May nümayişi
Страница 2 из 3 · 33%
Qızıl bayrağın sayı Bakı polisinin gözündə get-gedə artırdı.
Nümayiş dəstələri Nikolayevski küçəyə dönərkən, bir dəstə polis və polis rəisi oradan keçirdi.
«Rədd olsun mütləqiyyət!» — deyən səslər eşidildi. Bu səs polis rəisini gözlənilməz bir zərbə kimi sarsıtdı. Onun rəngi qaçdı, yerində donub qaldı. Birdən o özünü toplayıb öküz kimi böyürdü:
– Dağılın!
Lakin bu səs nümayişçiləri qorxutmadı. Azadlıq fikri ilə məşğul olan zehinlərə təsir edə bilməzdi. Hərə bu səsi bir cür qarşıladı: kimisi polis rəisinə yumruq göstərir, kimisi barmağı ilə hədələyir, kimisi ağacla qorxudur, kimisi gülür, kimisi də «kəs səsini!» deyə bağırırdı.
Jenya görünmürdü. Bu hal Pavluşanı düşündürməyə başladı. O, Jenyanın tutulduğunu zənn edərək həyəcana düşdü.
Damlardan, pəncərələrdən, divarların üstündən, məktəb binalarından «Yaşasın azadlıq!» səsləri eşidilməyə başlanmışdı.
«Rədd olsun çar!» səsləri ildırım kimi çaxırdı. Polis nəfərləri fəhlələri tutmaq istərkən fəhlələr onları yumruqlayıb əllərindən qurtarırdılar.
Polislər, birinci növbədə nümayiş səsinə gələnləri dağıtmaq istədilər, lakin məqsədə nail ola bilmədilər, çünki hər kəs nümayişin nə cür bitəcəyini gözləyirdi.
Birdən polis nəfərlərinin və nümayişçi kütlələrin diqqətini mühüm bir hadisə cəlb etdi. Hamı dal tərəfə baxmağa başladı. Qadın nümayişçilərinin dəstəsi gəlirdi. Jenya ilə Paykova qabaqda gedirdi. Polis nəfərləri isə onların kölgəsi ilə sürünür, ov tulaları kimi gözlərini onlara dikmişdilər.
Nümayiş qurtarıb küçədəkilər evlərinə çəkilirkən polislər nişanladıqları müəyyən şəxsləri tutmağa başladılar. Vano, Pavluşa, Vasya, Əsgər, Məmməd, Ayrapet aradan çıxdı. Bayraq daşıyan Vano polislərin yanından keçib gedirkən, onu tanıya bilmədilər, çünki o, əyninə başqa bir paltar geyib, başına ayrı bir papaq qoymuşdu.
Nümayişçilərdən qırx üç nəfərin tutulduğu xəbəri alınan kimi Pavluşa Jenyanı axtarmağa başladı. Jenya tapılmadı. Onun Kulikovski və Paykova ilə bir yerdə olması, bunların da tutulması Pavluşanı daha da rahatsız etdi. Lakin tutulanların siyahısında Jenyanın adı olmadığından, onun başına böyük bir fəlakət gəldiyini zənn etdi. Şəhərdə Jenyanı tapmadı, Sabunçuya getmək üçün paltarını dəyişib, stansiyaya gəldi.
Axşam idi. Stansiyada bir Pavluşa, bir də qoltuğunda ağ boğça olan çarşaflı bir qadın vardı. Birinci zəng vuruldu, yenə də minik gəlmədi. May nümayişinə görə dairələrdən şəhərə bir nəfər də olsa adam buraxılmamışdı.
Qatar hərəkət etdi, vaqonlarda jandarm nəfərlərindən və bilet yoxlayan qulluqçulardan başqa heç kəs yox idi.
Pavluşa şüşəsiz pəncərələrdən bayıra baxdı, atlı kazaklardan başqa heç bir kəsi görmədi.
Çarşaflı qadın arxasını Pavluşaya çevirərək, boğçasını qabağına qoyub oturmuşdu. Pavluşa nə edəcəyini, Jenya haqqında bildiyi xəbəri Sergey Vasiliçə nə cür söyləyəcəyini yenə də düşünür, bu vəziyyətdən necə çıxacağını təyin edə bilmirdi. Sevgilisi, yoldaşı Jenyanın xəbərsiz itməsi onun başına çürbəçür fikirlər gətirirdi. O, Balaxanı — Sabunçu stansiyasında vagondan endi, çarşaflı qadın da ağ boğçasını alıb çıxdı.
Stansiyada jandarm və polis nəfərlərindən başqa heç kəs yoxdu. Pavluşa stansiyadan uzaqlaşarkən, çarşaflı qadın da onun dalınca gedirdi. Pavluşa dayandı, o çarşaflı qadın da dayandı, Pavluşa yeridi, çarşaflı qadın da yeriməyə başladı. Pavluşa qadından şübhələndi. Geri qayıtmaq, Sergey Vasiliçin evini ona tanıtmamaq istədi. Qadın da onunla bərabər qayıtdı.
Pavluşa evə getməyi qərara aldı. Yola düzəldi, çarşaflı qadın da onun dalınca düşdü. Pavluşa həyətə girdi, çarşaflı qadın da onun dalınca. Həyətdə o, Pavluşadan qabaqda getməyə başladı. Qadın Sergey Vasiliçin qapısını döyüb içəri girdi. Pavluşa bayırda durub, bir müddət çarşaflı qadının bu evə nə üçün gəldiyini düşündü. Evə girdi, çarşaflı qadını görmədi, lakin Jenya kiçik güzgünün qabağında durub sarı saçlarını dəstələyir, düzəldirdi.
Pavluşanı heyrət götürdü. Sergey Vasiliç isə gülərək:
– Sən hələ Jenyanın bu kimi kələklərini çox görəcəksən! — dedi.
Jenya tutulanların siyahısını oxuyurkən, Paykova, T. Knunyans, B. Knunyans, Nikoladze, Melik Usunyan, Kazarenko, Nazaryan, Çiknovaryan yoldaşların da adını çəkdi və əlavə etdi:
– Bu yoldaşları da martın 14-də tutulan yoldaşların yanına göndərdilər.
Jenya öz başına gələn hadisədən danışmağa başladı.
– Mənim öz başıma gələn hadisə belədir: hər tərəfə döndümsə, yenə də polislərin dalımca gəldiyini gördüm. Mən bunun çarəsini dünən axşamdan düzəltmişdim. Özümlə çarşaf, bir də müsəlman qadınları geyən başmaq götürmüşdüm. Nikolayevski küçədə az qalmışdı məni tutsunlar. Aralıq qarışdıqda özümü bir təhər Hacı Hacağanın karvansarasına soxdum. Pilləkanların birisindən yuxarı çıxdım. Jandarmlar mənim hansı pilləkandan çıxdığımı təyin edincəyə qədər mən paltarımı dəyişib aşağı düşdüm. Bu vaxt onlar ağızlarını açıb o tərəf-bu tərəfə baxır, məni axtarırdılar. Onlardan birisi məndən yarırus, yarıazərbaycanca soruşdu:
– Bacı, orada barişna var?
Mən dilim ilə yox dedim, başım ilə isə var işarəsi etdim. Barmağımla da göstərdim. Onlar pişik kimi yuxarı dırmandılar. Birisi qapını kəsmişdi. Küçəyə çıxdım, gördüm ki, jandarmlar bir neçə yoldaşımızı tutub, bir yerə yığaraq aparırlar.
Pavluşa soruşdu:
– Nə üçün şəhərdən Sabunçuya qədər olan uzun yolda özünü mənə tanıtmadın?
Jenya gülərək:
– Jandarmları şübhələndirmək istəmədim, — dedi.
Bu gecə Pavluşa şəhərdən Sabunçuya qayıtmamışdı. Çox zaman Pavluşa vaxt keçdiyindən şəhərdəki yoldaşların evində gecələyirdi. Jenya evdə yalqız idi, çox darıxırdı, özü üçün bir məşğuliyyət axtarırdı. O, Pavluşanın kitablarını stolun üstünə yığıb, bir-bir gözdən keçirməyə başladı. Köhnə bir kitabı vərəqləyirkən gözünə kiçik bir kağız sataşdı. Kağızda bu cümlə yazılmışdı: «Jenyadan əl çəkib Katya ilə olmaq lazımdır».
Jenya bu cümləni bir neçə kərə oxudu, halı tamamilə dəyişdi, vücudu titrəməyə, ağ üzündəki qırmızı ləkələr böyüməyə, üzünü örtməyə başladı. O indiyə qədər Pavluşanın başqa bir qızla tanış olduğunu bilmirdi. Lakin bu bir parça kağız «Katya» adında bir qızın da Pavluşa ilə tanış olduğunu göstərdi. Jenyanın Pavluşaya bəslədiyi dərin sevgi bu cümlə haqqında dərindən düşünməyə və həqiqəti aramağa imkan vermədi. Nə qədər çalışsa da, Pavluşa haqqında müsbət bir fikrə gələ bilmədi. Pavluşa ilə qurmaq istədiyi ailə həyatı fikrini rədd etmək qərarına gəldi.
Cümləni bir daha diqqətlə gözdən keçirdi, öz-özünə dedi: «Mən bizi bir-birimizdən ayırmaq istəyən, bizim, qurmaq istədiyimiz ailəni pozmağa çalışan bu gizlin əli tapmalıyam!»
Qısqançlıq nişanəsini Jenyanın bütün varlığından oxumaq mümkün idi. O, üzünə tökülən saçını barmaqları ilə acıqlı bir surətdə kənara atır, dodaqlarını dili ilə islədirdi. Qaşları arasından qalxan cizgilər daha da dərinləşirdi. Ürəyində indiyə qədər görmədiyi və adını eşitmədiyi Katyaya qarşı ədavət doğdu. Qalxdı, acıqlı-acıqlı gəzinməyə başladı. Kağızı cırıb atmaq istədi, lakin düşünərək öz-özünə dedi: «Yox, bu kağız mənim əlimdə möhkəm bir vəsiqədir. Bu vəsiqə, kişilərin yalançılığını isbat etmək üçün çox gözəl bir sübutdur».
Oturdu, əllərini çənəsinə söykəyib, stolun üstünə qoyduğu kağızı dönə-dönə oxudu. Hərflərin hər birisində Pavluşanın üzünü gördü, həm də tanımadığı bir qadının şəklini təsəvvür etdi. Pavluşa ilə birlikdə keçirdiyi günlər bir kino lenti kimi xatirindən keçməyə başladı. Pavluşanın sevgi elanları xəyalında səsləndi. «Mən səni çox sevirəm» sözləri, onu öz sevgisinə inandırmaq üçün and içməsi Jenyanın qulaqlarında cingildədi.
Kağızı kitabın arasında gizlədərkən Vasyanın ona Lermontovdan yazdığı: «Əlvida, ey çirkin, natəmiz Rusiya!» sərlövhəli şeri gördü. Kağızı onunla bərabər kitabın arasına qoymaq istədikdə, yazıların bir-birinə bənzədiyini təyin etdi. Yazıların ikisi də bir adam tərəfindən yazılmışdı. Jenya bunları bir kərə daha müqayisə edərək:
«Bu da bizim iş yoldaşımız!» — deyə gözləri yaş ilə doldu. — «Bilmirəm onun bizi bir-birimizdən ayırmasının səbəbi nədir? Katya onun nəyidir? Katyanın məndən fəaliyyətli, məndən gözəl olduğunu bilsəydim, özüm aciz və dəyərsiz bir qız olsaydım, yenə də inciməzdim... Pavluşa məni yaxşı tanıyır. O, mənimlə məsul və qorxulu səfərlərdə iştirak etmişdir. Mənə tez-tez «Əziz yoldaş» deyərək əlimi sıxmışdır. Mən də boğazımdan kəsdiyim tikəni ona yedirtmişəm. Bununla belə onun mənə qarşı aldığı bu vəziyyətə heç cür məna verə bilmirəm». Sonra bir ah çəkib yenə öz-özünə dedi: «Kişilərin ruhunu oxşamaq, onlarla yoldaşlıq əlaqəsi düzəltmək nə qədər çətin imiş! Onların sevgi sözlərinə inanmağın özü də insanın öz-özünü təhqir etməsi deməkdir. Hələ mən sadə və çox tez inanan, özünü ələ ala bilməyən bir qız olsaydım, bu təhqir daha böyük bir miqyasda məni əhatə edəcəkdi. Şükürlər olsun ki, bizim aramızda olan sevgi söhbətləri yalnız sözdə qaldı, həyata keçmədi. Onun mənə sevgi elan etməklə bərabər başqa birisini sevməsi nə qədər ağır bir təhqirdir! Mən bir daha onu bağışlamayacağam. Kişilər qadının şıltaqçılığının həddindən artıq olmasından, kişinin imkanı xaricində tələblər verməsindən xoşlanırlar. Lakin mən belə olmadım, ola da bilmərəm, çünki mən kişilərə qadınların baxdığı gözlə baxmağı bacarmıram. Pavluşa isə mənim həddindən artıq səmimiyyətimdən istifadə edir... O nə kişidir ki, öz ixtiyarını Vasyanın əlinə tapşırmışdır? Hərgah onun ailə məsələsi başqasından asılıdırsa, hərgah Vasya kimilər cürət edərək: «Jenyadan əl çəkib Katyaya yanaşmalısan» deyəcəksə, daha danışmağa söz qalmır. Mən indi çox şadam ki, Pavluşaya əlimi əlinə almaqdan başqa bir imkan yaratmadım. Belə olmasa idi, o məni buraxıb getdiyi vaxt üzümə olmasa da, dalımca güləcək idi».
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-may-numayisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.
Nina ərə gedirMən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.
Bağır xanSərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.
Rəhim xanRəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.
Стихи других поэтов
MİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışırBəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
OdunÇıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.