Üçüncü hissə, 33. Kapitan Rəşidov
Tərxis olunan əsgərlərin yerini doldurmaq haqda düşünürdüm. Gizir Səfərov da, Əsgər Mazanov da əvəzsiz kəşfiyyatçılar idi. Düzdür, “ustav” bilmirdilər, ancaq onlarda olan cəsarət, qorxmazlıq, qoçaqlıq təzələrdə yox idi. Gözüm hər yerdə kəşfiyyatçı axtarırdı. Orucov da bu işin ustasıydı. Əsgəri yerişindən, duruşundan, baxışından tanıyırdı. Bəzən elə adama etimad göstərirdi, heç cür inanmaq olmurdu, lakin az keçməmiş qənaəti doğru çıxırdı. Kəşfiyyat bölüyünə əsgər axtarmağı ona da tapşırmışdım. Yeni gələnlər bizi qane etmirdi. Qərargahı, hərbi yığıncaqları, yeni çağırışçılar yığışan məntəqəni, poliqonu itiyi itən adamlar kimi hərlənirdik.
Kəşfiyyatçı bədəncə qıvraq, səliqə-sahmanlı, ürəkli, səbirli, ağıllı olmalı, çox az zamanda qərar verməyi bacarmalıdır. Üstəlik, aclığa, yorğunluğa davam gətirməli, otla, meyvəylə qidalanmağın çəmini tapmalıdır. Bəzən Kiçik leytenant Orucov bölüyün yeni gələn əsgərlərinə əmr edirdi: “Bu gün yemək yoxdur! Dağılışın meşəyə, özünüzə yemək tapın!” Və ən maraqlısı, özü də əsgərlərlə gedirdi. Daha bəzi zabitlər kimi, yeməkxanaya qayıtmırdı.
Bir də piyada hərəkət etməyi çox sevirdi. Bu, kəşfiyyatçı üçün vacib keyfiyyət idi. Kəşfiyyatçı adi insanlardan iki-üç dəfə sürətlə yeriməyi bacarmalıydı.
Orucov hər mənada örnək bir zabit idi. Onda kəşfiyyatçıya xas bütün keyfiyyətlər vardı. Daşların üstüylə kəklik kimi səkir, uzaqdan qartal baxışıyla baxır, hücum lazım olanda aslana dönürdü. Ən böyük möcüzəsi isə bu idi: görünməz ola bilirdi! Sizi əmin edirəm, o, istənilən evə, istənilən kazarmaya, istənilən hərbi hissəyə çox rahatlıqla girə bilərdi. Buna girmək yox, sızmaq, axmaq demək daha dəqiq olardı. Çox zaman adi həyatın içində gözlənilmədən hardasa peyda olurdu. Yaxud yanından elə gedirdi, hiss eləmirdin. Sanki buxarlanırdı.
O, ətrafda nə varsa, hamısıyla ünsiyyətə girməyi bacarırdı. Bəzən ən vacib xəbəri ağaclardan, quşlardan, ayaq altında qalıb sınan quru bir çöpdən ala bilirdi. Su bulanmağıyla onun üçün böyük hərbi sirr açardı. Quşlar uçuşuyla və səsiylə düşmənin hücumunu xəbər verərdi.
Görmə bucağı və gördüklərini ağlının süzgəcindən keçirib nəticə çıxarmaq bacarığı fenomenal idi. Tutaq ki, Səfərovla eyni istiqamətə baxırlar. Səfərov baxdığı bucaqda on detal görürdüsə, Orucov yüzünü görürdü.
O, yox ola bilirdi və özü ilə birlikdə qrupu da yox edirdi. Kəşfiyyat zamanı maskalanmağı hamı bacarır, bununku başqa iş idi.
Belə bir zabit özünə bab əsgəri hardan tapaydı?
Hər yana soraq salmışdıq, xəbər çıxmırdı, görünür, kimi axtardığımızı anlayırdılar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ucuncu-hisse-33-kapitan-residov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Canavar yalının üstündəki postda bir az dincəlib irəliyə - daha hündür yerdə qərar tutan Əyri yamaca adladıq. Yemək yeyib, bir-iki saat yatdıq. Mən yuxudan tez qalxdım və durbini götürüb müşahidə nöqtəsindən Göyçə tərəfə baxdım. Uzaq düzənliklərdə ot yığan, taxıl biçən adamlar gözə dəyir, maşınlar, kombaynlar görünürdü. Qarşıda elə bir mənzərə açılmışdı ki, gözünü qırpmadan tamaşa eləmək istəyirdin. Hava təmiz şüşə kimi şəffaf idi. Buralar dövlət sərhədi olduğundan güclü müharibə getməmişdi. Bizim dağlardan fərqli olaraq, Kiçik Qafqazın bu hissəsi top və “Qrad” səsindən diksinməmiş, təbii şuxluğunu itirməmişdi.Qırğı blindajdan çıxıb mənə yaxınlaşdı:
Üçüncü hissə, 3. Gizir Səfərov“Ermənistan” sözünü eşidəndə təəccüb elədim. Bu qədər kəşfiyyatda olmuşdum, bizə heç vaxt dövlət sərhədini keçmək icazəsi verilməmişdi, indi taqım komandiri özbaşına keçirdi. Keçirdi və bizi də özüylə aparırdı. Məncə, doğru addım deyildi. Kəşfiyyata çıxanda atəşkəsi pozmamağı dönə-dönə tapşıran komandirlər bu addımımıza nə deyəcəkdilər? Narahat idim. Məsləhətləşməyə ehtiyac vardı. Bəlkə də, komandir qərargahla məsləhətləşmişdi, sadəcə, Qırğıya öz fikri kimi söyləyirdi.Qrup üzvləri yuxudan qalxan kimi komandir bizi postun qabağında cərgəyə düzüb gəzinə-gəzinə danışmağa başladı:
Üçüncü hissə, 4. KomandirGecə Yeddiqardaş dağının bizə ən yaxın zirvəsində gümüşü işığı gördüm. Ətrafa nur çiləyən o işıqdan bir topa da mənim içimə düşmüş, varlığımı nura bələmişdi. Kövrək bir xoşbəxtlik duyğusunun içində itib-batmışdım. Səadət dənizində xəyal kimi üzürdüm. Bu dəqiqə yaxınlıqdakı yamacın tinindən atılıb qollarımı çalsam, qartal kimi havalanaram. Gümüşü işıq yanına çəkər məni. Ona qarışıb əriyərəm, həm itirdiklərimə, həm arzuladıqlarıma qovuşaram.Ölüm gümüşü işığa qovuşmaqdırsa, buna hazıram və ondan zərrəcə qorxmuram. Bir gün ölümlə qarşılaşsam, onun üstünə gülümsünərək gedəcəm. Ölümü yanımdakı “flyaqa” kimi hiss edirəm. O, həmişə mənimlədir.
Üçüncü hissə, 5. QırğıYenə qabaqda gedirdim. Təmas xəttindən bir az aralananda Əsgər Mazanovla yerimizi dəyişəcəkdik. Hərəkətə başlamazdan əvvəl komandir Maralı “dozor” göndərmişdi. O, tez qayıtmış və demişdi: “Sakitlikdir.”Maralın belə deməsi sərhədi söhbət edə-edə keçəcəyik anlamına gəlirdi. Doğrudan da, elə oldu. Müharibə edən iki ölkənin sərhədinə heç oxşamırdı. Komandir neytral zonanın bizim posta ən yaxın yüksəkliyində Rəfiyevlə başqa bir əsgəri müşahidəçi kimi saxladı. Onlar biz gəlincə burda gözləyəcək, təhlükə yaranarsa, atəş açıb mühasirəni yarmağımıza kömək edəcəkdilər. Görünür, komandir Rəfiyevi, haqlı olaraq, dərinliyə aparmaq istəmirdi.