Texniklər məktəbində gizli iş
Страница 1 из 4
Jenyanın gimnaziya imtahanlarına hazırlıq işi texniklər məktəbi direktorunun iş otağında aparılırdı. Mixaylovski hər gün saat dördün yarısında öz kabinetində oturub Jenyanı gözləyirdi.
Jenya gimnaziyaya hazırlaşmağa başladığı gündən Mixaylovski də ona öz sevgisini elan etməyə başlamışdı. O, Jenyanı cəmiyyət arasına çıxa biləcək ziyalı və mədəni bir qız edəcəyini, onun təhsil və tərbiyəsini gözəlliyi qədər yüksək dərəcələrə qaldıracağını vəd edirdi. O, hər gün öz kabinetində gül dəstələri, konfet, şokolad hazır etdirirdi, imtahana hazırlanmağa verilmiş iki saat vaxtın mühüm bir hissəsi sevgi fəlsəfələrinə, dostluq cümlələrinə sərf olunurdu.
Gimnaziyaya hazırlanmaq işlərinə Jenya özü də əhəmiyyət vermirdi. Onun başlıca fikri məktəbdəki tələbələrlə tanış olmaq, onların təşkil edilməsinə kömək etmək idi.
Texniklər məktəbində oxuyan uşaqların çoxu sənətkar uşaqları olduğu üçün, Jenya bunların arasında işləməyi o qədər də çətin bir iş hesab etmirdi. O, Mixaylovski vasitəsilə gimnaziyanın direktoru Kutilevski ilə də tanış ola bildi və gimnaziyanın içərisinə girməyə müvəffəq oldu.
Jenya gimnaziyada birinci olaraq müəllimlərdən Vasilyev ilə tanış oldu. Min nəfərdən artıq tələbə oxuyan bu gimnaziyada hələ indiyə qədər sosial-demokrat dərnəyi olmadığını Vasilyevdən öyrəndi.
Jenyanın gimnaziyada aparmaq istədiyi işin tərəfdarı çox idi; lakin heç kəs bu fikri bayıra çıxara bilmirdi. Gimnaziyanın daxili vəziyyəti buna imkan vermirdi. İstər texniklər məktəbinin direktoru Mixaylovski, istərsə də gimnaziyanın direktoru Kutilevski baş jandarm idarəsi ilə əlaqədə olduğundan, bu iki müəssisənin içərisində çıngır çıxarmaq belə mümkün deyildi. Buna baxmayaraq, daşnakların və qismən eserlərin təşkilatı bu məktəblərin içərisinə yol tapa bilmişdi.
Sosial-demokrat dərnəkləri düzəltmək üçün bir neçə kərə təşəbbüs edilmişdisə də, baş tutmamışdı; bu zamanlar Bakı komitəsi bütün vaxtını fəhlə rayonlarına verdiyi üçün, tələbələr və gənclər arasındakı iş zəif gedirdi.
Jenyanın gimnaziyada və texniklər məktəbində iş aparmasına baxmayaraq, nə Mixaylovski, nə də Kutilevski ondan şübhələnmirdi. Onlar yeri gəldikcə, deyirdilər: «Bu qız nə qədər gözəldirsə, o qədər də sadə və səmimidir».
Jenyanın aparmaq istədiyi işə mühüm bir əngəl vardı ki, o da hər iki müəssisənin direktorunun onu sevməsi və bir-birləri ilə rəqabət aparması idi. Bunlar Jenyanı bir-birinə qısqanırdı. Bunun üçün də onu gözdən uzağa buraxmaq istəmirdilər. Hətta Mixaylovski son vaxtlarda Jenyanı gimnaziyaya getməyə, Kutilevski ilə görüşməyə qoymurdu. Kutilevski də qızın texniklər məktəbinin direktorunun iş otağında deyil, birbaş gimnaziyaya gedib orada hazırlanmasını təklif edirdi. Lakin Jenya bu müəssisələrin heç birisindən ayrılmaq istəmirdi; buna görə də hər iki direktoru əldə saxlamağı, onları qısqanclıqdan uzaqlaşdırmağı qərara almışdı.
Direktorlar, yeri gəldikdə, bir-birinin pis hərəkətlərindən Jenyaya söhbət açır və öz rəqibini gözdən salmağa çalışırdı. Günlərin birində Jenya dərsə başlamadan Mixaylovski Kutilevski haqqında söhbət açdı:
– Özü kimi murdar adam olmaz!
Jenya soruşdu:
– Kimi deyirsiniz?
– Kutilevskini.
– Onun murdarlığı harasındadır?
– Əqidəsində.
– Əqidəsində?
– Bəli, əqidəsində. Mən çox yaxşı bilirəm ki, onun vicdanı ləkəlidir.
– Bu çox məsuliyyətli sözdür.
– Mən bu məsuliyyəti öhdəmə götürüb deyirəm ki, onun sosial-demokratlarla əlaqəsi vardır.
– Nə qədər dəhşətli bir xəbər! Buna da imkan verilə bilərmi?
– Hələ bununla da özünü cənab Hacıya və onun dostu cənab qubernatora tərəfdar göstərir. Siz onu tanımırsınız, çox murdar bir şəxsiyyətdir.
– Doğrudan da murdar bir şəxsiyyət imiş.
– Bunun üçün də istər sizin, istərsə də başqalarının ona qoşulması — özünü ləkələmək deməkdir. Hacı və onun xanımı bunu hiss etmiş olursa, həm sizin, həm də mənim üçün yaxşı olmaz. Onun namussuz olması barəsində hələlik bunu demək bəsdir.
Jenya Mixaylovskinin sözlərini təsdiq edirdisə də, ürəyində onun nə demək istədiyini bilirdi; kimnaziya müəllimlərindən Vasilyev direktorun məşhur çar xəfiyyəsi olduğunu Jenyaya söyləmişdi.
Jenya:
– Mən sizdən yerdən göyə qədər razıyam. — dedi. — Yaxşı ki, siz o məlunu mənə tanıtdınız. Mən özüm də onun bəzi hərəkətlərindən razı qalmırdım. Sizin bütün buyurduqlarınız mənim üçün bir qanun olaraq qalacaqdır. Mən sizin nə qədər təmiz və vicdanlı bir zat olduğunuzu xanım və Hacı ilə olan dostluğunuzla ölçürəm, çünki nəcib, mədəni, ziyalı və eyni zamanda imperator tərəfdarı olmayan bir zatın Hacı kimi möhtərəm bir sima ilə tanış olması mümkün deyildir. Məni düşündürən başqa bir məsələ vardır ki, o da Kutilevski kimi murdar bir adamın Hacı ilə dost olmasıdır. Gəliniz biz həm Hacının namusunu, həm də hökumətin xeyrini müdafiə üçün işə başlayaq; Kutilevskini gözdən qoymayaq, onu lazımınca öyrənək. Doğrudan da sosial-demokratlarla əlaqəsi varsa, mən onu ifşa edib, cəzasını verdirərəm. Siz buna əmin olmalısınız! Bunu sizə deməkdən məqsədim var, siz məni Kutilevskiyə qısqanırsınız, bu tamamilə yersizdir. Siz əmin olun; qəlbim azaddır, onu ən nəcib, ən vicdanlı bir adama verəcəyəm.
Mixaylovski yaşının çoxluğuna baxmayaraq, bir qız tərəfindən sevilən gənclər kimi nazlanaraq dedi:
– Mən sizin, qəlbinizi verməyə hazırlandığınız o xoşbəxt zata həsəd aparıram. Siz o xoşbəxt zatı mənə nişan verməyəcəksinizmi? Rica edirəm söyləyin!
Jenya:
– Yox, — dedi, — bunu sizə söyləmək mümkün deyildir. Rica edirəm, bu cür sualları bir də mənə verməyəsiniz, xanım bu cür söhbətlər üçün mənə icazə verməmişdir.
– Başqaları ilə icazə verməmişdirsə, mənimlə söhbət eləməyinizə icazə verər. Çünki mən xanımın bu günkü xoşbəxtliyinə səbəb olmuşam. Onun milyonlara sahib olmasında birinci rolu mən oynamışam. Mən sizin üçün də bu cür bir xoşbəxtlik hazırlamağa çalışıram. Bilmirəm, siz bundan razı qalacaqsınızmı?
Jenya gülərək dedi:
– İnsan dünyada xoşbəxtlik üçün yaşamırmı? Lakin bu hər kəsə qismət ola biləcək ucuz bir şey deyildir.
– Siz onu bilməlisiniz ki, xoşbəxtlik sizə sizin öz kölgəniz qədər yaxındır. Lakin siz də, bir çox qızlar kimi, o xoşbəxtlikdən uzaqlaşmağa və səadətə nazlanmağa çalışmayın, səadət olduqca küsüçü və şıltaq bir şeydir. O, insandan çox tez uzaqlaşar, bir də geri qayıtmaz; o, nə insanın peşman olması, nə də yalvarması ilə hesablaşar.
– Bu sözlərin heç birisinə etirazım yoxdur. Bəlkə də buyurduqlarınızın hamısı yerində söylənmişdir. Lakin mən sizin bu nəzəriyyənizə cavab verə bilməyəcəyəm və bu söhbətlərdə axıra qədər iştirak edə bilməyəcəyəm. Bunun da başlıca olaraq iki səbəbi vardır.
– O səbəbləri mənə söyləyə bilməzsiniz?
– O səbəblərdən birisi, mənim həyat fəlsəfəsi ilə sizin qədər tanış olmadığımdır. İkincisi, bu daha mühümdür, — xanımın mənə belə söhbətlər etmək üçün icazə verməməsidir. Xanım mənə ancaq burada imtahanlara hazırlanmaq icazəsini vermişdir.
– Xanım buna icazə verərsə, o vaxt mənim bəzi suallarıma cavab verərmisiniz?
– Verərəm! Xanımın hər sözü mənim üçün qanundur.
– Siz xanımı sevirsiniz?
– Həm sevirəm, həm də hörmət bəsləyirəm.
– Mən sizi xanımın hörmətinə and verərsəm, bir sualıma cavab verərmisiniz?
Jenya çar casusunun ürəyini bilirdi. Bir az düşündükdən sonra dedi:
– Sualınızın cavabı mümkünsə, etirazım yoxdur.
Mixaylovski bir şokolad sındırıb yarısını Jenyaya verdi, yarısını da özü ağzına qoydu, fikirli ayağa qalxdı, otaqda o baş-bu başa getdi. Jenyaya dedi:
– Xanımın canına and verirəm, deyin görüm indiyə qədər siz birisini sevmisinizmi?
Jenya utandı, lakin çar xəfiyyəsinin cavabını verdi:
– Siz olduqca alim və mədəni bir zatsınız. Bununla bərabər indiyə qədər siz belə bir sualın qızlara verilə bilməməsinə diqqət verməmisiniz. Ürək hər kəsin qabağında açıla biləcək bir papiros qutusumudur?
– Bunların hamısını bilirəm, lakin insanların çoxu öz bildiyini rəhbər tutaraq, yaşamağı bacarmaz, mən də...
Mixaylovski sözünü tamamlaya bilmədi. Oturub düşündü, sonra tez qalxıb otağı gəzindi və Jenyaya tərəf dönərək dedi:
– Siz mənə doğrusunu söyləyəcəksinizmi?
Jenya onu sualla qarşıladı:
– Bəs siz nə üçün sözünüzü yarımçıq qoydunuz?
– Deyə bilmədim. Utandım.
– Nə üçün utanmaq! Siz yaşlı və mədəni bir zat, mənsə gənc bir talibə. Sizin öz talibənizlə danışmaqdan utanmağınızın nə mənası vardır?
– Doğrudur, mən sizin kimi sevdiyinizi bilsəydim, sözümü heç də yarımçıq qoymazdım.
– Zənnimcə mənim sevgim sizə heç də mane olmayacaqdır.
– Yox, belə deyildir. Sizin başqasını sevməyinizin özü də maneələrin başlıcasıdır; mənim də qorxum ondandır. Ürəyə yol tapmaq sənətini öyrənmək mümkün olsaydı, mən tezlikcə onu öyrənər və sizin ürəyinizə yol tapardım.
Jenya gülümsəyərək dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-texnikler-mektebinde-gizli-is
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
SiqətülislamMən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.
İran mülkədarının evindəBizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.
Səttar xanBiz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Can avtobusEy Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!