Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.

Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.

Bizim burada danışdığımız bu mətləbdir ki, təzə şeir necə olmalı?

Yazı yazdığımız vaxt hər şeydən müqəddəm hissiyyata tabe olmaq gərək, tainki kəlamın oxuyanların qəlbində təsiri ola və başqasının hissiyyati-qəlbisini oyandıra. Bəs bu surətdə hissiyyatı bilmək lazımdır.

Hissiyyat iki növdür: cəli və təbii. Hissiyyati-cəliyyənin kimsəyə təsiri ola bilməz. Hissiyyati-təbiiyyədir ki, başqasına təsir edər, yazılmış şerin məzmunları bir lövheyi-nəqqaş kimi tamam nükat və dəqaiqimətləbi bəyana gətirər. Məsələn: Lətif bir yaz axşamı, günəş qüruba mühəyya olur; qürubun qaranlığı dağlara, dənizlərə yavaş-yavaş yayılır, hər tərəf sakit və asudətövr, axşamın bəxş elədiyi hissiyyat hər zərrədə əyan olur, bir az sonra günəş qürub edər, sahillərin üzərində təməvvüc edən buxar zail olur; fəqət günün qürubuna mütəaqib ay çıxır, biz də bu mənzərəni tamaşa edib hissiyyatımızı, əfkarüxəyalatımızı yazıb təşrih etdikdə, əlbəttə ki, oxuyanlar qəlbinə artıcaq təsir bağışlayıb başqasının hissiyyati-qəlbisini oyandırar. Məsələn: bu növ nəzm etməliyik:

Yaz mövsimi endikcə səmadan yerə axşam,

Gün nuru verir dağlara min rəngi-dilaram.

Ahəstəliyiynən üfüqə eyləyir ahəng.

Şəffaf səmadə görünür şövqi-fəzarəng.

Quşlar, o fərəhbəxş civiltiylə həvadə

Öz lanələri səmtinə eylərlər iradə.

Gül bərgi parıldar günəşin nuruna qarşu, Səssiz dərədə bərq vurar cari olan su.
Bir badi-mülayim olar ol dəmdə pədidar,
Ətrafa uzaq güllərin ətrin edər isar.
Keçməz o qədər şəms olur qaib üfüqdən,
Ancaq qalır ol dəm bir işıq rəngi-şəfəqdən. Zülmət qanadın şam çəkər ruyi-cəhanə,
Məxmur düşər cümleyi-zərrati-zəmanə.
Bu an, bu saət ki, hülul eylədi axşam,
Bir sümti-qəriq içrə təbiət tutar aram.
Gəlməz qulağa şeylərin ol vəqt sədası,
İlla ki, axan çayların ahəngü nəvası.
Əsdikcə neyistanə bütün rəşə salır bad,
Min nəğmeyi-cansuz edər ol rəşələr icad. Mən bir belə mövsimdə bahar axşamı dilgir, Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir.
Başımda o ziba sənəmin şövqi-vüsalı,
Etmişdi pərişan saçı tək fikrü xəyalı.
Sərgərm o təxəyyüldə nigar ilə həmağuş, Etmişdim o dəm aləmi bilmərrə fəramuş.
Nagah gözəl bir quş uçub gəldi sədayə.
Səsləndi ki, səbr eylə, a Səhhət, bu bəlayə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов