Yelkənqanad Qızıl quş söylənci
Qurdər görür göydə Qartal millənir,
Nə var görür yelkənqanad, qızıl quş.
Dedi: – Qartal gəlib yenə, Turq ata,
Nə var görür yelkənqanad, qızıl quş.
Birdən yerə yuvarlanıb enir o,
Şimşəkatın yalmanına qonur o,
Turq anlayan quş dilində dinir o.
Nə var görür yelkənqanad, qızıl quş.
Gah qıy vurur, gah şığıyır, tələsir,
Deyir: «-Öndə zolaq-zolaq yol kəsib»,
Qırıq-qırıq olub batır quş səsi,
Qalxır göyə tutur yolu kölgəsi,
Nə var görür yelkənqanad, qızıl quş.
Turq tanıyır zolaq-zolaq Qaplanı.
Qaya üstə yuva salıb dayanıb,
Tutur çayla o yoldakı aranı,
Nə var görür yelkənqanad, qızıl quş.
Gedib, gedib ora gəlib çatırlar,
Qayaların arxasında yatırlar,
O Qaplana birdən beş ox atırlar,
Nə var görür yelkənqanad, qızıl quş.
Qaplan gəlir, daşdan-daşa sıçrayır,
Ox atanı kol-kol, yer-yer arayır,
Caynağıyla kolluqları darayır.
Qalxır göyə nəriltisi, harayı,
Nə var görür yelkənqanad, qızıl quş.
Qurdər çıxır qabağına Qaplanın,
Qaplan onun üzərinə tullanır,
Quş onların başı üstə dolanır,
Nə var görür yelkənqanad, qızıl quş.
Qaplan kəsir yaraqlının yolunu,
Qamarlayıb, gəmiritdəyir qolunu,
Qan boyayır onun qalın yalını,
Gəmirtdəyir nə var sağı, solunu,
Nə var görür yelkənqanad, qızıl quş.
Qartal birdən yumalanır aşağı,
Vurur onun bir gözünü çıxarır,
Birdən qalxıb o, millənir yuxarı.
Nə var görür yelkənqanad, qızıl quş.
Turq söyləyir: – Dəli olub bu nədən,
Bu Qaplanın balası var deyəsən,
Gəl dəyişək yolumuzu bu yerdən,
Nə var görür yelkənqanad, qızıl quş.
Yol dəyişib başqa yola gedirlər,
Sıx-sıx qalın meşələrdə itirlər,
Çayı, gölü, kolluqları ötürlər,
Nə var görür yelkənqanad, qızıl quş.
Xallı Qaplan çıxır birdən qabağa,
Turq əl atır lapdan iti yarağa,
O xallını sıxışdırır bucağa,
Vurun, deyir, Qaplan dönsün yumağa,
Bu Alpisdir, dönüb xallı sayağa,
Ona dəyən oxlar dönsün darağa,
Nə var görür yelkənqanad, qızıl quş.
Alpis qaçır, duman bulud çəkilir.
Dağ dalında al dan yeri sökülür,
Gümüş şehlər damla-damla tökülür,
Nə var görür yelkənqanad, qızıl quş.
Göydə Qartal, yerdə yorğun atlılar.
Üç güm gedib bir komaya çatdılar,
Yorğun qızlar oturdular, yatdılar,
Şirin-şirin yuxulara batdılar,
Nə var görür yelkənqanad, qızıl quş.
Oturaraq bir daş üstə Turq ata,
Düşünürdü «Alpis bir də qayıdar,
Gərək gecə nə göz yumam, nə yatam,
Nə var görür yelkənqanad, qızıl quş.
Uzaq-uzaq, dərin-dərin meşələr,
Nə gözəldir, nə ağırdır dolanış.
Yaşıl-yaşıl, sərin-sərin meşələr,
Nə gözəldir, nə ağırdır dolanış.
Ey şellənən oynaq, sallaq yarpaqlar,
Yarpağını günə verən budaqlar,
Gecə-gündüz mahnı deyən bulaqlar,
Ey sürüşgən yarğanlarla, ovuqlar,
Göm-göy otlar, otdan uzun alaqlar,
Ovluqlarda geniş-geniş oylaqlar,
Nə gözəldir, nə ağırdır dolanış.
Ey buludlar, hara belə gedirsiz,
Gah görünür, gah da gözdən itirsiz,
Uca dağlar zirvəsindən ötürsüz,
Siz harada dincəlirsiz, yatırsız,
Əskilmədən elə qat-qat artırsız,
Hamı yerə, hamı yurda çatırsız,
Nə gözəldir, nə ağırdır dolanış.
Göydə ulduz saysız–soysuz sayrışır,
Gecə olcaq ayla, günlə qarışır,
Dağ buludla, bulud dağla qarmaşır,
Üç yol küsür, dörd yol gündə barışır,
Birə olub ulduz yerə daraşır,
Yer-göy, göy-yer bir-birinə yaraşır,
Nə gözəldir, nə ağırdır dolanış.
Böyük tanrı, niyə bizi yaratdın,
Gülər üzlə günümüzü qaraltdın,
İli, ayı, günü, yaşı daraltdın,
Sevməyən heç, sevənləri saraltdın,
Nə gözəldir, nə ağırdır dolanış.
Böyük tanrı, gileyliyim böyükdür,
Mən sağlamam, döşüm sökük – sökükdür,
Gözüm də var, göz deyildir, dəlikdir,
Küsüm odla alovlanan körükdür,
Udduğumuz, yediyimiz köpükdür,
Çatmaq olmur yaranışa, yürükdür,
Əlimizdə yaraq deyil, çəlikdir,
Nə gözəldir, nə ağırdır dolanış.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-yelkenqanad-qizil-qus-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tunq Ər Alpan dedi dünən baş evdə,“Quruş al ver saxlancıdır satalda.
Parsdiyar söylənciDaryaş baş-baş geyimində oturub,El deyib ki, daldan gələn bərk gələr,
Besyar söylənciAxtarırdı Daryaş ucu-bucağı,El deyib ki, gücsüz olan bic olar.
Besyar, Tunqər söylənciYola düşdü Əkbitinə gecə ikən,Ağır işə getmə iki ürəkli.