiniz də səhv edirsiniz. Qıza yoldaş lazımdır. O qızdır, qızlarla da gəzməlidir. Mənim qızım ilə varlı, milyonçu qızları heç vaxt gəzməzlər.

Qapı açıldı, Jenya içəri girdi. Bazar günü olduğu üçün gizlin gəlmişdi, — ata-anasını görüb gedəcəkdi.

Pavluşa öz-özünə dedi: «Çox yaxşı oldu, burada həm Jenya ilə barışarıq, həm də lazımi sözləri deyərəm».

Jenya Pavluşanın əlini etinasızcasına sıxdı, anasının yanında oturdu. Anası onun saçlarını sığallayaraq:

– Qızım, — dedi, — Pavluşa bilirsən nə deyir?

Jenya parlaq gözlərini onun gözlərinə dikib soruşdu:

– Nə deyir?

– O deyir ki, Jenya həmişə ev xidmətçiləri ilə gəzir. Deyir ki, onlar Jenyanı düz yoldan çıxara bilərlər.

Jenya acı-acı güldü:

– Bunu Pavluşamı dedi?

– Əlbəttə ki... Pavluşa özgəsi deyil ki...

– Anacan, qəlbin sınmasın, sənin də, Pavluşanın da fikri köhnədir. Əvvələn, mən özümü idarə etməyi bacarıram. Pavluşanın çürük tərbiyəsinə möhtac deyiləm. İkincisi də, mən qoşulduğum qızların hamısı bizim ailənin vəziyyətində yaşayan ailələrin qızlarıdırlar. Onların hamısı mənim dərdlərimi başa düşür. Mən kişilərlə yoldaşlıq edib bir vəzifə daşıdığım üçün kişiləşmədim ki! Mənə də qızların söhbətləri lazımdır. Mən onların söhbətlərindən həzz alıram. Nə varlıların qızları mənə, nə də mən varlıların qızlarına qoşulanam!

Bu söhbət bitməmişdi ki, Əsgərlə Vasya gəldilər.

Pavluşa danışmırdı, Jenyanın qəti cavabından qorxurdu.

Əsgər əlini Pavluşanın çiyninə qoyub dedi:

– Sən gərək açıq danışasan. Mən özüm sözü açıq deyən bir adamam. Sən yalnız qısqanırsan. Biryolluq belə də deməlisən. Sən hələ inqilabçı olmamısan. Jenya səni sevməklə, səni adam bilib, səninlə yoldaşlıq etməklə o səni satınalma qulun olmur ki... O sənə hər iş üçün haqq-hesabmı verəcəkdir? Sənin bu xasiyyətinə görə Jenya da səndən uzaqlaşır. Sən, yoldaş Pavluşa, sevməyin və yoldaş olmağın qaydasını bilmirsən. Mən bir dəfə də olsun sənin Jenya ilə görüşəndə başqa söz danışdığını görməmişəm. İndi yazıq qız haqqında gör nələr danışırsan. Buna görə də Jenya səni görəndə ilanı görən kimi qorxub qaçır.


Bazar günü idi. Jenya yenə də şəhərin mərkəzindən uzaqda, ev qulluqçuları ilə bərabər karusel ətrafında dolaşırdı.

Qızların hər birinin bir tanışı var idi. Jenyanın oğlan tanışı yox idi. Serafima Jenyaya dedi:

– Jenya, sən mənim əmim oğlu ilə tanış olmaq istəmirsənmi?

Jenya dönüb Serafimaya baxdıqda onun yanında bir nəfər onbaşı gördü.

– Nə üçün istəmirəm, — dedi və əlini uzadıb tanış oldu. — Klavdiya!

Onbaşı iki stəkan tum alıb qızlara payladı. Hamısı bir tərəfə çəkilib karuseldə yellənənlərə tamaşa etməyə başladılar.

Jenya onbaşı Pavlovdan soruşdu:

– Siz bura tez-tezmi gəlirsiniz?

– Rica edirəm mənə «siz» deməyəsiniz, sadəcə «sən» deyiniz. Bu daha səmimi olar. Biz yoldaşıq, bir yoldaş kimi də danışsaq yaxşı olar. Bəli, mən bura çox tez-tez gəlirəm.

– Bağışla, sənin adın nədir?

– Rəhmətlik anam məni Volodya deyib çağırardı. — Sonra gülümsəyərək Jenyadan soruşdu: — Sən bu Serafima ilə nə cür tanış oldun?

– Bunu nə üçün soruşursan?

Vladimir:

– Çünki sən başqa, Serafima isə tamamilə başqa təbiətli bir qızdır, — dedi. — Sənin danışığın, tərbiyən tamamilə başqa bir adam olduğunu göstərir.

Jenya Vladimirin sözlərindən şübhələnməyə başladı:

– İnsanların hamısı birdir! — dedi. — Tərbiyə işi nəsli və irsi bir iş deyildir. Müxtəlif tərbiyədə olan insanlar müxtəlif paltarlı adamlar kimidir. Hər kəs hər paltarı geyməyi bacardığı kimi, öz tərbiyəsini də dəyişə bilir. Buna görə də Serafimanı dəyişdirmək mümkündür. O uşaqlıqdan gənclik dövrünə təzə-təzə qədəm qoyur.

Vladimir Pavlov olduqca dərin düşüncəyə daldı, tum çırtlamaq üçün ağzına tərəf apardığı əli hərəkətsiz qaldı. Bir az sonra Jenyaya dedi:

– Əfv edin, fikrim başqa bir məsələ ilə məşğul oldu. Buna görə də sualın cavabını unutdum. Mən əslində kəndliyəm — Kama çayı sahilində olan Derveşka kəndində doğulmuşam. Ailəmiz hazırda Perm şəhərində yaşayır.

– Çox gözəl! Evlisinizmi?

– Bəli, evliyəm. Arvadım da çox gəncdir. Bir uşağım da vardır. Ailəmi də çox sevirəm. Onların fikri məni çar soldatlığı vəzifəsindən daha artıq əzir.

Qoynundan bir kiçik dəftər çıxartdı. Dəftərin arasında bir qadın və üç yaşlarında gözəl bir uşaq şəkli var idi.

– Baxınız! — dedi — Mənim bədbəxt ailəm, yoxsul ailəm bunlardan ibarətdir. — Şəkli dəftər arasına qoydu, yaylığını çıxarıb gözünün yaşını sildi. Bu hal Jenyanı da ağlatdı. İki gözdən tökülən yaş sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı.

Jenya dedi:

– Heç də darıxma. Yaxında hərbi vəzifəni bitirər, yenə sevimli ailənə qovuşarsan. Yenə də birlikdə yaşayarsınız.

Vladimir başını titrətdi.

– Sən orasını yəqin bil, mən onlara qovuşanacan onlar məhv olub gedəcəklər.

– Nə üçün?

– Çünki onlar ağır bir ehtiyac içərisində yaşamaqdadırlar. Heç kimsəmiz yoxdur. Qardaşım Yaroslavl tətillərində küllələnmişdir; onun ailəsi də bizim öhdəmizdədir. Məni soldat götürdükdən sonra atam da ehtiyac və aclıq içərisində məhv olub getdi. Hazırda yazıq uşağım və arvadım onun-bunun qapısındadırlar. Arvadım varlı evlərinə işləməyə, paltar yumağa gedir. Yəqin ki, sən varlıların işçi qadına, xüsusən gənc qadınlara nə cür baxdığını bilmirsən?.. Sən mənim bədbəxt arvadımın şəklini gördün, hərgah varlı ailələrdə olan həyasızlıqdan xəbərdar olsaydın, mənim arvadımın necə həyat keçirdiyini təsəvvür edə bilərdin. Dünən arvadımdan aldığım məktubu oxuduqdan sonra özümü öldürmək istədim, lakin şəkli çıxarıb onları öpmək, vidalaşmaq istərkən, sanki arvadım məni uzun və sarı saçları ilə bu rəzil və bədbəxt həyata bağladı, sanki şəkil mənə deyirdi: «Volodya, bu uşağa rəhmin gəlsin! Özünü öldürmə!».

Pavlov Vladimir bu sözləri deyərkən ağladı. Jenya onun göz yaşlarına göz yaşı ilə cavab verirkən, sanki Lado onun qarşısında durub dedi: «Bizim sinif qardaşlarımız fabrikalarda və zavodlarda olduğu kimi soldat kazarmalarında da vardır. Biz onları tapmalı, onların arasında da iş aparmalıyıq».

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 мин
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 мин
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 мин
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 мин

Стихи других поэтов