Страница 2 из 3 · 33%

– Pula bir az qənaət etməli idin, heç birimizdə pul yoxdur. Sabah yenə ac qala bilərik.

– Ac qalmarıq. Hələ məndə beş manat da var.

– Haradandır?

– Ərəbənin atı satılıb borca verildi. İki gün əvvəl atam ərəbəni də satdı. Mən ondan səkkiz manat borc aldım.

– Nə üçün aldın?

– Maaş alıb verərəm.

– Sənin maaşın haradadır?

– Bir gün işləyəcəyəm ya yox?

Jenya oradaca təzə çustları geyib, köhnələri atdı. Birbaş Ayrapetin evinə getdilər. Onunla bərabər Volçiye vorotaya tərəf yola düşdülər.

Volçiye vorotada Pavluşa və Vasya ilə də görüşdülər. Balaca bir təpənin üstündə oturub Məmmədin bağdan gətirdiyi xiyarla çörəyi yeməyə başladılar.

İclasa az adam gəlmişdi. İclas yeri Balaxanı — Sabunçu və Suraxanı fəhlələrinə uzaq olduğu üçün iyirmi min əvəzinə ancaq beş-altı min adam toplanmışdı.

Yeddi nəfər natiq çıxış etdi. Onlar öz nitqlərində tətilin və siyasi mübarizənin burjuaziya istismarına qarşı ən kəskin bir silah olduğunu qeyd etdilər. Qəza naçalniki, zabitlər, bir neçə yüz də kazak orada durmuşdular. Çıxışlar iki saat davam etdi.

Kazaklar tez-tez şeypur çalırdılar. Vasya hər dəfə bu səsləri eşitdikdə yoldaşlarına deyirdi:

– Gəliniz çəkilib gedək!

Jenya ondan soruşdu:

– Nə üçün çəkilib gedək?

– Mən soldat olmuşam. Onun üçün də deyirəm ki, gəlin çəkilib gedək, çünki şeypurun səsi çox qorxulu söz oxuyur.

Məmməd Pavluşadan soruşdu:

– Pavluşa, sənin fikrin nədir? Gedək, ya dayanaq?

Pavluşa Məmmədin üzünə tərs-tərs baxaraq dedi:

– Sən də Vasya kimi şeypur səsindən qorxursan?

Məmməd adəti üzrə gözlərini yumub güldü:

– Mənim qorxub-qorxmadığımı soruşmazdan əvvəl bilmirdin?

– Bilirdim. Ancaq son günlər Vasya ilə çox oturub-durursan, bəlkə də onun xasiyyətləri sənə keçib.

Vasya acıqlandı:

– Ay əbləhin birisi, kazakların şeypur səsindən qorxmuram, şeypurun dediklərindən qorxuram. «Hazır olun!» sözlərini eşitdiyim üçün buradan çəkilməyi məsləhət görürəm.

Jenya:

– Hər kəs bu səsi sənin kimi düşünsə, çəkilib getsə, daha burada kim qalar?

– Sənin kimi, Pavluşa kimi həqiqi inqilabçılar!

Vasya bu sözləri deyərək güldü, Jenya isə:

– Sən mənim həqiqi inqilabçı olub-olmadığımı yaxşı bilirsən, — dedi. — Mən sənin xatirin üçün inqilabçı olmamışam. Buna görə, sözlərinin mənim yanımda heç bir əhəmiyyəti yoxdur. Get sözlərini Pavluşaya söylə, sənin sözün ancaq onun başına girə bilər.

Pavluşa heç bir söz demədi, Vasya ilə Jenyanın başladığı yersiz mübahisəni genişləndirmək istəmədi. Jenya onun sükutuna, Vasyanın fikri ilə razılaşmaq kimi məna verdi. Pavluşaya acıqlandı, Əsgərin qolundan tutub:

– Gəl gedək, — dedi, — başqa natiqləri də dinləyək!

Bunu deyib Əsgəri çəkib apardı.

Ayrapet Vasyaya acıqlandı:

– Bilmirəm sən bu qızdan nə istəyirsən? Mən neçə dəfədir ki, sənin bu qıza hücum etdiyini görürəm. Sənin buna haqqın vardırmı? Minlərlə xalq bura yığılıb çar hökumətinə və burjuaziyaya hücum hazırladığı bir gündə sən, bütün həyatını mübarizə yolunda qoyan bir qıza hücum edirsən. Sən heç bilirsənmi o necə yaşayır? Sən bilirsənmi o ayaqyalın olduğu üçün iclasa gəlməkdən utanır? Sən bilirsənmi onun özü də ac, evdəki qocaları da acdır? Sən bilirsənmi biz onun özünə bildirməyərək, adam başına otuz qəpik yığıb ona çust aldırmışıq? Yenə sən onu görən kimi sancırsan...

Vasya əlindəki papirosu qırıb yerə atdı:

– Nahaq yerə ona ayaqqabı almısınız, — dedi.

Ayrapet dəlicəsinə acıqlandı:

– Niyə nahaq yerə? Onda ki, Sergey Vasiliç naxoş deyildi, onda ki, birinci usta idi, onda ki, hər gün isti xörəyi, qarın dolusu çörəyi var idi, yığılıb onun süfrəsinin başında azmı qarnımızı doyurmuşuq? Sən görürdün ki, Sergey Vasiliçin canı sağlam olduğu zaman, kasıb da olsa, gözünün ağı-qarası olan bir qızını gül kimi saxlayırdı? İndi biz yediyimiz çörəyi və məslək yoldaşlığını unutduqmu? Biz onun qadını Annanın qanadı altında böyüdüyümüzü yadımızdan çıxartdıqmı? Ah, Vasya, Vasya!.. İndi biz onun ayaqyalın qızına bir manat həştad qəpiklik ayaqqabı alanda böyük bir işmi görürük?

Vasya:

– Böyük bir səhv edirik, — dedi. — Onun ayaqqabısı olsa, yenə də gedib soldat bazarındakı ev qulluqçularına qoşulacaq, onlarla tum çırtlayacaq.

Pavluşa bu sözləri diqqətlə dinləyir və papirosunu çəkirdi. Onun nə Jenyaya, nə də Sergey Vasiliçə kömək etməyə imkanı yox idi. İşsiz idi.

Ayrapet dedi:

– Sən bilirsən ki, Jenya ayaqqabının bu yol ilə alındığını bilsəydi qəbul etməzdi. Əsgər ayaqqabını ona dərs verdiyinə müqabil alıb bağışladığını söyləyib qəbul etdirmişdir. O ki qaldı Vasyanın həmişə ona hücum etməsinə, mən bu barədə Vasya yoldaşa bir neçə dəfə demişəm, yenə də deyirəm. Mənimlə Jenyanın dostluq əlaqəmizə aid məsələlərdə Vasya gərək araya girməsin. Bizim Jenya ilə küsdüyümüzə gəldikdə o da bizim ikimizə aid məsələdir.

Vasya gözlərini qıyıb onun üzünə baxdı:

– Bu nə deməkdir? Biz sizinlə yoldaş deyilik?

– Bəli, yoldaşıq!

– İndi ki, yoldaşıq, indi ki xalq bizi bir yerdə görür, indi ki, biz bir cərgədə gedirik, bir yoldaşda olan ləkə o biri yoldaşın da üstünə yapışa bilər. Bir halda ki, bizim yoldaşımız ev qulluqçularına qoşulub gəzir, biz buna soyuqqanlılıqla baxmamalıyıq.

Məmməd əllərini belinə qoyub təəccüblə Vasyanı gözdən keçirdi:

– Vasya, acığın gəlməsin, — dedi, — doğrusu sən şübhəli adama bənzəyirsən!

– Bəli, şübhəli adamlara bənzəyirəm. Niyə də şübhəli adam olmayım? Atam general, anam Rusiya şahzadələrindən, özüm də kadetski korpusu qurtaran bir ofiser...

Vasya bunu deyib Məmmədin başına bir qapaz da saldı. Bu sözlər Məmmədi sakit etmədi, Vasyaya çox kəskin cavab verdi:

– Vasya, mən savadsız adamam, amma bir çox şeyləri sənin kimilərindən daha yaxşı anlayıram. Biz generalları, Rusiya şahzadə xanımlarını, kadetski korpusda oxuyanları paltarları üçün, adları üçün rədd etmirik, onlarla mübarizəni bunun üçün aparmırıq. Mübarizəmiz əqidə mübarizəsidir. Sən çox da fəxr etmə ki, general oğlu deyilsən, anan rəhmətlik də rus şahzadəsi olmayıb, özün də kadetski korpusu qurtarmamısan. Sənin Jenya haqqındakı fikrin başdan-ayağa ağaların bizim haqqımızda olan fikrinə oxşayır. Səninlə Jenyanın gəzdiyi ev qulluqçuları arasında nə fərq vardır? Sən özün nəsən, nökər deyilsənmi? Sənə deyirəm, Vasya, ayıq ol, bu xasiyyətin üstündə bir gün partiya sənin qulağından tutacaqdır.

Məmməd bunu deyərək onlardan ayrıldı, Jenya və Əsgərin dalınca getmək istədi.

Vasya:

– Dayan! — dedi. — Bütün dediklərinə şərik oluram. Dayan! Buradan birbaş Stepan Razin dağındakı mitinqə gedəcəyik.

...Natiq nitqində davam edirdi.

Kazak zabiti bir neçə dəfə natiqlərə yanaşıb, «qurtarın» — dedi. Lakin natiqlər buna əhəmiyyət verməyib mitinqi davam etdirirdilər.

Mitinq qurtardı. İştirak edənlərin hamısı sakitcə dağılmağa başladı. Bu vaxt qızıl bayraq açıldı. Hamı qızıl bayraq tərəfə yönəldi. Vasya, Pavluşa, Məmməd və Ayrapet də qızıl bayrağa tərəf yüyürdülər.

Vasya qızıl bayrağı Jenyanın əlində gördükdə şadlığından yenə də «Yaşasın Jenya» deyib bağırdı. Məmməd Vasyaya yanaşıb dedi:

– İndi Jenyanı yaxşı tanıdın ki?!

Aralıq qarışdı. Kazaklar bayrağdan əsla xəbəri olmayan üç nəfəri tutdular.


Jenya yenə də gecələmək üçün general Əlixanovun evində xidmət edən Serafimanın yanına gəlmişdi. Gecələmək üçün bundan əlverişli bir yer yox idi.

Əlixanovun arvadı Zərrintac xanım da onu sevir və Serafimanın yanında gecələməsinə və orada yeməsinə mane olmurdu, çünki Jenyanın özü də orada lazımi işlər düşdüyü zaman Serafimaya kömək edir, özünü istədirdi.

İyul tətilləri münasibətilə, Peterburqdan daxiliyyə nazirinin köməkçisi general-leytenant Fon-Val təcili surətdə Bakıya gəlmişdi. Generalın əmrinə görə, bu gecə Əlixanovun evində mühüm bir iclas çağırılmışdı. İclasda polis və jandarm idarəsi rəhbərləri, fabrik-zavod müfəttişi Kiselyov və başqaları iştirak edəcəkdilər. İclasdan sonra da daxiliyyə naziri köməkçisinin şərəfinə təntənəli bir ziyafət veriləcəkdi. Ziyafətdə nazirə təqdim olunmaq üçün yüksək mövqe tutan neft sahibləri və ümumiyyətlə sənaye burjuaziyası nümayəndələri iştirak edəcəkdi.

Generalın evindəki bu ziyafətdə, Zərrintac xanımın əmrinə görə, ev qulluqçusu Serafimanın yanında yaşayan Klavdiya da (Jenya) işləyirdi.

Qonaqlar, pəncərələri dənizə baxan geniş bir otaqda yerləşmişdilər. Bakının iyul gecəsinə məxsus istilər paytaxtdan gələn qonağın başındakı qarma-qarışıq fikirləri daha da qarışdırırdı. O, üzünün tərini silib Bakı fabrik-zavod müfəttişi Kiselyova tərəf baxdı və soruşdu:

– Siz mənə ümumiyyətlə Bakıda 1903-cü ilin tətilləri haqqında ətraflı məlumat verə bilərsinizmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Elmi-nücum

İcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

2 мин
Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 мин
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 мин
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 мин

Стихи других поэтов