Страница 1 из 2

Atabəyin Qətibəyə evlənməsi məmləkətin hər tərəfinə xəbər verilmişdi. Buna görə də bu şənliyi təbrik etmək və toy ziyafətində iştirak eləmək üçün hər tərəfdən nümayəndələr gəlmişdi. Birinci heyət Soltan Toğrulun tərəfindən gəlmişdi. Atabəyin özü isə Qızıl Arslandan heyət gözləyirdi. Qızıl Arslanın nə təbrik məktubu, nə də heyət göndərməməsindən kədərlənir və düşünürdü. O, Qızıl Arslanın bu izdivacdan razı qalmayaraq toya düşmən gözü ilə baxmasından qorxurdu. Çünki Qızıl Arslan məmləkətin idarəsi işində Toğrul kimi laqeyd deyildi. O, hansı məmləkəti idarə edərsə, orada asayiş və intizam olmalı idi.

Qızıl Arslanın etinasızlığından Atabəy Məhəmməd nə qədər kədərlənirsə, onun gənc mələkəsi Qətibə bir o qədər sevinirdi. Çünki Qətibə Nizami ilə dostluq əlaqəsi bəsləyən bu hökmdarı görmək istəmirdi. Qətibə, bu ixtilaf nəticəsində Qızıl Arslanın Azərbaycan hökumətindən götürüləcəyi və bununla da atasının Şimali Azərbaycan hökumətində yaşaya biləcəyini zənn edirdi. Bunun üçün Qətibə daima Atabəy Məhəmmədi gördüyü zaman deyirdi:

– Qaynım mənim bu xoşbəxtliyimə dostanə bir nəzərlə baxmaq istəmədi. Bilmirəm, bəlkə də mən Eldəniz xanədanının şərəfi üçün bir ləkə hesab olunurmuşam?

Qətibənin bu sözlərinə Atabəy Məhəmməd təskinedici cavablar verirdi. Lakin o, qəlbində yenə də Qızıl Arslanın bu işdən narazı qaldığını təyin edirdi. Çünki Atabəy Məhəmməd izdivac haqqında qardaşına göndərdiyi məktuba da cavab almamışdı. O, məktubunda bu izdivacın siyasi əhəmiyyətini qeyd etmişdisə də, lakin Qızıl Arslan bu əhəmiyyətə tamamilə mənfi bir nəzərlə baxırdı. O bilirdi ki, Atabəy Məhəmmədin bu izdivacı, Şimali Azərbaycanı təzədən qurmaq işinə və xəlifə nüfuzunun aradan qaldırılması məsələsinə əngəl törədəcəkdir. Qızıl Arslan bilirdi ki, xilafət məsələsi öz əhəmiyyətini itirdiyi bir zamanda, xəlifə ilə qohum olmağın heç bir siyasi əhəmiyyəti ola bilməz.

Lakin, Atabəy Məhəmməd böyük qardaşı olduğu üçün Qızıl Arslan onu bu izdivacdan çəkindirməyə cəsarət etmədi, vaxt da keçmişdi, çünki bu izdivacın xəbəri kəbin kəsiləndən sonra Qızıl Arslana verilmişdi.

Atabəy Məhəmməd Qızıl Arslana bu izdivacın siyasi əhəmiyyəti barəsində məktub göndərdiyi günlərdə, Nizami də Qızıl Arslana bir məktub göndərmiş və bu izdivacın siyasi bir əhəmiyyətə deyil, siyasi bir pozğunluğa səbəb olacağını qeyd etmişdi. Nizami məktubunda Azərbaycan üçün təzə bir bədbəxtlik üz verəcəyini qeyd etmiş və Qızıl Arslanın ehtiyatla hərəkət etməsini lazım bilmişdi.

Nizaminin dostanə nəsihətlərini nəzərə alaraq Qızıl Arslan qardaşına bir təbrik məktubu ilə bərabər, təzə mələkə üçün də bir cüt quş yumurtası böyüklüyündə zümrüd sırğaları hədiyyə göndərmişdi.

Qızıl Arslan təbrik heyətini hədiyyə ilə bərabər göndərdiyi zaman, Nizamiyə də bir məktub yazıb ondan heyətin sədrliyini öhdəsinə götürməyi və öz tərəfindən Atabəy Məhəmmədi və mələkəni təbrik etməyi rica etmişdi.

Lakin təsadüfi olaraq Azərbaycanda şiddətli yağışlar yağdığı və Naxçıvanlı Ziyadilmülk tərəfindən qayırılmış körpünün su altında qalması nəticəsində Qızıl Arslanın göndərdiyi heyət lazımi vaxtında Gəncəyə yetişə bilməmişdi.

Toy ziyafəti başlanmışdı. Gürcüstan, Şirvan, Xarəzmşah, Qazan xan, Qara xatay məmləkətləri tərəfindən göndərilən nümayəndələr hamısı vaxt ikən təyin olunmuş kürsülərdə oturmuşdu. Lakin Atabəyin sağ tərəfində qoyulan kürsülər boş idi. Onlar Atabəy Məhəmmədi, Qızıl Arslan əleyhinə hazırlamaq üçün Əmirin tapşırığı ilə boş buraxılmışdı. Sağ tərəfdə boş qalan kürsülər, Atabəy Məhəmmədin sağ əli olan Qızıl Arslanın etinasızlığını elan etmək demək idi. Boş kürsülərin dalında vurulmuş xalçanın üzərində “Azərbaycan nümayəndələri” yazılmışdı. Atabəy Məhəmməd Azərbaycan nümayəndələrinin kürsülərini boş gördüyü zaman Qızıl Arslanın bu cürətinə qarşı o qədər qəzəbləndi ki, qəlbi partlamaq dərəcəsinə gəldi. Musiqinin və xanəndənin səsi, qarşısında fırlanan zərif əndamlı rəqqasələr onun acığını daha da artırırdı. Atabəy qəlbində öz-özünə deyirdi: “Yox, artıq qardaşımla müştərək iş aparmaq imkan xaricində qaldı. Toy bitən kimi İraq, Rey və Fars qoşunlarını götürüb Azərbaycan üzərinə yürüyəcəyəm. Azərbaycanda hökumət təbəddülatı yaratmamış qəlbim sakit olmayacaqdır”.

Əmir, Atabəyə göz qoymuşdu. O, məqsədə nail olduğunu zənn edərək, qəlbində başqa bir toyun nəşələri ilə əylənirdi. Eyni zamanda qızı Qətibə də Azərbaycan nümayəndələrinin gəlib-gəlməməsini yoxlamaq üçün öz adamları vasitəsilə tez-tez salonunu öyrənirdi, o da özünü qalib hesab edərək, məşşatənin əlindən qurtularaq anasını öpürdü.

Toy məclisinin vəziyyəti birdən-birə dəyişdi. Xidmətçi salona daxil olub ərz etdi:

– Cənubi Azərbaycandan və Şimali Azərbaycandan göndərilmiş heyət gəldi.

Atabəy şadlığından oturduğu taxtın üzərindən qalxdı, onun başında qaynaşan qara fikirlər, qəlbini sıxan ağır duyğular bir anda dağılıb getdi. Heyətin gəlməsi Atabəy üçün ikinci bir bayram oldu.

Atabəy və Əmir İnancın gözləmədiyi bir halda, qabaqca böyük şair Nizami, onun dalınca Qızıl Arslanın vəziri Şəmsəddin heyət üzvlərilə bərabər toy məclisinə daxil oldular. Şəmsəddin irəli gəlib baş endirdi və Qızıl Arslanın məktubunu təqdim etdi. Atabəy məktubda Cənubi və Şimali Azərbaycandan təbrik üçün vəkil edilmiş heyətin siyahısını oxuyandan sonra şad bir çöhrə ilə Nizamiyə tərəf baxıb dedi:

– Möhtərəm sədr, buyurub öz yerinizdə oturun!

Nizami və Şəmsəddin Atabəy Məhəmmədin sağ tərəfində, heyət üzvləri isə başqa kürsülərdə yer tutdular. Atabəy Məhəmməd heyət üzvlərinə müraciətlə:

– Mənim bu xoşbəxt günümü təbrik etmək üçün xoş gəlib səfa gətiribsiniz, – dedi və məclisə xitabla əlavə etdi: – Qardaşım Qızıl Arslan mənim bu xoşbəxtlik bayramımı təbrik üçün göndərdiyi heyətə böyük şair Nizamini sədr təyin etmişdir. Bu təyin, mənim üçün üçüncü bir xoşbəxtliyi təşkil edir. Bu vəzifəni iltifatla öhdəsinə götürmüş olan şairə təşəkkürlər edirəm.

Bu xəbər toy ziyafəti salonunda nə qədər şadlığa səbəb oldu isə bəzək otağında da o qədər həyəcan və heyrətə səbəb oldu. Qətibə bu xəbəri alan kimi saçlarını məşşatələrin əlindən alaraq iki əlləri ilə qarmaqarışıq etdi, üstündəki zinətləri dartıb qırdı, qarşısında içi qiymətli daşlar, cıqqalar, gərbəndlər, xalxallar, şəddə-şəddə incilər qoyulan gümüş tabağı götürüb xalçaların üzərinə səpdi, məşşatələrin əllərindəki ətir şüşələrini alıb otağın aynalı divarına çırpıb sındırdı. Saçlarının üstünə vurulmuş almaz cıqqanı çıxarıb bir tərəfə atdı, zinət verən qadınların hər birisini bir tərəfə itələyib öz yataq otağına qaçdı, üzü üstündə yatağına yıxılıb ağlamağa başladı. Vaxt keçirdi, bir saatdan sonra yengələr onu Atabəyin otağına aparmalı idi. Xacə Müfid toy salonuna girib Əmirin qulağına nə isə pıçıldadı, Əmir qonaqlara hiss etdirmədən qalxıb getdi.

Bir tərəfdən Əmir, o biri tərəfdən də Safiyə xatun Qətibəni sakit edərək deyirdilər:

– Birinci gündən bu cür şıltaqlıq etmiş olsan, öz ərinin məhəbbətini itirə bilərsən. Əvvəlcə onu öyrənməlisən, o nəyi sevirsə o cür hərəkət etməlisən. Bir çox ərlər vardır ki, şıltaqçı qadını sevməz, bir çox ərlər də vardır ki, qadın şıltaqlığından nəşələnərlər. Hələlik Atabəyi öyrənmədən şıltaqlıq etsən, rüsvayçılığa səbəb ola bilərsən. Madam ki, Atabəy səni “mələkəm” deyə adlandırır, o zaman sən hər bir şeyi tədrici olaraq həyata keçirə bilərsən.

Qətibəni sakit edərək yatağından qaldırdılar. Ata və ana ona nəsihət verə-verə gətirib məşşatələrin sərəncamına verdilər.

Toy məclisindəki şadlıq davam edirdi, Atabəy Məhəmməd, Qızıl Arslan göndərən məktubu oxumaq üçün öz katibi Polada verdi. Polad ayağa qalxaraq məktubu oxumaq istərkən, bunu Qətibəyə xəbər verdilər, qız yenə məşşatə qadınların əlindən çıxıb, ziyafət salonundakı pərdələrin dalına qaçdı və məktuba qulaq asmağa başladı.

Polad məktubu oxudu:

“Əlahəzrətin izdivac xəbəri Cənubi Azərbaycan xalqının milli bayramı şəklini aldı. Şəhərlər, kəndlər xalq nəğmələri və musiqi tərənnümləri altında bayram edir, bazarlar, çarsular bəzənmiş və çırağbanlıq nəticəsində qaranlıq gecələr gündüz kimi işıqlanmışdır. Eldəniz xanədanının nəcib nəslinin davamına zəminə qoyan bu izdivac, bir tərəfdən də bizi Əmirəlmöminin ailəsinin şərəfilə əlaqələndirir. Yeddi gün, yeddi gecədir ki, bütün Təbriz xalqı bayram edir. Bütün məscidlərdə Təbriz fəqirlərinə ehsan paylanır. Xalq əlahəzrət Atabəyin və onun həşəmətli mələkəsinin ömrünə, dövlətinə dua edir. Çox təəssüf edirəm ki, şəxsən Atabəy və onun mələkəsini bu böyük şadlıq münasibətilə yaxından təbrik etmək səadətinə nail ola bilmədim. Buna görə də səmimi hisslərimi ülya və əlahəzrətə yaxından təqdim etmək vəkalətini böyük şairimiz Nizamiyə həvalə etdim və göndərdiyim kiçik hədiyyəni gənc mələkəyə öz əli ilə təqdim etməsini tapşırdım.

Kiçik qardaşınız Qızıl Arslan”.

Atabəy Məhəmməd məktubun məzmunundan o qədər şad idi ki, yerə-göyə sığa bilmirdi. O bir saat əvvəl Qızıl Arslan haqqında düşündüklərinin əksini düşünür və öz-özünə deyirdi:

– Həm tədbirli, elmli, ədəbli, siyasətşünas bir hökmdar, həm də məhəbbətli və istəkli bir qardaşdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов