Birinci pərdə
Səhnə Azərbaycan kəndlərinin birində əkinçi Rüstəmin evini təsvir edir. Gülsənəm,
qızı Fatıya cehiz hazırlayır. Sadə, fəqiranə döşənmiş bir otaqda iməci qadınlar oturub
yun darayır, səs-səsə verib oxuyurlar.
Qadınlar
Oturmuşdum səkidə,
Ürəyim sək-səkidə,
Yardan bir alma gəldi
Bir qızıl nəlbəkidə.
Ucadır eyvanımız,
Qoşadır xırmanımız,
Sən ordan çıx, mən burdan,
Kor olsun düşmanımız.
Mənim ərim molladır,
Atını gümüş nalladır,
Əlində bir alma var,
Gah verir, gah alladır.
Mələk
Oğul evləndirmək, ya qız köçürmək
Hər könüldə böyük diləkdir, dilək.
Səadət
(Gülsənəmə)
Ay qız, haçandır toy?
Gülsənəm
Adına axşamı.
Zəhra
Xoşbəxt olsun, yansın işıqlı şamı.
Mələk
Dörd yanını, görüm, oğul-qız alsın.
Səadət
Ömrü çiçəklənsin, bəxti əl çalsın.
Zəhra
Qorxuram ki, utanaq biz o gecə,
İş yarımçıq qalar mənim fikrimcə.
Gülsənəm
Nə çox iş var? Bir xurcundur, bir cecim, İki farmaş, üç-dörd örkən və sicim,
Bir də yeznəmizə qışlıq bir qartı.
Səadət
Hara gedib, görünməyir bu Fatı?
Xeyir işdir, əl-qol açsın o gərək,
Barı, azdan-çoxdan eyləsin kömək.
Qəmər
Utancaqdır, qaçıb sizdən gizlənmiş.
Gülsənəm
Birdən-birə baş verdi bu xeyir iş.
Qız nəm-nüm etdi, baxmadıq sözünə.
Zəhra
Yeznənizdən nə aldınız, ay nənə?
Sən söylə barı, gəlinin gizləyir.
Qəmər
Gizlin şey yoxdur, söyləyim qoy bir-bir.
Gülsənəm
Söylə, söylə, bilsinlər, gizlin nə var!
Qəmər
Üç yüz manat başlıq, iki dəst paltar,
Tafta gərdək, tafta köynək və tuman,
Bir baş şalı, başmaq, boğazlıq mərcan, Gümüş kəmər, iki üzük, bir xəli.
Səadət
Kişi oğlu yaxşı durub irəli.
Mələk
Avand olsun, boş qalmasın təknəniz.
Zəhra
Oğlunuzdan, qızınızdan görün siz.
Səadət
Bu adamlar baxmayır ağ, bozuna,
Dünən çopur Gülcahanın qızına Əyriburun Güləhmədin arvadı
Elçi getdi.
Mələk
Göyərdimi muradı?
Gülsənəm
Eşitmişəm, söylə, düzəldimi iş?
Səadət
Baş tutmadı.
Mələk
Niyə?
Səadət
Anası kəsmiş
Beş yüz manat başlıq tələb eylədi.
Zəhra
Onun qızı gün bürcündənmi gəldi? Cırtdan qızı sarsaqlayıbdır, nədir? O başlıq heç bəy qızına verilmir, Öz aybını neçin bilmir bu insan?
Qəmər
Gödəklərdən özləri qız alırkən,
Yüz əllicə manat başlıq verdilər.
Gülsənəm
Eyb içində üzənlər xalqa gülər.
Qəmər
Verdikləri vədələrdən qaçdılar,
Başlarına it oyunu açdılar.
Zəhra
Kosalardan qız aldı Aslan qoçaq,
Yoxsulca bir oğlan idi o ancaq,
Gördünüzmü necə xərc tökdü oğlan?
Mələk
Nəyə gərək, indi ölür acından,
Qapısında bircə inək də yoxdur.
Gülsənəm
El içində ancaq hörməti çoxdur.
Səadət
Kosaqızı Tellini cunbul Cabbar,
Çox istədi, ucadan başladılar.
Oğlan bir gün qızı götürdü, qaçdı.
Zəhra
Kənd içində ana qiyamət açdı.
Səadət
Deyirlər ki, qız sevirmiş oğlanı.
Qəmər
Alt-üstünə dönsün belə dövranı.
Mələk
Bax, bu dünya necə xarab olubdur,
Abır, həya, namus heç qalmayıbdır.
Qəmər
Belə-belə adamların üzünə,
Yarəb, neçin dağılmayır zəmanə?
Yer, göy bizə düşmən kəsilsin gərək!
Zəhra
Axşam oldu, getməyəkmi?
Səadət
Qalx, gedək!
Gülsənəm
Çox razıyam, ağrımasın əliniz.
Qəmər
Oğlunuzdan-qızınızdan görəsiz.
Səadət
Sağ ol.
Zəhra
Sağ ol, şad yaşasınlar qoşa,
Şənliklə vursunlar dövranı başa.
Gülsənəm
Çox sağ olun, yanınızda xəciləm.
Zəhra
Elə demə, sən allah, ay Gülsənəm,
Bizim azmı huyumuza yetmisən,
Xeyrimizə, şərimizə getmisən.
Səadət
Ay qız, sənin boynumuzda haqqın var.
Mələk
Sənə işıq gün versin pərvərdigar.
(Gedirlər)
Qəmər
Yun darandı, bunları qoy bir yana,
Gülsənəm
Sabah tezdən gərək qurulsun xana.
Qəmər
Tez ol, durma, yığışdır görək,
Rüstəm indi gələr.
Gülsənəm
Gəlsin, neyləyək,
Görürsən ki, çalışıram səhərdən.
Qəmər
Öz kişini tanımayırsanmı sən?
Bütün evi alt-üst edər o kişi,
Səbirsizdir, təhərsizdir hər işi.
Gülsənəm uşağın beşiyinə tərəf gedir, diqqətlə yatan uşağa baxır.
Gülsənəm
O tumbul əllərə qurban olum mən, Xala, bu gün çox yaxşı yatdı nəvən.
Rüstəm, əlində matraq, içəri girir, matraqı şaqqıldadaraq ucadan
Rüstəm
Ay Gülsənəm, lap ölürəm acından, Nəyin varsa tez ol, gətir.
Gülsənəm
Bir dayan!
Nə xəbərdir, baş gətirib deyəsən.
Rüstəm
Çox danışma, gətir qatıq-çörəkdən,
Bir bax, ilan kimi qabıq qoymuşam,
Əziyyətdən, arvad, cana doymuşam.
Qan-tər içindəyəm, görmürmü gözün?
Gülsənəm
Yaxşı, yaxşı, söylə nədir bir sözün?
Beş-on addım yer sürmüş, hay-küyə bax
Qəmər
Kişi deyil, yanar ocaqdır, ocaq.
Gülsənəm
Mən də işləmişəm.
Rüstəm
Gəl başımı yar!
Neyləmisən, söylə görüm, a yassar?
Mənim kimi gün altında bişmisən?
Əlləşməkdən əldən-dildən düşmüsən? Əllərini qayış, kotan yeyibdir?
(Əllərini göstərir)
Belə qabar, suluqmu eləyibdir?
Əyilməkdən çəkəmmirəm belimi.
Gülsənəm
Yaxşı, yaxşı, açma mənim dilimi.
Görünür mən bu evdə oynamışam.
His, tüstüdən bir bax mən də yanmışam, Əlləşirəm dan açılandan bəri,
İşdən, gücdən durmamışam ki, geri.
Sən on ayı yeyirsən, sallanırsan,
Bir-iki ay zəhmətə qatlanırsan. Nə var sənə, bir kotandır, bir başın, Mənim kimi yoxdur ki, min-bir işin. Toy qabaqda, mənimlədir hər zəhmət.
Rüstəm
Doğru deyirsən, ay atana rəhmət,
Nə çox iş-güc deyirsən, söylə görüm, Nədir işin?
Gülsənəm
Dayan bir-bir söyləyim:
Sac asıram, fətir, əppək yapıram.
Atlı kimi ora-bura çapıram,
Odun daşıyıram hey şələ-şələ...
Rüstəm
Sonra?
Gülsənəm
Dayan, qurtarmadım mən hələ.
Allahın var günü – hər səhər-axşam, İnəyini, qoyununu sağıram,
Becərirəm bostanını, bağını.
Saxlayıram bu şıltaq uşağını.
İki gündən bir yağ-pendir tuturam,
Dinclik, dirlik mənə olubdur haram. Dana, buzov, cücə əlindən hələ
Qalmamışdır məndə daha hövsələ.
Mən bunların hansı birin söyləyim?
Rüstəm
Bir neçə iş də qoy sənə mən deyim: Qıllı itə axşamlar yal tökürsən,
Pal-paltarın yamağını tikirsən.
Hər gün axşam güclü ocaq çatırsan, Mürgüləyib camış kimi yatırsan.
Hay-hay, Sənəm, bunlara mən iş desəm, Bu dilimi lap kökündən kəsərəm.
Gülsənəm
İş deyil, bəs nədir?
Rüstəm
Nədir? Oyuncaq!
Gülsənəm
Sən iş nəyə deyirsən bəs, ay qoçaq?
Rüstəm
Gün altında bir gün kotan sürərsən,
Nəyə deyərlər iş, onda görərsən.
Qəmər
Sənin işin yalnız əkin-biçindir,
Ev işi də, baxma, oğlum, çətindir,
Kişi fəhlə, arvad isə bənnadı.
Rüstəm
Yaxşı, yaxşı, bu da burdan bannadı.
Bənna olmuş bir de görüm, neyləyir?
Mən çalışıb qazanıram, o yeyir.
Gülsənəm
Qəbul etsəm canıma min zəhməti,
Sənin yanında heç yoxdur qiyməti.
İndi ki bu yerə gətirdin işi,
Otur evdə, sən arvad ol, mən kişi.
Ev işini sən gör, çöl işini mən,
Sən də bir gör mən görən rahətlikdən.
Rüstəm
Razıyam!
Gülsənəm
Ver əlini!
Ancaq sonra dəyişdirmə dilini.
Rüstəm
Mən sözümdən qaçmaram, qorxma.
Gülsənəm
Yəqin?
Rüstəm
Bir saatlıq işdir sənin işlərin,
Nə var onda, su içməkdən asandır.
Gülsənəm
Sənin işin ancaq xışdır, kotandır,
Zəhmətimə qiymət qoyan yox ancaq.
Rüstəm
İşlər sabah məlum olar, ay qoçaq.
Bu gün hələ pozma öz əhvalını.
Gülsənəm
Bircə səbr et, sabah görrəm halını.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-kimdir-haqli-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əl işi məktəbində çalışan qızlara*Əl işi çox gözəl, incə sənətdir,
GözlərQıvırcıq saçının şux tellərindəÜlkər tək parlayıb axan, a gözlər!
Xırçın qızDeyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
Əməkçi qadınlaraQadın, ey böyük insan, parla yüksək adınla!Bizim yeni quruluş yüksələcək qadınla!