Turq-tay söylənci
Tanı şahın oğlu oldu anadan,
Hər qoşadan bir üçüncü yaranır.
Turqtay qoydu şah oğlunun adını,
Hər qoşadan bir üçüncü yaranır.
Bu ad gəzdi yurdda, eldə, elatda,
Ata, ana gəldi qoşa qanadda,
Turqız, Tanı birləşmişdi bu adda,
Hər qoşadan bir üçüncü yaranır.
Əkbitənə Turqtay işıq ələdi,
Başev onu öymələrə bələdi,
Qundağına gül suları çilədi,
Hər qoşadan bir üçüncü yaranır.
Nə ağlayıb, nə gülürdü körpəcik,
Doğulmuşdu qaş-qabaqlı, həm incik,
Nəydi görən bu saymazlıq, bu dinclik,
Hər qoşadan bir üçüncü yaranır.
Turqtay gəldi, unuduldu Manay şah,
Tapıntılar unutdurur itkini.
Tanı şah da anasını unutdu,
Tapıntılar unutdurur itkini.
Qaş-qabağı açılmışdı Tanının,
Ürəyində sevinc vardı hamının,
Tanış-biliş kəsmiş idi qapını,
Tapıntılar unutdurur itkini.
Bacar çapar göndərmişdi Tanıya,
Pay-puş, bağış, qızıl, gümüş anaya,
Bir də hər şey toy-düyünə yarayan,
Tapıntılar unutdurur itkini.
Əkbitənə lap çox idi gələnlər,
Sevinirdi körpəciyi görənlər,
Pay verirdi ölkə-ölkə ərənlər,
Tapıntılar unutdurur itkini.
Yığıldılar toplantıya,
Söz qılıncdan ötkəm olur.
Yerincləri dinlə, dindir,
Söz qılıncdan ötkəm olur.
Açıqlama, saylı, sayğı,
Qat bağlamış neçə sorğu,
Həm boğuntu, həm də qayğı,
Söz qılıncdan ötkəm olur.
Buzboğazdan Körfəzəcən,
Hamı gəlib bircə-bircə,
Deyim, duyum, sayım gerçək,
Söz qılıncdan ötkəm olur.
Səpələnib ora, bura,
Yəhərli at hardan, hara,
Tunc qoşqular sıra-sıra,
Söz qılıncdan ötkəm olur.
Tanı şaha baş əyirlər,
Ağsaqqallıq yaşla deyil.
Qabağında sayıq-sayın,
Ağsaqqallıq yaşla deyil.
Geyimləri birdir, nədən,
Al dəmirdən, tunc dəmirdən,
Qulaq batır səs-səmirdən,
Ağsaqqallıq yaşla deyil.
Çal saqqallı, qalın yallı,
Baş, döş, üz, qol tüklü, qıllı,
Hərəsinin yeri bəlli,
Ağsaqqallıq yaşla deyil.
Bircə Bacar boğulmuşdu,
Əli-qolu yığılmışdı,
Qurd dərisi dağılmışdı,
Ağsaqqallıq yaşla deyil.
Ölüşgəyən, çiçəklənən,
Biri gəlir, biri gedir.
Şellənənlər, ərpiyənlər,
Biri gəlir, biri gedir.
Hanı başı-döşü dağlar,
İşdayaqlar, Üstüağlar,
Ərdən güclü ər qızbaxlar,
Biri gəlir, biri gedir.
Oturubdur Tanı başda,
Nəsə deyir o, yavaşdan,
Yetkin gəncdi çox da yaşda,
Biri gəlir, biri gedir.
Səs kəsilir, hay-küy bitir,
Söz-sorğular sona yetir,
Baxış iti, qulaq iti,
Biri gəlir, biri gedir.
Şah söylədi: – Minellilər,
Birlik gücdə bir olmaqdır.
Bu gün bunu görürəm mən,
Birlik gücdə bir olmaqdır.
Gücər soyu, Tur başrağı
Bura yığıb el, ocağı,
Alqışlayın bu yığnağı,
Birlik gücdə bir olmaqdır.
Anam Manay ölən çağı
Mənə verdi bu şahlığı,
Odur mənim şah dayağım,
Birlik gücdə bir olmaqdır.
Mənim ərkim, hikkələrim
Alıb yüz-yüz bölgələri,
Ulusları, ölkələri,
Birlik gücdə bir olmaqdır.
Ölkə çatıb Buzboğaza,
Böyük çevik ola bilmir.
Beş ay yoldur burdan ora,
Böyük çevik ola bilmir.
Səs, hənirti, yazı, çapar,
İldə bir yol gətir, apar,
Gərək yeni bir yol tapaq,
Böyük çevik ola bilmir.
Yurdu ölçüb dirsək-dirsək,
Bölgələrə bölək gərək,
Nə göstərər bu iş, görək,
Böyük çevik ola bilmir.
Hər bölgənin şahı ayrı,
Qoy çoxalsın gücü, varı,
Vergisi də yarı-yarı,
Böyük çevik ola bilmir.
Səs-küy qopdu yığıncaqda,
Böyük batar, parçalansa.
Hərə sürər öz atını,
Böyük batar, parçalansa.
Bacar dedi: – Bu nə sözdür,
Parçalanmaq hələ tezdir,
Mindiyarda el yüz – yüzdür,
Böyük batar, parçalansa.
Çaparları biz çoxaltsaq,
Yaxın olar ucqar, uzaq,
Qoy bir olsun torpaq, başraq,
Böyük batar, parçalansa.
Uzaq Minel, yaxın Minel,
Bir-birindən ayrı deyil,
Lap olsa da yolu bir il,
Böyük batar, parçalansa.
– Vergi qoysun şah hər başa,
Dolur saxlanc vergi ilə.
Çoxalt üç qat çap-çapları,
Dolur saxlanc vergi ilə.
Qışlaq, yaylaq, doğu, batı,
Bir-birinə calaq atıb,
Səs də çatır, söz də çatır,
Dolur saxlanc vergi ilə.
– Mən Cumərəm, Duzdağ eldən,
Onçu olub böyük dədəm,
Nəyə artır vergim, nədən,
Saxlanc dolur vergi ilə.
Duzdağ hara, Muğel hara,
Gedib çatdım o diyara,
Yüz gün yoldur bizdən ora,
Saxlanc dolur vergi ilə.
– Mən Günayam, Ağüzeldən,
Şahlıq çoxsa, ölkə birdir.
Qoy Ağüzel şahlıq olsun,
Şahlıq çoxsa, ölkə birdir.
Çox yerinc var, çoxu artıq,
Çoxu qorxaq, gözü qıpıq,
El-obası varsız, yazıq,
Şahlıq çoxsa, ölkə birdir.
Ağüzeli şahlıq edək,
Muğeldə də var Qarçiçək,
Turel şahlıq olsun gərək,
Şahlıq çoxsa, ölkə birdir.
Öz əlləri, öz başları,
Öz içində dalaşları,
Ərənləri baş başları,
Şahlıq çoxsa, ölkə birdir.
Ağqurd Alpan dedi: – Susun!
Düzdə əyri getmək pisdir,
Mindiyarı dağıtmayın,
Düzdə əyri getmək pisdir.
Tuncər dedi: – Şaha görə,
Şah olacaq burda hərə,
Nəyə gərək şah boş yerə,
Düzdə əyri getmək pisdir.
Tanı durdu, dedi belə:
– Gücü verək iki yerə,
Çinel ilə Asurelə,
Düzdə əyri getmək pisdir.
Bizə qarşı qancıl, yaman,
Ya ordandır, ya da burdan,
Öc alırlar Mindiyardan,
Düzdə əyri getmək pisdir.
Başev qalır, Əkbitəndir,
Bir gövdədə bir baş olar.
Uğureli şahlıq edək,
Bir gövdədə bir baş olar.
Bacar dursun Çinə qarşı,
Hər bir işdə başlar başı,
Yoxsa Çinel cızıq aşıb,
Bir gövdədə bir baş olar.
Öz toplumu, göstərişi,
Öz buyruğu, göndərişi,
İşi, gücü, tərpənişi,
Bir gövdədə bir baş olar.
Bacar yurdun o başında,
Tanı yurdun bu başında,
Duraq yaman qarşısında,
Bir gövdədə bir baş olar.
Sonda bunu yey sandılar,
Şah nə deyir, sən onu et.
İki şahlı oldu ölkə,
Şah nə deyir, sən onu et.
Ölkə iki ölkə oldu,
Bacar şahlıq adı aldı,
Yeləsəndə o ucaldı,
Şah nə desə, sən onu et.
Bacar yaşlı olsa belə,
Qılıncını qoymur yerə,
O, şah oldu, həm də ərən,
Şah nə desə, sən onu et.
O ayağa durmalıydı,
Acıqanı vurmalıydı,
Soyqanları qırmalıydı,
Şah nə desə, sən onu et.
Tuncər, Günay, Ağqurd Alpan,
Daş olanda dibdaşı ol.
Cumər, Turqız, Muğər, Onçu,
Daş olanda, dibdaşı ol.
Bunlar idi elin varı,
Yaşadırdı Mindiyarı,
Bütöv-bütöv, yarı-yarı,
Daş olanda, dibdaşı ol.
Sərtüz şahı yoxlayırdı,
Susub çəki saxlayırdı,
Öz içində ağlayırdı,
Daş olanda, dibdaşı ol.
Toplantıda qaldı yasaq,
Əkin, biçin, su, arx, ocaq,
Düşdü bunlar gözdən uzaq,
Daş olanda, dibdaşı ol.
Tanı dedi: – Ana ulu,
Harda olsa ana şahdır.
Manay şahı səsləyirəm,
Harda olsa ana şahdır.
Batı yanda Duzlugöldür,
Burdan ora üç gün yoldur,
Böyük ulus, böyük eldir,
Harda olsa ana şahdır.
Günay ora yerinc olsun,
Man şahlığı adı alsın,
Qoy ananın adı qalsın,
Harda olsa ana şahdır.
Çətin gündə o, döş gərib,
Döyüşlərə ər tək girib,
Nələr çəkib, nələr görüb,
Harda olsa ana şahdır.
Hamı dedi: – Sağ ol, Tanı,
Dağdan uca dağdır ana,
Varlıq onun ucbatında,
Dağdan uca dağdır ana.
Man şahlığı uca olsun,
Qapılara açar olsun,
Tanrıları qucar olsun,
Dağdan uca şahdır ana.
Tanı dedi: – Turel də var,
Şahlıq, şahlıq deyir onlar,
İstəkləri tumar-tumar,
Dağdan uca dağdır ana.
Tureli də düşünərim,
Öcləri var, acı, dərin,
Turqızı var o yerlərin,
Dağdan uca dağdır ana.
Çəkişdilər, bərkişdilər,
Çəkiş-bərkiş ulu yoldur,
«Hə» deyəni, «yox» deyəni,
Çəkiş-bərkiş ulu yoldur.
Turel üstdə dalaşdılar,
Saçlaşdılar, yollaşdılar,
Barışdılar, qollaşdılar,
Çəkiş-bərkiş ulu yoldur.
Tanı dedi bilə-bilə,
Onda Turel qalsın hələ,
Ağsaqqallar özü gələr,
Çəkiş-bərkiş ulu yoldur.
Sonra hərə öz yerinə
Söz verdilər dönə-dönə,
Əltut olsun bir-birinə,
Çəkiş-bərkiş ulu yoldur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-turq-tay-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qurdər görür göydə Qartal millənir,Nə var görür yelkənqanad, qızıl quş.
Buzər söylənciBoş görmüşdü Buzər şahlıq yerini,Dolu gözlər hər gün boş yer axtarır.
Toplantı söylənciƏkbitənə yığıldılar qırx önər,Düz danışıq işdə düyün açandı.
Sona və ana söylənciUryer adı döndü oldu Urdiyar,Hər şey bunca yavaş-yavaş dəyişir.
Стихи других поэтов
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı
Kül yarpağı, o ləli-dirəxşanə oxşamazKül yarpağı, o ləli-dirəxşanə oxşamaz,Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,