Страница 1 из 2

Osmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.

Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.

Teymurbəy Aşurbəyovu çağırıb, möhkəm döydürdülər. Fəqət heç kəs Leyladan xəbər verə bilmədi. Teymurbəy bu işdə çalışacağını vəd etməklə müvəqqəti buraxıldı.

Nəhayət, Leylanın şeylərini yoxlamaq və bir iz əldə etmək məqsədilə komissiya təyin olundu. Komissiyaya ərkani-hərb zabitlərindən süvari komandanı Nəcməddin bəy də daxil oldu.

Əvvəlcə Leylaya Nurəddin bəy Savlayevdən miras qalmış çamadanları açdılar.

Şeylərin içərisindəki kağızlar və vəsiqələr bir-bir gözdən keçirildi. Qalın bir kağız qoluğunu açdılar.

Savlayevin qoluqdakı xatirat dəftərçəsini və gündəliklərini gözdən keçirtdilər. Burada Savlayev Nurəddin, hərbi məktəb bitirdikdən Ağcaqabul çəbhəsindəki qılınc müharibəsində məhv olduğu günə qədər başına gələnləri yazmışdı.

Süvari komandanı Nəcməddin bəy sanki bu vəsiqələrdən özündə bir dəyişiklik duydu. Savlayevin şeylərinə diqqət verilməsini əmr etdi. Nəcməddin bəy şeylər içərisindən Savlayevin kiçik rəsmini götürüb çox diqqətlə baxırdı.

Nəcməddin bəy fotoşəklə baxarkən, birdən-birə Ağcaqabul çəbhəsini xatırladı, o, iyul ayının 7-də Kür çayı körpüsünü əldə etmək üçün baş vermiş atlılar müharibəsini və orada qılıncla öldürdüyü kazak zabitini gözünün önünə gətirdi. Nəcməddin bəyin vücudu titrəməyə, nəzərində müdhiş bir kino lentası açılmağa başladı. O, Kür körpüsü üzərindəki müharibədə öldürdüyü kazak zabitinin öz əmisi Nurəddin olduğuna şübhələnmişdi.

Nəcməddin bəy şeyləri diqqətlə araşdırmaq üçün komissiyaya bir daha tapşırıq verdi. Axtarışda Nurəddin Savlayevin polkovnik Biçeraxova yazdığı tarixi bir ərizəni tapdılar.

«Cənab miralay!

Mən 1918-ci il, mart ayının 20-dən etibarən, özümü çar ordusundakı vəzifəmdən azad hesab edirəm. Çar ordusunun ricəti və cənab miralayın İnkiltərə missiyası ilə hərbi müqavilə bağlaması mənim də çar ordusunda olan vəzifəmi bitirmiş oldu.

Buna görə də yüksək rütbəli zabitlərin məsələsi həll edildiyi vaxt, mənim də məsələm həll edilməli idi. Hazırda cənab miralayın komandasında olan dəstənin vəzifəsi, İnkiltərə missiyası vəzifəsinə daxildir. Cənab miralaya bunu da ərz etməliyəm ki, İnkiltərə missiyasının vəzifələri sırasına daxil olmaq və ingilislərin tələblərini yerinə yetirmək, çar ordusu şəraiti içərisində çalışmaqdan qat-qat ağırdır. Mən gələcəkdə bu vəzifədə çalışacaq və vəzifəmi ingilislər dediyi kimi ifa edəcəyəmsə, mənim həyatımı yüngülləşdirmək üçün maaşım və yaşayış şərtlərim də dəyişməlidir.

Cənab miralaya ərz etməliyəm ki, ingilislərə xidmət etməklə yaşamaq üçün ayda iki min manat rus qızılı lazımdır. Bu maaşım, İranda Qafqaza getdiyim zaman və ingilislərlə bərabər türklərə və sonra da bolşeviklərə qarşı hərbi hərəkətə başladığım zaman yenə dəyişməlidir.

Cənab miralay mənim, öz dəstəsinə və eyni zamanda Baratov ordusunun İran və İraqdakı hərəkətinə nə qədər kömək və xeyir verdiyimi bilməmiş deyildir. Mən çar ordusunun qələbəsi yolunda bütün varlığımdan keçdim. Nəhayət, Şəhərban altındakı gecə hücumunda qardaşımı və onun qadınını öldürdüm.

Cənab miralay özü bilir ki, hazırda qardaşımın yetim qızının məsarifi mənim öhdəmdədir.

Mən əmin oluram ki, cənab miralay bunları nəzərə alaraq, yuxarıdan bəri göstərdiyim məsələlər barəsində sərəncam edəcəkdir.

N. Savlayev

Qəzvin, 29 may, 1918-ci il.

Nəcməddin bəy şiddətlə ağladı və komissiya üzvlərini heyrətə gətirdi. O, ata və anasının öz əmisi Nurəddin tərəfindən öldürüldüyünü bildi. Anladı ki, Ağcaqabul müharibəsində Nurəddini özü öldürmüşdür və qeyb olmuş qız, öz bacısı Leyladır. Bunları təyin edərək dəli olmaq dərəcəsinə gəldi.

Nəcməddin bəy, müharibə sənətini sevməyinə və qabaq səflərdə getməyə maraqlanmasına baxmayaraq müharibənin yaratdığı fəlakətləri və minlərcə ailələrin dağıldığını xatırlayaraq diksindi. O, hələ indiyə qədər müharibə fəlakətinin öz ailəsində törətdiyi faciələri görməmişdi. Nəcməddin bəy İstambulda hərbi məktəbdə ikən Çeçenistanda qalmış ailələrindən birisinin hərbi məktəbi qurtardığı və miralaylıq rütbəsinə çatdığını eşitmişdi. O, Qafqazın türklər tərəfindən işğalı zamanında əmisi ilə görüşəcəyini güman edirdi. Lakin müharibə Nəcməddin bəyin arzusuna müsaidə vermədi. O, öz əmisinin ölüm dəqiqələrində gördüyü kimi, bacısı Leylanın da adını itənlər sırasında oxudu.

Savlayevin şeyləri siyahıya alındı, yenə də Leylanın harada olduğuna dair nişanə tapılmadı.

Leylanın xüsusi sandıqçasını açdılar. Oradakı şeyləri yoxladılar. Kirmanşahdan Bakıya gəlincəyə qədər Leylaya verilən hədiyyələr siyahıya alındı. Şeylər arasında iş qoluqları və xatirat dəftərləri tapıldı. Əvvəlcə Türkiyə əks-kəşfiyyat idarəsi ilə olan əlaqəsinə dair vəsiqələr qoluqlarını götürüb kənara qoydular və xatirat dəftərlərini yoxlamağa başladılar.

Dəftərlərin birində, Türkiyə əks-kəşfiyyat idarəsinə yazılmış məktubun qaralamasını tapdılar:

«Mən doktor Yusifidisin mənimlə bərabər işlədiyini və iyul ayından bəri bizə böyük köməkliklər etdiyini qeydlə, onun bir çox mənfi və uyğunsuz hərəkətlərini də inkar edə bilməyəcəyəm.

Onunla tanışlığımızda iş yoldaşı olduğumuza səmimi söz vermişdik. Mən onunla müsahibəliyimdə heç vaxt sevgi və ailə qurmaq söhbətləri danışmağa imkan verməmişdim. Lakin buna baxmayaraq, Yusifidis yenə də öz qısqanması ilə mənim işlərimə mane olurdu.

Mən Mərkəzi Kaspi Diktaturası üzvlərindən Sadovski ilə yaxından tanışam. Onlardan lazımınca istifadə etmək mümkündür, lakin Yusifidis Sadovski ilə mənim aramda ixtilaf törədir. Buna görə də onu, ordumuz şəhəri alıncaya qədər cənab Ağabala Quliyevin bağında həbs etməyə qərar vermişəm. Bu barədə fikrinizi bilmək istərdim.

Bakı, 25 iyul, 1918

Bu vəsiqə tapılandan sonra, Ağabala Quliyevi çağırdılar.

Nəcməddin bəy ona sual verdi:

– Doktor Yusifidis haradadır?

– O, bu saat mənim bağımdadır?

– Nə iş görür?

– Əlində nə isə yazır.

– Bəs indiyə qədər onu nə üçün buraxmamısınız?

– Mənə ixtiyar verməmişlər.

– Kim sizə ixtiyar verməmişdir?

– Leyla xanım.

– Leyla xanım haradadır?

– Mən Leyla xanımla ancaq sentyabrın 12-də gündüz saat doqquzun yarısında görüşdüm.

– O səni nə üçün yanına çağırmışdı?

– Biz doktor Araratyanın qızı haqqında danışmalı idik. Biz o qızı oğurlamaq, onun vasitəsilə də həbsxanadan qaçan bolşevik qızı və onun əlaqədar olduğu bolşevikləri ələ gətirmək istəyirdik.

– Onu ələ gətirə bildinizmi?

– Xeyr! Biz əvvəlcə qızı Hacının evinə gətirməyi və orada həbs edərək yuxarı məhəllədə təyin olunmuş yerə göndərməyi qərara almışdıq. Lakin qız nədənsə Hacının evinə getmək istəmədi.

Nəhayət, Leyla xanım, özü faytona oturub Araratyanın evinə getdi.

– Nə üçün ora gedirdi?

– Leyla xanımın əyləşdiyi fayton, öz faytonçumuz idi, fayton Leyla xanımı, erməni qızının həbs ediləsi binaya aparacaq idi. Mən ancaq bura qədər bilirəm.

– Siz ayın 12-dən sonra Leyla xanımla görüşmədinizmi?

– Mən ayın 14-də axşam saat səkkizdə də onunla görüşdüm.

– Harada?

– Hacının evində.

– Siz ora nə üçün getmişdiniz?

– Hacının sifarişinə görə evin hazırlığına nəzarət yetirməli idim. Çünki Hacı çoxdan bəri bağda idi. Evlərin təmizliyinə baxılmamışdı. Hacının əmri ilə anbarların ərzaqla təchizinə, bufetə aid şeylərin nöqsanlarını düzəltməyə, xüsusən möhtərəm paşaların şərəfinə ziyafət hazırlığına baş çəkməli idim.

– Sonra?

– Sonrasını bilmədim. Saat doqquzda erməni qızını həbsə aparmaq üçün iki nəfəri Araratyanın qapısına göndərdim. Leyla xanım qız ilə getdiyi vaxt onlar da faytona əyləşəcək və erməni qızının səs salmasına imkan verməyəcəkdi.

– Sonra?

– Sonra heç bir şey bilmirəm!

– İndi siz, Leylanı Araratyanın evinə aparan faytonçunu və erməni qızını həbsə aparan qoçuları burada hazır etməlisiniz!

Ağabala Quliyev faytonçunun və qoçuların dalınca getdikdən sonra doktor Yusifidisi Ağabala Quliyevin bağından gətirmək üçün maşın göndərildi.

Ağabala Quliyev faytonçunu gətirib Nəcməddin bəyə təqdim etdi.

Faytonçu heç qorxmurdu, lakin Ağabala Quliyev qorxusundan titrəyirdi.

Nəcməddin bəy faytonçuya müraciətlə dedi:

– Oğlan? Necə olubsa, elə də söylə! Nicat doğruluqdadır.

Faytonçu papağını götürüb başını qaşıdı və komissiyaya sual verdi:

– Oturmaq olar ki?

– Olar! Otur. Fəqət lazımınca düşün, doğrusunu söylə!

Faytonçu danışdı.

– Doğrusunu axtarsanız, mənim faytonum çox qədim, çox da tarixi faytondur. Mənim faytonumu Bakıda tanımayan adam yoxdur. Mühüm işlər olanda, həmişə mənim faytonumu axtarıb tapırlar. Çünki mənim ağzım bütündür. Yanımda əlli adam öldürsələr səsi bir tərəfə çıxmaz.

Budur, ağanın özü də buradadır. Bəşir bəy dəstəsi Musa Nağıyevi oğurladığı zaman mənim faytonumda apardılar. Bunlarda işim yoxdur! Bir neçə vaxt bundan qabaq, ağa gəlib mənə dedi ki, axşam saat 9-da faytonu gətirib Hacının qapısında saxlarsan, bir arvad tayfası var götürüb yuxarı məhəlləyə aparacaqsan, amma heç kəsə də bir söz deməyəcəksən. Dedim çox yaxşı, nəyimə gərəkdir. Faytonçunun peşəsi bütün keçəni ağalar üçün o tərəf-bu tərəfə arvad daşımaq deyilmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 мин
Rusiya sahilində

Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.

24 мин
«Səyahətnameyi-İbrahim bəy»

Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.

9 мин
İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

9 мин

Стихи других поэтов