Toy
Страница 2 из 2 · 50%
Qətibə də pərdənin dalında durub məktubu dinləmişdi. O indi Qızıl Arslan haqqında bəslədiyi nifrətin azaldığını hiss edirdisə də, lakin onun Nizamini heyət sədri təyin etməsindən razı qala bilmirdi.
İndi Qətibəyə təsəlli verəcək yalnız bu idi ki, onun tapşırığına görə Atabəy Məhəmməd Nizaminin qarşısında Əbül-Ülanı qiymətli bir xələtlə mükafatlandıracaq və keçmiş ziyafətdə xətibi təhqir edən Məhsəti xanım bu ziyafətdə təhqir ediləcəkdi. Qətibə pərdənin dalında durduğu müddətdə bu şadlıqla qanadlanıb uca aləmlərə uçurdu.
Lakin birdən Qətibənin yüksəklərdə çırpınan qanadları hərəkətsiz qaldı. Məhsəti xanım ziyafətə daxil olan zaman, vaxt ikən düşünülmüş tədbirlər tamamilə əhəmiyyətdən düşdü. Əmirin və Atabəyin tapşırığına görə Məhsəti xanım məclisə girdiyi zaman ona hörmət göstərməyəcək və yer verilməyəcəkdi. Lakin Məhsəti xanım ziyafət salonunun qapısında görünərkən, dərhal Nizami ayağa qalxıb onu istiqbal etdi. Nizaminin dalınca Qızıl Arslanın vəziri Şəmsəddin, Cənubi və Şimali Azərbaycan heyəti yerindən qalxdı. Buna görə də Azərbaycan heyətinə hörmət üçün bütün qonşu hökumətlərdən gələn heyətlər ayağa qalxdı və hamısı bir səslə sənətkar şairəni salamladı. Şübhə oyandırmamaq üçün Əbül-Üla və Gəncə xətibi də yerlərindən qalxmalı oldular.
Bu qədər böyük bir ehtiram Atabəyə qarşı bir nümayiş şəkli olmasın deyə, Atabəy ayağa qalxıb Məhsəti xanıma tərəf irəlilədi və onun əlini öpəndən sonra qolundan tutub sol tərəfində əyləşdirdi.
Qətibə pərdə dalından baxarkən, yenə də Atabəyin bir tərəfində Nizami və o biri tərəfində Məhsəti xanımı görüb əvvəlki oyunlarına başladı. Şıltaq və məğrur qız yenə də acığını zümrüdlərin, zəbərcədlərin, yaqutların, incilərin, almazların üzərinə tökdü. Boynundan qırıb havaya atdığı incilər insan yağışının damcıları kimi otağın tavanından məşşatələrin və cariyələrin başına töküldü.
Yüzlərcə şam işıqlarında bərq vuraraq, tavana dəyib, sonra aşağıya, ipək xalçaların üzərinə tökülən bu brilyantlar yerindən qopub fəzalarda fırlanan ulduzları andırırdı. Boynundan qırıb tulladığı qırmızı yaqutlar təzə gəlinin qürur və hirslə qızarmış çöhrəsindən rəng alırdı.
Ziyafət salonunda hamının nəzərini cəlb edən bir şey varsa, o da hamının öz yerində oturduğu zaman qazi, xətib və Əbül-Ülanın hələ də ayaq üstündə durmaları idi. Sanki ziyafət salonu mühüm bir hadisə qarşısında durmuşdu. Məclisdə toy mərasiminin bütün ənənələri həyata keçirilmişdi. Mərasimdə yetişməyən bir şey varsa, o da gənc mələkənin salona gəlməsi və Atabəylə birlikdə ətrafdan gələn heyətləri qəbul etməsindən ibarət idi. Lakin mələkənin gəlməsi çox uzun çəkdi, çünki hələlik onu adi halına gətirmək mümkün olmamışdı. Çox təxirdən sonra mələkə yüzlərcə gözəl cariyələrin müşayiəti və musiqi tərənnümləri altında salona daxil oldu. Atabəy ayağa qalxıb mələkəyə yaxınlaşdı. Onun əlindən öpüb qolundan tutdu, yanında qoyulan kürsünün üstündə əyləşdirdi. Bir tərəfdə Səba xanım, o biri tərəfdə cariyələrdən Tuba xanım gənc mələkənin başı üstündə durub yelpazə çəkirdilər.
Heyət üzvləri bir-bir ayağa qalxıb Atabəyi və mələkəni təbrik etdilər. Nəhayət, Əbül-Üla ayağa qalxıb toya ithaf etdiyi şeri oxumaq istədikdə Atabəy əli ilə işarə edib Əbül-Ülanı dayandırdı, halbuki Atabəyin özü onun şeir oxumasına və sonra da xələt almasına razılıq vermişdi. Qətibənin bu vəziyyətdən halı dəyişdi və bu dəqiqədən etibarən təzə ailədə gələcəkdə baş verəcək böyük faciələrin zəminəsi qoyuldu. Qətibə Atabəydə gördüyü bu dönüşün intiqamını almağa həmən ziyafətdə and içdi. Bu şadlıq gecəsində Eldəniz xanədanının süqutuna əsas qoyuldu və hökmdarlara qarşı qoyulan sui-qəsdin müqəddiməsi başlandı.
Təbriklər davam edirdi. Qətibənin isə gözü Nizamidə idi. Qızın gözündə başqa bir aləm təcəssüm edirdi: gah meşənin ağacları arxasında gizlənib şairin şerlərini dinləyir, gah da böyrü üstə yıxılmış söyüd kötüyünün üstündə oturub eşq-məhəbbət dastanlarını əzbərləyirdi. Sonra birdən o, şairin son sözünü xatırlayır və qəlbi qəzəblə alışırdı:
– “Bir qəlbi tikmək üçün başqa bir qəlbi yıxmaq lazımdır...”
O zaman Qətibə Nizaminin nə cür ağır əzablarla məhv ediləcəyi haqqında dərin fikirlərə dalırdı. Gah onu dara çəkdirib özü də dar ağacı altında saçları ağarıncaya qədər ağlayırdı; gah da onu doğratdırıb son nəfəsində şairin başını dizi üstünə alır, qara saçlarını onun yaralı sinəsinə dağıdırdı; gah da onun qəlbini iti bir oxla deşdirib demək istəyirdi:
“Mənim məhəbbətim üçün çırpınmayan ürəklərin hərəkət etməyə ixtiyarı yoxdur. Mən yaşamayan ürəkdə başqaları da yaşamamalıdır”.
Lakin Qətibə bu fikirlərindən sürətlə geri çəkilərək öz-özünə lənət edir və deyirdi:
“Əcəba, sən öz məhəbbətin üçün dünyalara işıq verən, şeirlər, incəliklər və bədii zövqlərlə dolun olan bir qəlbi məhv etmək ixtiyarına maliksənmi?!”
Mələkəni və Atabəyi təbrik etmək növbəti Gəncə xətibinə yetişdi. O, ərəbcə çox qəliz bir nitq deyərək, bu izdivacın Ayla Günəşin birləşməsi kimi nəticə verə biləcəyini qeyd etdi.
Atabəy bu nitqdən o qədər də razı qalmadı. Əvvəla, ziyafət salonunda oturanların əksəri azəri olduğundan, burada ərəbcə nitq söyləmək yerli dilə əhəmiyyət verməmək və burada ərəb hakimiyyəti nüfuzunun davam etdiyini göstərmək kimi idi. Atabəy buna görə də xətibə təşəkkür və iltifat göstərmədi.
Təbrik növbəti Azərbaycan heyətinə yetişərkən Nizami yerindən qalxdı. Şairin çıxışı ilə hər kəsdən artıq Qətibə maraqlanırdı, çünki o bu səsi son kərə eşidəcəkdi. Bir daha o, illər uzunu həsrətini çəkdiyi gənc şairlə bir məclisdə otura bilmək imkanına malik ola bilməyəcəkdi.
Atabəy, mələkə və bütün heyət üzvləri, hətta Əmir və onun hiyləgər veziri Toxtamış da, Əbül-Üla və Gəncə ruhaniləri də Nizaminin nə demək istədiyilə maraqlanırdılar. Şair nitqini belə başladı:
– Altıncı əsr hicrinin ikinci yarısında, Şərqin üfüqlərində iki hadisə baş verdi. Bütün Yaxın Şərq məmləkətlərinə işıq salmış böyük bir ulduz kürəsindən qopub düşdü, onun yerində başqa bir işıqlı ulduz parlamağa başladı. Tarix səlcuq xanədanı əzəmətinə dair açdığı səhifələrini bükdü, Nizamülmülk “Siyasətnamə”sinin son vərəqini yazıb bitirdikdən sonra, sizin qarşınızda duran Nizami tarixin yeni səhifəsini yazmağa başladı. Yuxarıda göstədiyim hadisələr, ali-səlcuqun süqutu, onun yerində gənc Eldəniz xanədanının siyasət səhnəsində baş qaldırması hadisələrdən ibarət idi. Mən bugünkü izdivacın Ay kürəsilə günəş kürəsinin bir-birinə qovuşması kimi nəticə verməsinə tərəfdar deyiləm. Bu təşbeh nə qədər gurultulu bir təşbeh olsa da nəticəsi bir xoşbəxtliyi doğura bilməz, çünki Ayla Günəş kürəsinin bir-birinə təsadüf etməsi kürələrdən birisinin dağılması ilə nəticələnə bilər.
Atabəy, Nizaminin bu sözündə yerindən qalxdı:
– Əhsən şairə! – deyərək, sonra yenə də öz yerində oturdu. Nizami isə sözünü davam etdirdi:
– Buna görə də mən Ayla Günəşin yaxınlaşmasına tamamilə başqa bir məna verməklə deyirəm: Ayın Günəşdən işıq alması nəticəsində, Azərbaycanın illərdən bəri kölgələrdə buraxılan üfüqləri işıqlanacaq və iki qəlbin ailə təşkil etməsi nəticəsində də Cənubi və Şimali Azərbaycan xalqı bir ailə kimi yenidən təşkil olunacaqdır. Bu gün bütün Şərq xalqları, Ayla Günəşin bu ailəvi dostluğu hadisəsindən Şərqdə yaşayan bütün millətlərin dostluğu nəticəsini gözləyir. Mən ümid edirəm ki, bu böyük və tarixi ziyafətdə ülya və əlahəzrət yaxın Şərq xalqlarının bu istəklərinə kömək etmək üçün söz verəcəklər.
Ancaq bununla da iş birliyi, söz birliyi və fikir birliyi yaradıla biləcəkdir. Ölkələrin xoşbəxtliyi naminə, ülya və əlahəzrətin bugünkü xoşbəxtliyini təbrik edirəm, Azərbaycan valisi Qızıl Arslan həzrətlərinin bu qiymətli təbrikini ülya və əlahəzrətlərə təqdim etmək səadətinə nail olduğum üçün özümü xoşbəxt hesab etməkdəyəm.
Nizami sözünü bitirdikdən sonra Qızıl Arslanın vəziri Şəmsəddin əlində qızıl bir tabaq olduğu halda ayağa qalxdı, Nizami tabaqdan zümrüd sırğaları götürüb Qətibəyə yaxınlaşaraq dedi:
– Qızıl Arslan həzrətləri ülyahəzrət gənc mələkəyə bir cüt sırğa hədiyyə göndərmişdir. Sırğa göndərməkdən yeganə məqsəd bundan ibarətdir:
“Nə qədər ki, bu sırğalar ülyahəzrət mələkənin qulağındadır, Azərbaycan əhalisinin istək və arzuları da onun qulağında daimi olaraq səslənməlidir”.
Nizaminin nitqi salondakılar tərəfindən afərin və əhsən səsləri ilə qarşılandı. Nizami sırğaları Qətibənin əlinə tapşırdığı zaman Qətibə ayağa qalxdı və üzünü Nizami tərəfə çevirib dedi:
– Azərbaycan xalqı tərəfindən hədiyyə göndərilən bu sırğaları qəbul edirəm və söz verirəm:
“Azərbaycan xalqının istək və arzularını bu sırğalar kimi qulağımda daşıyacaq və onlara məhəbbət bəsləyəcəyəm”. Möhtərəm şair, səndən rica edirəm ki, mənim səmimi salamımı Qızıl Arslana yetirəsən. Sənin özündən də razıyam. Səsin daima qulağımda qalacaq və bununla da mən fəxr edəcəyəm!
Qətibə bunu deyərək şiddətlə ağladı. Ziyafət salonundakıların hamısını heyrətə saldı, çünki onlar bu ağlamağın səbəbini bilmirdilər. Bunun səbəbini bilənlər bir şairin özü, bir də Qətibənin sirlərinə məhrəm olan Səba xanım ilə xacə Müfid idi.
Bir çoxları da elə düşünürdü ki, Qətibə Atabəy Məhəmmədi sevmədiyi üçün ağlayır.
– Qız şadlığından ağlayır, – deyə düşünənlər də var idi. Lakin bunların hamısı əsilsiz idi. Qətibə öz xoşbəxtliyinin unudulmaz bir ümidsizlik üzərində qurulduğuna ağlayırdı.
Gecə saat bir idi, yengələrlə xacə Müfid Atabəylə Qətibənin otağının dəhlizində gəzib Əmirin qadını Safiyə xatuna xoş bir xəbər aparmaq istəyirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-toy
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Mollanın fırıldaqlarıRamazan gəlib, qış ötdü, yenə çıxdı yaza molla,Keçən ilki macəranı edər indi taza molla.
«Molla Nəsrəddin» yazıçılarından «Çiri Məsmə»yə cavabBakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
ŞiələrYetişib mahi-əzası şiənin,Təzələndi yenə yası şiənin.
Стихи других поэтов
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Özün bilirsənÖzün bilirsən ki, mənim kimimsən,Uzaq mənzillərə üzən gəmimsən.
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm