Atabəy Bağdada çağırılmışdı. Qətibə bu fürsətdən istifadə edərək gecələrin birində Toğrulu yanına çağırdı və Atabəy Məhəmmədin qaba hərəkətlərindən şikayətlənərək dedi:

– Siz mənim nə qədər qohumcul olduğumu bilməmiş deyilsiniz. Lakin qardaşınız mənim oğlumun qarşısına təzə varislər qoymağa tələsdi. Gedib bir kəndli qızına evləndi. Mənim əzəmət və şərəfimi təhqir etdi. Nəhayət, oğlumu məndən ayırıb Reyə hökmdar göndərdi, çünki məni paytaxtdan uzaqlaşdırmaq lazım idi. Bu gün mən öz canımı götürüb buradan gedə bilərəm, lakin sizin həyatınızı onun vicdanına tapşırmağa cəsarət etmirəm. Onun süfrə başında and içməsinə inanmayın, o öz nəfsindən ötrü bütün Eldəniz xanədanını məhv edə bilər. Xüsusən o son vaxtlar olduqca əsəbiləşmişdir. Qan tökmək, göz çıxarmaq üçün bəhanə axtarır. Çıxılmaz vəziyyətdəyəm. Onu sevirəm, lakin məmləkəti və xanədanın şərəfini də sevmək lazımdır.

O, hökumət başından öz razılığı ilə çəkilsəydi, mən mələkəlikdən əl çəkib, sadə və adi bir qadın kimi yaşamağa razı olardım. Məmləkət bir az da onun əlində qalarsa, məhv ediləcəyi şübhəsizdir. Onun qonşu hökumətlərlə olan rəftarı olduqca düşməncəsinədir. Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur. Ətrafı düşmən əhatə edibdir. Hazırda od içində yaşamaqdayıq. Atabəy isə öz inadında davam edir. Lakin biz buna soyuqqanlılıqla baxa bilmərik. Sizi bunun üçün yanıma çağırmışam. Siz ətrafınızı təmizləməli idiniz. Bağdadda sizə yazdığım məktub onun əlinə keçmişdir. O bizim bütün təşəbbüslərimizdən xəbər tutubdur. Nizamini məhv etmək və Gözəlin oğlanlarını öldürmək istədiyimizi bilmişdir.

Qətibənin bu mövzu üzərində qurulmuş söhbətləri ölüm və kor olmaq təhlükəsi qarşısında duran Toğrulun düşüncələrinə tamamilə uyğun gəlirdi. Lakin o, olduqca ehtiyatlı hərəkət edirdi. Uzun dəqiqələr danışmayaraq, ancaq Qətibənin əlini tutub öpərkən:

– Doğru deyirsən, ağıllı və nəcib mələkə, – dedikdə, Qətibə də bir ah çəkərək:

– Ah, bu əl sizin kimi adil, nəcib və ədəbli bir hökmdarın əlində olsaydı! – dedi.

Toğrul isə bir daha onun əlini öpərək:

– O ixtiyar nəcib mələkənin özündən asılıdır, – dedi.

Qətibə də:

– Yox, o məndən asılı deyil. Atabəy Məhəmməd sağ ikən sizin buyurduqlarınız bir xəyal şəklində qalmalıdır, – dedikdə, yenə də Toğrul:

– Dediklərimi arzu şəklindən çıxarıb həyat şəklinə salmaq yenə də mələkənin özündən asılıdır. Lakin bilmirəm mələkəyə inanmaq olarmı?

Bu sözdə Qətibə dodaqlarını Toğrula tərəf uzadaraq:

– Bu dodaqları öz sədaqətimdə möhkəm duracağım üçün gələcək hökmdarın yanında girov qoyuram, – dedikdə, Toğrul onun dodaqlarından öpdü və Qətibəni qolları arasına almaq istərkən, Qətibə onu rədd edərək:

– Hələlik bu qədər. Sonrası isə əhdə vəfa edəndən sonra, – dedi.

Toğrul artıq Qətibəyə inanmışdı, qəlbini ona tamamilə açmağa qərar verdi və dedi:

– Gözəl mələkə, sizin ağıllı fikirləriniz üçün çoxdan bəri zəminə hazırdır. İraqlılar tamamilə bu fikirlərin tərəfindədirlər. Xarəzmşah Təkiş xan da öz ordusu ilə mələkənin fikrini müdafiə edəcəkdir.

Sizin oğlunuzun məsələsinə gələndə, o da sizin istədiyiniz kimi həll ediləcəkdir. Sizin oğlunuz Sultan Toğrulun vəliəhdidir. Buna razı qalırsınızmı?

– Məsələ bununla bitmir. Nizami və Fəxrəddin məhv ediləcəkdir. Atamın qətlində iştirak edənlərin hamısı və həmçinin Gözəlin oğlanları Əbubəkr və Özbək edam edilməlidir. Sonra, Hüsaməddinə əmirülüməralıq mənsəbi vermək lazımdır.

– Bilmirəm, Hüsaməddinə inanmaq mümkündürmü?

– Hüsaməddin bizimkidir. O, Sultan Toğrula sədaqətlə xidmət etməyə hazırlanmışdır.

– Sizə inanıram, mələkə. Lakin bir az ehtiyatlı olmalısınız.

– Sultan Toğrul əsas vəzifəni mələkəyə tapşıra bilər. Lakin Sultan taxta oturduğu zaman mələkəlik adı Qətibəyə məxsus olmalıdır. Sultan buna öz vicdanı ilə söz verə bilərmi?

Söhbət burada bitdi, çünki Hüsaməddinin Qətibənin görüşünə gəldiyini xəbər verdilər. Toğrul vidalaşıb bir qapıdan dışarı çıxdığı zaman, o biri qapıdan da Hüsaməddin içəri girdi.

Hüsaməddin qaşqabağını turşutmuşdu. O, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı.

Qətibə bunu dərhal hiss etdi və nazlanaraq dedi:

– Qaydası belədir. Kişilər qadının sevgisini hiss edərsə, qadınlığı əvəz edər, tez-tez küsər və şıltaqlıq etməyə başlar. Bilmirəm, mənim dostum nə zaman ağlını başına yığıb özünü müstəqil bir kişi kimi aparmağa başlayacaqdır? Mən burada hökmdarlıq və xanədan məsələsini həll edirəm, burada sənin üçün təzə dünya, təzə mənsəb yaradıram, sən isə yalnız şübhələrlə və qısqanclıqla oynayırsan.

Hüsaməddin fikirli başını qaldırıb dedi:

– Mən mələkənin Toğrul ilə olan əlaqəsindən xəbər tutmasaydım, ona inana bilərdim.

– Mənim onunla nə əlaqəm ola bilər?

– Onu mələkənin özü çox yaxşı bilir.

Hüsaməddin bunu deyərək daha danışmadı. O, doğrudan da, Qətibənin Toğrul ilə olan əlaqəsini bilirdi. Çünki onun Bağdadda Toğrula yazdığı və Səba xanımla göndərdiyi sevgi və məhəbbət məktublarını Səba xanım əvvəlcə Hüsaməddinə göstərib mükafat almış, sonra Toğrula nişan verib mükafata nail olmuş, sonra isə Həmədanda Atabəyə göstərib Qasımabad kəndinin qəbaləsini əldə gətirmişdi.

Lakin Qətibəni Hüsaməddinin şübhələri heç də düşündürmürdü. Çünki o, kişilərin nəliyini, kişilərin özündən daha yaxşı öyrənmişdi. Kişilər nə qədər kinli, qısqanc və şübhəli olursa olsun, onları iki yüngül vasitə sakit edə bilərdi. Onlardan birisi qadının göz yaşları, ikincisi də qadın dodaqları idi.

Hüsaməddin, Qətibənin üzünə baxdığı zaman onun gözlərindən axan damcıların ipək donu üzərinə tökülüb parçalandığını gördü. Bir qətrə göz yaşı Hüsaməddinin qəlbindəki cəhənnəm atəşindən daha qızğın alovları dərhal söndürdü. O irəli gəlib iki əllərini Qətibəyə tərəf uzatdı və yalvarıcı bir halda dedi:

– Mələkə, rica edirəm, özünüzü ələ alın, mən sizi gecənin bu vaxtında ağlatmaq üçün gəlmədim. Mənə rəhm edin, mən bu vəziyyəti görə bilmərəm:

Qətibə tutqun bir səslə danışdı:

– Sənin bu hərəkətlərin məni məhv edəcəkdir. Mən bilmirəm hansı bir dərdi çəkim. Sən mənə fikirlərimdə yardım vermək əvəzinə, ruhumu zəhərləyirsən. Sən məni Toğrul kimi bir ağılsıza satılacaq qədər həqirmi sandın? Əcəba, sən mənim onunla nə kimi məqsədlə yaxınlıq etdiyimi bilmirsənmi? Gəl otur. Bu gecə başqa mövzu barəsində danışacağam.

Hüsaməddin oturdu. Qətibə əlini onun çiyninə qoyub and içdi:

– Sənin bu varlığına and içirəm. Toğrul bizim sevgimizin müvəffəqiyyəti yolunda bir oyuncaqdır, – dedi və dodaqlarını Hüsaməddinə uzatdığı zaman soruşdu:

– Bu dodaqların sahibinə sahiblənmək istəyirsənmi?

Hüsaməddin:

– İstəyirəm, mələkə! Bu arzular gəncliyin ilk arzularıdır, – deyə cavab verdi və onu qolları arasına almaq istərkən bu səsi eşitdi:

– Atabəy öldürüləndən sonra!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 мин
III. Fabrik-zavod rayonuna

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

39 мин
IV. Brilyant sırğalar

Leyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.

17 мин
V. «Ərdəhan» gəmisində

«Ərdəhan» hərbi gəmisində dəniz səyahəti, saat altıya təyin edilmiş iclasdan sonra baş tutacaqdı.Raya gəmiyə gəldikdə, saat doqquz idi, iclas yenicə qurtarmışdı. Rozenblyum, Nəccarov, Kriçenko və sairləri gəminin göyərtəsində dolaşarkən, eser, menşevik, daşnaq rəhbərlərinin qara fikirləri qaranlığa qarışıb şəhərin üzərinə çökürdü. İvanov Rayanın qolundan tutub üç düyməli topun kölgəsində əyləşdirdi, günəşin şəfəqləri isə Xəzərin ilıq axşam sularında çimərək ağ buludların yumşaq qətifəsinə bürünürdü. Ay, Qara şəhərin yüksək bacalarından baxaraq, Nargin adasına işıq salmaq istərkən, yelkənlər də ruzigarda çırpınan bir kəpənəyin qanadı kimi titrəyirdi.

16 мин

Стихи других поэтов