Birinci pərdə
Sıldırım qayalar. Aşağı tərəf çəmənlik və meşəlikdir. Bir qayanın ətəyində çeşmə
şırıldayıb axır. Dan yeri ağarmış, üfüqdə bir-birinin üzərinə yıxılmış kimi duran bulud
komaları yavaş-yavaş doğmaqda olan günəşin al şəfəqləri ilə gözəl mənzərələr təsvir
etməkdə davam edir. Təbiət get-gedə canlanır, quşların şaqırtısı ətrafı bürümüş. Elman
ovçu qiyafəsində əlində ox və yay bir qaya başında durub ətrafa baxır, Tuğano biri
qaya başında durmuş, ov gözləyir. Aslan da üçüncü qaya başında durmuş. Hər üçü
bir-birindən bixəbər ov arayan gözlərini ətrafı süzdürüb baxır.
Elman. Gecikdim, ovçular ovunu çoxdan vurmuşdur.
Bu zaman üç ovçu bir-birindən xəbərsiz aşağıda qaya ətəyində axan çeşmə başında
bir ceyran görür, hər üçü ceyranı nişan alıb vurur, hər üçü ovunu götürmək üçün qaçır.
Tuğan ilə Aslan qarşı-qarşıya gəlir.
Tuğan (Aslana). Xoş gördük, sən burda nə qayırırsan?
Aslan. Ovumu götürməyə gəldim.
Tuğan. Onu mən vurdum.
Aslan. Yox, mən vurdum.
Tuğan. Sənə deyirəm mən vurdum.
Aslan. Ovçuluqda bu, çirkin işdir, yoxsa bir ceyran...
Tuğan. Onu özünə de.
Ceyranı götürmək istəyir, Aslan ceyranı tutub çəkir.
Aslan. Bura ver!
Tuğan. Sən bura ver!
Elman yanaşır, gülərək.
Elman. Neçin vuruşursunuz? Bir ceyran üçünmü? (Onları aralayır) Sizin kimi pəhləvanlara ceyran üçün boğuşmaq ayıbdır. O nə sənindir, nə onun. Bu ceyranı mən vurdum. (Oxluqdan bir ox çıxarıb ceyrana sancılmış ox il tutuşdurur) Baxın!
Hər ikisi oxlara baxır.
Hərikisi. Doğrudur, sənindir!
Elman. Di, ocaq qalayın, bu çeşmə başında bir kabab yeyək.
Aslan. Yox, ov sənindir, götür apar evə!
Elman. Yox, aparmayacağam, bu ceyranı sizinlə birlikdə yeyəcəyəm.
Tuğan. Elman, Atababa və Alagöz yolunu gözləyir.
Elman. Aslan, sən ceyranı götür soy, Tuğan ocaq qalasın, bişirməyi də məndən...
Tuğan. Razıyam.
Ceyranı bir ağac arxasına çəkir, Tuğan ocaq qalayır. Elman qayaları,
şırıl-şırıl axmaqda olan çeşməni gözdən keçirir.
Elman. Bu əfsanəli dağların, bu macəralı qayalıqların ətəyində, bu axan sərin çeşmənin başında görəsən nə qədər ovçu kabab yemiş!
Tuğan. Ovçuluq yaxşı şeydir, pəhləvanlıq isə başdan-başa dərd, kədərdir.
Elman (heyrətlə). Neçin?
Tuğan. Çünki basırsan – düşmən qazanırsan, basılırsan – hörmətdən düşürsən.
Elman. Yanılırsan, Tuğan, ölkənin yetişdirdiyi qəhrəmana basılan bir pəhləvan torpağı iftixarla öpüb ayağa qalxmalıdır.
Tuğan. İftixarlamı?
Elman. Bəli, iftixarla... Çünki səni yetişdirən ana torpaq sənin, mənim qüvvətimlə yaşaya bilməz! Ona daha böyük qüvvələr gərəkdir!
Tuğan. Belə sözləri ancaq sənin ağzından eşitmək olar. Görək hamı belə düşünürmü?
Bu zaman uzaqdan bir nəğmə səsi eşidilir. hamı səs gələn səmtə
baxaraq nəğməni dinləyir.
Tuğan (gülə-gülə). Özüdür, özüdür, qoy gəlsin, bir az şənlənərik. (İçində ölü dovşan olan çuvalı götürüb gülə-gülə gəlir) Dayan, indi onu qorxudacağam.
Çuvalı götürüb gedir. Elman gülə-gülə o tərəfə baxır. Lələş iki ayağını eşşəyin
sağ böyrü tərəfə uzadıb, ayaqlarını eşşəyin qarnına vura-vura oxuyur.
Lələş.
Ey dağ, ey çöl, ey orman,
Siz söyləyin doğrudan,
Bu eldə gördünüzmü
Lələş kimi pəhləvan?
Lələş qürurla öz döşünə döydüyü zaman Tuğan ölü bir dovşanı eşşəyin ayaqları
altına atır və vəhşi səslə: – O, o! – deyə bağırır. Eşşək ürküb qaçır, Lələş bağırır.
Lələş. Vay öldüm! Vay öldüm!
Eşşək Elmana yaxınlaşanda Lələşi yerə yıxır, xurcun aşıb Lələşin üstünə düşür, xur-
cundakı qadın paltarı, kələğay, ayaqqabı yerə dağılır, Lələş xurcunun altından çıxıb
Elmana tərəf qaçır.
Lələş. Vay öldüm! Vay öldüm! (Elmanın ayaqları ucunda yerə oturur)
Elman. Nə var, Lələş? Nə olub?
Lələş (qorxa-qorxa arxasına baxaraq). Vay, vay!
Aslan. Arxadan gələn kimdir?
Lələş. Soruşma, yaxşı qurtardım. Qorxumdan əlim, ayağım titrəyir.
Elman. Qorxaq oğlu, de görək nə olub?
Aslan. Yoxsa üstünə heyvan atıldı?
Lələş. Ay sağ ol, eşşək üstündə gəlirdim, meşədən üstümə bir sürü qurd atıldı. Saydım, düz otuz qurd idi.
Hamı gülür, Tuğan əlində çuval gəlir.
Aslan. Ay Lələş, otuz qurd bir yerdə olmaz axı.
Lələş. Olmaz? Yaxşı, iyirmi qurd olsun.
Elman. Axı bir yerdə iyirmi qurd nədir, beş qurd da olmaz!
Lələş. Beş qurd da olmaz? Yaxşı, iki qurda sözün nədir?
Aslan gülə-gülə yenə ağac arxasına gedir, bir azdan əlində şişlər gəlir.
Elman. Ovçular ovlağına yay zamanı iki qurd haradan gələ bilər? Görəsən nə imiş?.
Aslan. Bəlkə quş imiş?
Tuğan. Bəlkə yarpaq imiş?
Elman. Yoxsa dovşan imiş?
Lələş. Ay sağ ol, doğru deyirsən, dovşan idi. Kolun içindən zalım oğlu üstümə elə atıldı ki, az qaldı ürəyim yarılsın.
Hamı gülür.
Tuğan. Ölü idi, ya diri?
Lələş. Əlbəttə diri, ölü dovşan da atılarmı?
Tuğan (çuvalın içindən ölü dovşanı çıxarıb lələşin üstünə ataraq). Atarsan, atılar.
Lələş (Qorxa-qorxa geri çəkilir. Heyrətli nəzərlərlə dovşana baxaraq). Hə, hə, elə bunun özü idi...
Hamı gülür. Lələş gözü ilə eşşəyi axtarır.
Elman. Qorxma, eşşək odur çayırda otlayır.
Lələş (baxıb sevinir, xurcundan tökülən paltarları təmizləyərək). Mən cəhənnəmə, adaxlımın paltarları toz-torpağa batdı.
Aslan (əlində kabab şişləri gəlir, Elmana). Al, bişir, yeyək.
Elman şişləri ocağa qoyub bişirir.
Aslan. Lələş nişanlın kimdir?
Tuğan. Lələş kimi pəhləvanın nişanlısı kim olar? Yəqin Dünya gözəlidir.
Elman Dünya gözəli adını eşidincə oturduğu yerdə dizləri
üzərinə qalxaraq, hiddətlə Tuğanı dinləyir.
Tuğan. O Dünya gözəli bu əfsanəli dağlar arxasında, Gözəllər kəndində yaşayır. Deyirlər ki, hələ ora gedib çıxan olmayıb. Xalqın igid oğulları onun eşqinin əsiridirlər.
Aslan. Görəsən, bəs o Dünya gözəli kimi sevir?
Tuğan (gülə-gülə). Lələş pəhləvandan başqa kimi sevə bilər!
Elman (əlində şişləri çevirə-çevirə həyəcanlı). Dünya gözəli! Bu ad mənə nə qədər doğma gəlir, eşitdiyim zaman ürəyim döyünür.
Tuğan. Elman, Lələşin adaxlısına sataşma!
Lələş. Yəni mən eşşəyimlə o Gözəllər kəndinə gedə bilmərəmmi? Hay-hay!
Tuğan. Niyə gedə bilmirsən, ancaq eşşəyinlə yorulub yolda palçığa batarsan.
Lələş. Palçığa niyə batıram?
Aslan. Eh! Lələşin eşşəyi dünyanın o başına gedir.
Lələş. Ay sağ ol, doğru deyirsən.
Tuğan. Dünya gözəli ancaq Lələş kimi pəhləvana layiqdir.
Elman (həyəcanlı). Dünya gözəli!
Tuğan. Dünya gözəli bizim ruhumuz, qəlbimiz, ümidimizdir.
Elman. Bəs adını həmişə sevgilərlə yad etdiyimiz gözəl hardadır? Bu əfsanədir yoxsa həqiqət?
Elman yerindən sıçrayıb qalxaraq, dağa tərəf baxır. Dünyagözəli dağ başında
rəngli şəfəqlər içində ulduz kimi axaraq görünür, ona gülümsəyərək yox olur, Elman
heyrətlə açılan gözlərini dağa dikir.
Elman. Ay! (Ürəyini tutur)
Tuğan. Elman, sənə nə oldu?
Elman (dağı əli ilə göstərərək).
Ulduzdu, axdı getdi
Şimşəkdi, çaxdı getdi,
Ürəyimin başında
Bir od buraxdı, getdi.
(Birdən dağa tərəf qaçır, hamı heyrət içində).
Tuğan. Elman!
Aslan. Elman!.. Hara?
Elman cavab verməz, hamı onun arxasınca heyrətlə baxarkən.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-veten-pyes-birinci-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
IVAtasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.
VRəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.
Стихи других поэтов
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı