Yeddinci fəsil
Страница 1 из 5
I
Araz oğlu Poladı çox sevirdi. Polad ağıllı-kamallı bir oğlan olmuşdu. Araz hərdənbir Günəşə:
– Buna yaxşı bax, başqa oğuldur, – deyirdi.
Polad vaxtını hər gün qonşusu Əlisəfanın qızı Almasla keçirir, onu saf, səmimi bir uşaq qəlbi ilə sevirdi. Polad Almasdan beş yaş böyük idi. Onlar hər gün bir yerdə, qayğısız və şən uşaqlıq həyatı sürürdülər.
Araz yoxsul olduğuna baxmayaraq Poladı yeni açılmış altı sinifli məktəbə verdi. O, arabir başını qucaqlayaraq:
– Oğlum, çalış, yoxsul olsam da yeməyib, içməyib səni oxudacağam, – deyirdi.
Polad məktəbdən döndüyü zaman hər şeydən artıq Almasla əylənərdi.
Almas uzaqdan Poladın gəldiyini görüncə kiçik qollarını kəpənək qanadları kimi açaraq nəfəsi darıxmış halda qaçır, ayaqlarını yerə çırpa-çırpa “Polad! Polad!” – deyə qollarını onun boynuna dolayırdı. Polad onu çiyninə alır, oynadır, güldürür və sevdiyi oyunlarla əyləndirirdi. Arabir anası Pakizə etdiyi yaramazlığa görə qıza cəza verdiyi vaxt buna hər kəsdən çox Polad qüssələnirdi. O, qızın məsum gözlərindən tökülən yaşları qurutmağa, onun könlünü almağa çalışardı. Almasın uzun, qara kirpiklərinin ucundan süzülüb, qırmızı yanaqlarında şeh kimi parıldayan göz yaşı damlaları qurumamış, Poladın boynunu qucaqlayır, sonra:
– Polad, Polad, mənə gəlin qayır, – deyirdi.
Zaman axdıqca hər iki uşaqda səmimi yoldaşlıq hissi və sevgisi də o nisbətdə artır, qüvvətlənirdi.
Əlisəfanın bacısı oğlu Teymur kəndin yeni yetişmiş ziyalılarından sayılırdı. O, kənddə bir qız məktəbi açmağa müvəffəq olmuşdu. Teymur bacısı qızı Alması zor-güc Əlisəfanın cəngindən qoparıb məktəbə vermişdi. Ara-sıra yolda bir-birinə rast gəlirkən Polad onun kiçik tumbul əllərini əlləri içində oynadaraq oxuduğu dərsləri soruşur, əzbərlədiyi mənzumələri oxudur, sonra əli ilə onun başını oxşayaraq:
– Afərin, sən ağıllı bir qız olacaqsan, – deyirdi.
Polad altı sinifli məktəbi bitirdi. Ailə həyatındakı dəyişiklik, maddi vəziyyətin ağırlığı təhsilini davam etdirməyə mane oldu.
Araz ehtiyacın ağır yüklərini yalqız çəkirdi. Bu ağırlığı Polad da yaxından hiss edirdi. Onu hər şeydən artıq atasının üzərində yük olması sıxırdı. O həm özünü idarə edə bilmək, həm də atasına maddi kömək etmək fikri ilə bir iş başlamaq istədi. Buruq işlərində atasından çox məharət göstərmiş, təcrübəsi ilə bir mühəndis qədər bilik qazanmış olan dayısı usta Nuruşun əli altında işləməyə qərar verdi. Bu fikrini atasına açıb söylədiyi zaman Araz acı-acı gülümsədi:
– Onun yanında nə üçün? “Bağa çanağından çıxdı, çanağını bəyənmədi”, buna deyərlər. Mədəndə mən işlədiyim zaman dayın Nuruş qanqal otlayırdı! – dedi. Sonra bir az düşünüb, əlini oğlunun arxasına vuraraq:
– Bir cəhətdən haqqın var oğlum, get işlə! – dedi.
Polad adi bir fəhlə deyil, mahir bir usta olmaq istəyirdi. Dayısı Nuruşun yanında muzdsuz, maaşsız qulluq edib buruq işlərində təcrübə sahibi olmağa can atdı. Mədən işləri ona yabançı deyildi: yüksək ehramlı buruqların küləkli kölgəsində doğmuş və neft havasını uda-uda böyüməmişdimi? Sevimli Almasa quyu qazaraq taxtalardan buruq qayırıb onu əyləndirmədiyi günmü vardı? Onun ciyərləri, neft qoxusuna o qədər alışmışdı ki, şəhərə, yaxud bağlara getdiyi zaman sıxılır, darıxırdı. Uşaqlıqdan bir çox sirrini bildiyi və ürəkdən sevdiyi bu işi az zaman içərisində öyrəndi. Nəhayət, dayısı Nuruşun köməkliyi ilə mədənə qəbul edilərək bir usta kimi çalışırdı. Artıq kimsəyə yük deyildi. Tökdüyü alın təri ilə artıq özünü idarə edə bilirdi. İşdən döndüyü zaman sağlam vücudunda əsla yorğunluq hiss etmir, üzü gülür, gözü gülür, dodaqlarından axan zümzümələr belə gülürdü. Onu sıxan, onu rahatsız edən yalnız son zamanlar Almasın ondan qaçıb gizlənməsi idi. Əlisəfanın göstərişi ilə Almas ona görünməməyə başladığı zaman Polad buna çox darılmışdı. O, Almasa o qədər alışmış və isnişmişdi ki, onu görmədiyi gün ən qiymətli bir şey itirmiş olan adamlara məxsus gözləri onu axtarır, fikri onunla məşğul olurdu. Fəqət Alması sevdiyini bu vaxta qədər açıqdan-açığa nə sözlə anlatmışdı, nə də hərəkətlə. İndi bir qurd onun qəlbini gizli-gizli gəmirir, şən simasına, sürəkli qəhqəhələrinə donuq rəng, sönük bir ahəng qatırdı. Bunu anası Günəş hiss etmişdisə də, onun əsil səbəbini anlamamışdı.
Bir gün Almas anası ilə bərabər həyətdə paltar yuyarkən anasının ona dediyi bir sözdən sürəkli qəhqəhələr qopardı. Bu zaman Polad bağçada əncir ağacı altında uzanmışdı. Ona məhrəm olan bu səsi eşidincə iki əlini qulağına tutdu, nəfəs almamaq, qəlbinin çırpıntısını belə eşitməmək üçün köksünü irəli doğru qabardaraq mahir bir tarçının mizrabından qopan canlı bir musiqi dinləməyə başladı. O lətif səs qulaqlarının ucunda canlandıqca ruhunun damla-damla əriyib qəlbinin ən isti guşələrinə töküldüyünü hiss edirdi.
Günəş onu uzaqdan bir müddət seyr etdikdən sonra mühüm bir məsələni həll etmiş adamlara məxsus bir səslə:
– Demək qızı sevir, – dedi.
Aslan bəy istirahətdən qayıtdıqdan sonra Arazın onunla etdiyi rəftarı, dediyi ağır sözləri heç yadından çıxara bilmir, bunları yadına saldıqca əsəbiləşir, qəzəbindən ürəyi şiddətlə döyünürdü. Öz-özünə: “Yox, bu həyasız oğluna mən kim olduğumu göstərməsəm, onun sinəsində sağalmaz bir yara açmasam, Rəhim bəyin oğlu deyiləm!” – deyirdi. Odur ki, Aslan bəy Araza ağır zərbə endirmək, onu fəhlələr arasında etibardan salmaq üçün gecə-gündüz yollar axtarır, tədbirlər düşünürdü. O, nəhayət bu işi Arazın işlədiyi mədənin sahibi Qasım bəylə birlikdə görməyə qərar verdi. Qasım bəyin istirahətdən yenicə gəldiyini və orada əməlli-başlı kef etdiyini öyrəndikdən sonra Vəliyə faytonu qoşmağı əmr etdi. Bir neçə dəqiqədən sonra fayton qapıda Aslan bəyi gözləyirdi. O, cəld qapıdan çıxıb, faytona oturdu, birbaş Qasım bəyin evinə sürməyi əmr etdi.
Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. Lakin Aslan bəy qapıdan içəri girərkən onu xoş üzlə qarşıladı. Onun gəlişindən məmnun olduğunu bildirdi. Onlar zalda, məxmər örtüklü girdə stolun dövrəsində oturub bir qədər yay səyahətlərindən söhbət etdilər. Aslan bəy öz yay səyahətinin o qədər də yaxşı keçmədiyini bildirdikdən sonra söhbəti Arazın üstünə gətirdi:
– Qasım bəy, bizim ən böyük düşmənimiz mədənlərimizdə işləyib, çörəyimizi yeyən bu azğın fəhlələrdir. Bu ac qurdlar var-yoxumuza sahib olub, bizi də öz günlərinə salmaq istəyirlər. Elə biri sənin mədənində işləyən Araz. Məni boğaza yığıb, sənin fəhlən olduğu üçün bir şey elətdirə bilmirəm. Bu vaxta qədər fəhlələri yolundan azdırır, üstümüzə qaldırırdı, indi də başlayıb özümüzə sataşmağa. Heyvan oğlu heyvan, nə böyük-kiçik tanıyır, nə hörmət saxlayır. Peşmansan ki, bir söz deyəsən, həyasız oğlu, bir deyirsən, beş cavab qaytarır. Sənin yanına bir iş üçün gəlmişəm. Gərək bu şeytan oğlunu mədəndən iti qovan kimi qovasan. Ondan sonrası mənim boynuma.
Aslan bəyi diqqətlə dinləyən Qasım bəy gülümsəyərək:
– Aslan bəy, ilanın ağına da lənət, qarasına da, – dedi. – Fəhlələrin hansı bizə dostdur? Çarə yoxdur. Mədəni dayandırmaq ki olmaz! Canları çıxsın, qoy gündə 12 saat toz-torpaq, his-pas içində işləyib biz xozeyinlərə pul qazansınlar. Bir də indi pis vaxtdır. Bilirsən ki, bütün Rusiyada fəhlələr dünyanı dağıdır. Nikolay onların qorxusundan tir-tir əsir, birinə əl vuran kimi yüzü onu müdafiə edir. Bizimkilər də onların yolu ilə gedir. Bunu görə-görə fəhlələr içində böyük hörmət qazanan Arazı işdən necə qova bilərəm? Fəhlələr mədəni alt-üst edər. Biz indi onlarla pişim-pişimlə dolanmalıyıq. Elə mən özüm də onunla qorxa-qorxa rəftar edirəm. Odur ki, Aslan bəy, gərək məni bağışlayasan, sənin xahişini yerinə yetirə bilməyəcəyəm.
Bu sözlərdən sonra Aslan bəyin bütün ümidləri qırıldı. O, anladı ki, Qasım bəy öz fəhlələrindən, xüsusilə Arazdan it kimi qorxur. Qasım bəyin dedikləri elə Aslan bəyin özünü də az qorxuya salmamışdı. Bu məsələ ətrafında danışmağı artıq bildiyindən Aslan bəy söhbətin mövzusunu dəyişdi, bir qədər neft ticarətindən danışdıqdan sonra çox pərt halda xudahafizləşib getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
IVAtasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.
VRəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.