Bədbəxt ailə
Kars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.
Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:
– Ay nənə, bir az su – deyə bulanıq, solğun gözlərini açıb yenə də qapadı. Qoca kişi dərindən bir ah çəkib sakitanə ağlarkən ayağa durdu, yaxındakı qapını açıb su istədi. Dərhal Müslümbəy adlı uzunboylu, xoş simalı bir cavan su gətirib o kişiyə verdi. Qoca kişi suyu alıb xeyirdua edərkən nəvəsinin yanına gəldi.
– Bala, su gətirmişəm, al iç, – deyə uşağın başını əlilə qaldırdı.
Xəstə çocuq titrək, arıq əlini uzadıb su qabına yapışdı və bihiss bir halda sudan bir neçə udum içdisə də, peydərpey öskürək onu lap dildən saldı. Müslümbəy bu heyndə qapının ağzında dayanıb onların bu fəlakətli halına baxırdı. Qoca kişiyə xitabən:
– Əmi, bu uşaq sənin nəyindir, oğlundurmu? – deyə sual etdi.
Həmid kişi yenə bir ah çəkib:
– Qardaş, bu uşaq mənim nəvəmdir, oğlanlarımı öldürdülər, qızlarımı, gəlinlərimi əsir apardılar. Mən başıbəlalı ancaq bu uşaqcığı bir noilə götürüb qaçmışam. O da yolda bu noilə xəstələndi... Şükür Allahın kərəminə! – deyib də ağlamaq boğazını tutub sakit oldu.
Müslümbəy nəhayətdə bu sözdən qəmləndi. Daha bir söz deməyib evinə qayıtdı. Bir qədərdən sonra küçəyə çıxıb:
– A kişi, əmi! Uşağı evə gətiriniz! – dedi.
Müslümbəyin bu məhəbbətindən fəlakətzədə ailənin üzündə şadlıq asarı göründü. Müslümbəyə xeyir-dualar edərək, xəstəni içəri apardılar.
Müslümbəy onlara mənzil verib rahat elədikdən sonra:
– Mən gedib uşaq üçün həkim gətirim, – deyə onlara təsəlli verdi.
Bir o qədər keçməmişdi ki, xəz paltolu, qara şlyapalı, çalsaqqal bir doktor Müslümbəy ilə bərabər içəriyə daxil oldu. Xəstəni müayinə edib nüsxə yazdıqdan sonra, dışarı çıxıb getmək istədi. Həmid kişi doktorun əqəbincə gəlib onun ayaqlarına yıxıldı. Onun ölü rəngində olan uçuq bənzində qorxu əlaməti müşahidə olunarkən:
– Cənab doktor, səhhət ümidi varmı? – deyə müntəziranə halətlə sual etdi.
Doktor:
– Xeyr, onun işi müalicədən keçib, – deyə çiyinlərini oynatdı. Sonra başını aşağı dikib mütəkəbbiranə bir halətlə faytona tərəf yollandı.
Qoca kişi:
– Doktor əfəndim! Allah xatirinə, əgər mümkünsə müzayiqə etmə. Bir böyük külfətdən bircə buna göz dikmişəm, – deyə qorxulu bir əda ilə doktorun önünə keçdi.
Doktor dayanıb fikrə getdikdən sonra:
– Hələ bu dərmanı veriniz, baxalım necə olur? Fəqət... – deyə sözünün axırını söyləməyib mütəəssifanə bir əda ilə əlini tərpətdi, sonra Müslümbəylə xudahafiz edib faytona əyləşdi.
Sevgili nişanəsinin həyatından ümidi kəsilmiş qoca kişi ayaq üstə quruyub qaldı. Var əzası titrərkən hökürtmə çalıb ağlamağa başladı. Müslümbəy mehribanlıqla o yazığa təsəlli verib evə qayıtdı. Qoca Həmid gözlərinin yaşını əlilə silərkən içəriyə girdi. Nəvəsi fərasətlə babasının pozğunluğunu dərk etdiyindən yataqda dikəlib:
– Baba, buraya gəl! – deyə onu çağırdı.
Həmid kişi nəvəsinə yaxınlaşıb:
– Bala, sözün nədir? – deyib əyləşdi.
Uşaqcıq dəfətən arıq, nazik qollarını qalxızıb babasının boynuna saldı, nənəsi də o sevgili balasını qucaqladı, hər üçü şiddətlə ağlaşdılar. Sonra xəstə çocuq:
– Baba, mən bilirəm doktor sənə nə söylədi – deyib yenə baba və nənəsini qucaqladı və başını babasının çiyninə qoyub töşküyə-töşküyə bir qədər sakit oldu. Bir az dincəldikdən sonra:
– Baba, atamdan-anamdan sonra mən daha ölməyimi istərəm. Ancaq sənə vəsiyyətim odur ki, səbr elə, çox ağlama. Nə etməli, qəzadan bizim üçün belə imiş...
Qoca kişi öz saqqalı uzunu axan göz yaşlarını silərkən:
– Bala, ölüm mənim üçündür. Allah sənin ölümünü mənə göstərməsin... Qorxma, bala, Allah qoysa sağalarsan... – deyə nəvəsinin üzgözün tumarladı.
Xəstə çocuq:
– Baba, mən bilirəm, axır nəfəsimdir. Ancaq səndən təvəqqem odur ki, məni özün qəbrə qoyarsan və əgər bu şəhərdə qalmalı olsanız, tez-tez mənim qəbrimin üstə gələrsən, məni unutmayasan – deyərək nəfəsi kəsildi. Yenə də baba və nənəsini qucaqlayıb hər üçü ağlaşdılar. Müslümbəy onları ovudub təsəlli verdi. Sonra doktor yazdığı nüsxəni öz nökərinə verib dərman almağa göndərdi. Sonra Həmid kişiyə xitabən:
– Əmi, səsin nə üçün xırıldar? Məgər sən də xəstəmisən? – deyə soruşduqda qocanın əyalı:
– Ay başına dönüm, xəstə deyildir, lakin üç gündür ki, çöllərin buzu, qarı bu yazığın qidası, xörəyi olmuşdur, – deyə cavab verdi.
Müslümbəy:
– Vay, siz acsınızmış... bəs nə üçün, niyə söyləməyirsiniz? – deyə dərhal onlar üçün yemək tədarük etdi və bir qədər də süd gətirib xəstə çocuğa içirtdilər. Bir saatdan sonra nökər dərman gətirdi. Ondan da xəstəyə verdilər. Müslüm sonra öz işinə getdi.
Lakin əsr zamanı idi ki, xəstəyə ğişvə ariz oldu. On dəqiqədən sonra ayıldısa da, lakin bütün əhvalı xarablaşmağa üz qoydu. Əl-ayağı soyudu, alnında soyuq tər əlaməti göründü, verilən dava-dərman boğazından keçməyib hiyənglərindən bayıra töküldü. Gecənin yarısınacan bu hal üzrə qaldı. Sevgili balasını bəstəri-ehtizarda görən qoca arvad yumruqla öz sinəsinə vurarkən ərinə xitabən:
– A kişi, görməyirsənmi, heç olmasa yasin oxu, balam Quransız keçinməsin – deyə haykırdı.
Bədbəxt qoca kişi çaşıb özünü itirdiyindən “Yasini-şərif” əvəzinə “Həmd” surəsi oxumağa başladı. Bir o qədər keçmədi ki, xəstə çocuğun üzünə ölüm rəngi qonub bir-iki dəfə çənə çaldıqdan sonra, nəfəsi qət oldu. Bu vaxt o bədbəxt qocaların başına sanki qiyamət qopdu. Gecənin yarısı özgənin evində, qərib ölkədə ev sahibi narahat olmasın deyə, ixtiyarsız ucalan fəryadlarını sinələrində boğarkən, o soyumuş bədəni qucaqlayıb sızıldadılar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-bedbext-aile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Şeir yaxud merŞerin nə demək olduğunu qarelərimizin bilməyinə şəkk və şüb-həmiz yoxdur. İndi biz merin nə demək olduğunu bildirmək istəyirik.
Ədəbiyyat (“Bəsdi daha “Kəlniyət!”)Bəsdi daha “Kəlniyət”,Yazma Belə yazını,
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,