Страница 5 из 5 · 80%

Maral (onun arxasınca)

Göstər, göstər. Belə-belə işlər üstündə səni o qədər incidim ki... (Mirzə Qərənfil içəri girir) Mirzə Qərənfil, yoxlanmamış akta niyə qol çəkirsiniz?

Mirzə Qərənfil

Maral bacı, o məsələlərə Nəsirov baxır, mən başqa işlərlə məşğulam.

Maral

Deyirlər, səndə mənə çatası bir əmanət var. Mirzə, oxu görüm, necədir?

Mirzə Qərənfil

Oxuya bilməyəcəyəm, Maral bacı. Buyur, özün oxu.

Maral

Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım.

Mirzə Qərənfil

Maral bacı, mənə nə deyirsən de, ancaq onu demə. Bu cür şeri oxumağa mən lap xəcalət çəkirəm.

Maral

Ay Mirzə, sən də mənim qardaşım, nədən utanırsan?

Mirzə Qərənfil

Belə şeri adam düşmənində də oxumaz.

Maral

Oxu, xahiş eləyirəm.

Mirzə Qərənfil

Yaxşı, deyirsən oxuyum, ancaq qabaqcadan üzr istəyirəm. (Şeri oxumağa başlayır)

Bu nazik qəlbimin soltanı sənsən,
Dünyanın ən nazlı cananı sənsən.

Oxuyub diqqətlə Marala baxır. Ondakı dəyişiklikdən ləzzət alır.

Maral (böyük həzz ilə)

Ay aman, nə yaxşı sözlərdir, özü yazıb. Maşallah, nə duzlu qələmi var!

Mirzə Qərənfil

Bəs necə, Bərbərzadənin qələminə söz yoxdur. (Oxuyur)

Sənsiz sükut ilə keçir həyatım,
Ürəkdə yaradan tufanı sənsən.

Maral

Bunu başa düşmədim. De görüm, mənası nədir? Maşallah, nə dərin yazır.

Mirzə Qərənfil

Mənası? Nə deyim, mənası budur ki, yəni, nə qədər ki, sən yoxsan, qulağımız dincdir. Sən gələn kimi səs-küy salıb tufan əmələ gətirirsən.

Maral

Heç dəxli var? Kişi dəli olub ha! Səs-küy salan mənəm, ya özüdür? Çığır-bağırından qulaq tutulur ki...

Mirzə Qərənfil

Bərbərzadənin eləliyinə baxma. Bir pis xasiyyəti var ki, özgəsinə qara yaxandır. Gör bir nə deyir:

Kim öyrədib sənə naz-qəmzəni?
Sevgi quyusunun kankanı sənsən.

Maral

Quyu qazanın bura nə dəxli var, ay Mirzə?

Mirzə Qərənfil

Nə bilim? Mənası bu çıxır ki, üzümə gülürsən, amma ayağımın altından quyu qazırsan.

Maral

Balam, bəs o mənə dedi ki, sənə sevgi şeri yazmışam?

Mirzə Qərənfil

O səni bu cür ələ salıb, amma sən ona yağlı sözlər göndərirsən.

Maral

Mirzə Qərənfil, o portfeli aç, içindən qaynanmış suyu çıxart, ver mənə.

Mirzə Qərənfil

Dayan, Maral bacı, hamısına qulaq as, sonra suyu birdən içərsən:

Sənə qurban olsun, bu Bərbərzadə
Yerli komitənin aslanı sənsən.

Maral

Kişi yəqin eşqin şiddətindən dəli olub. Buna ayrı rəng vermək olmaz.

Mirzə Qərənfil

Bəs necə, Bərbərzadənin bütün işləri rəngdir.

Maral

A balam, aslanın bura nə dəxli var?

Mirzə Qərənfil

Rəngdir də... Aslan harada olar? Meşədə. Demək istəyir ki, sənin yerin meşədir.

Maral

Demək, yerim meşədir? Çox gözəl! Demək, Mirzə Qərənfil, müxtəsəri deyir ki, istəmirəm.

Mirzə Qərənfil

Təkcə istəmirəm desə, dərd yarıdır. Deyir, onu görəndə iki gün çörək yeyə bilmirəm.

Maral

Bəlkə fağır sevindiyindən yeyə bilmir?

Mirzə Qərənfil

Xeyr, hirsindən. Qərəz ki, deyir o mənim gözümə görünməsin, yoxsa qan eləyərəm.

Maral

Allah vurmuşdu onu!

Mirzə Qərənfil

O da elə deyir.

Maral

Daha nə dedi? Gör ha, son bir kişidəki həyasızlığa bax, heç bir şey gizlətmə, danış.

Mirzə Qərənfil

Dedi ki, mənim dalımca düşməkdənsə, gedib öz işini görsün. Onsuz da işləri tökülüb qalıb.

Maral

Sonra? Açıq danış, utanma.

Mirzə Qərənfil

Deyir ki, öz puluna qıymırsa, mənim hesabıma bir güzgü alıb üzünə baxsın, onda görər ki, mən onu görəndə nələr çəkirəm.

Maral

Demək belə? Çox gözəl! İndi o, dəlləkzadədir, kimdir, o bilsin ki, analar necə marallar doğub. Yarım saatdan sonra istirahət evində gərək tufan olsun. Anbara peçat vurmaq lazımdır. Ay qız, Həlimə! Ay uşaq, haradasınız? Mən bu saat aləmi bir-birinə qarışdıracağam. Mirzə, mən getdim onun məsələsini qəti qoymağa, sən görərsən burada nə qiyamət qopacaq.

Maral gedir. Bərbərzadə əlində protokol qayıdır.

Bərbərzadə

Mirzə, mən xoşbəxt ovçunun ovunu burada görmədin ki?

Mirzə Qərənfil

Ov qanı dama-dama bu saat getdi.

Bərbərzadə (onun yanında oturur)

Yaxşı, Mirzə Qərənfil, ey mənim həqiqi dostum, de görüm, cananın fikri nədir? Mən deyirəm, toyu açılışdan sonra eləyək. Sən nə deyirsən?

Mirzə Qərənfil

Mənim nə sözüm ola bilər ki? Ancaq sən hansı toy barəsində danışırsan?

Bərbərzadə

Necə yəni hansı toy? Özün bilmirsən? Əvvəlcə onu de görüm, şeir xoşuna gəldimi? Neylədi?

Mirzə Qərənfil

Neylədi? Onu soruşma. Üzü bir vəziyyətə düşdü ki, mən mənliyimlə qorxdum, tüklərim biz-biz oldu.

Bərbərzadə

Nə deyirdi axı?

Mirzə Qərənfil

Deyirdi ki, o evlənməkdənsə, gedib özünə bir dayə tutsun. Çünki qocalıb haldan düşüb.

Bərbərzadə (birdən son dərəcə pərt olur)

Necə, necə? Deməli belə, dalını de görüm, daha nə deyirdi? Çox gözəl...

Mirzə Qərənfil

Deyirdi ki... (Fikirləşir) Anbarda bir güzgü yoxdurmu üzünə baxsın, görsün nəyə oxşayır?

Bərbərzadə (hirslə ciblərini axtarır, papiros tapa bilmir)

Bir papiros ver.

Mirzə Qərənfil

Çəkən deyiləm.

Bərbərzadə

Dalını danış görüm.

Mirzə Qərənfil

Deyirdi ki... (Fikirləşir) Bir də mənimlə sevgi barəsində söhbət açsa, milisioner çağıracağam.

Bərbərzadə

Deməli, milisioner?

Mirzə Qərənfil

Bəli, milisioner...

Bərbərzadə

Bu saat məsələni həll eləyərəm. Sən onu, o maraldır, keçidir, nədir, onu görərsən... Heç hirsimdən bilmirəm nə danışıram. Bir papiros ver, görüm.

Mirzə Qərənfil

Ərz elədim ki, çəkən deyiləm.

Bərbərzadə

Gördün, Mirzə, vəfasız yar nə deyən sözdür?

Mirzə Qərənfil

Təqsir səndədir. Qızlar var ki, sənin üçün sinov gedirlər. Sən onları gözü yaşlı qoyub dağa-daşa əl atırsan.

Bərbərzadə

Hanı, axı, hanı? Bir eləsini göstər, gör mən o Maraldan necə intiqam alıram.

Mirzə Qərənfil

Lap götürək bizim Sənubər xanımı.

Bərbərzadə

Sənubər xanım nə deyir axı?

Mirzə Qərənfil

Deyir ki, məni fəraq oduna, ey nigar, yandırma.

Bərbərzadə

Lap elə-belə deyir?

Mirzə Qərənfil

Lap elə-belə.

Bərbərzadə

Yaxşı, Maral, mən sənin ciyərini lap kabab eləyəcəyəm. Mirzə, get, onu – o Sənubər xanımı yanıma göndər.

Mirzə Qərənfil

Bax, bu cür tez işləməyinə varam. Maral nədir ki, ona hələ məhəbbət də bağlayasan? Onu...

Maral gəlir. Mirzə Qərənfil səsini kəsir.

Maral

Yaxşı oldu ki, ikinizi də bir yerdə tapdım. Sözlərini təkrar elə. Mirzə Qərənfil mənim şahidim olacaq.

Bərbərzadə

O mənim şahidimdir. Mirzə Qərənfil, onun dediklərini bir-bir təkrar elə.

Mirzə Qərənfil

Mən, atam, özgə işinə qarışan deyiləm.

Maral

Mirzə Qərənfil, sonra mənim yanıma gələrsən, sözüm var.

Bərbərzadə

Sonra mənim də yanıma gələrsən, mənim də sözüm var.

Mirzə Qərənfil

Hər ikinizin hörməti yanımda əzizdir, baş üstə!

Mirzə Qərənfil tələsik çıxır. Bərbərzadə cibindən çörək çıxardır, Marala acıq vermək üçün ayağını ayağının üstünə aşırıb, yeməyə başlayır. Maral hirslə o yan-bu yana gəzir.

Maral

Çox yeyirsən ki, çox yaşayasan? Sənin kimilər deyil dünyanı korlayan? Cavanlar torpaq altına gedəndə, bilmirəm niyə qarımışlar yaşayırlar?

Bərbərzadə

Bu sözlərin sənin özünə dəxli var, nənəm yaşındasan, elə özün get də...

Maral

İndi ki, o cür şairlik bacarırsan, niyə zavxozluq eləyirsən? Zavxozluğun da elə şairliyin kimidir.

Sənubər içəri girir.

Sənubər

Bərbərzadə! Bir dəqiqə və gizli.

Bərbərzadə (Marala)

Rica eləyirəm, bizə mane olmayın. Bu xanım ilə gizli sözümüz var.

Maral

Qadam sənə də, xanımına da. (Çıxır)

Bərbərzadə

Buyurun görək. Bağışlayın, sizin adınız həmişə yadımdan çıxır.

Sənubər

Adım Sənubərdir.

Bərbərzadə

Ay maşallah... Olsun, olsun, sən necə deyirsən? Deyirsən ki, məni fəraq oduna, ey nigar, yandırma?

Sənubər

Mən başa düşmürəm.

Bərbərzadə

Düşmürsən?

Sənubər

Mirəm.

Bərbərzadə

Bura bax, Sənubər xanım, mən nə mişəm, nə də ki mirəm, bu saat eləyəm ki, xəncər vursan, bir damcı qanım yerə düşməz. Sözün var, söz danış, gedək yerli komitənin qabağında söhbət eləyək. Səninlə məsləhətim var.

Sənubər

Axı mənim işim var.

Bərbərzadə

Gəl, gəl, iş qaçmır ki... Gəl görüm, mən ona dağ çəkəcəyəm, dağ.

Gedirlər.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов