Страница 4 из 4 · 75%

– O sizi bacınızın yanında da öpürdümü?

– Yox, təklikdə öpürdü.

– Hacı sizə pulu nə vasitə ilə verir?

– Hacının bütün ailəsinin cib xərcliyi üçün müəyyən maaş vardır. O cümlədən mən də Hacıdan ayda iki kərə maaş alıram.

– O sizə pulu özümü verir?

– Yox, öz bankından almaq üçün çek verir.

– Siz nə qədər alırsınız?

– Əvvəlcə ayda əlli manat alırdım, sonralar get-gedə artdı.

– Artmasının səbəbi nə oldu?!

– Əlli manat görmədi, hər dəfə pul çeki yazdıqda «çatışırmı?» deyə soruşurdu; mən də «yox, çatmır» dedikdə, Hacı maaşın qədərini artırırdı. Son zamanlar mənim cib xərcliyim ayda iki yüz manata qədər qaldırılmışdı.

Sonralar bu vəziyyət dəyişdi. Hacı məni hər zaman qucağına alıb məhəbbət göstərirkən, yazılı çekləri qabağıma qoyub deyirdi:

– Götür, hansı birisini sevirsənsə, götür!

– Siz də götürürdünüzmü?

– Bəli, götürürdüm.

– Çoxmu?

– Yox! Beşyüzlük çeklərdən dörd kərə götürmüşəm. Bir kərə də minlik çek almışam. Qalanları yüz, iki yüz və üç yüzdən artıq olmamışdır.

– Çox gözəl. Siz Hacının bu ehsanları haqqında nə kimi qərara gəlmisiniz?

– Nə kimi qərara gələ bilərəm? Onun hədd-hesaba gəlməyən iltifatına mükafat olmaq üçün təşəkkürdən başqa nəyim vardır? Onun ehsanları və məhəbbəti həmişə mənim xatirimdə qalacaqdır. Onun ehsanları yalnız mənim haqqımda deyil, o bizim ailəmiz üçün də belədir. Hədsiz ehsanları vardır.

– Bəlkə də o sizi sevir? Bu barədə bir şey hiss edirsinizmi?

– Sevməyinə sevir, bir ata kimi sevir; bundan başqa bir şey ola bilməz.

– Bunu siz yəqinliklə söyləyə bilərsinizmi?

– Əlbəttə, söyləyə bilərəm. Çünki mən on səkkiz yaşında, o isə, altmış iki yaşındadır. O məni «qızım» deyə çağırır.

– Siz doğrudan da onun qızısınızmı?

– Yox!

– Elə isə onun sizi «qızım» deyə çağırmasının heç bir mənası yoxdur. Yaşlı kişilər gənc qızlara birinci kərə yanaşmaq istədikdə, «qızım» deyə yanaşırlar.

Jenya bərkdən gülüb dedi:

– Siz nə üçün mənə əvvəlcə «qızım» demədiniz?

Mixaylovski:

– Sevginin bu üsulu şərqlilərə məxsusdur.

Jenya Mixaylovskidən rica edərək:

– Sözünüzü davam etdiriniz, — dedi. — Mən bu söhbətlərdən bir romanı dinləyən qədər ləzzət alıram.

Mixaylovski yenə şokolad götürüb parçaladı, yarısını Jenyaya verdi, yarısını da öz ağzına qoydu, danışmağa başladı:

– Mənim sözlərim xanıma çox təsir etdi, xeyli düşündü. Sonra rəngi qızarmış bir halda başını qaldırıb dedi:

– Ürək örtülüdür, onu oxumaq olmaz. Doğrudan da Hacının mənə olan məhəbbəti ata məhəbbətinin mənasını vermir. Mənə elə gəlir ki, o məhəbbətin başqa mənası vardır.

– Siz özünüz də bunu hiss edirsinizmi?

– Edirəm.

– O məhəbbətin başqa mənada olduğunu nə cür təyin edə bilərsiniz?

– Əvvələn, o məni qucaqladıqda bir ata kimi deyil, bir qadını qucaqladığı kimi qucaqlayır və qolları arasında sıxır.

– Daha?

– O məni öpərkən, bütün bədəni titrəyir, dodaqları mənim üzümə dəydikdə ürəyinin döyüntülərini eşidirəm. Rəngi ağarır, tez-tez narzan içir, yenə də boynuma sarılır, mən onun əlindən qurtulub qaçıram, çünki dodaqlarıma çox əziyyət verir. Mən nəinki öz atamın, başqa ataların da öz qızlarına qarşı bu qədər sevgi bəslədiyini görməmişəm.

– Mən elə zənn edirəm ki, Hacı sizi qızı kimi deyil, bir qadın kimi sevir. Hərgah belə olsa sizin fikriniz nədir?

– Çıxıb gedərəm! Mən başqasına nişanlıyam. Nişanlım gəncdir, həm də məni çox sevir, onun sevgisini heç bir dövlətlə əvəz etmərəm!

– O sizi Hacıdan çoxmu sevir?

– Əlbəttə, çox sevir! Lakin Hacı çıxaran oyunlardan heç birisini çıxarmır. Bəlkə o bunu bacarmaz da. Yazdığı məktublar sevgisinin təmiz olduğunu göstərir. Onun məktublarında gözəl bir gələcəyin müjdələrini oxuyuram. Mən onun bir tükünü Hacının milyonlarına dəyişmərəm. Onu məndən yalnız bir əcəl ala bilər. Mən Hacını sevə bilmərəm. O qocadır, həm də bacımın qayınatasıdır. Hələlik Zaqafqaziyada və Dağıstanda bu cür hadisə olmamışdır. Doğrudan da Hacı belə bir fikirdə olsa, ona ağıllı adam demək olmaz. Atam və anam da bu cür uyğunsuz hərəkətə yol verməzlər. Atam bilirsinizmi nə cür adamdır?!

Mən əsas məsələyə keçərək dedim:

– İndi ki, məsələ bu yerə gəlib çıxdı, mən bütün məsələni açıb sizə demək istəyirəm. Hacı sizə vermək üçün mənə bir məktub da tapşırmışdır.

Xanım həyəcanlı bir surətdə dedi:

– Məktub? Verin baxım?

Mən Hacının məktubunu ona verdim.

Xanım məktubu oxuyarkən, mən onun dəli olacağından qorxdum, çünki həddindən artıq həyəcan göstərirdi. O, ağlamadı. Ancaq bir kərə:

– Doğrudan da şərqlidir! — dedi. — İndi mən nə edə bilərəm? Bir daha o dağılmış evə, o cəhənnəmə qayıda bilərəmmi?

Mən onu sakit edib dedim:

– Siz yenə də mənə qulaq asın. Darıxmaq, tələsmək lazım deyil. Bu işin rusvayçılığa qədər qalxmaması üçün başqa cür tədbir gərəkdir. Bu tədbiri biz sizinlə bərabər həyata keçirməliyik.

Xanım Hacının məktubunu mənim qabağıma atıb dedi:

– Bu məktubu on səkkiz yaşında qıza yazan altmış iki yaşında qoca — dəlidir!

Məktub

«Sona xanım! Sənə əvvəlcə belə bir məktub yazmaq mümkün deyildi, çünki sən hələ uşaqlıq dövründən gənclik dövrünə keçməmişdin; sən dünyaya bir uşağın gözü ilə baxırdın. İndi isə sən on səkkiz yaşındasan. İndi dünyaya ağıl və düşüncənlə baxa bilərsən.

Doğrudur, Sona xanım, mən indiyə qədər sənə «qızım» demişəm, lakin mən elə bilirəm ki, bu kəlmə səni həmişəlik xoşbəxt edə bilməyəcəkdir, sən o zaman bu milyonlardan bir hissə apara bilməyəcəksən; sən öz gələcəyini «qızım» kəlməsi ilə təmin edə bilməyəcəksən.

Bu vəziyyət məni çoxdan bəri düşündürürdü; səni bu nemətlərdən məhrum etməmək üçün çarələr axtarırdım. Nəhayət mən, çox düşüncədən sonra, səni bu milyonların varisi qərara vermək istədim. Lakin sənin bacın buna razı deyildir. O, milyonların ikinci varisini görmək istəmir. Onun səni qısqanmasının da başlıca səbəbi budur! Sənin bacın, bu tükənməz və bitməz dövlətin üzərindəki hökmranlığına şərik ola biləcək ikinci bir şəxsi görə bilmir, bu da təbiidir. Bunların hamısını nəzərə almalısan. Sənin də, bütün ailənizin də səadəti hazırkı məktuba müsbət bir cavab verməkdən asılıdır. Mən sənin nişanlı olduğunu bilməmiş deyiləm. Mən haman oğlanı sevirəm, xatırını da möhtərəm sayıram. Lakin nə sən onu xoşbəxt edə biləcəksən, nə də o səni; ikiniz də bədbəxt olarsınız.

O gəncin xoşbəxtliyi özünə bərabər bir qızla evlənməkdə, sənin səadətli gələcəyin isə mənim ağıllı sözlərimi diqqətli bir surətdə eşitməkdədir.

Sən mənim məktubumun cavabını yazmaqda çox da tələsmə; qoy acığın sönsün, onda ki qəlbin sakit oldu, o zaman məktubumun cavabını yazarsan.

Hacı Zeynalabdın Tağıyev».

Mən Hacının on bir əlifdən ibarət olan imza ilə yazdığı məktubu oxuyub yerə qoydum və xanıma dedim:

– İndi məsələ tamamilə aydınlaşdı. O, sizinlə evlənmək istəyir. Sizin hissiniz doğru imiş. Onu çox da gözəl tanıya bilmisiniz. İndi burada biz ikimiz də düşünməli və məsələnin böyüməsinə imkan verməməkdən ötrü işin qabağını almalıyıq.

Xanım tələsik soruşdu:

– Nə etməliyik?

Mən dedim:

– O heç vaxt sizlə evlənmək üçün zor göstərməyəcəkdir. Biz bu saat bu məktubun cavabını yazmalıyıq. O, bu məktubdan qabaq sizə vermək üçün mənə bir necə məktub da vermişdi.

– Bəs onları mənə nə üçün vermədiniz?

– Mən onları sizə verməkdən utandım. İndi isə məsələnin üstü açıldığı üçün bunu sizə dedim. Onların məzmunu bu məktubun mündəricəsi ilə bir idi. İndi götürünüz qələm və kağız, bu məktubun cavabını yazınız. Götürün, necə deyirəmsə, elə də yazmalısınız.

– Mən necə yazım? Onun adını məktubda yazmaqdan da utanıram.

– Adını yazmaq lazım deyil! — deyərək xanıma diktə etməyə başladım:

«Möhtərəm cənab! Siz göndərdiyiniz bir çox məktublarla bərabər, son məktubunuzu da aldım. Mən çox təəssüf edirəm ki, bu günə qədər öz səhvimin nəticəsi olaraq, sizin sevgi hisslərinizə imkan vermişəm. Lakin nə qədər ki, vaxt keçməmişdir, həqiqəti yazmaq və sizi xəbərdar etmək lazımdır. Biz, bir-birimizə tay deyilik. Siz hər halda gedib öz tayınızı tapıb evləniniz!

Bu məktub son məktubumdur. Rica edirəm ki, siz bir də bu cür məktubları yazmaqla məni rahatsız etməyəsiniz. Mən başqasına nişanlanmışam. Başqasının nişanlısına sevgi məktubları göndərmək isə böyük bir qəbahətdir. Bu qəbahət ziyalı adamlardan baş verməməlidir!»

Xanım dediklərimi tamamilə yazıb mənim üzümə baxdı.

– İndi də imza edərək mənə veriniz! — dedim.

O, məktubun altında əlləri titrəyə-titrəyə «Sona xanım» kəlmələrini yazıb, mənə verdi.

Jenya təəccüblə soruşdu:

– Siz haman məktubu Hacı cənablarına verdinizmi?

– Yox! O məktub Hacıya verilmək üçün yazılmamışdı. Mən haman məktubu paketə qoyub xanımın Dağıstandakı nişanlısına göndərdim. Bununla xanımın öz nişanlısı ilə əlaqəsi kəsildi. Hacının tapşırığını yerinə yetirdim. Doğrudan da Hacı buyuran kimi mən Sona xanımı dəyişdim. Hacının yanında uca bir hörmətə nail olmağımın səbəbi də budur.

Jenya:

– Doğrudan da siz bununla Hacı cənablarına böyük xidmət etmisiniz, — dedi. — Buna heç bir söz ola bilməz. Siz bununla xanıma nə kimi yaxşılıq etmiş oldunuz?!

– Mən xanımı yoxsul bir tələbənin qəmkin evindən qurtarıb, milyonların içərisinə saldım. Əmin olun ki, sizi də xoşbəxt edəcəyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İlk görüşlər

Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.

6 мин
Siqətülislam

Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.

8 мин
İran mülkədarının evində

Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.

3 мин
Səttar xan

Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

2 мин

Стихи других поэтов