Страница 1 из 6

İngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.

Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.

Sadovski və Ayollo aldanmış, menşevik çirkabına düşmüş idraksız işçiləri, ancaq Nobel qardaşlarına məxsus müəssisələrdə araya bilərdi, çünki müvəqqəti aclıq təsiri altında menşeviklərin təbliğatına qapılan və Bakı Sovetinin təhlükə qarşısında qoyaraq, menşevik qərarkahına keçən ancaq Nobel işçilərinin bir qismi idi.

Xanımların səyahət marşrutu düzəldilmişdi: onlar faytonlarla Balaxanı—Sabunçu rayonlarındakı neft mədənlərinə tamaşa etdikdən sonra fabrik-zavod rayonuna gedəcəkdilər.

Gündüz saat on birdə «Metropol» otelinin qarşısında şəhərin birinci sayılan faytonları durmuşdu. «Metropol» otelinə girib-çıxanlar hər günkündən çox idi.

Hələ Nikolayevski və Olkinski küçələrinin tinlərində yığışan əhalinin çoxluğu da, burada fövqəladə və maraqlı bir hadisənin baş verəcəyini göstərirdi.

Yenilik sevən və hər bir xırda işə böyük əhəmiyyət verən Bakı xalqı, yuxarı küçələrdən sel kimi axaraq «Metropol» ətrafına gəlirdi.

Son günlər maraqlı və gözlənilməz hadisələrə alışmış geniş kütlələr, sanki hadisəsiz yaşaya bilməyəcəklərindən, bütün şəhəri gəzib yeni xəbər aramaqda idi.

Hadisələr nə kimi məna və mündərəcəyə malik olursa-olsun, Bakı xalqının hər bir nəfəri, eyni hadisəni öz səviyyəsinə və mənafeyinə uyğun bir mənada göstərməyə çalışırdı.

Müxtəlif hadisələr, müxtəlif partiyalar və rəngbərəng əqidələr şəhərinə çevrilmiş Bakı öz həyatını sükutla keçirməmək, əylənmək üçün sanki partiya mübarizəsindən doğa biləcək hadisələrin intizarını çəkir və buna qarşı bir ehtiyac hiss edirdi. Bunun üçündür ki, «Metropol» otelinin qarşısında duran faytonların təzəliyi və çoxluğundan da bir hadisə olacağını duyurdular.

Hər kəs bir cür söz danışır, faytonlar hər kəsə bir cür görünür, bu hadisə hər kəsin zehnində bir cür təsir buraxırdı, çünki menşevik, eser, daşnaq, müsavat, əhrar, ittihad-islam təbliğatı içərisində çapalayan xalqın zehnində böyük bir ixtilaf törəmişdi. Bolşevik təşkilatlarının aralığa atdığı həqiqətə qarşı qoyulan minlərcə hiylə, haqsızlıq, uydurmalar, Bakı xalqına mənfi bir təsir bağışlamışdı. Kütlələrin birliyi pozulmuş, onlar müxtəlif əqidələr və mənfi qruplara bölünmüş, daha açığı hər kəs ağzını bir tərəfə çevirərək, məchul bir istiqbala doğru gedirdi.

Müəyyən bir əqidə və məfkurə ətrafına toplanmaq istedadına malik olmayan kütlələr gündəlik siyasi hadisələri öz şəxsi mənfəətlərinə uyğun bir rəngə salmağa çalışırdı. Yenilik ümidi verən «Metropol» ətrafına toplananların əksəriyyətini biri digərinə qarşı qoyulan əqidələrin təşviqatçıları təşkil edirdi.

«Metropol»un qarşısında, Bakı milyonçusundan başlayaraq, Bakı dilənçisinə qədər hər tipdə adam görmək mümkün idi.

Biri digərini görmək istəməyən sinif və təbəqələrin nümayəndələri, ancaq burada biri digərini görür, burada da birləşirdi. Hələ əl ticarəti ilə məşğul olanlar otelin qarşısındakı faytonların ətrafında sanki səfərbər edilmişdilər.

Müxtəlif simalardan müxtəlif səslər və çürbəçür əqidə nümayəndələrindən siyasi söhbətlər, müxtəlif şey satanlardan isə çürbəçür tərif və qiymətlər eşitmək mümkün idi.

Ancaq bu səslər nə cür və nə kimi şivə ifadə edirsə-etsin, insan bunları eşidərkən belə bir qərara gəlirdi: «Bakı bahalıqdır, Bakı ziddiyyətlər şəhəridir». Bu səslər, Bakı proletariatının qurduğu Sovet hökumətinin qarşısına çıxan düşmənlərin barışmaz olduğunu göstərirdi. Menşevik, eser və daşnaq partiyalarının yaratdığı aclığın və çətinliyin böyüklüyünü ən xırda şeylərin qiymətlərində də təyin etmək mümkün idi.

– Jarnı fındıq! İyirmi dənəsi bir manat! – deyə səslənən uşağın yaxınında duran iki nəfər bir-birilə danışırdı:

– Bu da bolşeviklərin bizə vəd etdiyi cənnət! İyirmi fındıq bir manat! İndi gəl alıb külfət saxla, görüm necə saxlayacaqsan?

Bu sözə digəri cavab verdi:

– Sevin, sevin! Naşükür olma, hələ bunu da tapmayacaqsan. Çünki fındıq ağacları gündə fındıq gətirmir. Bir gün o da qurtaracaqdır.

– Onda bəs nə yeyəcəksən?

– Rusiyada xalq yeyən şeylərdən.

– Məsələn?!

– İt, pişik. Hərgah kifayət etməzsə, oğul-uşağı da yeyə bilərsən.

Söhbətə üçüncü biri girişdi:

– Sözü gərək başda, ürəkdə bişirib danışasan, lakin siz sözünüzü mədənizdən çıxarırsınız. Bunun üçün də pis iy verir. Siz ya bolşevik düşməni, yainki boşboğazsınız. Bir halda ki, çörək gələn yolları sizin həmməsləkləriniz bağlamışdır, o zaman bolşeviklər sizin qarnınızı haradan doyursun?

Bu söhbət birinci adamı əsəbiləşdirdi və o axırda danışana acıqlı bir sual verdi:

– Balam, bizim həmməsləklərimiz kimdir?..

– Müsavatçılar, nemsələr, türklər və Şimali Qafqaz əksinqilabçıları! Çörək yollarını sizin öz yoldaşlarınız bağladıqları üçün, bolşevikləri tənqid etməyə heç haqqınız yoxdur.

– Onlar nə üçün bizim yoldaşlarımız olur?

– Sözlərinizdən bəllidir.

Əvvəlkilər özü-özlərinə mırıldayaraq ötüb getdilər, ikinci bir səs eşidildi:

– Şor qoğal! Birisi beş manat!

Bu səs də təsirsiz qalmadı, yanında duran iki nəfər bir-birinə dönərək:

– Birisi beş qəpik olan şor qoğalına indi beş manat ver də, baş saxla görüm necə saxlayacaqsan?

Bir başqası:

– Öz bəlanızdır, – dedi, – şikayət etməyə haqqınız yoxdur. Öz qurduğunuz hökumətdir – özü yıxılan ağlamaz. Hələ bu nədir ki? Nə özləri məmləkəti idarə etməyi bacarırlar, nə də iş bacaran adamları iş başına qoyurlar. Doğru deyirmişlər: bolşeviklər deyirdi ki, «biz həyatın şəklini dəyişəcəyik», buna xalq inanmırdı, buyurun! Bu da həyatın dəyişmiş şəkli!

Başqa birisi darağını çıxarıb saqqalını daradı, burnunun deşiyindən görünən artıq tüklərdən bir neçəsini çəkərək asqırdı və dedi:

– Qoy ingilislər gəlsin, hərgah bu gün onlar Bakıya gəlsə, sabah Bakı bazarında İran malının əlindən boş yer tapmayacaqsan. Düyüsündən düyü, ləpəsindən ləpə, xuşkbarından xuşkbar, yağından yağ, balından bal, nə qədər meylin çəkirsə, al. Amma indi bolşeviklərin bərəkətindən boşça dükana icarə verib oturmuşuq. Sən öləsən. Məşədi Qulamhüseyn, həftələrlə tərəzi tərpənmir.

Dükançının sözlərinə qulaq asan başqa birisi:

– Sizin bütün fikriniz dükanınızın yanındadır, – dedi, – lakin sizin dükanınız olmasa da, yaşamaq olar.

Bu sözdən sonra iki səs birdən eşidildi:

– Buyurun, yaşayın görüm! Çörək görəndə elə bil ki, möcüzə görürsünüz.

– De görüm, məmləkətdə halal kəsb olmasa, alış-veriş olmasa, nə cür yaşamaq olar? De görüm! Nəyə durmusan? Bəs halal kəsb nədir?

Bu söhbətə qarasaqqal, başında buxara dərisindən dəyirmi papaq olan, üzü qırmızı, dişlərini daim ağardan bir nəfər də qarışaraq, yavaşdan dedi:

– Bu sözləri bir rus, bir erməni, bir yəhudi və ya bir moltanı desəydi, məni yandırmazdı. Amma bunu bir nəfər müsəlman deyir. Müsəlmanın bolşevik ağzına yaraşan bir söz danışmağı həqiqətdə də insanı naümid edir.

Qara və yoğun bığlı, gədək boylu, gözləri trahoma xəstəliyinə tutulmuş başqa birisi onun sözünü təsdiq edərək:

– Ağa düz buyurur, biz ağıllı olsaydıq, müsəlmanlar bu günə qalmazdı.

Kənardan bir səs eşidildi:

– Güc-bəla ilə Nikolayın əlindən qurtarmışıq, indi də padşahımız neft milyonçuları ilə Gəncə, Şamxor bəyləri olacaqdır, – dedikdə əvvəlki də ona cavabla:

– Milli namusun yoxdur, – dedi, – insafın yoxdur, bax gör bu da bir həyatdırmı?

Bu mövzuda gedən söhbətləri başqa birisi yarıda qoyaraq:

– Bolşeviklər tamamilə başqa cür düşünür, – dedi, – burjuaziyanın yaratdığı sənət, mədəniyyət, ticarət tamamilə məhv edilməlidir, daha açığı: dünyanı ibtidai halına gətirmək lazımdır. Yüksək binalar dağıdılmalı, insanlar, əvvəldə olduğu kimi, yenə ağaclarda yuva salmalıdırlar, meymunlara qoşulub meşələrdə gəzməlidirlər. Çayların kənarında dördayaqlılar kimi oturmalıdır. Daş, ağac, bürünc dövrünə keçməlidir... Qadınlarla kişilər bərabərləşməlidir. Yəni qadınlar da kişilər kimi işləməlidir. Başqa mənada, yəni ki, bütün bəşəriyyət işçi şəklinə düşməlidir. Mətbəx işçiləri də, qab-qacaq yuyan qadınlar da dövləti idarə etməyi bacarmalıdırlar.

Bunlar Leninin sözləridir. Bu sözlərdən rusiyalılar nə mənfəət götürübsə, qafqazlılar da elə mənfəət götürəcəkdir.

Bu sözləri danışan bədənçə çürümüş, fikri qədər süquta varmış, qiyafə və libas cəhətcə gülünc bir vəziyyət almış, ifadə və nitqcə istehza obyekti olmuş bir menşevik təbliğatçısı idi. «Metropol» otelinin qapısında toplanıb bir hadisə intizarında duran adamların çoxu, insanlığın mənfi şəklini almış bu menşevik təbliğatçısının zühurunu da bir hadisə kimi sayaraq, başına toplanmışdı.

Lakin o, bu toplanışı kütlənin menşevik təbliğatına qapılması kimi anladığından sevinir və özünə kütlə tərəfindən böyük hörmət bəsləndiyini zənn edirdi.

O, tərz-ifadəsində fövqəladəlik göstərməyə və menşevik təbliğatını dərinləşdirməyə çalışırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 мин
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 мин
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 мин
Şeyx Əbdüləzəl gəlir

İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.

16 мин

Стихи других поэтов