Страница 1 из 3

1903-cü ilin yazı heç kəsin gözləmədiyi bir ruh yüksəkliyi ilə gəldi. Kütlələrin qəlbi fərəhlənir, hər kəs öz sözünü, öz tələbini mitinglərdə, nümayişlərdə deməyə həvəslənirdi. Bakı proletariatı 1903-cü ilin may nümayişinə mart ayından başlayaraq hazırlanırdı. Bakı proletariatının mart ayının 2-də olacaq nümayişi, may nümayişi üçün aparılan hazırlığın imtahanı demək idi.

Mart ayının 2-də olacaq nümayiş üçün bütün fabrik-zavodlarda və müəssisələrdə hazırlıq aparılırdı. Vəzifələr fəhlələr arasında bölünmüşdü.

Jenya mart nümayişinə hazırlıq aparmaq üçün Qaraşəhərə getmişdi. O, Əlibəyovun kəndir fabrikində olan tanış fəhlələrlə görüşməli, mart nümayişi üçün nə iş görüldüyünü öyrənməli idi. Jenya həyətə girdiyi zaman, fəhlələrin istirahət saatı idi. Onlar xırda qruplara ayrılıb, günün istisində qızınır və söhbət edirdilər. Məmməd Jenyanı görən kimi nə üçün gəldiyini anladı və dərhal:

– Jenya bacı, yəqin ki, axtara-axtara gəlib məni burada tapmısan, – dedi.

Onlar bir-birinin əlini sıxdılar. Jenya da oturdu. Məmməd əlini cibinə saldı, çıxardığı tumu Jenyanın ovcuna tökdü, tum çırtlaya-çırtlaya Jenyanı yoldaşlarına tanıtdı:

– Bizim dostumuzun qızıdır. Bizimkilərdəndir. Siz eləsiniz, qızlığına baxmayın, ağzına tapança sıxsan qayıtmaz. Mən bunun igidliyini bir neçə kərə görmüşəm. Sağlıq olsa siz də görərsiniz. Məmməd Jenyanı onlarla tanış elədi, sonra qırağda oturub qəzet oxuyan oğlanla da onu tanış etdi:

– Bu da bizim təzə yoldaşımızdır, – dedi.

Jenya onun əlini sıxaraq:

– Bu yoldaşı birinci dəfədir ki, görürəm, – dedi.

Gənc oğlan çox sakit bir surətdə dedi:

– Bəli, əziz yoldaş, sözünüz doğrudur! Mən Bakıya bir neçə gündür ki, gəlmişəm.

Bu danışıqdan sonra Məmməd gənci bir daha Jenyaya təqdim edərək:

– Bu yoldaş bizim tiflisli yoldaşlarımızdandır, – dedi. – Adı da Montindir.

Jenya onun əlini ikinci dəfə sıxdı.

– Mən nə qədər xoşbəxt oldum! Sizin gəldiyinizi Pavluşa mənə demişdi.

Montin Jenyadan soruşdu:

– Siz Pavluşa ilə tanışsınız?

– Bəli, biz məslək yoldaşıyıq, tanışıq. Siz onu hardan tanıyırsınız?

– Bir gün əvvəl tanış oldum. Olduqca dəyərli yoldaşdır.

Sonra nümayişə hazırlanmaq məsələsinə keçərək Jenya Məmməddən soruşdu:

– Burada bir iş görmək mümkün olacaqdırmı?

– Montin yoldaş işləyən bir yerdə iş görmək çətin niyə olsun?

Montin bu sözləri dinləyərək bir az düşündü və sonra dedi:

– Proletariatın bir xüsusiyyəti vardır ki, o da çətinlik qarşısında ruhdan düşməmək, mübarizəyə daha ciddi bir surətdə girməkdir. Biz 1902-ci ildə Lado yoldaşın və onunla bərabər bir çox rəhbər Bakı fəhləsinin tutulduğunu Tiflisdə eşitdiyimiz zaman heç də ruhdan düşmədik və Bakı fəhlələrinin daha da ciddi mübarizəyə hazır olacağını yəqin etdik. Bakıya gəldim. Bu fikrin tamamilə doğru olduğunu gördüm. Sizi əmin edirəm ki, Əlibəyov fabriki fəhlələri nümayişin lehinə bir səslə səs verəcəkdir.

İş başlanan vaxt Jenya və Məmməd Montinin əlini sıxıb ayrıldılar.


Mart ayının ikisi idi. Bakı proletariatının iki aydan bəri hazırlıq apardığı nümayişin günü idi. Ürəklərdə bir arzu kimi bəslənən nümayiş duyğuları həyata keçmək üzrə idi.

Şəhərdə adi həyat davam edirdi. Bakı polisi minlərlə ürəkdə coşan intiqam hisslərindən xəbərdar deyildi. Qorodovoylar, jandarmlar yenə də öz duracaqlarında gəzişir və gəlib-gedənləri it kimi qorxudurdular. Buna baxmayaraq, Parapet ətrafında Bakı polisi üçün tanınmayan adamlar görünməyə başlamışdı. Ciblərində daş, əllərində ağac olub erməni kilsəsinin ətrafında dolaşan Bakı fəhlələri yan-yörədə gəzişən polislərin adi düşüncəsini qıdıqlamağa və rahatsız etməyə başladılar.

Pavluşa, Vasya və Ayrapet erməni kilsəsi ilə «Bakı» qəzeti çıxan mətbəənin küncündə bir-birlərini gözləməyə söz vermişdilər.

Məmmədlə Əsgər kəndə getdikləri üçün Parapetə çox gec gəldilər. Onların hər birinin əlində möhkəm bir nar çubuğu var idi. Çubuqlar qorodovoyların nəzərini cəlb etdi. Bir qorodovoy onlara yaxın gəlib dedi:

– Bura qoyun otarmaq yeri deyil, rədd olun buradan! Üst-başları cındır çobanlar!..

Nə Əsgər, nə də Məmməd cavab verdi. Onlar Parapetin o biri tərəfinə keçərkən Pavluşaya və onun yoldaşlarına rast gəldilər. Dəstə yavaş-yavaş çoxalmağa başladı. Onlar daha bir yerdə dura bilmədilər, çünki ətrafda duran jandarm və qorodovoylar bir şey duymuş köpək kimi ətrafı həyəcanlı bir surətdə gözdən keçirirdilər.

Əhali çoxalırdı. Həyat adi şəklindən çıxmağa başlamışdı. Jandarm onbaşısı mətbəəyə girdi, vəziyyəti jandarm miralayına xəbər verib yenə də bayıra çıxdı. Yanında duran jandarm nəfərlərinin qulağına bir şey pıçıldadı.

Qaraşəhər fəhlələri də gəldilər. Montinin alovlu gözləri parlamağa başladı. Əlibəyov zavodunun fəhlələri Nobel müəssisələri fəhlələrinə qoşulub gəlmişdilər.

Pavluşa nə qədər göz gəzdirdisə, Jenyanı görə bilmədi. Onun bu kimi mühüm bir gündə aralığa çıxmaması və nümayişdə iştirak etməməsi Pavluşanı və yoldaşlarını düşündürməyə bilməzdi. O, Əsgərdən soruşdu:

– Bəs o necə oldu? Harada qaldı?

– Onun adı olmazmı?!

– O da...

– Axır, adını deməmiş, mən nə bilim kimi soruşursan?

– Jenyanı!

– Hə, Jenyanı... O dünən saat birdə mənimlə görüşdü, dedi ki, Bibiheybətə gedəcəyəm. Nümayişə də oradan gələcəyəm.

Pavluşa Parapet ətrafını gəzdi. Bir neçə dəqiqədən sonra Jenyanın üç nəfərlə gəldiyini gördü. Pavluşa cürət edib Jenyaya yaxınlaşmadı, çünki bir neçə gün əvvəl yenə onların sözü tərs gəlmişdi.

Jenya Pavluşanı səslədi:

– Bura gəl, yoldaş Pavel!

Pavluşa getdi. Jenya ona əl uzatmadan yanındakı yoldaşlarını ona tanıtdı:

– Bunlar Bibiheybətdən gələn yoldaşlardır. Bu Xanlar Səfərəliyevdir, çox dəyərli bir yoldaşdır. Bu Koçetkov yoldaşdır. Bu da Boriyev yoldaşdır. Hər üçü Bibiheybətdə Nəftəlan cəmiyyəti fəhlələrindəndir.

Bir-birinin əllərini sıxdılar.

Pavluşa bu tanışlıqdan olduqca şadlandı, çünki Bibiheybət menşevikləri ilə mübarizə etmək üçün Bibiheybət işçiləri arasında ciddi iş aparmaq lazım gəlirdi.

– Bəs qalan yoldaşlar hanı? Elə dörd nəfərsiniz?

Jenya:

– Xeyr, – dedi, – hökumət elə bilir ki, nümayiş Parapet ətrafından başlanacaqdır. Ona görə də öz qüvvəsini buraya toplamışdır. Bu da çox yaxşı oldu. Biz bütün yoldaşlarla belə məsləhət görmüşük ki, hökuməti aldadaq, nümayişi Malakan bağı ətrafında başlayaq. Sən get yoldaşlara da xəbər ver. Yavaş-yavaş ora getsinlər.

Jenya yoldaşlarından ayrıldı və hara getdiyi haqqında heç bir söz söyləmədi.

Pavluşa yoldaşların əlini sıxıb ayrılırkən Xanlara dedi:

– Mən səninlə tanış olduğuma çox sevindim. Azərbaycanlıların sayı cərgəmizdə artdıqca bizim ümidlərimiz də artır. Çox rica edirəm ki, biz tez-tez görüşək.

Pavluşa yoldaşlarını xəbərdar etmək üçün getdi. Tez dəstələrin içərisinə soxulub, bütün nümayiş rəhbərlərini və dəstə başçılarını məsələdən xəbərdar elədi. Nümayişin Malakan bağı ətrafında başlanacağını söylədi.

Bu tapşırığa baxmayaraq, Parapet ətrafında həddindən artıq fəhlə və şəhər camaatı toplanmışdı.

Saat 11 tamam idi. Təşkil olunmuş fəhlələr yavaş-yavaş Malakan bağı ətrafında toplandılar. Parapet ətrafında qalanların doxsan faizi bekar camaatdan ibarət idi.

Sanki şəhər xalqı da bu gün xariquladə bir hadisə olacağını hiss edirdi. Jandarm və polis nəfərlərinin «Rədd olun, dağılın!» sözlərinə, atlı kazakların qamçı oynatmasına əhəmiyyət verməyərək, maraqlandıqları hadisəni gözləyirdilər.

Saat 12-yə işləyəndə qəribə bir səs eşidildi. Başlar ixtiyarsız olaraq səs gələn tərəfə çevrildi. Bu səsin indiyə qədər eşidilməmiş, çox da cürətli bir səs olduğunu hamı təsdiq edir və təəccüb edirdi. Səs, incə və zərif bir boğazdan çıxdığına baxmayaraq, böyük bir gurultu qopartdı. Bu səs bomba kimi Bakı burjuaziyasının geniş şüşəli pəncərələrini çinkildətdi. Gözləri hədəqəsindən çıxmış, açıqlanmış, həm də qorxuya düşmüş burjuylar pəncərələrini açıb bu səsin haradan gəldiyini və kimin ağzından çıxdığını bilmək istədilər. Onlar tələ sahibini görmüş tülkü kimi əsirdilər. Bu səs Parapet ətrafında duran çar polisini və kazaklarını da heyrətə saldı. Onlar Parapetdən Malakan bağına tərəf getmək əmrini aldılar, lakin bura gəlmək üçün insan sellərini yarıb keçmək lazım gəlirdi.

Bu səs bir daha eşidildi:

«Yoldaşlar, qızıl bayraq altına!».

Bu sözləri deyən Jenya idi. Jenya qırmızı köynək geymiş, səkkiz nəfərlik bir qadın qrupu ilə irəliləyirdi! Bakı proletariatı əllərində qızıl bayraq daşıyan qadın dəstəsinin ətrafını bürüdü.

Səkkiz nəfər qadın inqilab bayrağını göz bəbəyi kimi qoruyaraq, iki mindən artıq proletariatın ilk sıralarında gedirdi.

Pavluşa Jenyanın bu böyük qəhrəmanlığını görüncə sevincindən:

– Yaşasın Jenya! – deyə bağırdı.

Məmməd onu dümsükləyib:

– Ada, sən kiçsən, nəsən? – deyə sakit etdi.

«Yaşasın qızıl bayraq! Rədd olsun mütləqiyyət!» – sözləri minlərlə ağızdan çıxırdı.

Gizli mətbəədə çap olunmuş intibahnamələr göydən qar parçaları kimi yağmağa başlamışdı. Polis və jandarm nəfərləri kütlələrə qoşulub havada uçan intibahnamələri ovlamağa və öz ağalarına hədiyyə aparmağa çalışırdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов