Vəzifə
Страница 4 из 4 · 75%
IV
Dərslər bitmiş, müəllimlər və tələbələr məktəbi tərk etmişdilər. Yalnız müəllim məktəbin qəbul otağında oturub Xosrovun atası Həsəni gözləyirdi. Çox çəkmədi ki, Həsən gəldi. Dərin düşüncələrə dalmış müəllim onun salamını eşidib başını qaldırdı, yerindən qalxıb, ona yer göstərdi. Oturdular. Bir az sükutdan sonra müəllim on manatı çıxarıb, məsələnin nəticəsini bilmək üçün cavab gözləyən Həsənin qabağına qoydu.
Həsən heyrətindən iri-iri açılmış yuvarlaq gözlərini müəllimə dikərək:
– Siz bunu necə ala bildiniz? Necə oldu ki, pulu götürmüş olduğunu boynuna aldı?
Müəllim mənalı gülümsəyərək:
– Biz daha səmimi ata-oğuluq. Aramızda rəsmiyyətdən artıq səmimiyyət var. Səmimiyyət isə bu məsələdə mənə böyük yardım etdi – dedi və məsələni başdan-başa ona söylədi. Müəllimin sözlərini diqqətlə dinləyən Həsən son sözləri eşidərkən titrədi. Boğuq bir səslə:
– On manatla o haraya gedəcək, nə qədər yaşaya biləcəkdi, bunu ondan soruşmadınızmı?
– Hər şeyi soruşdum, hər şeyə təminedici cavab aldım.
Ağır bir sükutdan sonra müəllim özünü doğruldaraq:
– Həsən – dedi, – bu uşağın müqəddəratı sizinlə biz müəllimlərin əlindədir. Biz istəsək onu faydalı, ya da zərərli bir vətəndaş yetişdirərik. Mən bir müəllim olduğum, zəhmətlərimin gözəl məhsul verməsini görməyi arzu etdiyim üçün hər şagird haqqında mənim də söz deməyə haqqım vardır. Bir atanı oğlunun gələcəyi nə qədər məşğul edirsə, biz müəllimləri də hər şagirdin müqəddəratı bir o qədər düşündürür. Uşaqlarınıza bağlı bir ata olduğunuzu az-çox bilirəm. Onda nə üçün onların bəxtiyarlığını düşünmürsünüz?
Həsən təhqir olunmuşlara məxsus bir tövrlə:
– Bəxtiyarlığı düşünmək siz nəyə deyirsiniz? – dedi. – Kiçik bir məmur olduğum, ehtiyac içində yaşadığım halda uşaqlarımı oxudur, hər cür maddi ehtiyaclarını təmin etməyə çalışıram. Bundan artıq nə edə bilərəm?
– Məncə bu azdır, siz daha çox şeylər edə bilərsiniz...
– Məsələn?
– Məqsəd sizi öyrətmək deyil, ailə həyatında unudulmuş mühüm bir nöqsanı sizə xatırlatmaqdır. Sözlərim səmimi, dostcasına olduğundan acıqlanmayacağınıza əminəm.
– Əsla, buyurun!..
– Sizin ailə həyatınızda bir əskiklik var. O iki kiçik otaqda, o qalın divarlar arasında ürəksıxıcı bir inzibat, soyuq bir rəsmiyyət, əzici bir istibdad vardır. Bu da, şübhəsiz, məmurluğun sizdə doğurmuş olduğu bir haldır ki, həm özünüzə, həm də ailə üzvlərinə çox zərərlidir. Bunu qəti surətdə aradan qaldırmalısınız. Xasiyyətiniz buna uyğun olmasa belə, uşaqlarınızın, ailənizin bəxtiyarlığı üçün siz bunu etməyə məcbursunuz. Bəxtiyarlığı uzaqlarda axtaranlar çox yanılırlar. Onu hər kəs özü, hər şeydən əvvəl, ailə həyatının quruluşunda axtarmalıdır. Sizin o kiçik otaqlarda boğucu zindanın cansız və həzin səsləri deyil, şən bir yuvanın şux civiltiləri, bəxtiyar bir ailənin şən qəhqəhələri eşidilməlidir; bunu edə bilsəniz Xosrov yenə də əvvəlki halına gələr, istedadı sərbəst olaraq inkişaf edə bilər. Onun üçün də bu vəziyyəti ortadan qaldırmanızı atalıq naminə sizdən xahiş edirəm.
Həsən dərin-dərin düşündü. Birdən-birə başını qaldırıb, sözlərini bitirən və ondan son söz gözləməkdə olan müəllimə baxdı, gülümsəyərək qəti səslə:
– Bu əskikliyi elə mən özüm də hiss etmişəm. Yaxşı, bunu da təcrübə edərəm – dedi. – Belə bir dəyişiklik etməyə iradəm çatacağına inanıram. Söylədiyiniz sözlərə qarşı isə təşəkkür edirəm.
Bu sözləri deyib Həsən ayağa qalxdı, müəllimin ona uzatmış olduğu əlini əlləri içində bərk-bərk sıxdıqdan sonra otaqdan çıxdı.
V
Bu əhvalatdan sonra müəllim Xosrovu nəzarət altına alaraq, onun hər bir hərəkətinə diqqət edir, gündən-günə uşaqda yaxşılığa doğru bir meyl oyandığını hiss edirdi. İndi Xosrovun da üzü gülməyə başlamışdı. O, dərslərinə çalışır, yoldaşlarla, müəllimlərlə çox səmimi görüşürdü.
Müəllim bir neçə dəfə ondan ailə həyatından razı qalıb-qalmadığını soruşmuş və hər dəfəsində: “İndi çox yaxşıdır, atam tamam dəyişibdir, hətta o qədər dəyişib ki, tanımaq da olmur” – deyə cavab almışdı. Müəllim zəhmətinin boşa çıxmadığından son dərəcə razı idi.
Bu hadisədən bir neçə ay keçmişdi. İzdihamlı bir küçədən keçirkən müəllim Məsərrət xanımla üz-üzə gəldi. Məsərrət xanım müəllimi dərhal tanıdı, ona doğru gələrək, əllərini tutdu:
– Sizi çoxdan görmək istəyirdim – dedi. – Ayağınız evimizə dəydiyi gündən ailəmizdə bir dəyişiklik yarandı. İndi çox yaxşıdır. Bilmirəm nə etdiniz ki, Həsən birdən dəyişdi. Bu səadət qapısını üzümüzə siz açdınız. Siz bizim həyatımızı təmin etdiniz. Bu qədər yaxşılıqlara qarşı sizə təşəkkür etmək lazım deyilmi? Küçədə də olsa, səmimi təşəkkürlərimi qəbul etmənizi xahiş edirəm.
Müəllim Məsərrət xanımın əlini əlləri içində sıxaraq:
– Mən böyük bir şey etmədim – dedi. – Yalnız üzərimə düşən kiçik bir vəzifəni yerinə yetirdim. Həsənin atalıq, yoldaşlıq vəzifəsinə dair unutmuş olduğu mühüm bir şeyi ona xatırlatdım. O da atalıq vəzifəsində unutmuş olduğu boşluq və əskikliyi doldurdu. Demək istəyirəm ki, o bəxtiyarlığı sizə verən nə mənəm, nə də Həsəndir.
– Bəs kimdir?
– Vəzifə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-vezife
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.
İstəkli nəvəm ÜlkərəBir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.
Tülkü və xoruzBir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:
Dəvə və siçanBir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:
Стихи других поэтов
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.