Страница 2 из 2 · 50%

Hacı danışdıqca, Lev çay içir, yağlı çörəkləri ötürürdü. Hacının cavablarını bəzən ağzı yeməklə dolu ikən verirdi.

«Böyük» və «lazımi» tapşırıqlardan sonra Hacı paket içərisindəki pul çekini Levin qabağına qoydu. Lev razılıq verib getdi. Hacı böyük salonda toplananların yanına keçməli idi, qulluqçu iki dəfə gəlib onu çağırmışdı.

Bu vaxt Jenya gəlib xanımın tapşırığını Mixaylovskiyə söylədi:

– Möhtərəm cənab, xanım sizi kiçik salonda gözləyir.

Mixaylovski:

– Rica edirəm, məni siz aparınız, — dedi.


Mixaylovski kübarlara məxsus kiçik Şərq salonuna girdi; abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb Brokkauz Yefron tərəfindən nəşr edilmiş «Min bir gecə» romanını oxuyurdu. Xanım Mixaylovskini görüb güldü, əlindəki kitabı divanın böyründəki stolun üstünə atdı.

Mixaylovski onun əlini sıxarkən kitaba baxıb güldü. Xanım onu eyni təbəssümlə qarşıladı.

– Yenə Bağdadın sirli saraylarını öyrənməyə çalışırsınız!

Xanım qaşlarını dartaraq, bir ah çəkdi.

– Bəli, çalışıram! — dedi. — Mən bu qəfəsin şəklini dəyişmək istərdim. Bu barədə siz də mənə kömək etməlisiniz, çünki mənim bu qəfəsə düşməyimdə sizin də iştirakınız olmuşdur.

– Mən həmişə xanımın xoşbəxt olmasına çalışmışam, yenə də əlimdən gələni etməyə hazıram.

– Mən Bağdad sarayları ilə maraqlanıram. Mən elə bir saray və elə bir həyat düzəltmək istəyirəm. Mənə bu yolda həqiqi və əsas köməyi ancaq Şərq romanları verə bilər. Mən Şərq romanları və Şərq hekayələrini çox tez-tez oxuyuram. Bunları Hacı da sevir, mən ona bəzən bu romanları gecələr oxuyuram. Hacının özü də deyir ki, bu romanlar insanı həyəcana gətirən və gənclik duyğularını ona qaytaran romanlardır.

Mixaylovski bu sözləri təsdiq edərək:

– Doğrudur, xanım, — dedi, — bu barədə mən də Hacı ilə razılaşıram. O yaşda olan insanlar həmişə Şərq romanlarındakı qadınlar haqqında yazılan səhifələri oxumaqdan həzz alırlar. İnsan o kimi romanları oxuduqda unudulmuş gənclik duyğularını xatırlayır, gənclik nəşələrini qaytara bilir. Mən Şərq salonu və Şərq kübarlarına məxsus həyatın düzəlməsi işində sizə həqiqi kömək etməyi bacararam. Mənim kitabxanamda «Bağdad dünyası» adlı bir kitab vardır. Ərəbcədən almancaya tərcümə edilmişdir. Əsərdəki parçalar məşhur ərəb alimləri olan İbni-Əsir-Əbulfəda, İbni-Xəlkan, İbni-Xəldun və sairələri tərəfindən yazılmışdır. İnsan o kitabı əlinə götürdüyü zaman, doğrudan da özünü xəlifə Harunərrəşidin sarayında hiss edir. İnsan sanki «Bağdad gecəsi» poemasını eşidir. Mən o kitabın zəngin vərəqlərini çevirirkən nələri görmürəm! Gah Dəlileyi-möhtalə adlı Bağdad qarısının, tacirin arvadını aldadıb həkimə aparmaq bəhanəsi ilə bir Bağdad varlısı ilə görüşdürdüyünü oxuyuram, gah da Harunərrəşidin bacısı Abbasə xanımın Cəfərlə gizlin görüşlərini və bu görüşlər nəticəsində yenə iki oğlan doğduğunu xatırlayıram. Haman kitabda ən oxumalı və ən maraqlanmalı şeylərdən biri də «Harunərrəşidin hovuzu» adlı qəribə bir hekayədir.

Xanım tələsik soruşdu:

– O hovuz necə hovuz idi? Onu burada düzəltmək olmazmı?

– Xeyr, olmaz.

– Nə üçün?

– Çünki siz ona razı olmazsınız. Harunərrəşid iki yüzə qədər qızı haman hovuza doldurub özü də nazik pərdənin dalından onlara tamaşa eylərdi.

– Bunu mən istəmirəm!

Mixaylovski yenə kitabdan aldığı nəşələr haqqında danışmağa başladı:

– Mənim o kitabda sevdiyim ən maraqlı şeylərdən birisi də qara qul ilə tacirin arvadı məsələsidir. Burada zəngin, lakin qoca tacirin arvadının qara qula aşiq olması hekayəsini hər bir ziyalı qadın sevə-sevə oxuya bilər. Olduqca aşiqanə və ləzzətli hekayədir. Orada bir Seyidə Şəmsə nağılı da vardır. Onu oxumağı sizə məsləhət görürəm. Doğrudan da qadın elə olmalıdır. O qadın kişiləri öz kölgəsində ağlada-ağlada dolandıran bir qadın idi. Nə cür olur-olsun, onu siz oxumalısınız. «Mavi gözlü Zərgə» hekayəsi qadının kişisini aldatması işində ən birinci köməkçi hekayələrdəndir.

Xanım bu sözdə Mixaylovskinin əlini tutaraq:

– Əziz müəllim, — dedi, — sabah həmin kitabı mənə gətirməsəniz, daha nə bilim!..

– Şübhəsiz gətirəcəyəm! Hələ qulaq veriniz: həmin kitabda Məmün xəlifənin öz sevgilisi Üreyb xanıma yazdığı sevgi məktublarını oxumaq və onun verdiyi cavablara diqqət vermək sizin kimi kübar qadınlar üçün qiymətli bir dərsdir.

Mütəvəkkil xəlifənin sarayında yaşayan Sabihə xanımın sərgüzəşti kişilərin qadınlardan nə kimi ləzzətlər almağa haqlı olduğunu çox gözəl göstərir. Mənim o kitabım çox qiymətli kitabdır. Oradakı hekayələrdən birisi də, Əbülhəsən tacirin arvadı Qəzib xanımın öz ərindən yazdığı şikayətnaməsidir. Qadın bu şikayətnaməsini aparıb xəlifə Harunərrəşidə oxuyur, nəticədə sevmədiyi ərindən xilas olur.

Xanım stolun üstündən «Min bir gecə» kitabını götürüb dedi:

– Mən bu saat qəribə bir hekayə oxuyurdum.

– Hansı hekayədir?

– «Zəni-həmtami», yəni hamamçının arvadı. Biləsiniz bu hekayə mənim nə qədər xoşuma gəlir. İki kərə oxumuşam.

– Mən o hekayəyə təsadüf etməmişəm, gərək maraqlı olsun.

– Qoyunuz mən onu sizə nağıl eləyim!

– Çox şad olaram.

– Hekayə belə başlayır: hamamçının arvadı olduqca gözəl idi. Yaşadığı məhəllədə ondan gözəl qadın yox idi. Əri çox çox da tamahkar idi. Bu arvad bir şahzadəni sevmişdi, şahzadə də bir könüldən min könülə ona aşiq olmuşdu. Bu yazıqlar bir-birləri ilə nə cür görüşəcəklərini heç bacarmırdılar. Axırda şahzadə bir nəfər qarı tapıb sözünü ona dedi, qarı da işin təhrini ona göstərdi. Şahzadə ikinci dəfə hamama gələndə hamamçının yanında oturub onun qulağına pıçıldadı:

– Mən sizə öz dərdimi deyəcəyəm. Siz də mənə atalıq edib onun çarəsini deməlisiniz.

Hamamçı şahzadənin bu sözünü eşidib, çox sevindi və dedi:

– Mən çox şad oluram ki, cənab şahzadə kimi böyük bir adamın mənə işi düşübdür. Mən ümid edirəm ki, allahın köməkliyi ilə şahzadənin dərdinə çarə tapa biləcəyəm. İndi cənab şahzadə, buyurun görüm, mənə görə nə fərmayişiniz vardır?

Şahzadə sanki utanırdı, həyəcanlı bir halda ona dedi:

– Mən kişilikdən məhrum doğulmuşam. Siz bilirsiniz ki, mən evlənməmişəm də. Həkimlər nə qədər dərman verir və çalışırlarsa, mənim dərdimə dava olmur. İndi istəyirəm ki, bir kərə özümü sınayım. Amma bir kəsə dərdimi deyə bilmirəm. Bəlkə də siz bir nəfər Allah bəndəsi tapasınız ki, mən özümü sınaqdan keçirim. Amma bilirəm ki, mən kişi deyiləm. Bu barədə mənə kömək etməyi bacarsanız — sizə əlli qızıl verərəm.

Hamamçı əlli qızıl adını eşidəndə bir az fikrə getdi, öz-özünə dedi: «İndi ki, bunun kişiliyi yoxdur, nə üçün də əlli qızılı bir başqasına versin, yaxşısı budur ki, gedib evdə məsələni arvada anladım, əlli qızılı da özümüz alaq. İki il hamam saxlasaq, yenə də əlli qızılı bir yerə yığa bilmərik».

Hamamçı gəlib arvadına bu sözləri dedi. Arvad bir çox saxta tərəddüddən sonra razı oldu. Hamamçı şahzadəni evinə apardı, arvadı ilə bir otağa saldı, özü də qapının dalında durub kiçik oğlunu qucağında saxladı.

Hamamçı qapının açar yerindən baxırdı. Şahzadənin kişi çıxdığını görüb arvadını səslədi:

– Arvad, tez ol, uşaq ağlayır!

Arvad içəridən dedi ki:

– Şahzadəni təbrik etmək lazımdır. Xudavəndialəm ona şəfa vermişdir. Həkimlərin davası ona kömək eləmişdir.

Mixaylovski güldü:

– Bilirəm bununla nə demək istəyirsiniz...

Bu söhbət gedirkən Jenya balaca stolun üstünə konyak və badam çörəkləri düzürdü.

Xanım Mixaylovskiyə dedi:

– Siz o kitabı mənə gətiriniz. Nə mən Zübeydə xatundan əskiyəm, nə də Hacı Harunərrəşiddən kasıbdır. Mən hər cür olsa Bağdad sarayını düzəldəcəyəm. Siz bu barədə bir smeta düzəldiniz. Pul barəsində fikriniz olmasın!..


Hacının böyük salonu fabrik, zavod və neft sənaye sahibləri ilə dolmuşdu. Onlar ümumi tətilin başlanması münasibəti ilə vahid cəbhə düzəltmək və güzəştə getməmək barəsində düşünürdülər. Yerli burjuaziya Bakı proletariatına heç bir güzəştə getməmək üçün yenə də hökumətin mərhəmətinə sığınmaq istəyirdi. Bunun üçün də Bakı qubernatoruna bir ərizə vermək lazım gəlirdi. Ərizə yazıldı və oxunmağa başladı.

«Yerli fabrik, zavod və mədən sahiblərindən, Həşəmətli Bakı qubernatoruna ərizə.

Həşəmətli cənab! Bu ərizə ilə nəzərinizi dekabr tətilləri məsələsinə cəlb edirik.

Sizə məlumdur ki, yerli fabrik-zavod və mədən sahibləri əcnəbi sənaye sahibləri ilə müqayisə edilə bilməz. Onların bir çoxu böyük sərmayəyə malik olan şirkətlərdir ki, dünyanın bir çox yerində fabrik, zavod, mədən və müəssisələri vardır. Onlar üçün güzəştə getmək, yaxud bir ölkədəki müəssisəni tamamilə ləğv etmək o qədər də ağır deyildir.

Məsələn, Bakıdakı əcnəbi müəssisələri müştərək müqavilə bağlamaq tərəfdarıdır və fəhlələrə güzəştə getmək istəyir. Bu yerli sənaye sahibləri üçün heç mümkün deyildir, çünki əcnəbi kapitalistlər öz müəssisələrini böyük bir zərərə qarşı belə davam etdirib, müştərək müqaviləyə əməl edə bilərlər. Biz isə tamamilə başqa bir vəziyyətdəyik. Ola bilər ki, Bakı sənaye sahibləri bir neçə ay müddətində öz işlərini tamamilə dayandırmağa məcbur olsunlar. O zaman onlar bütün müəssisələri satıb müştərək müqavilə bağlayan ikinci tərəfə vermək məcburiyyətində qalacaqlar. Cənab qubernatorun özü çox gözəl bilir ki, yerli müəssisələrin sahibləri hələ indiyə qədər may və iyul tətillərinin vurduğu zərərin altından çıxa bilməmişlər. Biz indiyə qədər yenə də mərkəzi hökumətin köməyini gözləməkdəyik. Lakin başlanmış dekabr tətilləri yerli müəssisə sahiblərinin bütün ümidlərini qırdı. Biz ümid edirik ki, yerli hökumət qoşun gücü ilə də olsa, dekabr təhlükəsini dayandıracaq və yerli sənayeyə nicat verəcəkdir. Yerli sənaye sahibləri, böyük zərər çəkdiyinə baxmayaraq, yenə də tətillərin dayandırılması işində hökumətlə əlbir işləyəcək və maddi yardımdan belə boyun qaçırmayacaqdır».

Musa Nağıyev «maddi yardım» sözünü eşidib boynunu uzatdı:

– O sözü bir də oxu! — dedi. — Mən onu başa düşmədim. Necə yəni maddi yardım?

Maddi yardım məsələsini bir az aydın oxuyaraq dedilər:

– Cənab Ağa Musa! Maddi yardım, yəni pul yardımı!

Ağa Musa əlini uzadıb ərizəni aldı.

– Ərizə-zad lazım deyil! Qoy Hacı, «maddi yardım» sözünü öz adından yazsın. Rəhmətliyin oğlu, mən az qalıram ki, torba götürüb qapı-qapı dilənməyə gedim, bunlar da başlayıb ki, «maddi yardım»...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов