Страница 1 из 4

Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.

«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.

Çəbhə ilə danışdılar. Üsyan etmək barəsində ordu ərkani-hərbinin fikrini soruşdular. Yarım saatdan sonra Leyla xanım ərkani-hərbin təlimatını elan etdi:

– Ordu ərkani-hərbi daxildə iğtişaş etməyi məsləhət görmür. Üsyan ingilislərin şəhərə daxil olması ərəfəsində baş versə, onlar bəhanə edərlər ki, şəhəri müharibə ilə almışıq. Üsyan yerli müsəlmanlar üçün zərərlidir, çünki şəhər çəbhəyə çevrilmişdir. Hamazasbın batalyonu kimi, daşnaq partiyası təsiri altında olan başqa erməni qoşun hissələri də tamamilə şəhər içindədir. Silahsız müsəlmanları ikinci kərə aldadıb üsyana qaldırmaq, onları qırdırmaq deməkdir. Qoşunların və topxananın yerləşmiş olduğu küçələrdən və çəbhə yaxınlığından müsəlmanları şəhərin şimal və qərb tərəflərinə köçürmək lazımdır. İngilisləri Bakı ruhaniləri ilə qarşılamaq və onlara hörmət etmək tamamilə yersizdir.

Müşavirə müəyyən qərara gəlmədən qapandı. Çünki türk ordusu şəhərə girməkdə idi. Qorxaq adamların çoxu iclası buraxıb getmişdi.

Leyla xanım müşavirədən sonra telefon otağına keçərək, çəbhə ilə danışmağa və müşavirədən aldığı təəssüratı deməyə başladı:

– Müşavirə, müzakirəni dayandırdı. Onlar Gəncədən, partiyanın mərkəzi komitəsindən təlimat gəlincəyə qədər müəyyən qərar çıxara bilməyəcəklərini söylədilər. Mənim «müsavat»çılara o qədər də ümidim yoxdur. «Müsavat» partiyası güclü bir hökumətin qucağına atılmağa çalışır. İngilislər erməni məsələsinə də güzəştə getsə, müsavatçıların xahişini dinləsə, onlar ingilislərin tərəfinə keçərlər. Hər halda Türkiyənin Zaqafqaziya siyasətində «müsavat» partiyasının yardımına ümid bəsləmək olmaz. «Müsavat» partiyası, avam camaat arasında özünü Türkiyə tərəfdarı kimi tanıtmaqla nüfuz qazanmağa çalışmışdır. Camaat bu partiyanın özünə, onun işinə hörmət bəsləmir. Çünki partiya kütlənin partiyası deyil, müəyyən bir qrupun, daha açığı bir ovuc ziyalıların, bəylərin və xanların partiyasıdır. Xüsusən kəndlilərlə «müsavat» partiyası arasında dərin bir uçurum vardır. Çünki mülkədarlar və ümumiyyətlə bütün istismarçılar «müsavat» partiyasının rəhbərliyi sırasındadırlar. «Müsavat» partiyasının adi üzvlərinin çoxu qoçuların təhdid və tapançası gücünə partiyaya daxil olanlardır.

Kəndlilər bolşevik təbliğatı ilə əhatə edilmişlər. Mülkədar evlərini kütləvi surətdə dağıdır, onları malikanələrindən qovurlar.

Bütün bunları nəzərə alaraq, türklərin «müsavat» hökumətini təşkil etmək şüarı ilə Bakıya girmələri müvəqqəti bir şeydir. «İslamları ermənilərdən qorumaq üçün türklərin Bakıya gəlməsi» şüarı bizim üçün əlverişli bir şüardır. Bunun üçün də dindar və avam camaat türkləri gözləyir. «Müsavat» partiyasının bizim üçün ən əlverişli bir siyasəti varsa, o da Azərbaycan müsəlmanları arasında ermənilərə qarşı intiqam fikri oyatmasıdır. «Müsavat» partiyası bu sahədə daşnaq partiyası rəhbərlərindən artıq çalışmışdır.

Bakı neftinə «müsavat» partiyasının yardımı ilə sahib olmaq fikri əsassız bir arzudur, çünki bu partiya nüfuzlu partiya deyildir. Bakıdakı müxtəlif partiyalara nisbətən «müsavat» partiyası çox zəif bir mövqe tutur.

Varlı kəndlilər arasında nüfuza malik olan partiya «İttihadi-islam» partiyasıdır. Bütün ruhanilər, mütəəssib adamlar, əski osmanlı ədəbi məktəbini keçən ziyalılar, əski müəllimlərin müəyyən bir hissəsi Azərbaycanda nəşr edilən Jontürk mətbuatının ədəbi məktəbini keçənlər «İttihadi-islam» partiyasının nüfuzu altındadırlar.

Bunlardan sonra, əski rus tərbiyəsi almış və rus mədəniyyəti ilə ruhlanmış müəyyən bir qrup ziyalılar var ki, yenə də əski Rusiyaya məhəbbət bəsləyirlər. Əski zabitlər, yüksək və orta vəzifədə olan hökumət məmurları və bir sıra müəllimlər bu qrupa daxildirlər.

Leyla xanım dəstəyi yerə qoydu. Paltar otağına getməli idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri xəbər vermişdilər ki, Leyla xanımın yanına gəlib onu götürəcək, ingilisləri qarşılamaq üçün birlikdə körpüyə gedəcəklər.

O, hələ paltar otağına girməmişdən, xidmətçi qadın bir məktub gətirdi. Leyla xanım zərfi oxuyan kimi bədəni titrədi. Zərfin üzərindəki yazı Rayanın xətti idi. Ağabala Quliyev Rayanın qaçdığını indiyə qədər Leyla xanıma xəbər verməmişdi. O, tələsik otağına daxil olub zərfi açdı.

– Aman allahım, gör o, nə yazır, – deyə məktubu oxumağa başladı:

«Vicdansız Leyla! Sən məhv olduğunu zənn etdiyin və Bakı qoçularının «vicdanına» əmanət tapşırdığın Raya ölməmişdir, diridir! Mən indi azadlığa çıxmışam, mən bütün vaxtını işçi sinfinə qarşı xəyanətlə keçirən namussuz, vicdansız bir türk qızına təsadüf etdikdə ümumiyyətlə türk qızlarının namus və əzəmətinə heç də şübhə etmirəm. Çünki mən sənin həbsxanandaca işçi sinfinin qeydinə qalan, namuslu və məhəbbətli bir azərbaycanlı qız gördüm. Mən indi bütün əməkçi qadınlığın sədaqət və əzəmətini həbsxanada xidmətimə təyin olunmuş yoxsul bir qızın simasında gördüm.

İndi gələk sənin məsələnə.

Mən həbsxanadan qaçdığım günün səhəri bolşeviklərin vasitəsi ilə səni həbsə aldıra bilər və cəzalandırmağı bacarardım. Mən bir neçə səbəblərə görə bundan vaz keçdim.

Mən ingilislərin, eləcə də Mərkəzi Kaspi diktaturasının əleyhinə çalışıram. Onlar mənim məslək düşmənlərimdir. İvanovun xəyanətini mən açdım, onun hazırladığı suiqəsdi ifşa etdim. Mən bundan sonra işləmək fikrində olmasaydım, öz sirrimi açmaq, yaxud həmişəlik Bakıdan getmək istəsəydim, səni bir saat azad buraxmaz, həbs etdirərdim. Lakin belə olduqda ingilislər, elə də Mərkəzi Kaspi diktaturası üzvləri mənim özümü də tanımış olacaqdı.

Leyla, sənin bu neçə gündə azad dolanmağına səbəb bunlardır. Sən əmin ol ki, illərdən bəri çalışdığın arzulara nail ola bilməyəcəksən. Sən türklərin Bakıda hökumət sürdüyünü görə bilməyəcəksən. Türklər Bakıya gəlsə də səni görməyəcəklər. Mənim haqqımda bacardığını əsirgəmə. Mən xəbər verirəm: səni öz əlimlə cəzalandıracağam, ayıq ol!..

Raya

3 avqust, 1918-ci il».

Leyla məktubu bir neçə kərə oxuduqdan sonra dəli kimi yerindən qalxıb telefona qaçdı və Ağabala Quliyevi səslədi.

– ...Bəli, danışan Leyladır!.. Əlbəttə acıqlıyam!.. Sizə tapşırdığım bolşevik qız haradadır?! Nə üçün mənə xəbər verməmişsiniz? Bu böyüklükdə bir xəyanətdən qorxmadınız, amma mənə xəbər verməkdən qorxdunuzmu?! Siz bilirsinizmi ki, o qız istədiyi zaman məni məhv edə bilər?! Siz bilirsiniz ki, haman allah bəlasını vermiş qız bütün sirlərimizi bilmişdir. Xeyr, heç bir təşəbbüs lazım deyil. Onu öz başına buraxın!.. Yox! Yox! Heç bir tərəfə getməmişdir. Buradadır. Bu gün təhdid məktubunu almışam... Sizə oxuyaram. Onu nə axtarmaq, nə də ona toxunmaq lazımdır. Siz mənim bütün planlarımı pozdunuz... Bəli pozdunuz... Siz nə avam və qeydsiz adamlar imişsiniz! Mənim ən qiymətli bir vəsiqəmi və türklər üçün ən dəyərli bir hədiyyəmi əldən verdiniz.

Yaxşı. İndi daha iş-işdən keçmişdir. Mənim müdafiəmi düşünməlisiniz. Bolşevik qız məni cəzalandırmaqla təhdid edir... Allah bəlanızı versin...

Leyla sərxoş adamlar kimi telefon başından qalxıb öz otağına girdi. Əllərilə başını tutaraq Rayanı həbs etdirmək işinin səhv olduğunu indi düşünürdü.

Xidmətçi qız qapını döydü. Leyla daxil olmasına icazə verdi. Xidmətçi qız hacının Mərdəkan kəndindən yazdığı məktubu Leylaya verdi.

«Mənim ikinci Leylam! Bağın havası olduqca lətifdir. Şəhərdən Mərdəkana qaçanlar, şəhərin həddən artıq isti olduğunu danışırlar. Biz səndən nigaran qalmışıq. Mümkün olsaydı yığışıb bağa gələrdin. Sənə çörək göndərdik. Çünki Bakıda çörək olmadığını eşitmişik.

Leyla! Allahın köməyi ilə türklər Bakıya daxil olursa, paşaların şərəfinə onlara ziyafət verərsən. Mərdəkanda türk zabitləri və qoşunu üçün çörək hazır etdirmişəm. Qoyun və öküz alınmışdır. İlk dəfə bütün ordunu qonaq edərsiniz. Cənab Ağabala ilə danışarsan, qonaqlığı lazımınca təşkil etsinlər. Bu belə, inşallah özüm də şəhərə gəlib əziz qonaqlarla görüşərəm.

Allah eləməmiş, türklərdən qabaq ingilislər Bakıya girsə, istiqbal edərsən, cənab şahzadə Bahadır xanı və generalı evə gətirərsən, gözəl ziyafət təşkil edərsən. Bacardıqca cəlal və dəbdəbə göstərərsən. Qoy ingilislər bilsin ki, Bakıdakı müsəlmanlar mədəniyyət və cah-cəlal cəhətincə ermənilərdən yuxarıdır. Evləri lazımınca gəzdirib göstərərsən. Pasajı, bankımı, mülklərimi və bacarsan toxucu fabrikimi göstərərsən.

Divardakı dəmir sandığın açarını göndərərəm. Açıb padşah göndərdiyi həmayilimi və nişanları, generallıq fərmanını da onlara göstərər və məni lazımınca onlara təqdim edərsən. Mənim yazmağım lazım deyil. Özün necə bilirsən elə də danış. Bakıya hər hansı padşah məmuru və yuxarı mərtəbəli adam gəlibsə ancaq məni tanıyıb. Dediyim odur ki, ayıq olasan, gərək ingilis generalı da hacını qeyd etsin. Bu barədə cənab şahzadə Bahadır xanı da başa salarsan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Axtarışlar

Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.

17 мин
Sərdar Rəşidin evində axtarış

Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.

10 мин
Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 мин
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 мин

Стихи других поэтов