Texniklər məktəbində gizli iş
Страница 3 из 4 · 50%
– Nə üçün? Bunun səbəbini bilmirsinizmi?
– Əvvələn, o çox gəncdir. Həm də çox varlıdır. Bunun üçün də təhsil almağa həvəsi yoxdur. Müəyyən ixtisas əldə etmək üçün ali təhsil ilə maraqlananların çoxusu gələcəkdə özünü təmin eləmək istəyənlərdir. Kiçik xanımın isə gələcəyi təmin edilmişdir. Mən uzun illərdən bəri aldığım təcrübə nəticəsində deyə bilərəm ki, varlı ailələrdən ali təhsilə göndərilən uşaqların hamısı bu xasiyyətdədir. Xanımın dərslə maraqlanmamasının başlıca səbəblərindən birisi də onun təhsili bitirmədən nişanlanmasıdır. Dərs oxuyan qızların həyatında pis təsir bağışlayan cəhətlərdən birisi də budur!
– Hazırda kiçik xanım nə işlə məşğuldur?
– Onun işi hər gün nişanlısından bir necə məktub almaq və bir necə də cavab yazmaq, nişanlısının hər gün poçt vasitəsilə aldığı bir necə əksi əvəzində özünün müxtəlif əkslərini göndərməkdən ibarətdir.
– Nişanlısını çox sevirmi?
– Zənnimcə həddindən artıq sevir.
Hacı azacıq fikrə getdi və:
– Bunların hamısını bilirəm, — dedi. — Ancaq ürəyimdəkiləri sizə söyləməkdən bir fayda olub-olmayacağını bilmirəm.
– Mənim əlimdən hər nə gəlirsə, əsirgəməyəcəyəm, — dedim. — Zənnimcə Hacı cənablarının özü də mənim nə qədər səmimi adam olduğumu bilməmiş deyildir. Hacının fikrinin həyata keçirilməsi üçün hər bir əmrə hazıram.
Hacı əsas fikrini demək üçün çox düşündü. Aydın görünürdü ki, bu fikri deməkdə çətinlik çəkir. Sözünü çox qısa dedi:
– Siz o qızı dəyişməlisiniz. Bu, müəllimlər üçün çox da çətin deyildir. Onlar təzə insan yaratmağı bacarırlar.
Mən Hacının bu sözlərdən nə kimi məqsəd daşıdığını bilmirdim. Yaşlı bir kişinin gənc bir qızla evlənmək istəməsini heç də xəyalıma gətirmirdim. Buna görə də Hacıdan soruşdum:
– Cənab Hacı, məqsədinizi bir az aydınlaşdırın, mən kiçik xanımı nə mənada dəyişdirməliyəm?
– Siz onu boş vaxtlarında danışdırmalı, bir adama ərə getməyə razı olub-olmadığını bilməlisiniz. Bu sizin üçün mümkündürmü?
– Bu fikri soruşmaq üçün bir maneə yoxdur.
– Bu doğrudur. Lakin soruşulan fikrin cavabında müsbət nəticə əldə etmək üçün çalışmalısınız. Bunun üçün də lazımi hazırlıq görməlisiniz.
– Hərgah bu xidməti Hacı cənablarının özü üçün görməliyəmsə, o vaxt bütün varlığımla çalışmağa söz verirəm!
– Bu xidməti, bəli, mənim üçün görəcəksiniz, şəxsən mənim üçün! İndi məsələ aydınlaşdımı?
– Bəli, aydınlaşdı. Mən sizə söz verirəm. Bu iş üzərində işləyəcəyəm.
Hacı əlini uzadıb stolun qutusundan bax bu saatı çıxarıb yanıma qoydu:
– Bu kiçik bir hədiyyədir, — dedi, — böyük hədiyyəmi məsələ həll olunduqdan sonra alacaqsınız!
Söhbət bununla qurtardı. Çay içərkən başqa söhbətlərlə məşğul olduq. Saat onun yarısında vidalaşıb getdim.
Günün birində, xanım yenə də üç məktub gətirmişdi. O, həmin məktubların cavabını mənim yanımda yazırdı. Evdə yazmağdan utanırdı, bəzən bacısı da mane olurdu. Xanım bu məktubları oxuyub cavab yazmaq istəyəndə Hacının tapşırıqları yadıma düşdü. Mən xanımın nişanlandığı gənclə xoşbəxt bir ailə qura bilməyəcəyini bilirdim. Qız ikən milyonlar içində bəslənməsi onda pis vərdişlər əmələ gətirmişdi, onu kübarlar kimi yaşamaq fikri ilə xəstələndirmişdi. O, israfı, şıltaqlığı, istədiyini dərhal həyata keçirməyi sevirdi. Buna görə də az sərvətli dağıstanlı bir gəncin onu razı sala bilməyəcəyi şübhəsiz idi. Onlar ailə həyatının birinci dövründə ayrılacaq və bədbəxt olacaq idilər. Buna görə də mən həm xanımı, həm də onun nişanlandığı gənci gələcəyin fəlakətindən qurtarmaq üçün qızı Hacının milyonları ilə əlaqədar etmək istəyirdim.
Xanım nişanlısından aldığı məktubların birisinə cavab yazıb paketə qoymaq istərkən, mən Hacının tapşırığını yerinə yetirmək üçün yol axtarırdım. Xanıma belə bir sual verdim:
– Siz bu qədər məktub yazmaq üçün söz tapa bilirsinizmi?
Xanım qonur gözləri ilə təəccüblə üzümə baxdı:
– Mənim gündəlik həyatımın tarixi bir necə məktubda deyil, böyük bir kitab tutacaq qədər böyükdür. Mən aldığım məktubları və məktublara verdiyim cavabları bir kitab şəklində çap etdirəcəyəm. Bunlar böyük bir roman, olduqca maraqlı bir əsər kimidir. O romanı oxuyanlar mənim gənc həyatımın nə cür keçdiyinə ağlayacaqlar; həyatım olduqca qəmlidir. Cənab müəllim, mənim həyatım qızğın bir od alovları kimidir. Onun görünüşü nəşəli və səfalıdır, lakin içi yandırıcıdır.
– Nə üçün?
– Orada yemək var, içmək var, pul sərf etmək var, lakin xoşbəxt həyat adına heç bir şey yoxdur, — deyib başını aşağı saldı və ayaqlarına baxmağa başladı.
Mən təəccüblə:
– Bu sözlərə inana bilmərəm, — dedim.
Mən onun ağladığını gördüm. Göz yaşları damcı-damcı qabağındakı məktubun üstünə düşürdü. Loriganlı yaylığını redikülündən çıxarıb gözlərini sildi. Mən isə ona təsəlli verməyə çalışırdım, həm də bu kədərin səbəbi ilə maraqlanırdım, onun milyonçu evindəki həyatdan narazı qaldığına səbəb nə ola bilərdi?
Xanım əvvəlcə ağlamasının səbəbini məndən gizlətməyə çalışdı, nəhayət, mənə qarşı bəslədiyi yüksək hörmət məsələnin aydınlaşmasına səbəb oldu. Xanım heç kəsə aça bilmədiyi qəlbini mənə açdı. Bir necə dəqiqə içini çəkəndən sonra sözünü demək istədisə də, boğazı tutuldu; özünü ələ almaq üçün dərindən nəfəs aldı, dilini çıxarıb dodaqlarını islatdı, nəhayət, böyük bir həyəcanla sözə başladı:
– Bacım ilə olan əlaqəm tamamilə gərkinləşmişdir. Orada yaşamaq heç mümkün deyildir.
– Nə üçün? Buna heç inanmaq olurmu? Bacınız ki, sizin təhsiliniz üçün hamıdan artıq əlləşir.
– Onda, alçaq və mənasız bir düşüncənin təsiri ilə mənə qarşı qəti bir dönüş əmələ gəlmişdir. O, məni görmək istəmir, səhər çayında, naharda, axşam yeməyində mənə qarşı çəkilməz bir etinasızlıq göstərir.
– Bunun bir səbəbi yoxdurmu? Madam ki, onun düşüncələri yersiz və mənasızdır, iki bacı kimi oturub danışa bilmirsinizmi?
– Yox! Qısqanclıq elə bir şeydir ki, onu məhv etmək üçün ürəyi kəsib atmaq lazımdır. O qısqanır. Bu pis əlaqənin də səbəbi budur.
Mən bu qısqanclığın səbəbini bilirdim; buna baxmayaraq, özümü bilməməzliyə vurub soruşdum:
– O sizi öz ərinəmi qısqanır?
– Yox! Ərinə qısqansa bunun yenə də bir mənası olardı. O, məni Hacıya qısqanır; çünki Hacı mənim ehtiyacımın ödənilməsinin qeydinə hamıdan artıq qalır; şübhəsiz ki, bu da atam ilə olan dostluğu və özünün alicənablığı sayəsindədir. Bunun üçün də bacım məni görmək istəmir. Məni Hacı ilə danışan görəndə məni pis-pis sözlərlə söyür, ya da danlayır. Bu gün yenə söyüşdük, işimiz ən çıxılmaz bir nöqtəyə çatmışdır. Buna görə də tamamilə buradan yığışıb Dağıstana getmək qərarına gəlmişəm. Mən bilirəm ki, bacım ilə heç bir vaxt düzəlişə bilməyəcəyəm.
Mən Hacının fikirlərini həyata keçirmək üçün bundan da əlverişli bir yol tapa bilməzdim.
– Mən sizdən bir söz soruşacağam, onun doğrusunu söyləyə bilərsinizmi? Hərgah bunun doğrusunu söyləməsəniz, sizə verdiyim məsləhətlər faydasız qalacaqdır.
– Anamın canına and içirəm, doğrusunu söyləyəcəyəm. Mənim sizə həm hörmətim, həm də böyük bir etimadım vardır.
– Çox gözəl, — dedim. — Mən sizin bu hörmət və etimadınızdan razıyam. İndisə deyin görüm, Hacının sizinlə olan əlaqəsi necə başlanmışdır?
– Mən hələ Dərbənddən Bakıya gəldiyimin birinci həftəsində Hacı mənə: «Sən mənim qızım olacaqsan, səni bir də Dərbəndə buraxmayacağam, atana verməyəcəyəm, burada qalacaqsan», deyirdi.
– Əlaqəniz bundan ibarətmidir?
– Yox! O bir gün məktub oxumaq üçün məni öz kabinetinə çağırmışdı. O həmişə məktub oxumaq üçün bacımı çağırardı, o gün bacım evdə olmadığı üçün məni çağırmışdı. Mən içəri girib, salam verdim, stolun o biri tərəfində oturdum. Hacı öz yanındakı boş stulu göstərərək: «Gəl burda otur!» — dedi. Mən də durub orada oturdum. Məktubu oxuyarkən saçım bir az üzümə tökülmüşdü. Hacı əlini uzadıb tökülmüş saçlarımı üzümdən ayırdı, saçlarımdan öpdü.
Bu birinci kərə idi. İkinci kərə çağırdı. Məni onda dizi üstündə oturtdu, bir ata kimi dodaqlarımdan, üzümdən öpdü.
Bu hal davam edirdi. Bir gün bacımın yanında da o mənim saçlarımı sığalladı. Bacım bundan acıqlandı və buna imkan verməməyimi mənə tapşırdı.
– Bacınız bu tapşırıqda haqlımı və ya haqsızmı idi?
– Şübhəsiz ki, haqsızdı. Hacı yaş cəhətincə mənim atamdan da yeddi yaş böyükdür. Belə bir yaşda kişinin məni öpməsinə və saçlarımı sığallamasına başqa məna vermək haqsızlıq deyildirmi?
– Əlbəttə ki, haqsızlıqdır, — dedim, — ancaq siz mənə deyin görüm, Hacı sizi tez-tez öpürdümü?
– Bəli, hər gün bir necə kərə qucağına alır, dərslərimdən xəbər tutur, könlümün nə istədiyini soruşurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-texnikler-mektebinde-gizli-is
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.
SiqətülislamMən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.
İran mülkədarının evindəBizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.
Səttar xanBiz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:
Стихи других поэтов
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Can avtobusEy Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!