Содержание
  1. I
  2. II
  3. III

Страница 2 из 4 · 25%

II

Hava sakit və isti idi. Günəşin hərarətindən ağaclar qol-budaqlarını sallamışdı. Yarpaqlar qımıldanmırdı. Almasla Dilguşa artırmada oturub dərdləşirdilər. Almas deyirdi:

– Məni Poladdan ancaq əcəl ayıra bilər.

Dilguşa onun sözünü kəsərək:

– Ancaq o indi səni heç saya da almır, – deyə gileyləndi. – Səni istəsəydi, min bir çarə tapardı. Hələ o gün səninlə görüşərkən dediyi sözləri yadına salırsanmı? Sən boş yerə özünü üzmə!

Almas Poladı müdafiə edərək:

– O gün onun nişan məclisindən xəbəri yoxmuş, – dedi. Necə xəbəri yoxmuş, qulağınızın dibində qapı-qapıya yaşayan adam bundan xəbərsiz ola bilər? On gündür elçilər gəlir, gedir, nişan məclisi qurulur, necə olur ki, bunların heç birindən xəbər tutmur?

Almas cavab verməyib, başını aşağı saldı.

İçəridə cehiz hazırlığı gedirdi. Pakizə ayırmış olduğu yoxsul cehizi gözdən keçirərək:

– Heç olmasa şeylərini yığmaq üçün bir kamod alaydın, – dedi.

Əlisəfa acı-acı gülümsəyərək:

– Axmaqsan, axmaq! Onu elə adama verirəm ki, evində hər şeyi var, – dedi.

Bu zaman Dilguşa birdən-birə qopan burağandan qorxaraq çığırdı.

– Almas, Almas, ora bax!

Almas dalğın gözlərini Dilguşanın əli ilə göstərdiyi bostan tərəfə çevirdi. Dilguşa həyəcanla dedi:

– Bax, bax, burağandır, çəpəri qoparıb göyə necə sovurur, hələ havada uçan tikanlara bax!

Almas gözlərini getdikcə havalanıb uzaqlaşan tikanlara dikərək, onların hara düşəcəklərini böyük bir maraq içində gözləyirdi.

Birdən-birə qopan şiddətli külək bostanın ortasında qumları tünd bir tüstü kimi burum-burum havaya sovurub, ətrafı sıx sarımtraq dumana bürüdü.

Almasla Dilguşanın bərk qorxduqlarını görən Əlisəfa ilə Pakizə də artırmaya çıxdılar. Əlisəfanın gözləri küləyin axıntısına doğru yüksəklərdə uçmaqda olan tikanlara ilişincə:

– Pah, bunlar nədir belə? – deyə çığırdı.

Dilguşa:

– Burağanın bostandan qopardığı çəpər tikanlarıdır, – deyə cavab verdi.

İndi hamı toz-duman içində burum-burum ucalıb uçuşan qara kölgələrə baxırdı.

Tikanlar sürətlə fəzanın dərinliklərinə, boşluqlara doğru yüksələrək gözdən itirdi.

Dilguşa əlini Almasın əlinə vuraraq:

– Almas, sən də bu axşam belə uçub gedəcəksən! – dedi.

Almas kədərli bir səslə:

– Heçliklərə, boşluqlara! – deyə pıçıldadı.


Fəlakət, fəlakət üstündən gəlirdi. Polad mədəndən çıxdığı gündən bəri onu güldürəcək, sevindirəcək heç bir hadisəyə təsadüf etməmişdi. Yaxın-uzaq mədən məntəqələrini axtarmış, tanıdığı bir çox adamlarla görüşmüş olduğu halda işsiz qalmışdı. Bu yaşda ikən atasına yük olması, mədən işlərində əldə etdiyi ixtisas və məharətin ona heç bir şey verməməsi onu düşündürürdü. Kiçikliyindən qolları arasında sevə-sevə oynatdığı, qəlbi qədər sevdiyi Almasdan həmişəlik ayrılacağını düşündükdə isə həyat gözünə nuru sönmüş günəş kimi görünürdü. Hələ Almasla görüşərkən danışdığı mənasız sözləri xatırladıqca sanki ixtisas və məharətin də heç bir şey verməməsi onu əzən, varlığını sarsıdan bu hal uzun sürə bilməzdi. Hər halda iki şeydən birinə qərar verməli idi. Ya Almasa qovuşmalı, ya da ondan əl çəkməli idi! Daxilində bir-birinə zidd olan iki qüvvə şiddətli surətdə çarpışmağa başladı. Birinci qüvvə ona: “Sən Alması götürüb qaçmalı, sevgilinə qovuşmalısan!” deyirdi. Bu hökmü verən səs Poladda böyük bir cinayətdə ittiham edilərək məhkəmə qarşısında edam qorxusu ilə titrədiyi zaman bəraət qazanmış adamlarda doğan bir hal oyatdı. Qəlbində şəfəqli bir günəş doğmuş kimi bütün kədəri uçub getdi. Eşqinin nurlu şəfəqləri gülümsəyən gözlərində, açıq, saf simasında şən kəpənəklər kimi uçuşmağa başladı. O indiyə qədər bütün ömründə bu bir anın ona vermiş olduğu xoşbəxtliyi heç zaman belə dərindən dadmamış və duymamışdı. İllərdən bəri sevə-sevə ümid bəslədiyi Almasına qovuşacaq, bütün ömrünü onunla birlikdə şən və bəxtiyar keçirəcəkdi. Polad bu fikri son və qəti bir qərar kimi qarşılamışdı, ancaq iradəsi fəaliyyətə başladığı zaman başqa bir qüvvə ona: “Dur!” əmrini verdi, görüləcək işin son nəticələrini təsvir edən bir çox müdhiş və qanlı lövhələri olduğu kimi canlandırmağa və onun törədə bildiyi fəlakətləri əsaslı dəlillərlə isbat etməyə başladı. Polad əvvəlcə bu acı lövhələri soyuqqanlı qarşılayıb, hər şeyi öz eşqinə fəda etmək istədi, lakin get-gedə o acı lövhələri bir-bir zehnindən keçirtdi. Bunlar onun bütün varlığını, bütün arzu və istəklərini alt-üst etdi. O indi məsələyə bir aşiq hissi ilə deyil, həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş bir münəqqid kimi yanaşaraq, hər şeyi incədən-incəyə düşündü. “İndi ki, bu qədər maneələr var, mən eşqimi qəlbimin ən dərin guşələrinə dəfn edib, onun parlaq xatirələri ilə yaşaya bilmərəmmi?” – deyə öz-özünə söyləndi. Özünə verdiyi bu acı sual kimi bu suala verdiyi cavab da onu məmnun etdi.

Başını aşağı salıb, acı düşüncələrin ağırlığı altında qısılaraq, məyus bir halda daşın üstünə oturduqda çiyninə qüvvətli bir əl toxundu və qulaqları dibində:

– Qalx! – əmrini verən kəskin və qəti bir səs gurladı. Başını qaldırıb baxdıqda atası Arazı gördü. O eyni səslə:

– Qalx, miskin qarılar kimi başını çiyninə sallayıb düşünmə! – dedi.

Polad dimdik qalxdı. Araz əlini onun çiyninə vuraraq:

– Arutyunovun mədənində mexanik yeri var, tez get, xəbər tut! – dedi.

Polad ayrılıb getdi.

Araz onun dalınca:

– Axşam evə tez gəl, Almasın toyudur, səni də çağırıblar, – deyə qışqırdı.

Polad cavab vermədən yoluna davam etdi. Arutyunovun mədənində ona: “Gecikmisən, başqa adam götürdülər” cavabı verdilər.

Polad oradan Qanbayın yanına getdi. O özünü şən göstərməyə çalışır, deyib-gülürdü. Lakin daxilindəki həyəcan üz-gözündən sezilirdi. Polad bir qədər susub düşüncəyə daldıqdan sonra başını qaldırıb:

– Qanbay, biz yoxsulların ən böyük düşməni kimdir? – deyə sual verdi. Qanbay bu qəfil suala nə cavab verəcəyini bilmədi. Sadəcə gülümsəyərək:

– Necə? – deyə soruşdu.

– Deyirəm ki, biz yoxsulların düşməni kimdir?

Qanbay susub cavab vermədi. Polad özündən çıxaraq qəzəblə:

– Sən deyə bilmirsənsə, mən deyərəm, qulaq as! – dedi. – Məni və mənim kimiləri işdən kim qovur? Sahibkarlar, varlılar. Almasımı əlimdən kim aldı? Varlılar. Bu varlılar bizi insan yerinə qoymurlar!

Qanbay onun sözlərini təsdiq etdi, sonra sazı götürüb:

– Bütün dünya bizə düşmən olub neyləyəcək? Tək bu saz bizə dost olsun, çal görək, çal! – deyə sazı ona uzatdı.

Polad sazı alıb çalmağa başladı. Dərd-qüssələri dağıldı. Nəhayət, Polad sazı divardakı mıxdan asıb:

– Qanbay, bu gecə sən mənə yoldaşlıq edə bilməyəcəksən, – dedi, – mən Əhmədliyə gedirəm!

– Nə üçün?

– Həm gəzməyə, həm də balıq ovuna...

– Polad bu nə sözdür? Gecə vaxtı balıq tutmaq olar?

– Fənər yandıracağam, balıq işığa gələr.

– Səni tək buraxmaram, mən də gedirəm, – deyə Qanbay yerindən qalxdı.

Axşam Araz Poladı çox gözlədisə də o, gəlib çıxmadığından toya tək getdi. Günəş o gecə çox dalğın idi. O, toya getməyib artırmada oturaraq oğlunun yolunu gözləyirdi. Onun ana qəlbinə min bir qara fikir gəlirdi.

Araz gecə toydan döndüyü zaman Günəşi evdə yalqız görüb:

– Sən nə üçün tez qayıtmısan? – deyə soruşdu.

Günəş toya getmədiyini bildirmək istəməyib ömründə ilk dəfə olaraq yalan danışmağa məcbur oldu:

– Hamı dağıldı, mən də gəldim, – deyə cavab verdi.

Araz Günəşin qəlbindəki sıxıntını üzündən, gözündən, səsindən anladı:

– Nə var? Yenə üz-gözündə buludlar oynaşır? – deyə soruşdu. –Tez ol yerimi sal!

Günəş:

– Bilmirəm, – dedi, – sən də məndən nə istəyirsən?

Əl-qol açıb oynamayacağam ki!

Araz cavab vermədən yatağına girib yatdı. Günəş də yatağına girdi, amma gözlərinə yuxu girmədi. Poladın Qanbaygildə olduğunu birinci dəfə gizlin gedib görmüşdü; ona görə də bir az rahat idi. Arazı yuxuya verdikdən sonra bir də Poladı yoluxmağa getdi. Qapı, pəncərələr bağlı idi. Onların hara, nə üçün getdiyini düşünməyə başladı. Başından min bir xəyal keçdi. Dalğın bir halda oradan evə döndü. Araz duymasın deyə yavaşca yatağına uzandı. Araz başını yastıqdan qaldırıb:

– O indi balıq ovuna gedib, sabaha yeməyimiz var! – dedi. Birdən-birə qulağının ucunda gurlayan bu səsdən Günəş dimdik oturdu. “Yoxsa kişi yuxuda sayıqlayır” – deyə, başını ona doğru uzadırkən Araz sözünü bir də təkrar etdi, əlavə olaraq dedi ki: – “Ertəsi günü nə edəcək? – deməyə qorxuram, qorxuram ki, deyəsən ki, kişimə peyğəmbərlik verilib”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов