Oğulların bir-bir adın çəkərək,
Ağı deyib ağlayırdı Elçiçək,
Ağı desən ağrıların toxdayar,
Ağı deyib ağlayırdı Elçiçək.

Bu ayrılıq uzanaraq dağ oldu,
Yavaş-yavaş ağlamalar lağ oldu,
Gəzib dedi, “oğullarım yox oldu”,
Ağı deyib ağlayırdı Elçiçək.

– Siz üz tutub hayanlara getdiniz,
Bəlkə küsüb bizdən acıq etdiniz,
Kimisəsizlik qucağında itdiniz,
Ağı deyib ağlayırdı Elçiçək.

Ağ günləriz qaralıbdır olmaya,
Al yanağız saralıbdır olmaya,
Bəbəkləriz daralıbdır olmaya,
Ağı deyib ağlayırdı Elçiçək.
– Ana könlüm uçar-uçar quş olub,
Ağlamaqdan ağ balışım yaş olub,
Dönün, gəlin anaz başda-baş olub,
Ağı deyib ağlayırdı Elçiçək.

Özünüzü siz qoruyun Alpisdən,
Gəlir tez-tez, əl çəkməyir o bizdən,
O, Daryaşa çox oxşayır üz-gözdən.
Ağı deyib ağlayırdı Elçiçək.

Bacı doğdum sizə, öldü, qalmadı,
Uçdu getdi, bir yaşı da olmadı,
Küsdü getdi burda yuva salmadı,
Ağı deyib ağlayırdı Elçiçək.

Ölməyəydim, toyunuzu görəydim,
Hər balamdan bir bala da dərəydim,
Bal balama nənə borcu verəydim,
Ağı deyib ağlayırdı Elçiçək.

Döş yırtırdı, saç yolurdu bir ana,
İstəyirdi at səyirtsin dörd yana,
Baş çəkərək dağa-daşa, ormana,
Dörd oğlunu tapıb dönsün Turana,
Çatsın Sayan, Alan, Çatan, Qaplana,
Ağı deyib ağlayırdı Elçiçək.

İyləyirdi pal-paltarı, köynəyi,
Çağırırdı yardımına küləyi,
Ayrılıqdan titrəyirdi ürəyi,
Ağı deyib ağlayırdı Elçiçək.


Biri dedi, onu dağda görmüşəm,
Nə söz desən çıxa bilər ağızdan,
Biri dedi, şələ bığda görmüşəm,
Nə söz desən çıxa bilər ağızdan.

Deyilənlər sarsıdırdı ananı,
Yuxularda görməkdəydi Qaplanı,
İzləyirdi ondan qaçan Alanı,
Çağırırdı sayan ilə Çatanı,
Nə söz desən çıxa bilər ağızdan.

Yalan deyən, nağıl deyən çox idi,
Deyilənə görə onlar sağ idi,
Yer – yurdunu göstərənlər yox idi,
Nə söz desən çıxa bilər ağızdan.

Atlı getdi dallarınca beş kərə,
Neçə atlı səpələndi çöllərə,
Baş çəkdilər doğma, özgə ellərə,
Nə söz desən çıxa bilər ağızdan.

Yola düşdü gizli getdi Eldəbir,
Yelçəkəni gəzdi kənd kənd birbəbir,
Görən qırx il bu ayrılıq nədəndir,
O yoxladı yurdu eli birbəbir,
Onu başa düşən vardı təkdə bir,
Nə söz desən çıxa bilər ağızdan.

Bir qız gördü qırçın yaxa qız donu,
Dedi: – Qardaş, tanıyıram mən onu
Sənin, dedi, yeddi kökün –Turq, Tanı,
Damarında axır Turqla Tunq qanı,
Nə söz desən çıxa bilər ağızdan.

Qal burada mənə yaxın qonaq ol,
Gedək mənlə toya, mənlə ayaq ol
Qorxma məndən bir az diri, qoçaq ol,
Nə söz desən çıxa bilər ağızdan.

Gecə qaldı qıza qonaq Eldəbir,
Gördü gecə yarı olcaq qız itir,
Kənddə yoxdur bir hənirti səs- səmir

Ancaq lap-lap uzaqlardan arabir,
Azca, güclə eşitdilən səs gəlir,
Nə söz desən çıxa bilər ağızdan.
Gəldi gördü çalhaçaldı toy düyün,
Qız oturub bir kişiylə qolboyun,
Dörd yanında mələşmədə qoç, qoyun,
Nə söz desən çıxa bilər ağızdan.

Bunu görüb o sarsıldı, saraldı,
Geri döndü, qaranlığa yan aldı,
Gördü qızı qucaqlayan ər deyir:
– Əlimizdə qızıl vardır “Eldəbir”,
Apararıq, satıb qızıl eylərik,
Nə söz desən çıxa bilər ağızdan.


Dan yerində gəlib yatdı Eldəbir,
Özü aşıb yıxılanlar ağlamaz.
O düşmüşdü bir çıxılmaz quyuya,
Özü aşıb yıxılanlar ağlamaz.

Qız gələndə ondan bərk-bərk yapışdı,
Qız başına gələnləri danışdı,
Dedi: – Sənin üzün mənə tanışdır,
Mənim adım bil ki, üzdə Ağuşdur,
Nə yaxşı ki, mən səninlə tapışdım,
Özü aşıb yıxılanlar ağlamaz.

Mən oxunmaz, mən açılmaz yazıyam,
Mən Nileldə böyük varlı qızıyam,
Ancaq burda oğurlanmış quzuyam,
Özü aşıb yıxılanlar ağlamaz.

Oğurlayıb məni oğru beş aydır,
Oğru mənə nə sevgili, nə yardır,
Mən nişanlı, oğrularsa subaydır,
Özü aşıb yıxılanlar ağlamaz.

Oğru məni aparacaq satacaq,
Təzə şənlik toy-düyünə batacaq,
Gəlin edib məni toya qatacaq,
Özü aşıb yıxılanlar ağlamaz.

Mənə yardım etsən sənə qul ollam,
Qurtar məni, sənə gözəl qız allam,
Burdan qaçsam nişanlıma qız qallam,
Özü aşıb yıxılanlar ağlamaz.


Eldəbirsə susdu, çox çox düşündü,
Gözəl olur düzə bənzər yalanlar.
Dedi: – Ağuş, nə istəsən elərəm,
Gözəl olur düzə bənzər yalanlar.

Ağuş dedi: Andım başa çatacaq,
Oğru məni qullarına qatacaq,
Misirelə aparacaq, satacaq,
Səsim, sözüm, andım, sevgim batacaq,
Gözəl olur düzə bənzər yalanlar.

Mən açaram gecə səni qandaldan,
Sən qaçarsan satılarkən satalda,
Nileldədir, sarayımız – Ağyalda,
Şərif xanı soruşarsan satalda,
De, satdılar Ağuş qızı qul halda.
Gözəl olur düzə bənzər yalanlar.

Ağ mərmərdim, saralmışam solmuşam,
Qaralmışam, qara mərmər olmuşam,
Acığımdan saçlarımı yolmuşam,
Gözəl olur düzə bənzər yalanlar.

Mən də sənə yardım ollam el boyu,
Mən taparam axtardığın Turqtayı,
Toy etdirəm sənə ona dolayı,
Gözəl olur düzə bənzər yalanlar.

Eldəbirsə inanaraq Ağuşa,
Söz verdi ki, bu işdən bərk yapışar,
Bu yolla da dörd qardaşlar tapışar,
Gözəl olur düzə bənzər yalanlar.


Gün çıxarkən gəldi atlı oğrular,
Tutuq oldun günün, üzün qaradır,
Tutuqları at döşünə saldılar,
Tutuq oldun günün, üzün qaradır.

Öncə yeyib, yeyib-içib doydular,
Öncə yazıq Eldəbiri döydülər,
Döyə-döyə yaman günə qoydular,

Onu, qızı baha tutuq saydılar,
Hey vurdular, kəndə hay-küy saldılar
Geyimini, var-yoxunu soydular
Tutuq oldun günün, üzün qaradır,

Gün altında qum çölündən ötdülər
Ağ dəvələr axşamacan yortdular
At, eşşəyi dalarınca dartdılar,
Gecələri gündüzlərə qatdılar,
Iki gunə satal yerə çatdılar,
Tutuq oldun günün, üzün qaradır,

Biri gəldi Eldəbiri dindirdi,
Dəyərini lap aşağı endərdi,
Alıb onu daş işinə göndərdi,
Tutuq oldun günün, üzün qaradır.

İplərinin düyünləri boş idi,
Ağuş qızın qara gözü yaş idi,
Tutuqçunun qançıl könlü daş idi,
Eldəbirin ayaqları şiş idi,
Tutuq oldun günün, üzün qaradır.

Sildi Ağuş gözlərinin yaşını,
Sonra dikdi aşağıya başını,
O qıcıtdı tutuqçuya dişini,
Eldəbirə qoşdu könül quşunu,
Tutuq oldun günün, üzün qaradır.
Eldəbirsə gördü bütün bunları,
Ağuş qızın üzü gözü saraldı,
Qarşıdaydı Misir, Nilel diyarı,
Ağ gədiyə yollar başı yuxarı,
Gərək vurub aşıraydı çaparı,
Gərək atla dırmaşaydı yolları,
Tutuq oldun günün, üzün qaradır.

Çapar aşdı at kükrədi quş oldu,
Qum çaparın gözlərinə sovruldu,
O bağırdı, bir az qaçdı yolları,
Qum çölləri sanki yer yer yarıldı,
Tutuq oldun günün, üzün qaradır.

Ağ gədikdən enməkdə idi Şərif xan,
Acıqlı idi itib-batan qızından,
Tutuq görcək at üstündə çapağan,

Eldəbiri göndərmişdi yaradan,
Sanki göylər atlısıydı bu oğlan,
Dedi: – Oğul, haralısan, haradan,
Tutuq oldun günün, üzün qaradır.


“Ağuş” deyib sorağ verdi Eldəbir,
Ata hər gün yarı candır qızı üçün.
Hər bir şeyi o danışdı ataya,
Ata hər gün yarı candır qızıyçün.

Xan biləndə qızı qul tək satılır,
Oxa dönüb o yay kimi dartılır,
Eldəbirlə irəliyə atılır,
Ata hər gün yarı candır qızıyçün.

Yaraqlandı qılınc ilə iki ər,
Qaçır çoxu, aşır, ucur çöl - çəpər,
Sarsılırlar gələnləri görənlər,
Ata hər gün yarı candır qızıyçün.

Satal döndü qan gölünə, qızardı,
Qız oğrusu qansız qaldı, sozardı,
Ağ buludlar göy üzündə bozardı,
Ata hər gün yarı candır qızıyçün.

“Ata” deyib Ağuş aşdı bayıldı,
Qılınc səsi hər bir yana yayıldı,
Oğrulardan satal yer-yer yuyuldu,
Ağuş bir də öz evində ayıldı,
Ər Eldəbir burda igid sayıldı,
Ata hər gün yarı candır qızıyçün.

Ağ gədikdə evlər döndü bayrama,
Sevinc quşu qondu sanki hər dama,
Paypuş verdi Şərif çox-çox adama,
Ata hər gün yarı candır qızıyçün.


Sorağ aldı dörd qardaşı Eldəbir,
Bayram olar itən bunca tapılsa.
O danışdı dörd qardaşın işindən,
Bayram olar itən bunca tapılsa.

Şərif dedi: – Mindiyardan biri var,
Onu igid bilər burda adamlar,
Nağıl olub burda Minel, Mindiyar,
Bayram olar itən bunca tapılsa.

Şah qızını verib ona öyünclə,
Qız da gedib balıqçıya sevinclə,
Oğlan igid üzgüçüdür, qız incə,
Bayram olar itən bunca tapılsa.

Adı Çatan, özü igid bir oğlan,
Bu Nileldə sevilibdir o yaman,
Qızı sel-su caynağından qopardan,
Bayram olar itən bunca tapılsa.

Eldəbirin səsi tutur hər yanı,
Deyir: – Mənə göstəriniz Çatanı,
Danışırlar ona bir-bir olanı,
Bayram olar itən bunca tapılsa.
O söyləyir:- qoy var olsun eliniz,
Çatan mənim qardaşımdır, biliniz,
Nə gözəldir adamlığız, diliniz,
Bayram olar itən bunca tapılsa.

Ağuş deyir: Mən Sarayla tanışam,
O ulduzdur, ulduzlar tək sayrışar,
Eldəbirlə Çatan bu gün tapışar,
Bayram olar itən bunca tapılsa.


Görüşdülər Çatan ilə Eldəbir
Şah olanda sanki daş da dəyişir,
Eldəbiri tanımadı Çatan şah,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də, baş da dəyişir.

O şah idi, qızıldandı toqqası,
Duru daşdan burun, qulaq sırğası,
Parlayırdı iri al daş cıqqası,
Sallanırdı dizə kimi çuxası,
Yanındaydı gözəl-köyçək Sarası,
Parlaq geyim içindəydi arxası,
Şah olanda göz də, qaş da dəyişir
Düşüncə də, üz də baş da dəyişir.

Dedi: – Çatan, Eldəbirəm, minelli,
Sənin ilə bir yurddanam, bir dilli,

Gəldim səni axtarmağa könüllü,
Sizdən sonra ana qalıb tək əlli,
Elçiçəyin boynu, beli bükülü,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də, baş da dəyişir.

Çatan baxdı, dedi: – Qoçaq Eldəbir,
Bu əyin-baş nədir qardaş,gün nədir,
Dəmirqızın qardaşısan bunu bil,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də, baş da dəyişir.
Onlar birdən qucaqlaşdı, öpüşdü,
Çatan ona olanları danışdı,
Anasını, atasını soruşdu,
Toya döndü başev, ara qarışdı,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də baş da dəyişir.

Eldəbir də olanları danışdı,
Ölənləri, qalanları danışdı,
Alpis deyən yalanları danışdı,
Mineldə lov salanları danışdı,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də, ba da dəyişir.

Çatan dedi: – Mən yurduma gələrəm,
Anam üçün on yol, yüz yol ölərəm,
Uğurumu mən anamdan bilərəm,
Mən atama böyük şahlıq dilərəm,
Şah olanda göz də, qaş da dəyişir,
Düşüncə də, üz də, başda dəyişir.

Bu görüşlə çox sevindi Nileli,
Nil elliylə bağlaş oldu Minelli,
Ağuş, Sara yaxın oldu, sevimli,
Ikisi də gözəl, parlaq geyimli,
Şah olanda göz də, qaş da dəyişir.
Düşüncə də, üz də, baş da dəyişir.

Sorağ aldı Alpis bu toy-düyündən,
Öc alaram, dedi bu kal kəbindən,
Nil çayını daşdıraram dərindən,
Fironları oynadaram yerindən,
Şah olanda göz də, qaş da dəyişir.
Düşüncə də, üz də, baş da dəyişir.

Özüm ollam burda böyük başbaşı,
Oturdaram burda yersiz Daryaşı,
Şah olarıq ikimiz də yanaşı,
Şah olanda göz də, qaş da dəyişir.
Düşüncə də, üz də, baş da dəyişir.
Çevrilərəm şaxta, yanğın, dumana
Mən baxmaram hər yaxşıya, yamana,
Mindiyarı səpələrəm dörd yana,
Şah olanda göz də, qaş da dəyişir.
Düşüncə də, üz də, başda dəyişir.


“Çatan” deyib ata ana sevindi,
Çox gücünü Tanrı verib anaya.
Dedi: - gedim gəlinimlə görüşüm,
Çox gücünü Tanrı verib anaya.

Tunqər Alpan öz oğluyla öyündü,
Dağ ürəyi çırpım-çırpım döyündü,
Qoca ata uşaq kimi sevindi,
Çox gücünü Tanrı verib anaya.

Elçiçəyi qucaqladı,ağladı,
Ayrılıqlar dib daşından laxladı,
Eldəbiri bir də, beş də yoxladı,
Sonra ata çəkisini saxladı,
“Alpis” dedi, o qancili dağladı,
Çox gücünü Tanrı verib anaya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов