Polkovnik Berezovski
Təbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.
Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.
Axşamçağı idi. Mühüm bir işimin olmadığını nəzərə alaraq, faytonu qoşdurub erməni məhəlləsinə getmək, Arşak Surenyans ilə görüşmək istədim. Arşak ağıllı, tədbirli, igid bir inqilabçı olduğu kimi, çox da məzəli bir oğlan idi. Hələ Səttar xan Təbrizdə olduğu zamanlarda, həmişə çətin və kədərli günlərdə qulluqçusu Mirzə Məmmədə deyərdi: «Sən olasan mənim canım, Arşakı tapıb bura gətirinə.
Müharibə günlərində mücahidlərdən bir çoxu Arşak olduğu səngərlərdə vuruşmaq istərdi.
Arşak daim and içirdi ki, əlinə tüfəng alandan bir gülləsinin havayi getdiyini xatırlamır. Arşak farsca, azərbaycanca, rusca, ingilis və fransızca bir ədib kimi danışa bilərdi. O, gənc olduğuna baxmayaraq, yeddi-səkkiz sənət öyrənmişdi. Lakin bu sənətlərin heç birisindən istifadə etməzdi.
Onun daimi və əsas peşəsi saxta ingilis banknotu düzəltməkdən ibarət idi. O, üstü xBangi-şahənşahi-İranə yazılı saxta ingilis paralarını öz qiymətinə xərclərdi. Onun kimi rəhmli, insaflı, vicdanlı və səmimi adamlara az-az təsadüf olunurdu. Eyni zamanda o, inqilab düşmənlərinə qarşı olduqca inadlı, rəhmsiz və amansız bir adam idi. Yalnız Rəfizadə və Rzabalanı deyil, Səttar xan zamanında belə edama məhkum olanların əksəriyyətini Arşak şəxsən edam etmişdi.
O, subay idi. Birinci kərə gözəl və gənc bir erməni qızıyla evlənmək istəmişdi, qız Xoy şəhəri ermənilərindən idi. Toylarına bir həftə qalmış qardaşının əlindəki tüfəng açılıb qızın köksünü deşmiş və öldürmüşdü. Arşak qızın meyidini qucağına götürüb öpmüş və: eMənim də ailə həyatım səninlə bərabər öldülə – demiş və o zamandan bəri evlənməmişdi. O, bir kərə Culfadan silahları Təbrizə gətirmək üçün Ninayla yalandan evlənmişdi. Son zamanlar onun qazandığı pullar yetimlərə sərf olunurdı. Onun iyirmi nəfər yetim uşağı var idi: doqquzu qız, on biri oğlan idi. Gözəl yetimxana düzəltmişdi. Onları tərbiyə etdirir və öz bildiyi sənətləri onlara öyrədirdi. Mən bir çox zamanlar onun yetimxanasına tamaşa etmək üçün Arşakın evinə gedirdim.
Axşam idi, qaranlıq düşürdü, faytona oturub Arşakın evinə gəldim. Arşak yetimxanada idi, xidmətçi qoca qadın məni görən kimi:
– Buyurun! Buyurun! - dedi. – Arşak uşaqlarla bərabər şam yeməyinə məşğuldur. Buyurun içəri!
Mən soyunub, paltomu və papağımı Arşakın otağında qoyub, yetimxananın yemək otağına girdim, salam verdim. Uşaqların heç biri ayağa qalxmadı, çünki xörək yedikləri zaman ayağa qalxmamaları tapşırılmışdı, lakin onlar €Xoş gəldinizlə – deyə məni qarşıladılar.
Arşak süfrənin yuxarı tərəfində oturmuşdu, yetimlər isə ətrafda oturub yemək yeyirdilər. Qızlarla oğlanlar qarışıq oturmuşdular. Mən Arşakın yanında əyləşdim, dərhal mənim üçün də yemək gətirdilər. Mən yetimlərə nə cür xörək verilməsi ilə maraqlandığım üçün xörəkdən yeməyə başladım. Xörəklər kişmişlə bişirilmiş ətsiz plov, baldan və düyü unundan hazırlanmış halva və firnidən ibarət idi. Arşak:
– Axşamlar yüngül xörəklər veririk, – dedi.
Xörəklər olduqca lətif və ləzzətli idi. Yeməkdən sonra hər birisinə bir stəkan çay gətirdilər, çaydan sonra uşaqlar süfrədən qalxıb sıra ilə düzüldülər və bir səslə:
– Sağ ol, mehriban ata! – deyərək öz otaqlarına getdilər. Qızların və oğlanların yataq otaqları ayrı idi. Arşak onların dalınca bir az baxdıqdan sonra şad bir surətdə mənə dönərək:
– Doğrusunu söyləyin, nə kimi bir qadın tapa bilərdim ki, mənim üçün iyirmi nəfər övlad doğa bilsin? – dedi.
– Bunlar hansı millətin uşaqlarıdır? – deyə soruşduqda Arşak gülərək:
– Bütün İranda yalnız bu iyirmi nəfər yetim, millət nə olduğunu bilmir, - dedi.
Mən yenə də sual verdim?
– Hansı millətdəndirlər?
– 7 nəfəri azərbaycanlı – müsəlman, 6 nəfəri erməni, 1 nəfəri yəhudi, 2 nəfəri asori, 1 nəfəri rus, 1 nəfəri də kimliyi bəlli olmayan uşaqdır.
Arşak onlara öz bacardığı saatsazlıq, başmaqçılıq, zərgərlik sənətlərini öyrədirdi. Onlar üçün açdığı emalatxananı da mənə nişan verərək əlavə etdi:
– Bunların hamısını sənətkar edəcəyəm... Qızları ərə verib, oğlanları da evləndirəcəyəm.
Uşaqlar yatdılar, biz Arşakın otağına keçib söhbətə başladıq.
Arşak birinci söhbətində mənim son Culfa səfərimin «qazancları» haqqında danışıb dedi:
– Bu gün axşam saat 7-də sizin Culfadan gətirib Temuryanın evində yerləşdirdiyiniz müsafirdən belə bir məktub aldım:
“Cənab Arşak, sizdən çox rica edirəm ki, bizə hər kəsdən artıq məhəbbət göstərən Əbülhəsənbəyin ünvanını məlum edəsiniz. Biz, necə siz cənaba, eləcə də ona şəxsən təşəkkür etmək istəyirik. Bundan sonra sizə artıq zəhmət vermək istəməyəcəyik, çünki ərim gəlmişdir. Çox rica edirik ki, bizim bu sifarişimizi Əbülhəsənbəyə yetirəsiniz.
Yelena Berezovskaya)
Bu məktub məni şübhələndirdi. «Bu qadın Berezovskidən ayrılmışdı, o bunları atıb getmişdi, – dedim. – İndi onun Təbrizə gəlməsi və öz ailəsinə qovuşmağının mənası nədir? Hər halda onun Təbrizə gəlməsi və öz ailəsi ilə birləşməsində mühüm bir sirr gizlənməmiş deyildimə.
Fayton getmişdi, o məni aparmaq üçün gecə saat 1-də gəlməli idi. Buna görə də Arşaka tapşırdım:
– Hərgah fayton bura gələrsə, dayanıb məni gözləməsini tapşırarsan, mən bu saat Temuryanın evinə gedib Yelenanı görmək istəyirəm. Onun əri Berezovski ilə də tanış olmaq istəyirəm.
Qalxıb paltomu geyindim.
Gecə olduqca ayaz və şaxtalı idi. Ay Uçan dağları ilə Savalan və Səhənd dağları ətrafında dolaşıb, sirlərlə dolu olan Təbriz gecəsinin qara qəlbinə işıq salmaq və ondan bir şey öyrənməyə çalışırdı.
Artıq aydan və ulduzlardan şəfəq alan bu gecədə mən hər tərəfə baxırdımsa, brilyantlara bürünmüş bir kainat görürdüm. Ulduzların şəffaf çöhrəsini buz tutmuş suların güzgüsündə gördükcə, qış gecəsinin bu tamaşasına cəzb olub baxırdım.
Qabaqda bir faytonun durduğunu görüb söyüd ağacının dalısına çəkildim. Fayton Berezovskinin ailəsi yaşayan qapıda durmuşdu. Soyuğun şiddətinə baxmayaraq, burada yarım saatdan artıq durdum, nəhayət, Temuryanın qapısı açıldı, iki nəfərin dışarı çıxdığını gördüm. Onların ikisi də faytona yanaşdı. Ay işığı idi, onları lazımi qədər görə bilirdim. Onlardan biri ikincisinin qolundan tutub faytona qaldırdı və faytonda oturan onunla vidalaşdığı zaman: sDo svidaniyeə dedikdə, onun rus olmadığını yəqin etdim. Bu adam erməni və müsəlman da deyildi, onun ingilis olduğunu zənn etdim. Fayton yanımdan keçərkən ona bir daha baxdım, lakin paltosunun yaxasını qaldırdığı üçün üzünü görə bilmədim, mənə elə gəlirdi ki, başındakı şlyapa idi.
Fayton keçib getdikdən sonra on beş dəqiqə də düşündüm. Berezovskinin evinə girib-girməmək barəsində düşünürdüm, nəhayət, öz-özümə: «Gizlənmək yaramaz, – dedim, – içəri girmək və tanış olmaq, məqsədə yol aramaq lazımdır). İrəliləyib çaxçaxı vurdum, bir neçə dəqiqədən sonra qapının dalından bir səs gəldi:
– Qapını döyən kimdir?
Bu, Ksenyanın səsi idi.
– Sizin müsafir yoldaşınızdırl – dedikdə o, sevinərək qapını açdı, əllərimi tutub sıxdı və yavaşdan:
– Atam gəlmişdir. Anam onunla barışmışdır, mənsə barışmamışam, sonra danışarıq. Sizə məktub göndərəcəkdim, atama inanmayın.
Qız məndən əvvəl qayıdıb evə xəbər verdi, mən uzun həyətin xıyabanilə gedib, balkona çıxıncaya qədər ailənin hamısı balkona çıxıb məni qarşıladı. Əvvəlcə Berezovskinin özü əlimi sıxaraq rusca:
– Arzusunu çəkdiyim bir şəxsiyyəti görməkdən nə qədər şad oldum, - dedi.
Bir qolumdan arvadı Yelena, o biri qolumdan da özü tutub məni apardılar. Birlikdə dəhlizə, oradan da otağa daxil olduq.
Mən bir daha Yelena, Ksenya və Silvanın əlini sıxdım və keflərini xəbər aldım. Berezovskinin özü isə şadlığından nə edəcəyini bilmirdi. Doğrudan da, onda özümə qarşı inkaredilməz bir məhəbbət hiss edirdim.
Oturduq. Berezovski sözə başladı:
– Doğrudur, mənim o qədər elmim yoxdur. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam, lakin mən imperatordan özümə nisbətən bu böyük mərhəməti görürkən zabitlik adını doğrultmağa və bu adı daşımaq səlahiyyətini əldə etməyə çalışmışam. Buna görə də Rusiya imperiyası daxilində yaşayan xalqları lazımi qədər oxuyub öyrənmişəm. Şərqi çox gözəl bilirəm, onların adət və ənənələrini bir şərqli qədər bilirəm. Onların səxavət və mərdanəliyi məni çoxdan bəri özlərinin məddahı etmişdir. Lakin mən Şərqdə birinci olaraq sizin kimi adamlara təsadüf edirəm. Mən Təbrizə gələn gündən ailəm sizin alicənablığınız haqqında mənə danışdı. Onların siz cənabın hesabına yaşadıqlarını, hətta osmanlı kürdlərinin Təbrizə gəldikləri zaman da ailəmin sizin tərəfinizdən müdafiə olunmasını eşidərkən o qədər də təəccüb etmədim, çünki sizə məlum olduğu üzrə mənim ailəm zahiri görünüşündə olduqca gözəldir. Şübhə yoxdur ki, bu cür ailəyə qohum olmaq məqsədi ilə Şərqdə bir çoxları öz sərvətini əsirgəməz. Lakin xanımım və qızım sizi mənə tamamilə nümunəvi bir insan kimi tanıtdılar, özüm də Təbrizə gələn gündən buna inandım. Sizin bu qədər səmimi iltifatınıza qarşı təşəkkür etməklə bərabər, bunu da deməliyəm ki, ailəmə sərf etdiyiniz paraları borc vermiş olsaydınız, onları artıqlığı ilə verməyə qüdrətim var idi, yaxud zəngin bir adam olmasaydınız, sizə əlimdən gələn qədər maddi yardım göstərərdim. Qısaca deməliyəm ki, sizə də, ailəmə öz bacıları kimi pərəstarlıq edən yoldaşınıza da borcluyam.
Berezovski sözünü bitirmişdi ki, Ksenya, mən cavab verməzdən əvvəl sözə başlayaraq dedi:
– Mən anamı qarşılamaq üçün Culfaya getməyə hazırlaşdığım zaman dünyada özümdən də bəxtsiz bir qız bilmirdim, lakin cənab Əbülhəsənbəylə birinci kərə söhbət etdiyim zaman onun şirin söhbətləri bütün bədbəxtliklərimi unutdurdu.
Berezovski qızına cavab olaraq:
– Hərgah cənab indiyə qədər kişisiz evə gəlməkdə özünə qarşı şübhə qazandırmaqdan çəkinmişsə də, bundan sonra bizim qapımız onun üzünə açıqdır. Daim söhbət edin, gəzməyə və əyləncələrə birlikdə gedin. Qoy sənin xoşbəxtliyin özünə qayıdana qədər, ağanın müsahibəti sənin bəxbəxtliklərini unutdursun, – dedi.
Berezovskinin arvadı da danışdı, Silva da evlərinə tez-tez gəlməyimi arzu etdi, sonra danışmaq növbəti mənə yetişdikdə o, əllərini dizi üstünə qoyub gözlərini ağzıma dikdi.
– İnsanların təbiəti müxtəlifdir, – dedim. – Onlardan bir çoxu sərvəti sevir, gözəlliyə səcdə edir, ad və şöhrəti sevir, bəziləri də çətinlik qarşısında qalan bir qəlbi sevindirməklə şadlanır. Mən də daima vicdanımın tələblərinə cavab vermək üçün çətinlik qarşısında qalanları axtarıram, onları çətinlikdən qurtarmağa çalışıram, elələrini şad gördüyüm zaman nəşələnirəm, vicdani zövq alıram. Xüsusən qadınları öz vicdanı əleyhinə bir hərəkətə məcbur edən iqtisadi ehtiyaclarla mübarizə etməyi sevirəm. Bunun üçün heç bir kəsdən mərhəmət gözləmirəm. Yeganə bir ehtiyac və arzum varsa, o da tutduğum bu yolu davam etdirmək üçün imkan əldə etməkdən ibarətdir.
Berezovski:
– Sizi anlayıram! Mənim də arzum sizə layiqli bir yaxşılıq etməkdən ibarətdir, – dedi.
Gecəni keçirdik, vidalaşıb çıxdığım zaman evlərinə tez-tez gedib-gəlməyimi təkrar olaraq xahiş etdilər. Yenə də Ksenya məni qapıya qədər yola saldı və qapıda yavaşdan:
– Sabah saat 12-də, Şəmsülimarə qapısında məni gözləyin, – dedi.
Mən çıxıb Arşakın evinə gəldim, çünki fayton məni orada gözləyəcəkdi. Berezovskinin evindən naməlum adamın çıxdığını və sairələri Arşaka söhbət etdikdən sonra Berezovskinin evinin nəzarət altına alınmasını tapşırdım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-polkovnik-berezovski
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İkinci şəkilAstiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.*
Üçüncü pərdəBeşinci şəkilSuraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir.*
Dördüncü pərdəAltıncı şəkilPadşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.*
Beşinci pərdəYeddinci şəkilFəramərzin kəndidir. Bir kəndli həyətidir. Alçaq pillələrlə bir balkona çıxılır. Kəndin qızları və oğlanları oxuya-oxuya işdən qayıdırlar.*