Страница 1 из 5

İkinci şəkil

Yenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.

Birinci işçi

Əcəb havadır!

İkinci işçi

Lap yorulmuşam. Gəl, buradan kəsmə yol ilə gedək, evə tez yetişərik.

İşçilər gedirlər. Nəsirov və Bərbərzadə gəlirlər.

Nəsirov

Bərbərzadə!

Bərbərzadə

Bəli, yoldaş Nəsirov!

Nəsirov

Avtobus hazırdırmı?

Bərbərzadə

Hazırdır, yoldaş...

Nəsirov

Yoldaşsız!.. Bəs niyə xəbər verməmisən? Bunlar yenə evlərinə piyada getməyə hazırlaşırlar.

Bərbərzadə

Bu saat... Yoldaşlar, siz zəhmət çəkib...

Nəsirov

Dayan, dayan, sən yenə mətləbi uzadacaqsan, qoy özüm deyim, yoldaş işçilər! (İşçilərin bəziləri dayanır, bəziləri geri dönüb ona qulaq asırlar) Bu parkın aşağısında bizim avtobusumuz dayanıb, siz onunla evinizə gedə bilərsiniz. Səhər də yenə onunla işə gələcəksiniz.

Bərbərzadə

Ay yaxşı oldu ha, yoldaş Nəsirov. Yol gözümü almışdı.

Nəsirov (Bərbərzadəyə)

Gördün? Bu cür müxtəsər danışmağı öyrən.

Hamısı çıxır. Mürşüd, Sadıq içəri girirlər.

Mürşüd

Gəl, görək, gəl, avtobusa minib şəhərin o tərəflərini bir az hərlənək.

Sadıq

Sən get, mənim gəzməli halım yoxdur.

Mürşüd

Elə mənim də kefim yoxdur. Arvaddan küsməyim heç yadımdan çıxmır.

Sadıq

Bu cür işi yaddan çıxarmaq olar?

Mürşüd

Demək, cavan yaşımızda olduq dul kişi. Anketdə yazacaqlar: birini alıb boşayıb.

Sadıq

Nə deyirlər, desinlər, qurtardıq. Araba yolu qurtardı. Həyatımızın dəmir yolu başlayır.

Mürşüd

Tərsinə, ay dəli, həyatımızın əziyyətli, zəhmətli dəmir yolu qurtardı. Hava yolu başlandı. Mənim ruhum bu saat təyyarə kimi uçur.

Sadıq

Düz deyirsən, mənimki də. Ruhumun təyyarəsinə minib, hara istəsəm, gedəcəyəm, nə istəsəm, eləyəcəyəm.

Mürşüd

Gəzərik, oxuyarıq, oynayarıq, dünyanı tərsinə çevirib, başımıza keçirdərik.

Sadıq

Ora bax, ay çıxır, ayın gözəlliyi adama ancaq subay olandan sonra çatırmış.

Mürşüd

Təbiət gözümün qabağında qaytağı vurur.

Sadıq

Eh, kefim qalxdı.

Mürşüd

Nə qiyamətdir amma! Kef çəkirik...

Sadıq

Yaxşı, bu gecə biz harada yatacayıq?

Mürşüd

Təbiətin qucağında. Quşlar bu çiçəklərin, güllərin arasında necə yatırlarsa, biz də elə.

Sadıq

Amma gecəni səhərə kimi quş olmaq məni heç açmır. Quş olmaq mümkündür bir saat, iki saat. Sonra bir yorğan ilə bir döşək tapıb arasına girsəm daha yaxşı olar.

Mürşüd

Ruhdan düşmə. İkimiz bir otaq tapıb yaşarıq.

Sadıq

Otaq tapmaq asandır ki? Arvadı boşamaqda yalnız bir şeyə heyfim gəlir, otağa. Sən mənim evimi görməmişdin. Çox gözəl, rahat ev idi. İki otaq, çarpayı, priyomnik, yazı stolu... heyf!

Mürşüd

Mənim evim üçotaqlı idi. Otağın biri mənə məxsus idi. Eh, boz at da öldü, Murtuzəlibəy də.

Sadıq

Heyf deyil sərbəst həyat, heyf deyil subaylıq! Cəhənnəmə olsun otaq da, priyomnik də, yazı stolu da!

Mürşüd

Arvadı boşayandan sonra fikrim açılıb, iştaham açılıbdır. Bilirsən səsim necə açılıb. Lap bülbül kimi cəh-cəh vurur. Bir qulaq as... (Oxuyur)

Axşam oldu, hey,
Şamlar yandı.
Tez ol, tez ol, ay Sadıq,
Qaranlıqlandı.

Gülüşürlər.

Sadıq

Nə kef çəkirik. Bax, arvadsız həyat buna deyərlər.

Mürşüd

Oxumağına oxuduq, amma, doğrudan da, axşam oldu. (Əsnəyir)

Sadıq

Bəli, axşam oldu, həmişə bu vaxtı mən çörək yeyərdim.

Mürşüd

Həmişə bu vaxtı mən balkonda oturub çay içərdim. Amma bu gün indidən yuxum gəlir. Yuxum da bilir ki, işim dardadır, bu gün tez təşrif gətirir. Bilirsən nə var, Sadıq? Dur gedək Nəsirovdan icazə alaq, istirahət evinin otaqlarının birində gecəni keçirək.

Sadıq

Nəsirov icazə verərmi?

Mürşüd

Sən onun dilini bilirsən. O qayda ilə danışsan, icazə verər.

Sadıq

Bu cür boş oturmaqdan bir şey çıxmaz. Bir təcrübə eləyək.

Mürşüd

Sən get yoldaş Nəsirovu oralarda axtar, mən isə burada olum, bəlkə bu tərəflərə gəlib çıxdı...

Sadıq

Uzaq getmə, sonra tapmaram. Qərib adamıq, ayrı düşməyək, bu skamyanın üstündəcə otur.

Sadıq çıxır. Usta Segah içəri girir. Əlində rəng vedrəsi və fırça var.

Usta Segah

Bərbərzadə, Bərbərzadə. (Oxuyur) Hüzura gəl, a Bərbərzadə, əlində badə, pay-piyadə. (Mürşüdü görüb ona yaxınlaşır) Aha, möhtərəm yoldaş mühəndis! Səni mən xeyli zamandır gəzirəm. Bərbərzadəni tapmıram ki, işıq düzəltdirib işə davam eləyəm.

Mürşüd

Usta, bu qaranlıqda iş olmaz. Get, səhərdən gəlib işləyərsən.

Usta Segah

Xeyr, Bərbərzadəni tapıb işığı düzəldə bilsək, səhərə kimi işləyərəm, bu binanın içini tamam qurtararam. O ki, qaldı xaricinə: xarici xeyli çətindir, bilirəm. Sizin yanınızda lövbər salmaq olar? (Əyləşir) Axşam vaxtı burada tək oturmağınızdan məqsəd nədir?

Mürşüd

Heç, usta, elə-belə oturmuşam, kef üçün.

Usta Segah

Xoşum var, əhsən! Təbiətdən ki, zövq almağı bacarırsan, demək, ruhun var. Bu gözəlliyə, bu rənglərə bax. Hələ sən yarpaqların öpüşməyinə diqqət elə. Buna təbiətin musiqisi deyərlər. Mən hər gecə bu musiqiyə qulaq asmamış evimə getmirəm. Hey... gənclik indi nə qədər xoşbəxtdir. Mən sənin yaşında olanda bütün günü fəhləlik eləyib gedərdim kasıb bir daxmaya. Çörəyimi göz yaşlarımla isladardım. Amma indi sən... Bu saat səni evdə rahat həyatın, gözəl ailə və bunlardan daha gözəl gənc xanımın gözləyir... Hey... ailə... arvad... xoşbəxtliyin əsasıdır. Neçə ildir evlisən?

Mürşüd (dik qalxır)

Usta, məni bağışla, tələsik getməliyəm, vacib işim var.

Usta Segah

Bilirəm, oğul, bilirəm. Gənclik belədir, bir dəqiqə belə, öz ailələrindən ayrı yaşaya bilmirlər.

Mürşüd

Bağışla məni! (Pərt halda çıxır)

Usta Segah

Dayan, ay oğul, mən də səninlə yoldaşam. Bəs bizim Gülər necə oldu. Gülər, ay Gülər.

Xoş ol zaman ki, cavandım, vüsalə məhrəm idim,
Nə mübtəlayi-bəla, nə müqəyyədi-qəm idim. (Çıxır)

Usta Segah çıxır. Uzaqdan oxumaq və gülüş səsləri eşidilir. Ayın işığı yarpaqların arasından səhnəyə düşür. İnci əli qoynunda düşüncə içərisində səhnəyə çıxır. Gülər bu biri tərəfdən gəlir. O yan-bu yana baxır. Getmək istərkən, İncinin orada olduğunu görür, yaxınlaşır.

Gülər

Bağışlayın... İstirahət evində iş çoxdan qurtarıb?

İnci

Bilmirəm, mən özüm də onu bilmək istəyirdim.

Gülər (ona yaxınlaşıb diqqətlə baxır)

İnci!

İnci

Gülər!

Gülüşürlər.

Gülər

Ay qız, bura gəl görüm. Sən burada neyləyirsən?

İnci

Bəs, sən burada neyləyirsən?

Gülər

Mən bir ildir buradayam. Ərimlə gəlmişəm.

İnci

Mən də ərimlə gəlmişəm. Bir ildən artıqdır buradayam.

Gülər

Bu bir ildə bir dəfə də sənə rast gəlməmişəm. Ay qız, teatra, kinoya, parka niyə çıxmırsan? Ər sənin üçün bu qədər şirin olub?

İnci

Məndə o xoşbəxtlik haradandır? O qədər dərdim var ki...

Gülər

Dərdin nədir, ay qız? Mən bugünkü kimi heç bir zaman özümü xoşbəxt hiss eləməmişəm.

İnci

Amma mən bir tərəfdən xoşbəxtəm, o biri tərəfdən bədbəxt!

Gülər

Bədbəxt tərəfi yaddan çıxart, xoşbəxt tərəflə yaşa... Gəl otur. İşləmirsən ki?

Skamyanın üstündə otururlar.

İnci

Yox, səhvim onda oldu ki, işləmədim, oldum ev qadını. Sən necə?

Gülər

Mən işləyirəm. Beş-altı gündür ki, bəxtəvər olub məzuniyyətə çıxmışam.

İnci

Kaş bura gəlməyəydik!

Gülər

Düz deyirsən. Bura mənə heç düşmədi. (İnci ağlamsınır). Yaxşı, daha ağlama. Mən ağlamıram, sən niyə ağlayırsan?

İnci

Mən ağlamayım, bəs kim ağlasın? Bir ölüm, bir ayrılıq, heç biri olmayaydı. Necə olsa, yoldaşlıqdır. Adama təsir eləyir.

Gülər

İstəmirəm o cür yoldaşlığı. Sərbəstlik heyf deyil!

İnci

Demə, Gülər! Yanıram!

Gülər

Ay qız, sən niyə yanırsan? Yoxsa?..

İnci

Necə sən niyə yanırsan? Bəs bu hadisələr mənim başımda deyil?

Gülər

Ay qız, yoxsa sən də?..

İnci

Elə mən də... Ay qız, bəlkə sənin də başına gəlib?..

Gülər

Bəs necə? Mən bayaqdan onu deyirəm də...

İnci

Sən məni kövrəltdin, Gülər. (Gözünü silir) Demək, ikimiz də bir dərddəyik. Ərə çoxdan getmişdin?

Gülər

Bir ildən artıq idi. Ağlama! Möhkəm ol!

İnci

Necə olsa, ay Gülər, ər spiçka qabı deyil ki, boşalan kimi atasan. Ürək öz dərdini çəkir.

Gülər

İnci, sənə rast gəldiyimə o qədər sevinirəm ki! Dur gedək, bir az dərdləşək. Gecəni də bizdə qalarsan.

İnci

Yox, ay Gülər, pəncərələri açıq qoyub gəlmişəm. Külək qalxar, vurub sındırar.

Gülər

İstəyirsən gedək pəncərələri bağla, sonra yenə qayıdarıq.

İnci

Daha bir də sən niyə gedirsən?

Gülər

Eviniz uzaq deyil ki?

İnci

Yox, bu parkın ayağındadır. Bəs səninki necə?

Gülər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов