Üçüncü pərdə
Atababa dəmirçi dükanında işləyir. Alagöz ocağı körükləyir. Atababa bir
dəmir parçasını ocağa atır, başqa birisini döyəcləyə-döyəcləyə oxuyur.
Atababa: Yan ocağım, durma, yan!
Təndir kimi alovlan.
Qalma günəşdən geri,
Bişir bu pak dəmiri.
Qığılcım saç hər yana,
Cansızlar gəlsin cana.
Bağım, bağçam güllənsin,
Bülbüllərim dillənsin.
Şənlənsin tarla, çəmən,
Sevinsin ana Vətən.
Körüklə, Alagöz körüklə, kürəmiş yansın, ocağımız da qəlbimdə
yanan eşqin kimi alovlansın.
Alagöz. Yenə çay kimi yaman coşub, daşırsan.
Atababa. Durğun göl olduğun yadıma gəlir. Mən həmişə coşğun çay daşqın sel olmuşam.
Çeşmənin başı sənsən,
Qiymətli daşı sənsən.
Dünya gözələ dönsə,
Hamının başı sənsən.
Alagöz. Kefin gəlib, Bəxtəvər, mən bütün gecəni yatmamışam, ürəyimə min cür qara fikirlər gəlir, Elman ovdan niyə qayıtmadı? Görəsən başına nə qəza gəldi. Sənin heç bir tükün də yerindən qımıldanmır.
Atababa. Çünki arxayınam, bilirəm ki, Elman kimi oğula heç bir şey olmaz. Bütün el onun arxasındadır. (Alagöz cavab verməz) Görünür başı ova qarışmış, darıxma, gələr. (Qılınc şəklinə salmış olduğu dəmiri ocaqdan maşa ilə götürüb zindan üzərində çəkiclə döydükdən sonra yenə maşa ilə götürüb baxır. Razı olmadığını göstərən bir səslə) Yox, bu da mən istəyən qılınc olmadı. (Qılıncı zindan yanındakı qırıq qılınc parçalarının içinə atır. Başqa bir dəmir parçasını ocağa qoyur) Alagöz, körüklə!..
Alagöz (körükləyə-körükləyə). Bizim də bu gün işimiz heç gətirmir, bilmirəm nə var?
Bilici uzaqdan görünür və dükana doğru gəlir. Atababa qılıncı götürüb zindan
üzərində döyməkdə davam edir. Maşa ilə götürüb baxır, başını oynadır.
Atababa. Bu qılınc məni lap yordu.
Alagöz. Ey, sən də, qoluyun gücü azalıb.
Alagöz evə gedir. Bilici yaxında durub Atababanın işləməsinə tamaşa edir. Atababa
o qılıncı da dəmir parçalarının üzərinə atır. Bilici ona yanaşır, Atababa Bilici babanı
görüncə
Atababa. Gün aydın, baba!
Bilici. Gün aydın, oğlum! (Qılınc qırıqlarına baxaraq) Bu qılıncları neçin qırıb atırsan?
Atababa. Baba, mən istəyən qılınc olmur.
Bilici. Olar, oğlum, olar. Sən get mənə sərin su gətir.
Atababa su gətirməyə gedir. Bilici qoltuğundan bir dəmir parçası çıxarır, içindəki ağ
tozdan ocağa səpir, ocaq alovlanıb yanmağa başlayır. Atababa bir kasada su gətirir.
Bilici suyu alıb içir. Atababa bir şölə çəkib yanan ocağa, bir də heyrətlə Biliciyə baxır.
Atababa. Baba can, ayağınız nə qədər uğurludur! Ocağım günəş kimi şölə çəkib yanır. (Tez bir dəmir parçasını götürüb ocağa atır)
Bilici. Atababa, o qılıncı mənim üçün qayır!
Atababa. Baş üstə, baba can! (Dəmiri ocaqdan götürüb zindan üzərində çəkiclə döyür, döydükcə qılıncdan alovlu qığılcımlar sıçrayır. Dəmir qılınc şəklini alır. Atababa ona diqqətlə baxaraq) Bu, mən istəyən qılınc olacaq, sizin uca bəxtiniz var.
Bilici qılıncı Atababadan alıb əli ilə ona sığal verir, qılınc parıl-parıl
yanır, sonra gözlərini əfsanəli dağa dikərək diqqətlə baxır.
Bilici. Üstümüzə qara buludlar gəlir, al bu qılıncı yaxşı saxla, Vətən göylərini qara buludlar aldığı zaman bu qılınc lazım olar. O zaman onu xalqın ən qəhrəman, ən namuslu oğluna verərsən. O, Vətəni fəlakətdən qurtarar.
Bilici gedir. Atababa onu yola salmaq üçün arxasınca beş-on addım getdikdən sonra
qayıdır. Qılıncı əlinə alıb diqqətlə bağır. Alagöz gəlir. Qılınc üzünə şəfəq salır,
gözləri qamaşır.
Alagöz (heyrətlə). Atababa, bu qılıncı sənmi qayırdın?
Atababa. Mən qayırdım, mən!..
Alagözün başından bir tük çəkir. Alagöz diksinir. O, qılınc ilə tükü üzür. Hər ikisi
məmnun və heyrətlə qılınca baxır.
Alagöz. Atababa, bu qılınc Elmana layiqdir.
Atababa. Bilici baba: “Bu qılıncı qara gün üçün saxla”, – dedi. Bunu gizlətmək lazımdır.
Yeri qazıb qılıncı basdırır, sonra bir dəmir parçası ocağa atıb ox qayırır, bu zaman
Tuğan, Aslan və Lələş gəlirlər.
Tuğan. Gün aydın, baba!
Atababa. Aydınlıqlar içində, igidlər!
Aslan. Yenə çalışırsan alnın tər tökür.
Tuğan. Alın təri, namus təridir. Səni gecə-gündüz sönmək bilməyən bu ocağın el üçün xeyir, bərəkət ocağıdır.
Aslan (Alagözə). Xala, sən necəsən?
Alagöz. Yaxşıyam, oğlum, ancaq Elmandan nigaranam. Ova gedəli qayıtmadı.
Aslan. Qayıdar, fikir çəkmə, ona nə olacaq.
Tuğan (gülə-gülə). Dünən ovda idik. Lələşin adaxlısına vurulub, onun dalınca getdi.
Lələş (yarızarafat, yarıgerçək). Ey, mənim nişanlıma sataşmayın, yoxsa hərənizi bir əlimlə qaldırıb yerə çırparam.
Aslan. Bah, sənin böyük pəhləvan olduğunu bilmirdim...
Lələş. Bilmirdin, indi bil.
Alagöz. Doğrudan, Elmandan nə xəbər?
Tuğan. O, Dünya gözəlinin dalınca getdi.
Atababa. Dünya gözəlinin?
Alagöz. Onda bu səfər çox uzun sürəcək. O qorxulu yollarda görəsən başına nə bəla gələcək?..
Aslan. Elmana heç bir şey olmaz, arxayın ol!
Tuğan. Biz sizi arxayın etmək üçün gəldik.
Uzaqda nərə səsi və divlərin həmhəməsi eşidilir.
Tuğan (döyünərək). Bu nə səsdir?
Uzaqda tüstü görünür.
Aslan. Bax, evləri yandırırlar.
Tuğan. Görünür basqındı. Tez gəlin!
Aslan. Gedək!..
Hər ikisi qılınclarını çəkib gedir. Atababa, Alagöz və Lələş
tamaşa edir, səs getdikcə yaxınlaşır.
Lələş. Atababa, gəlirlər, gəlirlər, mən neyləyim?
Alagöz. Bədbəxtliyə bax ki, Elman da yoxdur.
Atababa (çəkici götürür). Mən gedirəm.
Alagöz. Dayan!..
Bu zaman dörd-beş div əllərində toppuz nərə çəkə-çəkə yanaşır, Lələş onları
uzaqdan görüncə qaçıb böyük bir sandıq içində gizlənir. Atababa onlara yaxınlaşır.
Atababa. Ey, yaxın gəlməyin!..
Onlar Atababaya hücum edirlər.
Zorba (istehza ilə gülərək). Pah!.. Buna bax!.. (Toppuzunu qaldırır)
Alagöz (irəli gəlir). Ey, mərhəmətsizlər, o qocanı yox, məni öldürün!
Bir div toppuzla Alagözü vurub öldürür. Atababa çəkiclə divi vurub yerə yıxır. Zorba
Atababanı yaralayır. Atababa yerə yıxılınca, divlər dükana doluşub talan edirlər. Üç div
sandıqdan yapışıb hərəsi bir tərəfə çəkir.
1-cidiv. Buraxın, bu mənimdir!
2-cidiv. Yox, mənimdir!
Zorba. Siz özünüzə başqa şey tapın! Bu sandıq mənimdir! (Dartıb əllərindən alır. Sandığı çiyninə qoyub aparmaq istəyir, gücü çatmayıb yerə qoyur) Bah, ağırdır.
1-cidiv. Görünür, içində qiymətli şeylər var.
2-cidiv. Sən yükünü çox yaxşı tutdun.
Zorba (bir divə). O başdan tut, aparaq.
Div Zorbaya kömək edir, sandığı aparırlar. O biri divlər də gedir. Dəmirçi kəndinin
uzaqdan görünən yanmış evləri tüstü içindədir. Divlər əsirləri matraqla döyə-döyə
aparır. Elman Simurq quşu ilə ellərinə yaxın təpədə durub Dəmirçi kəndinə baxır.
Bu dəhşətli faciəni görüncə
Elman. Hər tərəf ölüm, hər tərəf fəlakət.
Simurqquşu. Bu fəlakəti açan Quzğun şahdır.
Elman. Azğın düşmən!.. Heç bir rəzalətdən çəkinmir. (Simurğa) Sağ ol, sadiq dostum! Sən məni ölümdən qurtardın, indi get, balaların səni gözləyir.
Simurqquşu. Düşmən hiyləgərdir, sən özünü onun hiylələrindən qoru çətin zamanda mən köməyə gələrəm. Hələlik, sağlıqla qal.
Elman. Uğurlar olsun, dostum! (Simurq quşu havaya qalxır. Elman qəmli nəzərlərlə bir əfsanəli dağa baxır, bir də Dəmirçilər kəndinə)
O aslan ürəkli şən elim hanı?
O ellər sevinci gözəlim hanı?
(Elman yavaş-yavaş evə yanaşır ata-anasını ölmüş görüncə) Ah, əziz ata-anam?
Atababa (inləyərək). Oğlum... Elman!.. Sən sağsan?
Elman. Sağam, ata can, sağam. Kaş mən də öləydim, bu qara matəmli günləri görməyəydim! (Anasına yanaşır) Anam da sağdırmı?
Atababa. Yox, ölmüşdür (Elman anasının başını qucaqlayıb ağlayır, Atababa onu çağırır) Elman, qaldır məni!.. (Elman onu qaldırır, əli ilə göstərdiyi yerə aparır) Bu yeri eş! (Elman yeri eşir, qılınc görünür, Atababa qılıncı alıb Elmana uzadır) Al bu qılıncı, get intiqam al, Dünya gözəlini azad et!..
Elman. (qılıncı alıb öpür). Bu qılıncın qalxanı hanı?
Atababa. Bilici babanı tap, qalxanı o sənə verər.
Atababa halsız düşür. Elman tez onun başını dizləri üzərinə alır.
Elman. Ata! Ata! (Cavab gəlmir) Ata! Ata!.. (Cavab gəlmir) Ah, atam da əlimdən getdi. (Anasının cəsədinə yanaşır) Bədbəxt anam!.. (Ayağa qalxaraq, dərdli gözlərini hər tərəfə çevirib həsrətlə baxdıqdan sonra)
Vətənin göylərini sardı fəlakət buludu.
Külə döndü el, oba, qönçə çiçəklər qurudu.
Bir məzar oldu ana yurdumuzun hər bucağı,
Batdı matəmlərə bayramlı, düyünlü ocağı.
Ah itirdim, bu fəlakətli döyüşlərdə nələr!
Qoca bayquş, qarı düşmən qoparır qəhqəhələr.
Hanı, ah, el gözəli, noldu sevimli Vətənim?
On qurtarmasa Elman, geyim olsun kəfənim!..
(Qılıncını sıyırıb qəzəbli nəzərlərlə ətrafı baxır) Həqiqət yenilməz!.. (Bu
zaman ona doğru bir işıq uzanır, Elman işığı görüncə gözləri ümidlə parlayır)
Ey uğurlu çıraq, sən mənim yolumu işıqlandır! Sənə doğru, azadlığa doğru,
Gözələ doğru gəlirəm!
Əlində qılınc sürətlə gedir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-veten-pyes-ucuncu-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
ITəbiət, yorğan kimi üstünə çəkmiş olduğu qaranlıq, tutqun buludlar altında həzin-həzin mürgüləyir, hər tərəf, hər şey səssiz, dilsiz bir sükut içində dincəlirdi. Uzaqda yanan mayakın projektor kimi dənizə doğru uzanan sarımtraq titrək işığı dalğaların geniş qolları arasında əriyib gedirdi. Yalnız Xəzər dənizinin yorğun qafilə kimi tənbəl addımlarla irəliləyib, qayalara sakitcə çarparaq, geri dönən dalğacıqları, qaya üstündə oturub, gözlərini dənizin uzaq ənginliklərinə dikən üç nəfərin danışığı bu mürgüləyən sükutu parçalayırdı. Onlardan bir qədər aralı yarıya qədər qumlu sahilə çəkilmiş kiçik bir qayıq, bir az uzaqda isə iki atlı araba dururdu. Yan-yana oturmuş kölgələrdən biri deyirdi:
Danışan kuklaİki pərdəli uşaqlara məxsus dramMəclisəhli
Birinci pərdəƏhvalat padşahın sarayında vaqe olur.*Xidmətçi**. Şahzadə xanımın əhvalı necədir?
İkinci pərdəSəhnə şahzadə xanımın yataq otağını təsvir edir. Burğulu miz üstündə, üzündə ağ tül*kiçik bir qız oturubdur. Şahzadə xanım yuxudan oyanır.*
Стихи других поэтов
Dağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.
KimdiBir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım