XXXVI. Savlayev Nurəddin
Страница 2 из 2 · 50%
Yerli ruhanilər, o cümlədən Çeçenistan imamı Şeyx Kunta xalqın pravoslav dininə keçməsinə yol verməmək üçün son dərəcə fanatik zikri təriqətini ortalığa atdı. Bu təriqət, Çeçenistanda rus çarlığı əleyhinə siyasi bir təbliğat olaraq genişləndi və Dağıstan, Zaqatala camaatı arasında yayıldı.
Bu söylədiklərim 1862-ci illərin sözüdür. Bu zamanlar bütün Şimali Qafqaz təriqətlər yuvasına dönmüşdü. Ruslaşdırmaq siyasəti ilə mübarizə aparmaq üçün yerli xalq rəhbərlərinin əlində, xalqı dinə və dinin müxtəlif təriqətlərinə təhkim etməkdən də başqa bir vasitə yox idi, buna görə də Şimali Qafqaz, müxlisi, sufi, zikri, bəktaşi və nəqşbəndi təriqətlərinin yuvasına dönmüşdü. Bəzən bununla mübarizə apara bilməyən rus missionerləri dini bayram adətlərini və o kimi günlərdə təşkil edilən toplanışları silah gücünə dağıtmağa qədər varıb çıxdı. Gizlin ibadət üçün çöllərdə toplananları top güllələri ilə dağıtdı.
Nəhayət, 1864-cü ildə Rusiya hökumətinin əmri ilə yerli hökumət, qəfildən Şeyx Kunta və onun qardaşı Mavsuri beş nəfər vəkilləri ilə bərabər həbsə aldırdı. Bu xəbər kiçik və böyük Çeçenistanda məlum olar-olmaz, onlar birləşərək Şalı kəndində toplandılar. Bu vaxtda general Tumanovun dəstəsi yetişib Şalı kəndində toplanan çeçenləri, yaxud zikri təriqətinin müridlərini qurşun gücünə məhv elədi. Hökumət bununla kifayətlənməyərək çeçenləri qırıb məhv etmək, onları rus missionerlərinə tabe etmək üçün 1864-cü ilin aprelində Severski dragun alayı ilə bərabər 40-cı diviziyanın iki alayını dəxi Çeçenistana göndərdi.
Çeçenlərdən qırılan qırıldı, pravoslav dinini qəbul edənlər bir az torpaq alaraq yaşadılar, qəbul etməyənlər torpaqsız qaldılar.
Torpaq məsələsi Çeçenistanda əvvəldən də doğru qoyulmamışdı. Knyaz Baryatinski hələ 1860-cı illərdə çeçen camaatına verdiyi elanında çeçenlərin gələcəyini lazımınca təyin eləmişdi. Elanda deyilirdi:
«Sizin torpaqlarınız aullar arasında təqsim ediləcəkdir. Çeçen aullarının ətrafında yerləşdirilən kazaklar da bu təqsimə daxil olur. Torpaqdan ümumi hüquqla istifadə ediləcəkdir. Lakin bir neçə uçastok bura daxil deyildir. Bu uçastoklar xüsusi adamlara verilmək üçün ayrılmışdır.
Xəzinə tərəfindən müsadirə edilmiş dağ hissəsindəki torpaqlardan isə əhali yalnız otlaq sifəti ilə istifadə edə bilər».
Lakin bu vədlər olmadan da çeçen xalqı torpağın kifayət verməyəcəyini bilirdi, çünki Çeçenistanda yerləşdirilən kazakların miqdarı torpağın miqdarından bir neçə qat artıq idi.
Buna baxmayaraq hökumət yenə də Çeçenistana yeni kazak ailələri köçürməyə başlamışdı. Belə ki kiçik Çeçenistanda 1012 kazak ailəsi əlavə olaraq yerləşdirilmişdi.
1866-cı ildə Ter kazakları ilə çeçenlərin torpaq hüdudlarını, təyin etmək üçün təşkil edilmiş komissiya öz yeni layihəsi ilə çeçen kəndlilərini daha da sıxışdırdı və yaxşı torpaqları kazaklara verdi.
Hökumət bununla da kifayətlənməyərək Terek çayı arxasında yerləşən çeçenləri sıxışdırmaq üçün yeni bir vasitə düşündü. Onları köçməyə məcbur etmək üçün 1-ci, 2-ci sunjenski kazak alayları çeçenlərin başı üzərində yerləşdirildi.
Çeçen camaatı dəstə-dəstə, bəzən bütün aullarla Türkiyəyə köçməyə başladılar. Köçənlərin kəndlərini və torpaqlarını çar kazakları işğal etdi.
Çeçenlərdən Ter ölkəsində çox az qalmışdı. 1876-cı ilin axırında Rusiya—Türkiyə müharibəsi ciddi bir şəkil aldığı zaman çar hökuməti öz arxasını təmin etmək üçün Dağıstanda və Çeçenistanda tədbir gördü. Çeçenlərin məşhur aulu Şalıda qırğın və talana başladı.
Çeçen xalqı bu talandan sonra dağlara çəkildi, orada da çar hökuməti onların arasında yaratdığı ixtilaf və düşmənlik nəticəsində, çeçenləri bir-birinə qırdırırdı. Beləliklə kazakların qılıncından qurtaranlar aşkarda və gizlində Türkiyəyə qaçmağı qət etdilər. Mənim atam da o zaman kiçik uşaq ikən atası və anası ilə bərabər Türkiyəyə köçmüşdü. Babam o qədər də kiçik adam deyilmiş. Onlar İstambula az dövlət aparmamışdı. Atamın «Dəri səadət» çavarında, Anatoluda, Kaziköyün 5 kilometr şərqində, Ərənköydə gözəl bağçalıqları və bir neçə köşklərdən ibarət mülkü vardı.
Atam ali savadlı olduğu üçün ən böyük vəzifələrdə çalışırdı. Atam İstambulda bir çeçen qızı ilə evlənibmiş. Mən və qardaşım Nəcməddin İstambulda doğulmuşuq. Orada da təhsil almışıq.
Atam on ildir ki, Bağdada təyin edilmişdi. Həyatımız çox gözəl keçirdi. Mən və qardaşım bir neçə dil bilirik. Biz ən gənc ikən ata-ana məhəbbətini duyduğumuz zaman onları birdən-birə itirdik.
Savlayev Leylanın ailəsi haqqında məlumat aldıqdan sonra, yenə də onu sakit etməyə başladı:
– Dünya belədir. O heç kəsin arzusu ilə oynamaz. Mənim də uşaqlığım belə keçmişdir. Mən də uşaq ikən ata və anamdan ayrılmışam. Nə edəsən? Əcəba, sizin Şimali Qafqazla əlaqəniz varmı?
– İndi haradan əlaqəmiz ola bilər?
– Təbii, indi əlaqə ola bilməz. Bağdadda, İstambulda olduğunuz zaman Şimali Qafqazla əlaqə saxlamadınızmı?
– Atam əlaqə saxlayırdı. O həmişə Şimali Qafqazda hərbi işlərdə çalışan gənc bir qardaşı olduğunu söylərdi. Anam da hər vaxt, «Sizin Şimali Qafqazda bir əminiz vardır» deyə bizə söhbət edərdi. Çünki atam İstambula köçəndə kiçik qardaşı xəstə olduğu üçün onu özü ilə apara bilməmişdi.
– Şimali Qafqazdakı əminizin adını bilirsənmi?
– Təbii, bilməmiş deyiləm. Gərək ki, onun adı Nurəddin bəydir.
Leylanın bu sözündən sonra, Savlayev dəli olacaq qədər həyəcanlı idi. Leyladan soruşdu:
– Sən bunu yəqin bilirsənmi?!
– Bəli, indi xatırlayıram! Hələ mən anamın qucağında ikən o mənim saçlarımı sığallardı. Məni dilə tutub yavaş-yavaş oxuyardı:
Bunun yuxusu gəlsin.
Nurəddin əmisi gəlsin,
Çiçəkdən başmaq,
Güllərdən yaşmaq gətirsin.
Savlayev dəhşətə düşmüş kimi diksinib qalxdı və soruşdu:
– Söylə, tez söylə! Atanın adı nədir?
– Atamın adı Eynəddindir!
Bu sözdən sonra Nurəddin ikiəlli başına çırparaq:
– Bədbəxt və yazıq qardaşım vay!—deyə ağladı və Leylanın başını qucaqladı:
– Sən mənim qızım, mənim talesiz Leylam!
O, ağladı, ağladı. Qardaşını və qardaşının qadınını öz əli ilə öldürdüyünü xatırlayaraq acı-acı, hönkür-hönkür ağladı. Nəhayət öz qəlbində:
– Nə edəsən, hərbi vəzifədir!—deyə başını qaldırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xxxvi-savlayev-nureddin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Konsula və Peterburqa yazılan məktublarHacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:
İngilis – rus ixtilafıDünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi.Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi.
Miss Hannanın son günləriRusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.