İkinci pərdə
Страница 2 из 5 · 20%
Yaxındadır, di tez get. Mən bu skamyanın üstündə oturub, səni gözləyirəm.
İnci
Yaxşı, bu saat... (Çıxır)
Mürşüd içəri girir.
Mürşüd (Heç bir tərəfə baxmadan, gəlib əvvəlki yerində oturur. Bir qədər sükutdan sonra)
Bəs sən Nəsirov yoldaşın dalınca getməmisən? Burada oturub qəm dəryasına qərq olmaqdan nə çıxar?
Gülər
Siz mənimləsiniz?
Mürşüd (dik qalxır)
Oy, bağışlayın, mən sizi səhv salmışam. Mənim yoldaşım bayaqdan burada oturmuşdu, elə bildim ki, yenə odur, bağışlayın. Dərd məni o qədər çaşdırıb ki, ağnan qaranı seçə bilmirəm.
Gülər
Dərd çəkən sizsiniz, yoxsa yoldaşınız?
Mürşüd
Yoldaşım da dərd çəkir, mən də dərd çəkirəm. Bağışlayın, mən sizi istirahətdən ayırdım. Ancaq icazə verin, burada oturub gözləyim. Yoldaşımla sözləşmişik ki, burada görüşək.
Gülər
Oturun, nə olar ki... Mən də burada yoldaşımı gözləyirəm.
Mürşüd
Həyat yoldaşınızı?
Gülər (hirsli halda)
Onun əhəmiyyəti yoxdur!
Mürşüd
Yoxdur, yoxdur! Mən bir söz demirəm ki! Papiros çəkmək olar?
Gülər
Gah dərd çəkirsiniz, gah papiros çəkirsiniz. Siz nə qəribə adamsınız?
Mürşüd
Demək, papiros çəkməyə icazə vermirsiniz?
Gülər
Mənə nə var axı?.. İstəyirsiniz lap qəlyan çəkin. Mənimlə danışmayın, vəssalam!
Mürşüd
Sözüm yoxdur ki. (Papiros yandırır)
Gülər
Heç bilmirəm hər adamı niyə bu bağa buraxırlar? Bu, istirahət evinin bağıdır, camaat gəzmək istəyirsə, getsin bulvara.
Mürşüd
Siz mənimləsiniz?
Gülər
Yox, mən öz-özümə danışıram.
Mürşüd
Öz-özünüzə daha niyə mənim haqqımda danışırsınız? (Hirslənib papirosu atır)
Gülər (kinayə ilə)
Papiros kötüyünü yerə atmağınızdan məlum olur.
Mürşüd
Nə məlum olur?
Gülər
Məlum olur ki, nə qədər də təmizliyi sevən adamsınız. Yazıq sizin arvadınızın gününə!
Mürşüd
Mənim arvadım yoxdur, subayam.
Gülər
Məni heç maraqlandırmır da. Nə borcuma!
Mürşüd
Amma yəqin sizin yoldaşınız lap xoşbəxtdir!
Gülər (hirsli halda)
Mənim də yoldaşım yoxdur!
Mürşüd
Yoxdur, yoxdur! Mən bir söz demirəm ki!
Gülər
Yoxsa hələ bir söz də demək istəyirdiniz.
Mürşüd
Bağışlayın, siz hamı ilə bu cür top-tüfənglə danışırsınız?
Gülər
Məcbur eləməsələr, danışmaram.
Mürşüd
Mən sizi məcbur eləmişəm?
Gülər
Siz yox, eləyənlər olub.
Mürşüd
Yaxşı, başqalarının acığını məndən niyə çıxırsınız? (Öz-özünə) Bəs bu Sadıq niyə gecikdi?
Gülər
Nə Sadıq? Yoxsa, siz burada Sadığı gözləyirsiniz?
Mürşüd
Sadığı gözləyirəm. O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı.
Gülər
Necə? Siz mənə cəncəl deyirsiniz?
Mürşüd
Deməli, siz Sadığın yoldaşısınız? Üzr istəyirəm, cəncəl sözünü təsadüfən dedim. İcazə verin, tanış olaq. Sizin yoldaşınız Sadığın sadiq yoldaşı...
Gülər
Mənim keçmiş yoldaşımın... (Hirslə ayağa qalxır) Heç o cür adamın adını mənim yanımda çəkməyin.
Mürşüd
Sadığın yoldaşı keçmiş olsun, keçməmiş olsun, mənim bacımdır. Bilirsiniz, bacı, Sadıq kimi oğlan dünyada bir dənədir.
Gülər
Xahiş elədim ki, ondan danışmayın. Ailə qurmağın, ailə səadəti yaratmağın əleyhinə olan bir adam nəinki mənim, heç bir qadının əri olmağa layiq deyil. Yəqin onu xarab eləyən də sizin kimi subay yoldaşlardır.
Mürşüd
Bağışlayın, mənim subaylığımın tarixi cəmisi bir neçə saatdır.
Gülər
Subaylıq nədir ki, hələ onun tarixi ilə də məşğul olursunuz?
Mürşüd
Deməli, təqsirlərin hamısı mənim üstümdə qaldı? Bağışlayın, Sadıq arvadını boşayıb, mən neyləyim?
Gülər
Mən bilirəm ki, onu yoldan çıxardan sənin kimi yoldaşlarıdır.
Mürşüd
Mən onun ən yaxın dostuyam, bacı, yaxın dost öz yoldaşını yoldan çıxartmaz.
Gülər
Mən hamısını yaxşı bilirəm.
Danışa-danışa çıxırlar. İnci ilə Sadıq gəlir.
Sadıq
Deməli, bacı, Nəsirov yoldaş gedib?
İnci
Bəli, mən onun maşınla getdiyini gördüm.
Sadıq
Deməli, bacı, sizin dediyinizdən belə çıxır ki, Nəsirov yoldaş material dalınca gedib?
İnci
Xeyr, mən elə söz demədim, çünki nə dalınca getdiyini bilmirəm.
Sadıq
Bağışlayın, bir az fikirliyəm. Siz burada bir nəfər görmədiniz ki?
İnci
Görməmişəm. Mənim də burada bir rəfiqəm vardı, elə buradaca oturmuşdu.
Sadıq
Yox. Rəfiqə adlı arvad mən heç tanımıram.
İnci
Adı Rəfiqə deyil, Gülərdir.
Sadıq
Nə? Gülər? Amandır, adını çəkməyin, gələr.
İnci
Siz Gülərdən niyə qorxursunuz ki?
Sadıq
Necə qorxmayım? Bəs mənim başıma gələn bütün işlərin səbəbi Gülər deyil? Gecənin qaranlığında qapı-qapı gəzib pənah aparmalı bir yer axtarıram, hamısının səbəbi o deyil? (Öz-özünə) Bir odur, bir də ki, o uşaq...
İnci
Deməli, siz Gülərin yoldaşısınız?
Sadıq
Yoldaşı deyəndə... bir az düz gəlmir... sabiq yoldaşıyam.
İnci
Sevinirsiniz?
Sadıq
Bəs necə? Heyf deyil subaylıq? Açıq hava, açıq ürək. Spiçkanız var?
İnci
Heç qadında spiçka olar?
Sadıq
Düzdür, səhv eləmişəm, qadınlar spiçkasız da yandırırlar.
İnci
Mən Gülərin sizin kimi əri olduğunu bilmirdim. Heç sizin kimi mədəni, qabiliyyətli kişi də arvadı özündən incidər?
Sadıq
Axı məndə nə təqsir var, bacı? (Öz-özünə) Heç bilmirəm, bu Mürşüd harada qaldı.
İnci (kəskin)
Mürşüd kimdir?
Sadıq
Necə bəyəm, bacı, siz Mürşüdü tanıyırsınız? Mürşüd, ipək kimi bir oğlandır.
İnci
İpəyi korlamayın. Mürşüdün ipəklə yan-yana durmağa haqqı yoxdur.
Sadıq
Aha, bacı, demək siz də bu cəbhənin mücahidlərindənsiniz?
İnci
Sizin kimi mədəni adamın ağzından belə sözlər eşitmək məni təəccübləndirir. Ailədən qaçmaq, ailə səadətini gecələr skamyalar üstündə keçirməyə dəyişmək bir cəbhə deyil. (Ayağa qalxır) İndi başa düşürəm ki, Gülər nə üçün sizdən dad çəkir. Haqlı imiş.
Sadıq
Yox, bacı, bəlkə sizin məsələnizdə Mürşüdün səhvi var, amma mənim məsələmdə yalnız Gülər müqəssirdir. Axı siz bir fikir eləyin...
İnci (sözünü kəsir)
İş işdən keçəndən sonra fikir eləməyin heç mənası yoxdur. (Çıxır)
Sadıq (tək)
Deməli, yenə də Gülər haqlı çıxdı, mən müqəssir? Deməli, təqsirlərin hamısı məndə imiş? Yox, dözəcəyəm, ömrümün axırına kimi sözümdən dönməyəcəyəm. Bu gecə mənim ilk subaylıq gecəmdir, subaylıq gecəsi nömrə bir.
Mürşüd gəlir.
Mürşüd
Sadıq! Sənin arvadın mənim abrımı bükdü ətəyimə, saldı yola.
Sadıq (qorxu içərisində)
Bura gəlmişdi?
Mürşüd
Bəs necə?
Sadıq
Amandır, Mürşüd, məni bir yerdə gizlət, rast gəlsəm, istirahət evi bünövrəsindən uçacaq.
Mürşüd
Qorxma, heç vecinə də deyil. Amma mənimki yəqin bu saat gözünün yaşı ilə gül sulayır.
Sadıq
Yox, aşna, sənin yoldaşın bu saat burada idi, səni də, hələ, üstəlik, məni də dünyada nə qədər maddə varsa, hamısı ilə müqəssir elədi.
Mürşüd
Amandır, Sadıq, gəl paltarlarımızı dəyişək, məni tanımasın. Görsə, deyəcək dur dördüncü seansa özümüzü çatdıraq.
Sadıq
Yox, aşna! O, gördüyün deyil. Seansların hamısı qurtarıb. Biz indi öz həyatımızın ikinci seriyasında yaşayırıq.
Mürşüd
İkinci seriya gözümə bir az qaranlıq kimi görünür. Nəsirovu tapdın?
Sadıq
Yox, deyir maşınları götürüb, taxta-şalban gətirməyə gedib.
Mürşüd
Bəs biz neyləyək?
Sadıq
Neyləyək? Mən nə bilim neyləyək! (Skamyanın üstündə uzanır) Deyirəm istəmirəm, deyir yox, mən deyən olacaq, istəyəcəksən, vəssalam! Neynək. Eybi yoxdur, sən deyən olsun!
Mürşüd
Sadıq, Sadıq!
Sadıq
Nə var, ədə, qoysana işimi görüm.
Mürşüd
Nə iş görürsən ki?
Sadıq
Gülərin özü ilə söhbət eləmək mümkün deyil, onun xəyalı ilə danışıram. Deyirəm qoy başı dinc yaşayaq, cığ-bığ nəyə lazımdır? Deyir yox, gərək insan nəslini artıram, neynək, artır da. (Uzanır) Bax, budur, bu mənim yataq otağım, bu çarpayım, bu da qu tükündən balışım. (Çəkməsini başının altına qoyub uzanır) İbtidai insanlar nə kef çəkirlərmiş? Heyf deyil subaylıq! (Yatır)
Mürşüd
Sadıq, bizim arvad məndən çox giley-güzar elədi? O ki, məni o qədər sevir, çətin dözəcək. (Ona yaxınlaşır, yuxuladığını görüb) Bu yatıb ki! Nə olar, eybi yoxdur. Dost yolunda boran olar, qar olar. (Onun üstünü örtür) Mən ölməmişəm ki, budur ey... (Uzanır) Bu cür rahat həyata nə demişəm? Can, ay subaylıq!
İşıq sönür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabit-rehman-xosbextler-ikinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üçüncü şəkilPərdə qabağı*
Dördüncü pərdəDördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Şirin bülbül1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Стихи других поэтов
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
GöründüXublar küçəsinə güzar eylədim,Muraz1 bağçasının barı göründü.
Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdırQəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır,Anun hər işvəsi guya bir əhli-dil bəlasıdır.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,