İki mart nümayişi
Страница 3 из 3 · 67%
– Mən bu qızların işinə mat qalmışam. Bilmirəm Jenya kimi gözəl bir qız bu qara xortdana oxşayan Pavluşada nə axtarır?!
Güldülər. Susdular. Düşünürdülər. Pavluşa başını qaldırıb dedi:
– Bəlkə də Balaxanıya getmişdir...
Vasya sanki bir düşüncə təsiri ilə ayağa qalxdı, tüklərini barmağı ilə qarışdıraraq:
– Yox, – dedi, – o Balaxanı – Sabunçu dairəsinə gedə bilməz, çünki şəhər ilə rayonun arası kazak və jandarm dəstələri ilə doludur. Evlərinə də getməz, çünki evlərini tez-tez axtarırlar.
Vasya sözünü bitirməmişdi ki, pəncərəni yavaşcadan döydülər. Hamı susdu. Vasya qorxa-qorxa qapını açdı. Bir saat bundan qabaq Qubernator bağında qucağındakı uşağa layla çalan qız içəri girdi, köhnə paltarlardan düzəldilmiş uşaq qundağını yerə qoydu. Üst paltarını çıxartdı. Hamı donub qaldı. O, Jenya idi. Gülə-gülə əvvəl Məmmədin, sonra da o biri yoldaşların əlini sıxdı. Məmmədin yanında oturdu. Pavluşa ilə görüşmədi.
Əsgər bir Jenyaya, bir də Pavluşaya baxdı, boynunu qaşıdı. Pavluşa da ona göz vurdu, «bizi barışdır!» deyə işarə etdi.
Əsgər ikinci kərə görüşmək bəhanəsilə Jenyanın əlini əlinə aldı. Pavluşanın əlinə yaxınlaşdırmaq istədi. Jenya istehzalı bir gülüşlə dedi:
– Mənim dərdim elə o idi ki, gəlib Pavluşa yoldaşla barışam. – Əlini geri çəkdi, – Mənim əlimi zorla heç bir kəsin əlinə vermək olmaz. Pavluşa mənim yoldaşımdır. Qoy elə də qalsın, daha başqa bir söz ola bilməz!
Sonra qollarını çırmayıb çaydanı pilətənin üstünə qoydu. Bağlamanın içindən özü ilə bərabər gətirdiyi qara çörəyi və iki quru balığı çıxardaraq, stolun üstünə qoydu və yoldaşlarına dedi:
– Buyurun, nahar eləyin!
Yeməyə başlamadan Vasya Jenyaya dedi:
– Jenya yoldaş, bu günkü nümayişdən sonra sənin Bakıda qalmağın mümkün deyildir. Bir tərəfə getməlisən.
Jenya əlindəki quru balığı doğraya-doğraya Vasyadan soruşdu:
– Mənim Bakıdan çıxıb getməyim üçün Bakı Komitəsi qərar çıxarmışdırmı?
Vasya:
– Xeyr, – dedi. – Bu barədə Bakı komitəsinin qərarını bilmirəm, bu fikir öz fikrimdir.
Jenya güldü:
– Elə isə o fikir qoy öz cibində qalsın. Mən öz gələcəyim haqqında lazımi tədbirlər görmüşəm. O tədbirlərin içərisində Bakıdan çıxıb getmək məsələsi yoxdur.
Jenya çay süzüb stolun üstünə qoydu. İki saat əvvəl burjuaziya süfrələrinin təntənəsini pozan bir qrup qəhrəman fəhlə gülə-gülə süfrə başına oturdu. Nahar yeməyə başladılar.
Pavluşanın sağ əli üzündə idi. Jenya bunu görürdü, lakin səbəbini Pavluşadan soruşmaq istəmirdi. Pavluşa əlini yeməyə uzadanda Jenya onun üzündəki qızartını gördü. (Pavluşanı qorodovoylar vurmuşdular). Dərhal dəsmalı isladıb onun üzünə qoydu.
Gün batırdı. Jenya ayağa qalxdı:
– İndi salamat qalın, – dedi, – mən evə getməliyəm. Ata-anam mənim nümayişdən nə cür qurtardığımı bilmirlər. Yəqin ki, nigarandırlar.
Vasya qalxıb dedi:
– Yox, Jenya, getmə! Qaranlıq düşəndə Ayrapet yoldaşın evinə gedərsən, orada Varvara bacı ilə gecələyərsən.
Jenya:
– Yox, gedəcəyəm, – dedi, – atam xəstədir, nigaran qalar.
Pavluşa ayağa qalxıb:
– Elə isə qoy mən gedim, xəbər aparım, – dedi.
Jenya yenə də etiraz etdi:
– Onda daha da nigaran qalarlar.
Bunu deyib paltarlarını geydi və yoldaşları ilə vidalaşdı.
Mart ayının 2-də olan nümayiş fəhlə sinfinin gözünü açdı. Bu nümayişin ən əhəmiyyətli cəhətlərindən biri də Bakı fəhlələrinin həmrəyliyi idi. Nümayişdən sonra tətil komitəsinin işi get-gedə asanlaşırdı, çünki sinfi idrakı inkişaf etməmiş fəhlələr içərisində belə tətil duyğuları canlanmağa başlamışdı. Fəhlələrdə böyük ruh yüksəkliyi vardı, hətta iranlı və azərbaycanlı fəhlələr də tətil komitəsinin tələblərini dinləməyə söz verdilər.
Ən geridə qalmış fəhlələr belə tətildən qorxmamağa başladılar. Pasxa bayramı ərəfəsində konduktorlar və konka sürənlər də tətil etdilər. Onlar iş gününün azalmasını tələb edirdilər. Mart nümayişlərindən gözü qorxan sahibkarlar konka sürənlərin tələblərini çox keçmədən qəbul etdilər, iş gününü doqquz saat eləməyə məcbur oldular. Az sonra Mirzəbəyovun tütün fabrikinin fəhlələri də tətilə başladılar. Tətilçilərin sayı səkkiz yüz nəfərdən artıq idi. Sahibkarlar verilən tələbləri bir gün ərzində qəbul etdilər.
Sahibkarlar tətil komitəsinin qarşısında boyun əyməkdən başqa bir çarə tapmırdılar. Verilən tələbləri mümkün qədər tez yerinə yetirirdilər.
Aprelin 18-dən indiyə qədər tətilə qoşulmayan qəzet mürəttibləri də tətilə başladılar. Ayın 19-da Bakıda bircə dənə də qəzet tapılmadı.
May bayramı ideyası geniş kütlələrə sirayət etməyə və inkişafa başladı ki, bu da aprelin 27-də tətil komitəsinə təntənəli 1 May nümayişini təşkil etmək imkanını verdi.
Bir neçə gün əvvəldən bütün böyük zavod və fabriklərdə və başqa-başqa müəssisələrdə iclaslar çağırıldı, may nümayişinin nə cür təşkil ediləcəyi barəsində izahat verildi. Gizli mətbəə verilən sifarişləri vaxtından əvvəl yerinə yetirirdi. May nümayişindən əvvəl tətil komitəsi rusca — 2900, ermənicə — 2100, gürcücə — 1000 nüsxə vərəqə buraxdı. Bundan başqa sosial-demokrat fəhlələr ittifaqı tərəfindən üç dildə, hər dildə 2100 nüsxə olmaq şərtilə intibahnamə buraxıldı. Nümayişə bir gün qalmış, fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. Birinci dəfə Azərbaycan dilində nümayişə dəvətedici vərəqələr görünməyə başladı.
Bu nümayişlə keçən nümayişlər arasındakı fərqlərdən birisi də azərbaycanlıların iştirak etməsi idi.
Fəhlələr nümayişə hazırlıq gördükləri kimi, Bakı polisi də hazırlıq görmüşdü. Nümayiş ola biləcək yerlərdə və camaat çox gəzən küçələrdə polis dəstələrinin sayı artırılmışdı.
Aprelin 27-ci günü küçələrdə gözə görünən polislərin geyimi və silahları bir başqa idi. Küçədə paltarını dəyişmiş casuslar, xəfiyyələr, Runiç və Lavrov gəzir və nümayişə gələnləri nişanlayırdılar.
Şəhər camaatının nümayişçilərə qoşulmasına mane olmaq və onları qorxutmaq üçün atlı kazak dəstələri çıxarılmışdı.
Bu hazırlığa qarşı tətil komitəsi də hazırlıq görmüş, nümayişin harada olacağı haqqında qərar çıxarmışdı. Nümayişçilər bir neçə yerdə toplanmışdılar. Polis idarəsi mart nümayişinin olduğu yeri yadından çıxarmamışdı.
Tətil komitəsinin qərarına görə, nümayiş Parapetin ətrafında başlanacaqdı. Bura on yolun ayrıcı olduğu üçün kütlələr nümayişə çox sürətlə qoşula biləcək idilər.
Qızıl bayraq polisin heç gözləmədiyi bir halda «Rədd olsun mütləqiyyət!» səsləri ilə qaldırıldı. Bu səsdən bir neçə saniyə sonra vaxt ikən polisi çaşdırmaq üçün müəyyən yerlərdə duran nümayişçi dəstələri sel kimi axıb Parapet ətrafında qalxan qızıl bayrağın ətrafında toplandılar. Buradakı polis dəstələri təşəbbüsü öz əllərinə almağa çalışarkən, Nikolayevski küçədə hərəkət edən güclü bir dəstə də gəlib nümayişçilərə qoşuldu.
Bu vaxt bir nəfər atlı kazak çapa-çapa gəldi və Petrov meydanında güclü bir nümayiş başlandığını, kütlələrin ümumiyyətlə nümayişə qoşulduğunu polis müdirinə xəbər verdi.
Polis özünü itirmişdi. Onların bir çoxu dəstələrin içindən çıxıb gizlənməyə məcbur olmuşdu.
Qızıl bayrağın sayı get-gedə artırdı. Rütubətli zirzəmilərdə yaşayan Bakı fəhlələrinin «Yaşasın azadlıq?» səsləri, yuxarı mərtəbələrdə yaşayanların varlığını sarsıdırdı.
Küçələrdə nümayişçilərdən başqa kimsəni görmək mümkün deyildi. Bakının gələcək sahibləri müvəqqəti, bir neçə saatlıq da olsa, şəhəri tutmuşdular. Nümayişçilərə hüsn-rəğbət bəsləyən bütün xalq — məktəb uşaqları, ali məktəb tələbələri, qızlar, qadınlar belə nümayişçilər sırasında gedirdilər.
Nümayiş dəstələri Naberejni küçəyə yönəlincəyə qədər polis tərəfindən heç bir müqavimət görmədilər. Lakin dəstələr Qubernator bağına sarı gedərkən çar nəfərləri öz vəzifəsini ifa etməyə başladılar.
Qılınclar qınından çıxarıldı.
«Yaşasın azadlıq, rədd olsun mütləqiyyət!» sözlərinə qarşı çar güllələri, kazak qamçıları qalib gəlmək istəsə də bacarmadı. Bakı proletariatı yağış kimi yağan güllələrin qabağında özünü itirmədi, geri dönmədi. Kazak zabitlərinin: «Tutun! Vurun! Qaytarın!» səsləri onun iradəsini sarsıda bilmədi. Bayraq daşıyanların üzərinə şiddətli hücum başlanmışdı. Qılınc, ağac, yumruq vuruşmaları şiddətli bir surətdə davam edirdi. Bayrağdarlar qızıl bayrağı möhkəm tutmuşdular, var qüvvələri ilə onu müdafiə edirdilər.
Bayrağdarların birisi ancaq on iki qılınc yarası aldıqdan sonra bayrağı buraxdı.
Naberejni küçədə sakitlik olurkən Telefonnı küçədə nümayiş başlandı.
Axşam saat beş idi. Telefonnı, Stanislavski, Balaxanski və Kaspi küçələrində inadlı bir nümayiş başlandı. Pavluşa ilə Vasya yan-yana gedirdilər. Məmməd onlara yanaşıb soruşdu:
– Səki ilə gedən Jenya deyilmi?
Dönüb baxdılar. Səki ilə əlində zənbil bazardan yemək şeyləri alıb qayıdan bir ev qadını gedirdi, o, heç yana baxmır, soyuqqanlı bir surətdə yoluna davam edirdi.
Pavluşa:
– Oxşayır da, oxşamır da, — dedi.
Məmməd:
– Bu bığları qəbrə qoymuş ölüm ki, o Jenyadır! — dedi.
Vasya Pavluşanın tapşırığına görə səkiyə çıxdı və saymazyana bir surətdə dedi:
– Bu gün vəziyyət ciddidir. İşə qarışmasan yaxşıdır.
Jenya:
– Bu cür tövsiyələri Pavluşaya ver, — dedi. — Tez qayıt!
Vasya qayıdıb nümayişə qoşulmaq istərkən Jenya onu səslədi:
– Vasya, ayıq olun, gəlir!..
Vasya arxasına baxdıqda, pristav Qoqoberidzenin bir qorodovoyla əllərində tapança gəldiklərini gördü. Vasyanın əlində heç bir şey yox idi. Ölümdən və tutulmaqdan qurtulmaq üçün bir vasitə vardısa, o da dəstələrə qoşulmaq idi, lakin bu da mümkün deyildi, dəstə çox uzaqda idi, pristav isə ona yaxınlaşmışdı.
Jenya Vasyanın qorxulu bir vəziyyətdə olduğunu və özünü itirdiyini görüb, dərhal həyət qapılarından birinin dalına keçdi. Zənbildə daşıdığı qara daşların birini çıxardı. Qoqoberidze özünü Vasyaya yetirərkən Jenyanın atdığı daş onun başına dəydi. Pristavın başı yarıldı. Bu halda Məmməd və Əsgər Qoqoberidzenin yanındakı qorodovoyun üstünə atılıb, qılıncını əlindən aldılar, özünü də yaraladılar.
Jenya qapının arxasından:
– Vurun, yoldaşlar! — deyə qışqırırdı.
Nümayişçilər polislərə hücuma başladılar. Polislər bir saat əvvəl Tiflisdən Qafqaz canişini Qalitsindən aldıqları: «Nümayişçilərə rəhm edilməsin!» məzmunlu teleqrama əməl edə bilmədilər.
Qılıncı qırılmış, qayışı boynunda qalmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar.
Kazaklar bu hücumun xəbərini alıb gələnə kimi nümayişçilərin hərəsi bir tərəfə getmişdi. Qorodovoylar qayıdıb papaqlarını yerdən götürərkən kazaklar hadisə yerində atlarını o tərəf-bu tərəfə çapırdılar.
Nümayiş bitdi. On iki nəfər qılıncla yaralandı. Bir çoxları tutuldu.
Axşam saat səkkizin yarısında Bakı general-qubernatoru Balaxanı polis idarəsindən aşağıdakı telefonoqramı aldı:
«Axşam saat yeddidə üç min nümayişçi əlində bayraq, inqilabi nəğmələri oxuya-oxuya dəmiryol stansiyasına tərəf irəlilədi. Kazaklar bayraqları almaq üçün ciddi surətdə hücum etdilər. Nümayişçilər onları daş və ağacla qarşıladılar. Vuruşmada polis müdirinin də başı yarıldı. Bu vaxt kazaklar xəbərdarlıq vermədən atəş açdılar. Bir nəfər fəhlə ölmüş, beş nəfər ağır yaralanmışdır. Yüngül yaralananlar 25 nəfərə qədərdir. Onlardan 12 nəfəri xəstəxanaya göndərilmişdir. Bir nəfər kazak, bir nəfər də polis məmuru yaralanmışdır. Fəhlələr çox inadlı və əsəbi bir surətdə rəftar edirdilər. Pristavlardan Şamşiyev çox böyük fəaliyyət göstərdi. Qırx nəfər fəhlə tutdu. Xindadze, Abram Eyrenberq, Drazdovski tutulanlar içərisindədirlər».
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-iki-mart-numayisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Ninanın ad günüNinanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi.Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi:
İntibahnamələrƏmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
Стихи других поэтов
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Natamam olduKam almadı Hitler, nə yaman təlxkam oldu.Minlərcə fırıldaq elədi, natamam oldu.
Heç xəbərin yoxdu səninAləm bilir bu həsrəti,Sinəmdəki məhəbbəti,