Çox yaşayıb, çox qocalıb
Yaranışla yer çevrəsi,
Çox yolçunu yolda qoyub
Yaranışla yer çevrəsi.

Ona hər şey gülünc olub,
Həm qabarıb, həm dinc olub,
Dolanaraq çoxkünc olub.
Yaranışla, yer çevrəsi.

Gülüb göydə uçanlara,
Öz-özündən qaçanlara,
Yer-yer çığır açanlara,
Yaranışla yer çevrəsi.


Yaşıl dağlar- yastı-yastı,
Bu yerlərin, çəkimi var.
Qanad saxla, Qayaquşum,
Bu yerlərin çəkimi var.

Deyən doğmam burdan keçib.
Yurd salmağa yuva seçib
Burda olub, burdan köçüb
Bu yerlərin çəkimi var.

Deyir meşə xışıltısı,
Ağ quşların pırıltısı,
Ürəyimin pıçıltısı,
Bu yerlərin çəkimi var.


Ovçu gəlib qondu yerə
Qayaquşun qanadında.
Görən hara gəlib çıxıb
Qayaquşun qanadında.

Doğma yerlər harda qaldı,
Bunu quşdan soraq aldı,
Hardan hara cığır saldı
Qayaquşun qanadında.

Bura hara olan yerdir,
İtginlərdən çəkim gürdüm,
Göylər ona haray verdi
Qayaquşun qanadında.


Təkbuynuzlu kəl naxırı,
Güllu yalda, yaşıl döşdə.
Gələzdənir bir-birinə
Güllü yalda, yaşıl döşdə.

Qırğıları, quzqunları,
Qışqırışma qırğınları,
Göz bərəldir çılğınları,
Güllü yalda, yaşıl döşdə.

Neçə ağac sallaq qalıb,
Biri çinar, biri palıd,
Xırda quşlar bulud-bulud,
Güllü yalda, yaşıl döşdə.


– Mən dönürəm öz yurduma,
Ovçu qardaş, sağlıqla qal.
Gedim çatım öz yuvama,
Ovçu qardaş, sağlıqla qal.

Doğulmuşam Bulud-quşdan,
Ayrılmışam körpə yaşdan,
Dən tapmışam dağda-daşda,
Ovçu qardaş, sağlıqla qal.

Bulud-quşu görsən, görüş,
O anamdır, məni soruş,
Tanımasa sözü dəyiş,
Ovçu qardaş, sağlıqla qal.


– Getmə, getmə, Qayaquşum,
Getsən burda təklənərəm.
Öyrənmişəm sənə artıq,
Getsən burda təklənərəm.

Bu yolların burumu çox,
Burumların yorumu çox,
Ölümü çox, qırımı çox,
Getsən burda təklənərəm.

Göz gördükcə yaşıl çöldür,
Axar-axmaz çaydır, göldür,
Bataqlıqdır, qara gildir,
Getsən burda təklənərəm.


Gözü qızıq kəl sıçradı
Ötənlərə kələzdəndi.
Yaxın gəlib buynuz atdı,
Ötənlərə kələzdəndi.

Ovçu yerə dığırlandı,
Gözlərində göy fırlandı,
Kəl fınxırdı, ayğırlandı,
Ötənlərə kələzdəndi.

Ovçu onu balaqladı,
Qıçlarını qucaqladı,
Kəl yıxıldı oynaqladı,
Ötənlərə kələzdəndi.


Gücər burdu buynuzunu,
– Kəl, boynunu sındıraram.
Bir də burdu, bir də yıxdı,
Kəl, boynunu sındıraram.

Bu yerlərdə qonağıq biz,
Yol yolçusu hər ikimiz,
Səndən üstün tək-təkimiz,
Kəl, boynunu sındıraram.

Bizə yol ver, keçib gedək,
Bu kövşəndən, yaldan ötək,
Doğmamızı tapaq gərək,
Kəl, boynunu sındıraram.


Kəl böyürdü, kəl ağnadı,
"Məni öldürmə, öldürmə".
Çölə düşdü böyürtüsü,
"Məni öldürmə, öldürmə".

Bu yerlərin düzü dedi,
Kəl elə bil özü dedi,
Dili, üzü-gözü dedi,
"Məni öldürmə, öldürmə".

Bunu görüb kəllər busdu,
Budaqlarda quşlar susdu.
Dağ-daş, meşə qulaq asdı,
"Məni öldürmə, öldürmə".


Güc ver dözüm, bu duruşa,
Göy Tanrısı, güc ver mənə
Kəli basım, yolu keçim,
Göy Tanrısı, güc ver mənə.

Qoyma burda mən yem olum
Enmə dizim, sınma qolum,
Düyünlənmə, açıl, yolum,
Göy Tanrısı, güc ver mənə.

Uzaq yollar gilinciyəm,
Öz özümün gülüncüyəm,
Yorğunluğun öyrənciyəm,
Göy Tanrısı, güc ver mənə.


Bir səs gəldi dağdan-daşdan,
Bu yerlərdən keçməz olmaz.
Yollar dedi, yallar dedi,
Bu yerlərdən keçmək olmaz.

Kəllər ürküb buynuzlaşdı,
Qurdlar qızıb quduzlaşdı,
Quyruqları toppuzlaşdı,
Bu yerlərdən keçmək olmaz.

Quşum, qayıt gəl dağına,
Tək qalmışın sorağına,
Al Gücəri caynağına,
Bu yerlərdən keçmək olmaz.


Qılınc beldə, paya əldə,
Neçə kəli yıxdı Gücər.
Gah arxadan, gah böyürdən
Neçə kəli yıxdı Gücər.

Yer titrədi nəriltidən,
Meşə, ağac kişnərtidən,
Qanlı, boğuq bəyirtidən
Neçə kəli yıxdı Gücər.

O batarkən qan gölünə,
Sıçradı quşun belinə,
Quş çevrildi dağ yelinə
Neçə kəli yıxdı Gücər.


Kəllər baxdı gözü qanlı,
Uçan quşdur, ya qayadır.
Qurdlar, quşlar, buynuzlular,
Uçan quşdur, ya qayadır.

Qanadlılar duruxdular,
Buynuzlular vurnuxdular,
Naxırlaşıb karıxdılar,
Uçan quşdur, ya qayadır.

Göyün yaylıq silgiləri,
Bulud-bulud hörgüləri,
Dedi axmaz güzgüləri,
Uçan quşdur, ya qayadır.


– Qayaquşum, dözüm göstər,
Miniyim yox, dayağım ol.
Məni çatdır itginlərə,
Miniyim yox, dayağım ol.

Gedək gəzək yurd-yuvanı,
Hər düşərgə, hər obanı,
Alım sənin quş qadanı,
Miniyim yox, dayağım ol.

Uç buluddan, yeldən iti,
Səs eşitsən, ya hənirti,
Məni tezcə ora yetir,
Miniyim yox, dayağım ol.


"- Ay dağlardan o yanlarım,
Məni yada salan varmı?
Anam, atam, bacılarım,
Məni yada salan varmı?

Ay bulaqlar, ay yamaclar,
Qaqqıldaşan çil turaclar,
Dağ gövdəli göy ağaclar ,
Məni yada salan varmı?

Külək, çap get çapa-çapa,
Göz yaşımı götür apar,
Gör mənimlə toxdaq tapan,
Məni yada salan varmı"?


– Ay buludlar, hardan belə?
Yorta-yorta uçursunuz.
Yükünüzdə qarla yağış,
Yorta-yorta uçursunuz.

Geyimiz yox, yeyimiz yox,
Diliniz yox, deyimiz yox,
Bir bucaqda eviniz yox,
Yorta-yorta uçursunuz.

Dönübsünüz yel quşuna,
Hara gəldi özxoşuna,
Enişinə, yoxuşuna
Yorta-yorta uçursunuz.


Yolun iki ayrıcı var,
Çatdırandır, ayırandır.
Yol yolçunun ayaq izi
Çatdırandır, ayırandır.

Ayrılığı, görüşü var,
Dağa-daşa yürüşü var,
Yoxuş-yoxuş yerişi var,
Çatdırandır, ayırandır.

Səni ordan bura atır,
Yavaş gedən yurda çatır,
Yol diləyin kəhər atı,
Çatdırandır, ayırandır.


Sudur, oddur, yaydır, qışdır,
Buz ürəyim, odlu başım.
Məni çəkir sonsuzluğa,
Buz ürəyim, odlu başım.

Bir-birinə yapışmayır,
Yaxalaşır, çarpışmayır,
Çətinlikdə qarpışmayır
Buz ürəyim, odlu başım.

Pıçıltısı, sözü boldur,
Bir varlıqda iki yoldur,
Biri sağdır, biri soldur
Buz ürəyim, odlu başım.


Gecə-gündüz bacı-qardaş,
Biri gəlir, biri gedir.
Odlu Günəş, sozaran ay
Biri gəlir, biri gedir.

Südyolunun qoşa gözü,
Yerin-göyün iki üzü,
Gəlişinin geci, tezi,
Biri gəlir, biri gedir.

Qardaş çıxır, bacı batır,
Gündə bir il yaşı artır,
Gün oyadır, ay yatırır
Biri gəlir, biri gedir.


Bir düzəndən keçirdilər,
Daş atdılar Qayaquşa.
Hay saldılar, hoy dedilər,
Daş atdılar Qayaquşa.

Qorxaqları, ürkəkləri,
Dişiləri, erkəkləri,
Əlsiz-dilsiz kövrəkləri,
Daş atdılar Qayaquşa.

Əllərində yoğun paya,
Güc verdilər hay-haraya,
Tökülüşüb çölə-çaya,
Daş atdılar Qayaquşa.


Yekəbaşdır, içiboşdur
Özgəsinə daş atanlar.
Üzü daşdır, özü daşdır,
Özgəsinə daş atanlar.

İtə dönüb itlənəcək,
Qurdla, quşla cütlənəcək,
Daşlar kimi lütlənəcək
Özgəsinə daş atanlar.

Daşı yoldan götürərlər,
Keçənləri ötürərlər,
Hər gün bir daş itirərlər
Özgəsinə daş atanlar.


Daş çatmadı Qayaquşa,
Onlar yerə enmədilər.
Düz getdilər yollarını,
Onlar yerə enmədilər.

Haray-həşir, səs-küy, qırğın,
Neçə qızğın, neçə azğın,
Ac idilər, yorğun-arğın,
Onlar yerə enmədilər.

Sovuşdular geniş düzdən,
Altı çaydan, bir dənizdən,
Üç gecədən, üç gündüzdən,
Onlar yerə enmədilər.


Bir kənd vardır, adamları
Mal dərisi geyənlərdir.
Tuk papaqlı, xəz əlcəkli
Mal dərisi geyənlərdi.

Ocaq üstə mahnı qoşan,
Mahnıları dağlar aşan,
Çaylar kimi coşub daşan,
Mal dərisi geyənlərdi.

Altlarında at dərisi,
Su ölüsü, ət dirisi,
Həm xırdası, həm irisi,
Mal dərisi geyənlərdir.


– Mal dərisi geyən qardaş,
Burdan bir köç sovuşubmu?
Qurd dərisi geyimində
Burdan bir köç sovuşubmu?

Üzlərində soyuq ürkü,
Gözlərində isti-bürkü,
Dillərində qonaq ərki
Burdan bir köç sovuşubmu?

Yer axtaran, yuva gəzən,
Qıçlarından yollar bezən,
Dağlar aşan, çaylar üzən,
Burdan bir köç sovuşubmu?


– Qayaquşla gələn iyid,
Ötən köçü görməmişik.
Mən özüm də bir köçkünəm,
Ötən köçü görməmişik.

Qovub bizi daş atanlar,
Çöldə-düzdə at yortanlar,
Ay ovçular, ay çobanlar,
Ötən köçü görməmişik.

Çox görmüşük yol yortanı,
Daş yükündən yük dartanı,
Tutub burda qan ortanı,
Ötən köçü görməmişik.


Yaxalaşıb bağıranlar,
O yan, bu yan vuruşurdu.
At otarıb, ot biçənlər
O yan, bu yan vuruşurdu.

Paya əldə, daş sapandda,
Biri yerdə, biri atda,
İki qanlı bir elatda
O yan, bu yan vuruşurdu.

Səs tutmuşdu dağı-daşı,
Qan almışdı döşü, başı,
Ölüm, dirim cüt yanaşı,
O yan, bu yan vuruşurdu.


Gücər düşdü Qayaquşdan,
Bu nə qırğın, nə savaşdır.
Qızmışları harayladı,
Bu nə qırğın, nə savaşdır?

– Ölənlərin sayı itib,
Ölçü-biçi, cızıq ötüb
Bu qan-qada, ölüm-itim,
Bu nə qırğın, nə savaşdır?

Bir dayanın, əl saxlayın,
Vur deyəni qulaqlayın,
Bir söz deyim, siz yoxlayın,
Bu nə qırğın, nə savaşdır?


Qayaquşu görüb hamı
Hamı qorxub əl saxladı.
Qızıxmışlar, karıxmışlar,
Hamı qorxub əl saxladı.

Bu nə quşdur, nə biçimdir,
Bu quş nədir, yolçu kimdir?
Ya dirrikdir, ya ölümdür
Hamı qorxub əl saxladı.

Gücər çıxdı önlərinə,
Baxdı qanlı günlərinə,
Yüzlərinə, minlərinə,
Hamı qorxub əl saxladı.


– Mən yolçuyam, ellər, sizi
Barışığa çağırıram,
Adım Gücər, özüm ovçu,
Barışığa çağırıram.

Bir dayanın, durun görüm,
Sola geri, sağa geri,
Ağsaqqallar gəlsin, bəri,
Barışığa çağırıram.

Hamı güclü, hamı ərən,
Elat olub pərən-pərən,
Sizi ölüb öldürməkdən
Barışığa çağırıram.


– Ay yol gedən yolçu qardaş,
Bu yan-yövrə bizim yerdir.
Yüz illərdir yurd salmışıq,
Bu yan-yövrə bizim yerdir.

Burda mənim soy köklərim,
Dədəmgilin sümükləri,
Dam-daşları, sökükləri,
Bu yan-yövrə bizim yerdir.

Bu yerləri çox-çox belə
Qorumuşuq ölə-ölə,
Daldan gələn iti gələr,
Bu yan-yövrə bizim yerdir.


– Mənim adım Daşdalaşdır,
Bunlar burdan çıxmalıdır.
Bu otlaqlar bizimkidir,
Bunlar burdan çıxmalıdır.

Dalaşqanam, vuruşqanam,
Sudan, oddan alışqanam,
Tək torpağa qovuşqanam
Bunlar burdan çıxmalıdır.

Bu otlağın yiyəsiyəm,
Ot, tayası, pəyəsiyəm,
Gücün iti tiyəsiyəm,
Bunlar burdan çıxmalıdır.


– Sən dalaşqan, mən vuruşqan,
Gəl, güləşək, güc yoxlayaq.
Çox da ölçmə əl-qolunu,
Gəl, güləşək, güc yoxlayaq.

Bassan məni, bağla götür,
Basıldınsa geri otur.
Yoxsa burda bir el batır,
Gəl güləşək, güc yoxlayaq.

Ta bir özgə sözüm yoxdur,
Bu yer-yurdda gözüm yoxdur,
Bir qalası izim yoxdur,
Gəl güləşək, güc yoxlayaq.


Hamı gəldi, qol oynatdı
Güləşəndə iki önər.
Haray, həşir, səs, bağırtı...
Güləşəndə iki ənər.

Hamı dedi, güc bizdədir,
Güc beldədir, güc dizdədir.
Vur qoldadır, vur sözdədir,
Tutaşanda iki önər.

Yer şumlandı dizə çatdı,
Diz qatdandı, yerə batdı,
Kol, ot, ağac sınıb yatdı
Tutaşanda iki önər.


– Dədəm Günəş, əl tut mənə,
Anam torpaq, mənə güc ver.
Bu yerlərdə kimsəsizəm,
Anam torpaq, mənə güc ver.

O yoğundur, mənsə arıq
O tərlidir, mənsə yanıq,
Qoyma məni gözüqıpıq
Anam torpaq, mənə güc ver.

Mən yıxılsam düzlər sınar,
Əyri düzü basıq sanar,
Mən də yannam, düz də yanar,
Anam torpaq, mənə güc ver.


Bir güc duydu qollarında
Qurd dərisi geyən oğlan.
Daşdalaşı süpürrədi
Qurd dərisi geyən oğlan.

Qurşağını tutub sıxdı,
Burub onu yerə yıxdı,
Cumub döşü üstə çıxdı,
Qurd dərisi geyən oğlan.

Sonra qalxdı, durdu geri,
Daşlaşdan bir az bəri,
Diz qatdadı, öpdü yeri,
Qurd dərisi geyən oğlan.


– Anam torpaq, öpüm səni,
Gücü mənə sən vermisən.
Mənim dadım-duzum sənsən,
Güçü mənə sən vermisən.

Səni duydum ürəyimdə,
Dizim, qolum, dirsəyimdə,
Yapışmışam ətəyindən,
Gücü mənə sən vermisən.

Anam, Tanrım, damarımsan,
Təpərimsən, taparımsan,
Yolum, yalım, çaparımsan,
Gücü mənə sən vermisən.


– Ey Tanrılar, uca göylər,
Güc veribsən, yatım da ver,
Ulduz çıxıb, ay sozarır,
Güc veribsən, yatım da ver.

Burda güclü yerböləndir,
Ağsaqqaldır, başbiləndir,
Başçı kimdir, güc gələndir,
Güc veribsən, yatım da ver.

Gücün vuran güclü qolu,
Yan-yövrəsi varla dolu,
Çox ağırdır onun yolu
Güc veribsən, yatım da ver.


– Ay güclüyə güc göstərən,
Odla, yellə, sellə tutaş,
Gücün yoxsa, burda yaşa,
Odla, yellə, sellə tutaş.

Bu yerlərin suyu seldir,
Kəhər atı kişnər yeldir,
Göz gördükcə yaşıl çöldür,
Odla, yellə, sellə tutaş.

Baş əyərik sənə bir-bir,
Dağ gücünü bizə yetir.
Eli təzə yerə ötür,
Odla, yellə, sellə tutaş.


Ellər kəsdi yalı, yolu,
Hamı dedi qal bizimlə,
Daşdalaş da çıxıb getdi,
Hamı dedi, qal bizimlə.

Bunu dedi neçə yüzlər,
At səyirdən qıyıqgözlər,
Mal bəsləyən yastıüzlər,
Hamı dedi, qal bizimlə.

Yalvardılar, yaxardılar,
Dilə tutub saxladılar.
Hər yönünü bağladılar,
Hamı dedi, qal bizimlə.


– Mən Gücərəm, yol vurğunu,
Yol yolçusu yolda gərək.
Doğmaları axtarıram,
Yol yolçusu yolda gərək.

Öz yurdumdan köçəriyəm,
Sizin eldən keçəriyəm,
Öz yerimin Gücəriyəm,
Yol yolçusu yolda gərək.

Gücdə sizə güvənmişəm,
Bu yerləri bəyənmişəm,
Sizi görüb sevinmişəm,
Yol yolçusu yolda gərək.


Axşam düşdü, gözləmədi,
Yola düşdü Qayaquşla.
Ulduzlardan yol istədi
Yola düşdü Qayaquşla.

Buludlarda gözdən itdi,
Neçə dağı-düzü ötdü,
Doğmalara doğru getdi
Yola düşdü Qayaquşla.

Hər yer qardı, buzlu şişə,
Yer tamarzı al Günəşə,
Kürkü qardan qarlı meşə
Yola düşdü Qayaquşla.


Uzaq-uzaq yol getdilər,
Yolun yaxın-uzağı yox.
Dağlar xıxıb yastılandı
Yolun yaxın-uzağı yox.

Buludları dindirdilər,
Üç yol ayı söndürdülər,
Yerə yağış göndərdilər,
Yolun yaxın-uzağı yox.

Bu ağartı qar izidir,
Ya ağ güllər dənizidir,
Bura yaşıllıq düzüdür,
Yolun yaxın-uzağı yox.


Yorulmuşdu Qayaquş da,
Yorğun yolçu toxda bir az.
Qanad saxla dincəl, quşum,
Yorğun yolçu toxda bir az.

Quş buluddan yerə endi,
Yeri görüb buza döndü,
Bu nə qandır, bu nə gündür,
Yorğun yolçu toxda bir az.

Hər yer qızıl qan bulaşıq,
Yer sökülü ot qarışıq.
Cığır bükük, yol dolaşıq,
Yorğun yolçu, toxta bir az.


Kim var idi bu yerlərdə,
Hamı qara geyinmişdi.
Yaşıl, geniş bir çöllükdə
Hamı qara geyinmişdi.

Çinellilər gəlib dünən,
Qılınc çəkib elə birdən,
Qan töküblər hər bir yerdə,
Hamı qara geyinmişdi.

Aparıblar qız-gəlini,
Öldürüblər başbiləni
Hər susanı, hər dinəni–
Hamı qara geyinmişdi.


Başsız qalıb bu gün bu el,
Başsız eldən nə el olar.
İgidləri tutuq düşüb,
Başsız eldən nə el olar.

Atı, iti aparıblar,
Unu, otu aparıblar,
Nə var, tutub aparıblar
Başsız eldən nə el olar.

Qalanlarsa yas tutubdur,
Ağlamaqla baş qatıbdır,
El dağılıb, el batıbdır,
Başsız eldən nə el olar.


– İyid oğul, ayaq saxla,
Əltut elin qaynağıdır.
Bizə əl tut, arxa dayan,
Əltut elin qaynağıdır.

** Kömək

Qırdı, çatdı Çinel bizi,
Al boyadı çölü, düzü,
Gəl başçı ol bizə özün,
Əltut elin qaynağıdır.

Dağıtdılar elimizi,
Doğradılar dilimizi,
Dirimizi, ölümüzü
Əltut elin qaynağıdır.


Gücər yolu soraqlaşdı,
Günbatandan gündoğana,
Alıb çapıb aparıblar,
Günbatandan gündoğana.

Nə ağırdır bu yas, qarğış,
Çox qabadır bu yır-yığış,
Yol dolambac, yoxuş-yoxuş,
Günbatandan gündoğana.

Gücər getdi öc almağa,
Başsız elə baş olmağa,
Ya ölməyə, ya qalmağa,
Günbatandan Gündoğana.


Biz bu yasda doğmalaşdıq,
Yasda doğma, yad olmayır.
Baş əyirik ölənlərə,
Yasda doğma, yad olmayır.

Qayaquşum, qanad götür,
Məni burdan ora yetir,
Daha ölçü-biçi itib,
Yasda doğma, yad olmayır.

Gedək, tapaq qaçaqları,
Vuraq, yıxaq alçaqları,
İpdən açaq tutuqları,
Yasda doğma, yad olmayır.


– Dönüm qılınc qanadına,
Yolu yola calayır quş.
Buludları qılınclayır
Yolu yola calayır quş.

Tanrım, sən də bir iş elə,
Götür məni bir quş elə,
Elə, yurda duruş elə
Yolu yola calayır quş.

Quşum, gəz tap azğınları,
Qana qancıl qızğınları,
O leş yeyən quzğunları,
Yolu yola calayır quş.


Üçüncü gün üzləşdilər,
Əyri yolu düz yol kəsər.
Başçıları qan içəndi,
Əyri yolu düz yol kəsər.

Qurd dərisi geyən əri.
Görüb başçı gəldi bəri,
Gücər düşüb öpdü yeri,
Əyri yolu düz yol kəsər.

Gücər əli yalın idi,
Əl çomağı qalın idi.
Səsi, sözü yaylım idi,
Əyri yolu düz yol kəsər.


– Eli çapıb qaçan alçaq,
Yerdə yoxdur yer alçağa.
Sən bu yerdə ölməlisən,
Yerdə yoxdur yer alçağa.

Gördüm elin göz yaşını,
Dağıdılmış dam-daşını,
İndi qoru öz başını,
Yerdə yoxdur yer alçağa.

Mən Gücərəm, güc sınağı,
Daş toppuzdur əl çomağım,
Gəl, vuruşaq ər sayağı,
Yerdə yoxdur yer alçağa.


Yaraqlılar ox yağdırdı,
Gücər Dəmirdöz geyimdə.
Nə ox batdı, nə də qılınc,
Gücər dəmirdöz geyimdə.

Çomaq qanlar axıdırdı,
Başlar, döşlər dağıdırdı,
Alçaqları bağırdırdı,
Gücər dəmirdöz geyimdə.

Qıy çəkirdi Qayaquş da,
Ayırırdı döşü başdan.
Güclənirdi bu savaşda,
Gücər dəmirdöz geyimdə.


Quş başçını qapdı, getdi,
Tökdüyün qan, alar səni
Qayalığa atdı onu,
Tökdüyün qan alar səni.

Daşdan daşa dəyib aşdı,
Bağırtısı dağa düşdü,
Qalanlar da qoyub qaçdı,
Tökdüyün qan alar səni.

Çıxdı üzə qız-qadınlar,
Əl-ayağı qabar, qabar,
Qalandan çox ölənlər var,
Tökdüyün qan alar səni.


– Eldən uzaq düşən elim,
Öz elinə qayıt daha.
Gözü yolda qalan çoxdur,
Öz elinə qayıt daha.

Harda olsan, nəçi olsan,
Vara dolsan, ətə dolsan,
Çoxdan yolu azmış olsan,
Öz elinə qayıt daha.

Gücər, sən də eldən yapış,
Öz doğmanla bir-bir tapış,
El uğrunda vuruş, çarpış,
Öz elinə qayıt daha.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов