Arxa planda silsilə dağlar, qayalıqlar, otlu-çiçəkli yamaclar, ortada alma bağı, daha
sonra göz işlədikcə sünbülləri saralmış tarlalar. Bağ ilə tarlaların arasından bir çay
axır. Quşların xoş nəğməsi ətrafı bürümüş. Gözəllər kəndinin qızları: Gözəl, Ülkər,
Qumral, Güləş alma bağında danışırlar.

Ülkər. Səni bu gün çox düşüncəli görürəm. Dünya gözəlinin bu halı bizim qəlbimizi sıxır; bu yəqin səbəbsiz deyil?

Güləş. Bunu mən soruşmaq istəyirdim; nə üçün belə kədərlisən?

Dünyagözəli. Qızlar, dəmirçi oğlu Elmanı yuxuda görmüşəm. Ancaq...

Qumral (gülə-gülə). De ki, dərdim var...

Ülkər. El gözəli, el qəhrəmanına aşiq olub! Burada qəribə nə var ki?!

Güləş. Dərd eləmə, bir də gördün, budur, gəlib çıxdı.

Dünyagözəli. Elman!

Sünbülə dən düşəndə,

Çöllərə çən düşəndə,

Ağlım başımdan oynar

Yadıma sən düşəndə.

Bir an belə gözlərimin qarşısından getmir. Görəsən o da?..

Qumral. Bu nə sözdür! Əlbəttə, o da, bəli, o da sənin, ancaq sənin – el gözəlinin divanəsidir.

Dünyagözəli. Nə bilim, a qızlar.

Ülkər. Qızlar, gəlin bağda qaçdı-tutdu oynayaq, bir az Dünya gözəlinin ürəyi açılsın. Mən qaçdım, tutun məni!

Hamısı bağa tərəf qaçır. Yaxın bir təpə başında Simurq quşu yerə enir.
Elman quşun üstündən düşür...

Elman. Sağ ol, ey uğurlu quş!

Simurq. Sən də sağ ol, igid qəhrəman, mənim balalarımı əjdaha ağzından qurtardın, tanrı sənə yar olsun. Al bu lələyi, dara düşəndə yandırarsan. Mən dərhal köməyinə gələrəm, sağlıqla qal!

Elman. Uğurlar olsun!

Simurq quşu havaya qalxır, Elman heyran və həyəcan içində qaçışan
qızlara tamaşa edir. Qızlar gülə-gülə gəlirlər.

Ülkər. Məni tuta bilmədiniz ki!..

Qumral. İndi mən qaçıram, tutun məni!..

Güləş (təpədə dayanmış Elmanı görüb). A qızlar, təpəyə baxın!..

Qumral. Bu pəhləvan gövdəli oğlan kimdir? Bəxtəvər özü də nə qəşəngdir.

Ülkər. Baxın, düz bizə tərəf gəlir.

Güləş. Bəlkə Elmandır?!

Dünyagözəli. Dayanın, yaxınlaşır...

Elman bağa yaxınlaşır. Dünya gözəlini görüncə ona tərəf gedir.

Elman. Gözəl!..

Dünyagözəli. Elman!..

Həyəcan içində ona baxır, hər ikisi bir-birinin əlini tutur.

Dünyagözəli. Yolunu gözləyirdim, axır ki, gəlib çıxdın.

Elman (qollarını açaraq). Ah, gözəlim nə qədər bəxtiyaram! (Əlindəki çələngi Gözəlin başına qoyur)

Qızlar dəstə ilə oxuya-oxuya, qədim Azərbaycan rəqsi oynaya-oynaya onlara
doğru gəlirlər.

Sevin, sevin el dilbəri,

Qəlbindən sil kədərləri,

Əli əlində Elmanın,

Yaşa, yaşa, dan ülkəri!

İrmaqların coşur, daşır,

Sahillər ilə oynaşır.

Üzüm, alma bağlarında

Şənlik, sevinc başdan aşır.

Sən bu xalqın sevincisən,

Gözəllikdə birincisən,

Təbiətin saf qoynunda

Ən dəyərli bir incisən.

Qızlar ətrafa çəkilir. Elman gözəli sinəsinə sıxır. Gözəl çələngi başından çıxarıb
qəmli-qəmli ona baxır.

Dünyagözəli. Üzü dönük dövran şən günlərimizi xəzanə çevirmək istəyir.

Elman. Anlamıram, biz ki səadət içindəyik; sən nə düşünürsən?

Dünyagözəli. Səni, yalnız səni!

Elman. Elə isə neçin belə qəmlisən, kədərlisən? Səni düşüncələrə qərq edən nə şeydir, söylə?!

Dünyagözəli. Ayrılıq qorxusu!

Elman. Səni məndən hansı qüvvət ayıra bilər? Bu həyəcana səbəb nədir?

Dünyagözəli. Sənə olan sevgim, məhəbbətimdir. Ondan ayrılmaq qorxusudur. Bu qorxunc xülya, bu qara düşüncə qəlbimi bir qurd kimi gəmirir. Elin yenilməz qəhrəman oğlu, bu ölümlü qara xülyanın pəncəsindən qurtar məni!

Elman. Ah, Gözəl, sən mənim bütün varlığımı sarsıtdın! Həyatımda bu qədər aciz, bu qədər bacarıqsız olduğumu heç bir zaman belə dərindən hiss etməmişdim. Əmr etsən, ən yenilməz qüvvətləri yıxmağa, ən qocaman dağları yerlə yeksan etməyə, zəncin dənizləri qurutmağa gücüm çatar. Ancaq o əl irişməz qəlbində yerləşən qara xülyaya nə edə bilərəm? Sən onu ürəyindən çıxar, ver mənim əlimə, mən onu bu pəncəmdə bir anda parçalayım!

Dünyagözəli. O aysız, ulduzsuz qaranlıq gecədə gördüyüm qorxunc yuxunu dilimə gətirməyə qorxuram.

Elman. Mən gecə-gündüz göylər qədər saf, sular qədər parlaq olan eşqimizin qaravulundayam. O, əsrarı aç, söylə gözəlim!

Dünyagözəli. Gördüm, qızıl alma bağında zümrüd köşkdə toy başlamış. Məni köşkün qarşısından axan qızıl irmaqda çimdirdilər, gəlin kimi bəzədilər. Sən də gəldin. Əlvan çiçəklərdən hörülmüş çələngi başıma qoydun. Səninlə yan-yana durmuşduq. Çalıboynayırdılar. Kimsə səni çağırdı... Sən getdin... Bu an göy guruldadı, şimşək oynadı, ildırım çaxdı, ortalıq qaraldı. Ətrafı qorxunc səslər bürüdü. Yer yarıldı, əlində toppuz heybətli bir div çıxdı. Yavaş-yavaş mənə yanaşdı. Sənin sevə-sevə başıma qoyduğun çələngi pəncəsinə aldı, çiçəklərini yolub yerə atdı. Əlindəki toppuz ilə məni öldürmək istəyirdi ki: “Elman!” – deyə bağırdım.

Elman. Bəs sonra?

Dünyagözəli. Sonra... Heç... öz səsimə oyandım.

Elman (qəhqəhə çəkib gülür). Demək, Elman köməyinə çatır, eləmi?!

Elman və dünya gözəli qızlara tərəf gedirlər. Təpə başından onları seyr edən
Quzğun şah və vəzir yaxınlaşırlar.

Quzğunşah. Vəzir, gözəl ilə söhbət edən o gənc kim idi.

Vəzir. Dəmirçi oğlu Elman idi, şahim!

Quğzunşah. Toppuzumla onun cəmdəyini torpağa su kimi axıdardım!

Vəzir. Şahim, Elman igid qəhrəmandır.

Quzğunşah. Kim olur olsun, onu pəncəmdən heç bir qüvvət qurtara bilməz! Dünya gözəli mənim olmalıdır!

Vəzir. Şahim, nə qədər Elman var, Dəmirçi kəndi var, sən öz istəyinə qovuşa bilməzsən.

Quzğunşah. Onlar dəniz olsa, suyunu, dağ olsa, daşını toz kimi havaya sovuraram! (Əllərini bir-birinə vurur) Şahmar!

Şahmar hazır olur, baş əyib qarşısında durur.

Quzğunşah (amiranə). Şahmar, bütün qüvvətinlə silahlan, ordun ilə Dəmirçi kəndinə basqın et, qır yıx, dağıt! Daşı daş üstündə qoyma!

Şahmar. Baş üstə, padşahım! (Gedir)

Quzğun şah sağ ayağını, sonra sol ayağını yerə vurub səslənir.

Quzğunşah. İfritə cadu, Şimşad!..

Yer yarılır, İfritəcadu və Şimşad şahın qarşısında baş əyib dururlar.

Quzğunşah. Durmayın! Siz də alma bağına basqın edin! Bütün yolları, keçidləri tilsimə tutun! Dəmirçi oğlu Elmanın vücudunu yer üzündən qaldırın! Dünya gözəlini də mənim sarayıma aparın!

Onlar baş əyib gedir. Dünyagözəli əli Elmanın əlində qızlar
ilə gəlir. O, pərişandır.

Elman. Yenə pərişansan, gözəlim?!

Dünyagözəli. Ürəyim heç sakit deyil. (Başını Elmanın çiyninə qoyur) Çətin günümdə ümidim köməyim sənsən!..

Elman. Qəmli durma, sənə heç yaraşmır, sən gül, daima gül!..

Sən güləndə ellərə
Al günəşli yaz gəlir;
Çəmənlərə, çöllərə
Söhbət gəlir, saz gəlir.

Sən güləndə, sevgilim,
Bütün oba, el gülür;
Çəmən gülür, çöl gülür,
Dağdan axan sel gülür.

Dünyagözəlinin kədəri uçmuş, şən baxışlarla Elmana baxır, Elman əli ilə
onun başını oxşayır. İfritəcadu və Şimşaddəstəsiilə basqın edir,
divlərin nərəsi ucalır.

Dünyagözəli. Ah, Elman, qara günlərimiz çatdı.

Elman. Qorxma, səni məndən heç kim ayıra bilməz!

Qılıncını çəkib hücum edir. Vuruşma başlanır. Sağ tərəfdə Elman Quzğun şahın
əsgərləri ilə vuruşur, dörd-beş əsgər öldürür. Düşmən əsgərləri tab gətirməyib
qaçmaq istəyir. Yanında iki div, İfritə fürsətdən istifadə edərək, Dünya gözəlinə
yanaşır. Əlini havada oynadır, hava qaralır, Dünya gözəlini hop götürüb qaçırlar.

Gözəl. Elman! Elman!

Elman Dünya gözəlinə tərəf qaçır. Hava işıqlanır. Dünya gözəli havada səhnə
xaricində İfritənin qanadları üstündə uçur. Elman həsrətlə başını qaldırıb ona baxır.

Elman. Gözəl! Gözəl!..

Uzaqlaşmaqda olan Dünya gözəlinin “Elman” səsi getdikcə yavaşıyıb eşidilməz olur.
Elman da eyni zamanda: – Gözəl! Gözəl! – deyə cavab verir. Şimşad arxadan Elmana
yanaşır, əlini havada oynadır. Səhnə qaranlıqlaşır, şiddətli ildırım çaxır, şimşək oynayır,
külək əsir, Şimşad Elmanı götürüb havaya atır.

Şimşad. Get, Elman! Gücünə çox güvənmə, sənin kimi igidlər mənim hiylələrimin qarşısında bir oyuncaq kimidir. Bir az sonra yerə düşüb parça-parça olacaqsan!.. (Divlərinə) Quzğun şaha gedib müjdə verim.

Hamısı çıxır.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов