1. Kəhər at və səadət

Ala-toran örüşlərə çıxıb birinci
Kəhər atın yalmanına sarılan zaman.
Dan yerinin şəfəqitək yanan sevincim
Boylanardı arzuların uzaqlığından.

Torağaylar asılardı başımın üstə,
Qıy vurardım səslərini batırmaq üçün.
Qoruqların xam yerini arayıb tezdən
Tələsərdim atımızı otarmaq üçün.

Mərz üstündə döşünədək islanıb şehdən
Xırpıltıyla tər otları biçən kəhərin.
Oyur-oyur oyuldayan gözlərində mən
Şəfəqin seyr edirdim doğan səhərin.

Sübhün mehi, xışıldaşan qaraağaclar,
Bülbüllərin harayında susan biçənək.

Uzaq-uzaq xəyallardan min söhbət açar,
Oxşayardı ürəyimi gündoğanadək.

Sonra uşaq səslərindən oyanan çöllər
Damlaların güzgüsünlə bərq vuran zaman.
Şehli otdan dodağını çəkərdi kəhər,
Qılınc kimi sıyrılardı öz iştahından.

O duyardı, arzuların minib tərkinə
Bu səhərdən, bu çöllərdən qopmuşam haçan.
Götürülüb üz tutardı yolun bərkinə,
Yaş cilovu əllərimdən qoparanacan.

Qoruqları, zəmiləri o ələk-vələk
Eləyərdi,
Kişnərtisi düşərdi kəndə.
Yalvarardım, dayanardı yumşalanadək,
Ancaq yenə şığıyardı mən yetişəndə.

Gözlərində dəlisoyluq şimşəyi çaxar.
Qəzəbimdən qışqırardım, ağlım çaşardı.
Yorulardım – lap yaxında dayanıb baxar,
Əl atardım – şahə qalxıb uzaqlaşardı.

Düşünərdim: daha ona yetişməz əlim,
Mürgü kimi gözlərimə dolardı kədər,
Oyananda görərdim ki, qayıdıb gəlib
Səs-səmirsiz başım üstə dayanıb kəhər.

Bu günahkar baxışlara yumuşalmazdım,
Acığımı yollar boyu çıxaydım gərək.
Cilovunu özü mənə verdiyi azdı,
Mən də onu dağa-daşa sıxaydım gərək.

Belə idi uşaqlığın bahar oyunu,
Səhərlərə at belində tələsərdim mən.
Nə bezikib, boş axurda saxlardım onu,
Nə də kəhər əl çəkərdi xasiyyətindən.

...Ey səadət! Bəlkə elə o kəhər atsan!
Çox qaçmışam, yalvarmışam düşüb
dalınca.
Demişəm ki, cilovuna əllərim çatsa
Dincəlmərəm qisasımı səndən alınca!

Məni gənclik illərində ürəyi sınıq
Mələtmisən qəm üstündə lap zilinəcən.
Alacağam o illərin intiqamını,
Çapacağam səni arzu mənzilinəcən!..

13.X.1980

2. Tale qisməti

Atam satdı o kəhəri uzaq bir elə,
Apardılar niyə onu saxlayammadım?
Gözlərimdən yumalandı yaş gilə-gilə
Kəhər baxdı,
məğrur idi, ağlayammadım...

Hiss edəndə yəhərində bir özgəsini,
O duruxdu, xəbərsizdi sövdəldəşmədən.
Yenə dəcəl gözləriylə süzürdü məni,
Cilovunu buraxmıram, anlamır, nədən...

Çapıb getdi. Təzə aytək yanan nalları
Axşamacan uzaq yollar oyadacaqdı.
Çapıb getdi, geriyə də baxmadı barı.
Elə bildi, səfərdədir...
qayıdacaqdır.

Günlər ötdü, qaralmışdı atamın qanı,
Kəhər bizim əlimizdən uçan quş idi.
Məhəbbəti qəribəymiş dilsiz heyvanın,
Qulağımda bir kişnərti yeri boş idi.

Günlər ötdü, güneyləri bürüdü bahar,
Kəhər mənim yurd yerimdə qaralan ocaq.
Yəqin ona təzə yerdə xoş baxacaqlar,
Haranlığı sahibini unutduracaq.

Bir gün leysan nə başladı...
Doğrayıb, kəsib
Şimşək göyü şırımlayır, düşmür həvəsdən.
Sübhə yaxın elə bil ki, silkələndi ev
İldırımın səsindən də gur olan səsdən.

Bircə anda uşaqlarla doldu yaş eyvan,
Qoy islanaq, bu dünyanın xoşbəxti bizik.
...İldırımın işığında alışıb-yanan
Bu selləri içib gələn kəhərimizdi!

O döyürdü ayağını həyətdə yerə,
Şimşək altda şəfəq saçır, qalxır, qabarır...
Yaş üzünü toxundurur mənə yüz kərə,
Yəqin məndən gözləmirmiş bu etibarı!

Kişnərtisi axıb gedir od sinəsindən,
Qızıl kəhər par-par yanan qızıl ürəkdi.
O leysanlı, selli-sulu yaz gecəsində
Üç mənzili keçən atım vəfada təkdi!

Üç gün sonra sahibiylə çıxıb gedirdi,
O qisməti tapa bilmək bir də çətindir.
Kəhər dinsə deyərdi ki, “nahaq itirdin,
Tarixləri aşıb gəlmiş səadətindim!”

At cildində, quş cildində, ağac cildində
İnanıram, hərəmizin bir sehrimiz var.
Əgər tale qismətimsə, qoymayın itə,
Demək olmaz, min il sonra gərəyim olar!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов