Yeddinci fəsil
Страница 5 из 5 · 80%
– Sən də kişinin biliyini heçə vurduqdan sonra heç olmasa üzr istəyəydin, – dedi.
Araz Polada cavab verməyə imkan vermədi, narazı vəziyyətdə Günəşə baxıb:
– Polad öz işini bizdən yaxşı bilir. Ac qalmaq, acından ölmək böyük fəlakət deyil, ən böyük fəlakət namussuz yaşamaqdır! – dedi və Poladın onun qabağına qoyduğu puldan iki şahı götürüb dəlləyə getdi.
O gün Azad Bakı Komitəsinin qərarı ilə Həştərxana yola düşməli idi. Azadı yola salmaq isə Arazla Vanyaya tapşırılmışdı. Araz dəlləkdən qayıtdığı zaman Vanya evdə oturub Poladla şirin söhbət edirdi. Araz öz vaxtından bir az da tez gəlib çıxmışdı. Odur ki, söhbət üçün bir qədər vaxt qalırdı. Vanya Poladın işdən çıxarılmasını Araza xatırladıb mədənlərdəki hərc-mərclikdən, haqsızlıqlardan qəzəblə danışdı. Araz və Polad onun dediklərini təsdiq etdilər. Saat 10-u vurduqda, Arazla Vanya qalxıb onlara tapşırılan vəzifəni yerinə yetirmək üçün getdilər.
Azad səfərə hazırlaşırdı. O bu münasibətlə təşkilatın sınanmış üzvləri ilə məsləhətləşirdi. Losman Əlimərdan da burada idi.
Əlimərdan məşhur Bakı taciri Hacı Hadinin gəmisində işləyirdi. Tez-tez Həştərxana neft aparırdı. Uşaqlıqdan gəmidə işlədiyindən, Xəzər dənizini, xüsusən Həştərxan və Bakı limanlarını çox yaxşı tanıyırdı. Liman fəhlələri arasında böyük hörməti vardı. Üzü boğulmuş mis rəngində olduğundan hamı ona Qara losman deyirdi. Əlimərdan Bakı bolşevik təşkilatının fəal üzvlərindən biri sayılır, Bakıdan Həştərxana, eləcə də Həştərxandan Bakıya ədəbiyyat daşımaq işində təşkilata böyük kömək göstərirdi.
Azad gözünün üstünə tökülən saçlarını barmaqları ilə darayıb deyirdi:
– İrtica hər yandan hücuma başlamışdır. İndi bolşevik mətbuatını qüvvətləndirmək və onu geniş kütlələr arasında yaymaq əsas vəzifədir. Möhkəm, mütəşəkkil bir inqilab ordusu yaratmaq üçün bu ən gözəl vasitələrdən biridir. İndi düz söz qılıncdan da kəsərlidir.
Bayaqdan Vanya ilə yanaşı oturub Azadı dinləyən Araz da söhbətə qarışdı.
– Azad yoldaş doğru deyir ki, çox vaxt söz qılıncdan da kəsərli olur. Biz onu elə öz işimizdə də görürük. Məgər mitinqlərdəki odlu çıxışlar, fəhlələr arasında yaydığımız gizli intibahnamələr bunu sübut etmirmi?
Vanya onun sözünü təsdiq edərək:
– Düzdür, – dedi.
Qara losman Azad yoldaşı Həştərxana tacir Hacı Hadinin neft barjında aparacağını söylədi və Azadın təhlükəsiz gedib-gəlməsi üçün şərait yaradacağına hamını əmin etdi.
Yoldaşları Azada işində müvəffəqiyyətlər arzu etdilər. Araz əlini Qara losmanın kürəyinə vura-vura:
– Azad yoldaş, bu bakılı balası sizi elə aparıb gətirəcək ki, heç quş da xəbər tutmayacaq, – dedi.
Qara losman gülümsədi. Azad məmnun bir halda losmana baxaraq zarafatla:
– Həmişə qara neft daşıyıb, indi də qoy ədəbiyyat daşısın, nə fərqi var. İkisi də xalqa işıq verir, – dedi.
Azadın bu sözü hamının xoşuna gəldi.
Ertəsi gün sübh tezdən Azad tacir Hacı Hadinin neftdaşıyan barjında Həştərxana yola düşdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-araz-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
IVAtasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.
VRəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.