Üçüncü pərdə
Страница 3 из 3 · 67%
İnci
Deməli, elə onunçün Gülərlə söhbətiniz düz gəlməyib? Ona isti olanda, siz soyuqdan danışmısınız, soyuq olanda, istidən. Eləmi?
Sadıq
Məsələ ondadır ki, heç söhbət eləyə bilməmişəm. İstidən başlamışam, o insafsız elə başa düşüb ki, mən darıxdığıma işarə eləyirəm, inciyib. Soyuqdan başlamışam, yenə də elə başa düşüb ki, ona qarşı çox soyuğam, inciyib. Qərəz, siz ki, bilirsiniz, İnci bacı, məndə heç bir belə də təqsir yoxdur.
İnci
Bəs təqsir kimdədir?
Sadıq
Doğrusu... utanıram da deməyə... təqsir o balacadadır. Ah, o əlimə düşsə, qulağını elə çəkərəm ki...
İnci
Bu olmadı. Balaca uşağı döyməzlər.
Sadıq
Məsəl üçün deyirəm. (Susur. Birdən yadına düşür) İnci bacı, sabah bizim istirahət evinin açılışıdır, sizi dəvət eləyirəm. Bir dəqiqə gözləyin, Bərbərzadədən bileti alıb gətirim.
İnci
Çox sağ olun, vaxtım olsa, özüm gələrəm, zəhmət çəkməyin, bilet olmasa da mümkündür.
Sadıq
Xeyr, xeyr, necə yəni mümkündür. Bu dəqiqə gəlirəm.
Sadıq çıxır. Bu biri tərəfdən Mürşüd səhnəyə gəlir. İnci ilə hər ikisi bir-birlərindən üz döndərib dayanırlar.
Mürşüd
Bağışlayın, vətəndaş İnci, mənim sizinlə bir neçə kəlmə sözüm var. Burada danışaq, yoxsa məhkəmə qarşısında.
İnci
Məhkəmə qarşısında danışsaq yaxşıdır.
Mürşüd
Çox gözəl. Məhkəmədə danışarıq, ancaq uduzacaqsınız.
İnci
O sizin işiniz deyil. Məhkəməyə ona görə verirsiniz ki, evsizsiniz, ev davası çəkirsiniz? Alın bu da açar. (Açarı stolun üstünə qoyur)
Mürşüd
Mənə otaq lazım deyil. Ancaq kitablarımı göndərin.
İnci
Özünüz gəlib apara bilərsiniz. Açar oradadır, götürün.
Mürşüd
Xeyr, mən açar istəmirəm. Evdə olan vaxtınızı deyin, yoldaşımı göndərim, gəlib götürsün.
İnci
Evdə çox az oluram. Nə çoxdur teatr, park, kino.
Mürşüd (təəccüblə)
Tək gedirsiniz?
İnci
O sizə borc deyil. Başqasının həyatı ilə maraqlanmağa dəyməz. (Açarı götürür) Yerinizi deyin, kitabları göndərim.
Mürşüd
Mənim yerim bəlli deyil, gündə bir evdə qalıram.
İnci (təəccüblə)
Necə yəni gündə bir evdə?
Mürşüd
O sizə borc deyil. Başqasının həyatı ilə maraqlanmağa dəyməz.
İnci
Dəyməz, dəyməsin, çox lazımdır!
Mürşüd
Mən sabah yoldaşımı göndərərəm, gəlib kitabları aparar.
İnci
Siz də bu saat mənim şəkillərimi qaytarın.
Mürşüd
Bu saat?
İnci
Bəli, bu saat.
Mürşüd
Bəlkə icazə verəsiniz bircə gün məndə qalsın.
İnci
Bircə dəqiqə də olmaz. Sizdə qız şəkli çoxdur.
Mürşüd
Çox gözəl. Şəkilləri bu saat gətirib gələrəm. Ancaq eybi yoxdur, vaxt olar, peşman olarsınız.
İnci
O mənim şəxsi işimdir.
Hirslə qarşı-qarşıya dayanırlar.
Mürşüd
Hə?
İnci
Hə...
Mürşüd
Yaxşı!
Mürşüd çıxır. İnci əsəbi halda getmək istədikdə, yenə Sadıqla rastlaşır.
Sadıq
Buyurun, birinci sıra, birinci, ikinci yer. Ehtiyatdan ikisini gətirdim. Bəlkə bəzi-bəzi adamlar da gəlmək istədi.
İnci (gözünü silir)
Çox sağ olun.
Sadıq
Siz ağlayırsınız, yoxsa?..
İnci
Hə, yox. Ağlamıram. Hanı? Niyə ağlayıram ki? (Bileti alır) Çox sağ olun.
Sadıq
Deməli ki, sabah axşam saat yeddidə başlanacaq. Böyük hazırlıq görmüşük. Qonaqlarımız çox olacaq. Oxumaq, rəqs...
Onlar çıxırlar. Gülər o biri tərəfdən səhnəyə gəlir.
Gülər
Ay İnci, aləmi axtardım... (Usta Segah yenə “Gülər, Gülər!” deyə çağırır) Dayan, mən sənə Güləri göstərərəm. Aha, odur bax, oradadır.
Gülər tələsik çıxmaq istəyəndə, Mürşüd gəlir, üzünü yana çevirərək əlindəki şəkilləri Gülərə uzadır.
Mürşüd
Al, bu da sənin şəkillərin.
Gülər (təəccüblə)
Maraqlı şəkillərdir?
Mürşüd (birdən Güləri görüb, geri çəkilir)
Bıy, sizsiniz?
Gülər
Şəkilləri niyə gizlədirsiniz?
Mürşüd
Bağışlayın, mən sizi çaşbaş salmışam. Xoş gördük, Gülər bacı! Sadıq indicə buralarda idi...
Gülər (hirsli halda)
Mənə heç bir Sadıq-madıq lazım deyil!
Mürşüd
Olmur olmasın, mənim sözüm yoxdur ki...
Gülər
Deyəsən, işinizi qurtarmışsınız.
Mürşüd
Bəli, sabah açılışdır, icazə verin. Gülər bacı, sizi sabah açılışa dəvət eləyim, buyurun bu da bilet, birinci sıra, üçüncü, dördüncü yer, ehtiyatdan iki bilet gətirmişəm, bəlkə bəzi-bəzi adamlar da sizinlə bərabər gəlməli oldu.
Gülər
Nə bilim, bəlkə gəldilər, ancaq hələ acıqları soyumayıb...
Mürşüd
Soyumaz da... Təqsirlərin hamısı məndədir. Mən baş müqəssirəm... Qərəz... Gülər bacı, dərd vurub ürəyimə, hirs də başıma.
Uzaqdan Nəsirovun səsi eşidilir.
Mürşüd
Deyəsən, yoldaş Nəsirov gəlir.
Gülər tez bir tərəfə çəkilir. Nəsirov ilə Mirzə Qərənfil içəri girirlər.
Nəsirov
Mürşüd, burada neyləyirsən?
Mürşüd
Heç, elə-belə, nəfəs alırdım.
Nəsirov
Nəfəsi sonra da ala bilərsən. Gəl bura görüm.
Mürşüd
Yoldaş Nəsirov, bircə dəqiqə.
Nəsirov
Bir saniyə də ola bilməz. Gəl görək, Sadığı da tapıb məsləhətləşək. Gedək, binanı bir də gözdən keçirdək.
Üçü də gedir. Gülər də getmək istədikdə, qapının ağzında Sadıq ilə qarşılaşır.
Sadıq
Deyəsən, məni qara basır.
Gülər
Sizsiniz? Yoxsa mənim gözümə belə görünür?
Sadıq
Əgər siz Gülərsinizsə, bəs burada neyləyirsiniz?
Gülər
Bəzi adamların danışığından belə çıxır ki, adım Gülər olduğu üçün mənim burada işim olmazmış.
Sadıq
Bəzi adamlar yenə söz güləşdirmək xasiyyətində qalıblar.
Gülər
Bəzi adamlar yalvarmasınlar. Uşaq deyilik ki, küsüb-barışaq. Yalvarmaq lazım deyil.
Sadıq
Yenə uşağı yadıma saldı. Nə olar, adam səhv eləyər. Onda istəmirdim, indi, deyəsən, məhəbbəti gəlib ürəyimə.
Gülər
Bəzi adamların ürəklərinin qapısı xarab olub. Məhəbbət gəlir-gedir, gedir-gəlir.
Sadıq
Bəlkə biz ürəyimizin qapısını təmir etdirmişik.
Bərbərzadə içəri girir.
Bərbərzadə
Ay yoldaş Sadıq, sən buradasan? Sizi çağırmaqdan mənim boğazım yırtılıb. Gedək, Nəsirov axtarır.
Sadıq
Bərbərzadə, bir dəqiqə. Sən get, mən də gəlirəm.
Bərbərzadə
Yox, əzizim. (Qolundan yapışır) Səni Nəsirova təhvil verim, sonra hara gedirsən, get.
Sadıq (Gülərə)
Bəzi adamlar səhvlərini boyunlarına alsalar yaxşıdır. Yoxsa pis olar.
Bərbərzadə
Adə, səhv eləmirəm ey...
Sadıqla Bərbərzadə çıxırlar. Gülər peşman halda getmək istədikdə, onu axtaran İnci ilə rastlaşır.
İnci
Səni axtara-axtara biabır oldum. Haradasan, ay qız?
Gülər
Bayaqdan buradayam.
İnci
Di gəl gedək. Görüşə bildinmi?
Gülər
Görüşdüm.
İnci
Mən də görüşdüm.
Gülər
Harda?
İnci
Burda. Bəs sən harda?
Gülər
Mən də burda.
İnci
Qəribə işdir. Ah, gəlib görəydin, necə yalvarırdı. Bağışla, bilməmişəm.
Gülər
Sən mənimkini görəydin. Bilmirsən nə qədər ağladı. Mən heç üzünə də baxmadım. Dedim neyləyirsən elə, keçib.
Səhnə arxasından səs-küy eşidilir.
İnci
Səs gəlir, ay Gülər, bəlkə gələn mənimkidir. Tez gedək, bir də rast gəlməyək.
Gülər
Mənimkinin səsinə oxşayır. Dedi ki, səhərə kimi ağlaya-ağlaya buralarda gəzəcəyəm.
İnci
Burada bir yer olsa, adam gizlənib baxar, görək neyləyəcəklər?
Gülər
Mən də maraqlanıram. (Ətrafa baxır. Bərbərzadənin anbarının açıq olduğunu görür) Ay qız, gəl bu otağa girib pəncərədən baxaq.
İnci
İcazəsiz otağa girmək olar?
Gülər
Ay qız, nə icazə? Görmürsən hələ heç rəng də çəkməyiblər. Bizi kim görəcək?
Anbara girirlər. Maral, Həlimə və ayrı bir nəfər içəri girirlər.
Maral (yanındakı adamlara)
Gedin, bu saat gəlirəm sizə tapşırıq verməyə. (Onlar çıxırlar) Ay qız, Həlimə, surqucu bura ver. (Eşitdirmək üçün ucadan deyir) Mən bu saat zavxozun qapısını peçatlayım, o da görsün.
Həlimə
Bıy, ay Maral bacı. Bərbərzadənin anbarını peçatlamağa əlin necə gəlir?
Maral
Bərbərzadə deyil, Allah da gəlsə, qorxan deyiləm. Spiçka çək. (Danışa-danışa qapıya peçat vurur)
Həlimə
Bəs, ay Maral bacı, ortada məsələlər var idi, xeyir iş olacaqdı, nə oldu?
Maral
Boş söhbətlərdi. Bərbərzadə nədir ki, mənim hələ onunla xeyir işim də olsun?
Həlimə
Maral bacı, axı sən mənim kurort məsələmi qurtarmadın. Krıma yoxdursa, Borjoma olsun... Ərizəni aynanın altına qoymuşam.
Maral
Kurort vaxtı deyil, Həlimə. Sonra danışarıq.
Maral qapını peçatlayır. Bərbərzadə səhnəyə çıxır, onları görüb təəccüblə dayanır.
Bərbərzadə
Dayan, ay yoldaş, sənin nə ixtiyarın var, mənim qapıma peçat vurursan?
Maral
Sənin nəinki qapına, özünə də peçat vurmağa mənim ixtiyarım var.
Bərbərzadə
Mən sənin vurduğun peçatı, bax, bu cür qırıb ataram. (Peçatı qırır)
Maral
Ay qız, Həlimə, surqucu bura ver! (Qapını yenidən peçatlamağa başlayır)
Bərbərzadə
Heç eybi yoxdur. Nəsirov yoldaş gəlincəyə qədər burada dayanacağam, sən peçatlayacaqsan, mən də qıracağam.
Onlar bir-birilə mübahisə edirlər. Gülərlə İnci anbarın pəncərəsindən başlarını çıxarıb baxırlar.
Gülər (İnciyə)
Ay qız, biz burada qaldıq. Eviniz yıxılsın.
Bərbərzadə (elə başa düşür ki, bu sözləri Maral deyir)
Öz evin yıxılsın!
Maral
Söyüş söymə, dilini dinc qoy.
Bərbərzadə
Bəs sən niyə söyürsən?
Maral
Mən sənə heç bir söz deməmişəm.
İnci (əyilib baxmaq istəyir. Gülərə)
Doğrudan peçatladı, bu dəli olub, nədir?
Bərbərzadə
Dəli sənsən. Ağıllı danış, yoxsa pis cavab verərəm. (Gəlib peçatı qırır)
Maral
Nə ixtiyarın var, mənə pis cavab verəsən? (Təzədən peçatlamağa başlayır) Mən də sənin üçün o mühəndislər deyiləm ki, o Mürşüddür, Sadıqdır, kimdir... Arvadlarını boşayan kimi çəkdin öz otağına. Yəqin indi dünyanı götürmüsünüz başınıza...
Bərbərzadə
Onun sənə dəxli yoxdur.
Maral
Dəxli çoxdur. Ailə pozğunluğu üstündə gör sənə nə eləyirlər.
Bərbərzadə
Mənim hələ ailəm yoxdur ki, pozğunluğu da olsun. Deməli, yenə peçatladın?
Maral
Bəli, indi də gedirəm təftiş komissionunu gətirməyə.
Bərbərzadə
Eybi yoxdur. Mən də gedirəm yoldaş Nəsirovun yanına. Sənin nə ixtiyarın var, ondan icazəsiz məni təftiş eləyəsən?
Hərəsi bir tərəfdən çıxırlar. Gülər və İnci otağın qapısını tərpədirlər, peçatlı olduğunu görüb, yenə pəncərəyə yaxınlaşırlar.
İnci
Deyəsən, getdilər. Bir az da burada qalsaq, ürəyim partlayacaq. Yox, Gülər, daha mən bu işlərə dözə bilmirəm. Arvadın bizim kişilər barədə dediklərini eşitdin? Yaxşı, Mürşüd, deməli belə?!
Gülər
Mən bu gün yığışıb gedirəm ata-anamın yanına.
İnci
Mən də gedirəm. Bileti iki dənə al.
Gülər
İkimiz də gedək. Sözündən dönməzsən ki?
İnci
Sözümdən niyə dönürəm? Bəs, biz haradan çıxaq?
Gülər
Pəncərədən düşə bilmərik. Gəl, qapını qıraq.
Qapını tərpədirlər. Maral və bir neçə adam bir tərəfdən, Bərbərzadə ilə Nəsirov o biri tərəfdən içəri girirlər.
Bərbərzadə
Budur, yoldaş Nəsirov, gündüzün günortasında vurduğu peçata bax.
Maral
Hə, budur, yoldaşlar, bu saat açın, təftiş eləyin.
Nəsirov
Açın o qapını görək, siz burada nə eləmək istəyirsiniz.
Hamı qapıya yaxınlaşanda içəridən qapı dartılır, peçat qırılır, qapı açılır. Gülər ilə İnci çıxırlar, bunlarla rastlaşdıqda qorxub hərəsi bir tərəfə qaçır.
Maral
Aha, anbar qıznan doludur ki?!
Nəsirov
Bu nədir, Bərbərzadə?
Sadıq ilə Mürşüd səhnəyə çıxdıqda, qaçan qızları görürlər.
Bərbərzadə (təəccübdən dili tutulur)
Mən... Mənim xəbərim yoxdur...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-xosbextler-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Qanlı məktubƏlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
İlk tamaşaGülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.