Allah bu millətdən nə əsirgəyib?Yerin nəfəsiylə yanan odu var.Üzündə göylərin sirli işığı,İstedad istəsən istedadı var.

Dünyanın ən münbit torpağı kimiNə desən bitirər ruhu da elə!Onun bu bərəkət möcüzəsidiMin illər düşməni qorxudan elə!

Gözü göylərdəykən ayrılır işdən,haqqın yollarına verib varını.O hələ torpağı becərməmişdənRuhuna səpibdi arzularını.

Ağılda ağsaqqal, ürəkdə uşaq,Könlü gözəlliyin birincisidi.Bu yurdun övladı hər şeydən qabaqƏn xoş duyğuların əkinçisidi!

Zülmətdən adlayır əli çıraqlı,Tanrıdan diləyi halal çörəkdir.Bütün ümidləri göylərə bağlıBaşına daş yağsa götürəcəkdir.

Uf deməz mərdliklə köksünü yarsan,Min yol qapı açıb şeytana, bilmir.İnsanın içində İblis də varsa,Belə qonşuluğa inana bilmir.

Bəs niyə bu dünya yağıdır ona,Min dəfə cəhənnəm odundan çıxıb –Yəqin səxavətlə yaratdığınaBəxt vermək Allahın yadından çıxıb.

Yanvar, 1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви