Содержание
  1. I
  2. II
  3. III

Страница 3 из 4 · 50%

– Yox, demərəm, de!

– Ertəsi gün dovşan ovuna gedəcək. Baxtımıza rast olsa o gün də dovşan kababı yeyəcəyik.

– Nədən bilirsən?

– Özümdən, atasının oğlu deyil? Səni almağa qərar verdiyim günlərdə dəli kimi olmuşdum. Fikri başımdan dağıtmaq üçün birinci gün balıq ovuna, ikinci gün də dovşan ovuna getdim. Üçüncü gündən elçi göndərməyə qərar verdim.

– Bəs nə üçün elə birinci gün elçi göndərmədin?

– Qorxdum.

– Nədən?

– Rədd cavabı almaqdan.

– Yaxşı, rədd cavabı alsaydın, neylərdin?

– Heç bir şey... Yoxsa elə bilirsən özümü öldürərdim? Dəli olmamışdım, ağlım başımda idi. Mən bütün bunları düşündükdən sonra elçi göndərdim.

Bu sözlər Günəşin zehnini başqa fikirlərə doğru çəkdi; o bütün bu sözləri öz qanacağı ilə dərindən təhlil edir, ruhundakı sıxıntı və kədər get-gedə silinməyə başlayırdı.

Araz o biri böyrü üzərinə dönərək:

– Üçüncü gündən ağlını başına yığıb işə gedəcək, sən rahatsız olma, yat! – dedi.

Bir az sonra Araz yenə xoruldayırdı. Günəş isə çox çalışdı, gözlərinə yuxu girmədi. Gecə yarıdan keçmişdi. Yavaşca yatağından qalxdı. Gecənin qaranlığını yara-yara Qanbayın otağına gəldi. İçəridə işıq yanırdı. Onların nə etdiyini bilmək üçün yavaşca pəncərəyə dırmandı. Artırmada balıq kababı bişirirlərdi, Polad da sazın tellərini dilləndirib yavaş-yavaş çalır, “Mənim könlüm açılmaz, qış, yaz ağlar” mahnısını pəsdən oxuyurdu.

Günəş gözləri yaşlı halda evə döndü. O həm şən, həm də kədərli idi. İçəri girdiyi zaman çırağın işığını bir az artırdı. Əyilib yoxsul yatağında nəhəng gövdəsi ilə yatan Arazın üzünə baxdı. Araz onun nəzərində bu dəfə bambaşqa, fövqəladə bir insan kimi göründü. Ona qarşı olan səmimi yoldaşlıq hissi o qədər coşdu ki, gənc bir qız eşqi ilə sarılaraq onun üzündən-gözündən öpmək istədi. Ancaq cəsarəti qırılaraq məhcub və tutqun bir halda yatağına çəkildi. O indi Arazla qonşusu Əlisəfanı, Aslan bəyi, özü ilə Pakizəni qarşılaşdırır, “Bu yatan yoxsul aslanın atılan dırnağını min elə şorgöz, acgöz varlı aslanbəylərə, tülkü əlisəfalara dəyişmərəm” – deyirdi.

İndi onun ruhundan sıxıntı, kədər dumanları uçmuş, yerində saf şənlik şəfəqləri oynaşırdı. Bir az sonra bu dadlı mühakimə və düşüncələr içində gözlərini yumdu.

Səhər Polad əlində beş balıqla gəldi. Onları anasına uzadaraq:

– Al, bişir yeyək! – dedi.

Sonra içindən ən yağlısını ayırıb:

– Bunu atam üçün ayrıca bişirərsən – dedi.

Ertəsi gün Polad evə dönərkən əlində bir dovşan gəldi. Günəş dovşanı Poladın əlində görüncə Arazın sözlərini xatırlayaraq yerində donub qaldı. Polad ona yaxınlaşıb:

– Al, bu da sabahımızın xörəyi. Sabahdan işə gedəcəyəm – dedi.

– Harada?

– Balaxanıda!

Günəş Poladın üzündə, gözlərində oynaşan saf şəfəqləri razı baxışlarla süzdükdən sonra ürəyində: “Sənin o böyük ürəyinə anan qurban, kişi oğlu kişisən!” – dedi.

III

Əlisəfanın evində toy hazırlığı gedirdi. Bir tərəfdən Almasın gizli göz yaşları, bir tərəfdən də qudasının saymamazlığı Pakizəni çox düşündürürdü. O, baldızı Rəxşəndəyə şikayətlənib deyirdi:

– Ay qız, adam qız verəndə öz tayına verər. Bu necə qudalıqdır? Bəy arvadı qızı hələ aparmamışdan bizi saymır. Qız getdikdən sonra bizi heç qapısından içəri də qoymaz. Elçiliyə gəlmədi, nişana gəlmədi, bilirəm bu gecə qızı aparmağa da gəlməyəcək. Bizi adam yerinə qoymur. Qızım yaxşıdır, biz yaman? Kim bilir kasıb qızı olduğu üçün bəlkə Alması da heç saymayacaq. Bu zülmlə ki, qızı verirəm, heç bilmirəm bunun axırı nə olacaq? Bu qızın günü qara olsa, acgöz qardaşının başında tərs dəyirman işlədəcəyəm. Bax, deyirəm sənə, vallah ona gün verməyəcəyəm. Yediyini, içdiyini burnundan tökəcəyəm!

Rəxşəndə ona ürək-dirək verirdi:

– Humay deyir ki, naxoşdur, ona görə gələ bilməyib.

– Ay qız, bunlar hamısı kələkdir. Mən başıma gələni bilirəm, qardaşın Almasa bir dağ çəkdi ki, ölüncə yadından çıxmayacaq.

– Nə dağ çəkdi? Ay qız, niyə belə danışırsan? O da istəyir ki, övladı xoşbəxt olsun.

– Xoşbəxt etdiyi görünür, özümü saymayan, qızımı heç saymayacaq. Kim bilir o əyriburun Qəmər yazıq qızın başına nə oyun açacaq? Qudurğanın biridir, heç kəsi bəyənmir.

– Sən indidən ağzını pisliyə açma. Qonaqlar gələn vaxtdır, qalx işinin dalınca ol!

Əlisəfa o gecə toya ən yaxın qohum-qardaşını, bir də qonşusu Arazın ailəsini çağırmışdı. Qonaqlar bir-bir yığıldı. Qarmon çalan Gülpəri məclisi qızışdırır, qadınlar, qızlar oynayır, hamı şən görünürdü. Yalnız Almas dəhlizdə yaralı quş kimi bir bucağa qısılıb çırpınırdı. Onu nə qədər xına yaxmağa, duvağa çağırdılar getmədi. Anası gəldi, bibisi gəldi, yengə gəldi, yenə getmədi. Axırda anası onun qolundan tutub:

– Bizi xalq içində biabır etmək istəyirsən? Qalx deyirəm sənə! – deyə özü ilə götürüb, yengənin əlinə tapşırdı. Onun göz yaşlarına baxmayaraq, gəlin paltarını geyindirib, xınaya oturtdular. Yengə bir kasa xına islatdı. Gəlinin hər ovcuna bir qədər xına qoyub ovcunu yumdu. Gəlinə və qonaqlara:

– Allah mübarək eləsin, boya, başa çatsınlar, qoşa qarısınlar, oğulqızınızdan görəsiniz! – deyə xeyir-dua verdi.

Oğlan adamları gələnə yaxın Almasın başına qırmızı tül salıb, duvağa oturtdular. Bir saat sonra başda Humay olmaqla oğlan adamları gəldi. Varisin anası Qəmər yenə gəlməmişdi. Pakizə acığından dil-dodağını çeynəyirdi. O özünü mətbəxə salıb, iki əli ilə dizlərinə vura-vura:

– Vay, öz əlimlə balamı bədbəxt elədim. Baisin evi yıxılsın, – deyə ağlayırdı.

Rəxşəndə onu zor-güc sakit edib, mətbəxdən çıxartdı. Pakizə göz yaşlarını silə-silə:

– Qızı özün aparacaqsan. Bu işin hamısını o qudurğan əyriburun Qəmərin bir-bir ovcuna qoyarsan. Günəş demişkən, donuzun da yağı çoxdur, nəyə gərək. Bəy olanda nə olar. De görüm, atası atamdan artıqdır, anası anamdan?

Qonaqlara şərbət paylandıqdan sonra oğlan adamları qalxdı. Almas meyit kimi idi. Əlisəfa qızına xeyir-dua verdikdən sonra Almasın iki qoluna girib, sürüyə-sürüyə apararaq, faytona oturtdular. Oğlan adamlarından biri gəlinin sağına, biri soluna keçdi. Yengə də əlində yanan bir şamla qızın qabaq tərəfində oturdu. Rəxşəndə oğlan adamları ilə o biri faytona mindi. Faytonlar hərəkət etdi.

Qızı çoxdan Aslan bəyin evinə gətirmişdilər. Varis gəlib çıxmamışdı. Onu çox gözlədilər. Yengə iki-üç dəfə dilə gəldikdən sonra Aslan bəylə kiçik qardaşı Rüstəm bəy iki-üç dəfə hara isə telefonla zəng etdilər. Varisin başı klubda qumara qızışmışdı. Onu bu gecə tanımadığı adamlar oyuna çəkmişdi. Oyunun üçüncü əlində qumarbazlardan Zeynal adlı bir nəfər Varisi yaman təhqir etdi. Varisi zor-güc sakit etdilər. Oyun davam etdikcə aralarında bir-birinə qarşı kin və intiqam hissi şiddətlənməyə başladı. Varis Zeynalın onunla dava edən və get-gedə şiddətlənən bu kininin səbəbini çox düşündü. Lakin bir şey başa düşmədi. Növbəti oyunların birində Zeynal banka bir beşyüzlük atıb, kartı qarışdıra-qarışdıra:

– Eşşəyin arpası çox düşəndə şıllaq atan kimi, bəzən uşaq-muşağın da pulu çox olanda, o qədər qudurur ki, heç kəsi saymır, kişisinin yanında arvadına sataşır, hamını özü kimi sarıqulaq bilir! – deyə ona söz atdı.

Bu sözlərin ona aid olduğunu yəqin edən Varis düşünüb, məsələni dərhal xatırladı. Zeynalın üç gün əvvəl kazinoda bir qızla ona yaxın stolda oturan adam olduğunu bildi. Qıza bir neçə dəfə göz-qaş etdiyi və söz atırkən Zeynalla söz-sözə gəldiyi, stol başından qalxarkən Zeynalın: “Yaxşı, səninlə görüşərəm!” – deyə onu təhdid etməsi bir-bir yadına düşdü. O indi tikan üstündə oturmuş kimi idi. Bir-iki dəfə oyundan qalxmaq istədisə də Zeynal etiraz edib:

– Oyunu başa vurmalısan! – deyə onu yerində oturtdu. Onu gecə saat üçdə buraxdılar. Varis qapıdan çıxıb, pilləkənləri düşürkən Zeynal:

– Ey, getmə, dur görüm nə deyirsən? – deyə onu çağırdı.

Varis saymayıb, pilləkənləri enməkdə davam etdi.

Zeynal yenə qışqırdı:

– Ey, sənə demirəm, dur! Yoxsa vuraram!

Zeynalın onunla hesablaşmaq istədiyini bildiyi üçün Varis dayanmadı, daha da sürətlə getməyə başladı. Yalnız lap aşağı çatdıqda Zamanın qapı ağzında olduğunu zənn edərək ürəkləndi. Geriyə dönüb:

– Ədə, sən məndən nə istəyirsən? Sən kim, mən kim?

Get, anqır, tayını tap! – deyə yuxarıya qışqırdı.

Varis Zeynalı yaxından tanımır, Qoçu Teymurun ən yaxın dostu olduğunu bilmirdi. Zeynal ona yanaşıb:

– Sənin kimi qoduqlar anqıranda damğalamaq lazımdır, – deyib, ona bərk bir şillə ilişdirdi. Varis onu söyə-söyə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов