Birinci pərdə vaqe olur bir qoyun otlağında. Ara-sıra xurma ağaçları görünür. Qoyun sürüləri Şəriənin kənarında yatırılmışdır. Yə’qubun çoban qiyafətli oğlanları xurma ağaçlarının kölgəsində toplanıb danışırlar. Hava çox istidir. Yə’qubun oğlu Cad çoban qiyafəsində gəlir və çox qeyzli bir surətdə qardaşlarına yanaşır.

Cad — Qovurur beynimi atəşli səma,
Bir cəhənnəm bu hərarətlə fəza.
Qarışıb qumlara qaynar bədənim,
Bir yanar oddan ibarət vətənim.
Bu əziyyətlə sevilməm yenə mən,
Ölürəm məhbəsim olmuş bu vətən.
Bir oğultək məni sevməz pədərim,
Min həqarət doğur axşam-səhərim.
Altun olsam da məni sevməyəcək,
Yaşadıqca məni təhqir edəcək.
Köləyəm mən, köləđir çünki anam,
Ondan ötrü məni sevməzmiş atam.

Nəfta — (Kinayə ilə)
Sən doğulsaydın əgər Rahilədən,
Sevdirərdim səni Yusif kimi mən.
Çobanıq biz, atamız saymış həqir,
Köləyik biz, o, əsilzadə sevir.
Hamımız onca dəyərsiz bir oğul, Hələlik Rahilənin oğlu qəbul.
Bu şərəfsizliyi mən heç çəkəməm,
Qoy bütün varlığım olsun bərhəm.
Şaşıram Yusifi sevdikcə o pir,
Kişilərtək ölərəm olmam əsir.
İntiqam almamış aram olmam,
Öz qüsurundan utansın qoy atam.

Şəm’un — (Arxasında bir dağarcıq yemək şeyləri olduğu halda öz-özünə danışaraq gəlir)
Daima keçdi çobanlıqda həyat,
Üzümüz gülmədi heyhat-heyhat!
Bu həqarətlərə yox başqa cəhət,
Atamızdır yenə nöqsanlı, əvət.
Bir oğul çox sevilirsə, biri az,
Belə bir ailə xoşbəxt olmaz.

Yəhuda xurma ağaçlarının altında yatmışdır. Bu danışıqları eşidərək oyanmaq istəyir.

Nəfta — (Şəm’una)
Sus daha dinmə, danışdınsa yetər!
Bu işi vermə Yəhudaya xəbər.

Yəhuda — (Gözlərini silə-silə gəlir)
Qorxmayın, mən də həmin fikirdəyəm,
Sizə heç fikirdə xain deyiləm.
Atamız fitnələr eylər icad,
Sevgisindən doğulur bizdə fəsad.
Yusif istəkli oğul, bizsə çoban,
Atamın cümlə təşəbbüsləri qan.
Atamız bizlə rəqabətlər açar,
Gələcək sülhə birər süngü saçar.
Səhvin islaha çalışmazsa əgər,
Dözəməm qəmlərə, dözdümsə yetər.
Mən özüm Yusifə xain deyiləm,
Həsədim məndə çəkilməz bir ələm.
Ola, ya olmaya Yusifdə günah,
Yenə də olmuşam ondan ikrah.

Raubin — (Arxasında bir tuluq su gəlir)
Qardaş öz qardaşına xain ikən,
Gülürəm ailənin sülhünə mən.
Əqlisiz, duyğusuz övladı ata,
Nə məziyyətlə sevərmiş əcəba?
Özümüz sevgiyə layiq deyilik,
Ona kəndimizi sevdirməmişik,
Eybdir Yusifi tənqid etmək,
Fəxr edək, çünki bizimdir o çiçək.
Biz kimi xaini sevməzsə o pir,
Məncə Yusifdə deyildir təqsir.

Nəfta — (Qılıncı çəkib Raubinə hücum edərkən qardaşları mane olur).
Qaçma dur, öldürüm əvvəlcə səni,
Bu həqarətlər usandırdı məni.
Dün keçərkən eşidirdim qapıdan,
Yusif eylərdi bir əfsanə bəyan.
Dedi Yə’quba o xülyalarını,
Söyləyirdi ona rö’yalarını.
Onu tə’bir edərək xain atam,
Bizləri Yusifə qul etdi tamam.

Yusif təpənin üstündə görünür.

Şəm’un — (Nəftaya)
Sakit ol, faidəsizdir bu səda,
Yox çığırmaqda, bağırmaqda dəva.
Hilədən məqsədə yol tapsaq əgər,
Qorxmayın, kəsb edərik fəthi-zəfər.

Cad — Heç siyasət bir əlac etməyəcək,
Müşkülü birçə qılınc həll edəcək!

Yusif — (Gəlib yetişir)
Bir təhlükədir məncə bu atəşli səyahət,
Yox məndə cəhənnəmləri seyr etməyə taqət. Hissimdə böyük qorxu doğurmuş bu tamaşa,
Mən sizdə məhəbbət qoxusun duymadım əsla.
Qardaş deyərəkdən sizə ruhumla inandım,
Bir hilə zühurunda fəqət səhvimi qandım.
Sizlərdə vəfa olmadığın bilməz ikən mən,
Heç kimsəni fikr etməz idim zatimə düşmən.
Qardaş deyərək düşmənə aldanmışam hər dəm,
Əksinçə zühur etdi mənim cümlə düşüncəm.

Şəm’un — Çox etmə fəğan, şad olacaqsan bu yuxundan.

Yəhuda — Ulduzlar olar imdi sənə burda nigəhban.

Cad — Etdiklərimiz məncə deyil zatinə təhqir.

Dan — Nəql eylədiyin vaqiədən bir yeni tə’bir.

Nəfta — (Yusifin yaxasından tutur)
Ay, gün edəcək indi sənə səcdə bu yerdə,

Şəm’un — Sultan olacaqsan bu səadətli səfərdə.

Yəhuda — Çəksən bu gün aclıqda, susuzluqda məşəqqət,
Bir gün gələcək üz verəcəkdir sənə ne’mət.

Dan — Rö’yaya qapıldın, quru xülyaya inandın,

Şəm’un — (Vurur)
Sultan olacaq günlərini doğurmu sandın?

Yəhuda — Şad olma əbəs, vermərik ol fürsətə imkan,

Dan — Xülyaların artıq çıxacaq burda yadından.

Yusif — (Raubinə sıxılır)
Bir öylə vəfasızlığa yol verməmişəm mən,
Qardaşlarım olsun mənə cani kimi düşmən.
Lakin nə edim məndə əgər yoxsa da nöqsan,
Qardaşlarımın şübhəsi yapmış mənə üsyan.
Nöqsanlı bəşər məhv olur öz şübhələrində,
Kəndisi deyil şübhədən ayrı nəzərində.
Xəllaqi müəmma, səbəbi-xilqəti mübhəm,
Bayğın bəşərin varlığı bir şübhə müsəlləm.
Bir maddə ki, öz varlığını bilməmiş hala,
Təhlilinə heç fəlsəfə yol tapmamış əsla.

Raubin — Qoymam səni bir kimsə vurub etsin əziyyət,
Bir qətlə varıb çıxmayacaqdır bu cinayət.
Ruhim var ikən öldürə bilməz səni bir kəs,
Dünyanı fəqət varlığın etmiş bizə məhbəs.
Tə’mini-həyat etməyə qətlin bizə mətlub,
Bu qətlə rizayəm mən əgər olmasa Yə’qub.

Şəm’un — Bilməm bu nə xülya, bu nə sərsəm, bu nə göftar?

Dan — (Açıqlı)
Əvvəlcə bu xülyanı nədən qılmadın izhar?

Cad — Sən də bizə Yusif kimi bir düşmən imişsən,

Yəhuda — Qardaşlarına verdiyin iqrarına əhsən!

Şəm’un — Kən’anə bu gün Yusif əgər eyləsə övdət,

Dan — Bax bir nə olar gördüyünü eyləsə söhbət?!

Yəhuda — (Raubinin yaxasını tutur)
Səhv eyləmə, söylə nə olur halımız ondan?

Cad — At fikrini, hifz etmə bunu, sapma yolundan!

Şəm’un — Məhv eyləyəlim bir daha bitsin bu kəşakəş.

Yəhuda — Yoxsa yaxacaq bizləri axırda bu atəş

Dan — Qətl etməliyik Yusifi gülsün bizə iqbal.

Cad — (Raubinə)
Bir çarə düşün, varlığımız olmaya pamal.

Şəm’un — (Raubinə)
Öz əzmi-səbatında durub eyləmə nöqsan.

Yəhuda — On bir kişini eyləmə bir Yusifə qurban.

Yusif — Ölmək məni bir zərrəçə qorxutmayır əsla!
Yoxsa belə cahil yaşayışlarda nə mə’na?
Bir məqsəd üçündür yaşamaq dəhrdə ancaq,
Biləks ölümdən çəkilən varmı bir alçaq?
Min dəfə öləm verməz ölüm qəlbimə dəhşət,
Ancaq yaşasam eylərəm insanlığa xidmət.

Şəm’un — (Yusifə)
Qardaşlara bir nifrət oyandırdı hüzurun,
Qoy kəndinə qalsın bu qədər kibrü qürurun.

Nəfta — Ancaq qılınc iqbalını tə’yin edəcəkdir,
Aləm bu cinayətlərə əhsən deyəcəkdir.

Yəhuda — Boş bir quyuda eyləyəlim Yusifi pünhan,
Qalsın o qaranlıq quyuda, ölsün acından.
Əlvan edərik köynəyini qırmızı qandan,
«Qurt yırtdı» deyib söylərik hər yerdə yalandan.

Raubin — Razı deyiləm Yusifi məhv etməyə hərgiz,
Ancaq bir uzaq ölkəyə qultək satarıq biz.
Tutmuş bu yaxın sahədə bir qafilə məskən,
Siz sakit olun Yusifi qultək sataram mən.

Qardaşlar — (birdən)
Yusif satılan vaxtda qaldırmaya bir səs,
Qul olduğunu qafilədə qanmaya bir kəs.

Yusifin yaxasından tutub dartıb aparırlar.

Pərdə düşür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 мин
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 мин
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 мин
Kaman

Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı.Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı.

9 мин

Стихи других поэтов