Turqla Tusun döyüş söylənci
Tusər açdı Pişikgözə qəlbini,
Ürək şişər söz qalarsa ürəkdə.
Dedi: – İşin öhtəsindən gəlibsən,
Ürək şişər söz qalarsa ürəkdə.
Dedi: – Çatdı indi Sərtüz növbəsi,
Türk olubdu bu yazarın dədəsi,
Basdırıla gərək qana kəlləsi,
Ürək şişər söz qalarsa ürəkdə.
Çox demişəm, zalım dönmür əslindən,
Gərək onu tam ayıraq nəslindən,
Yazıları itsin türkün dilindən,
Ürək şişər söz qalarsa ürəkdə.
Öldürərik, saxlayarıq öl-diri,
Deyərik ki, bir türk onu öldürüb,
Acığını, qəzəbini bildirib,
Ürək şişər söz qalarsa ürəkdə.
Kim zirəngdir yerin çoxu onundur,
Kim zirəngdir batı, doğu onundur,
Bu dünyanın varı-yoxu onundur,
Ürək şişər söz qalarsa ürəkdə.
Belə dedi, Pişikgözə Tusər şah,
Çox zirəng ol, mənim kimi sən yaşa,
Bunda sonra biz verərik baş-başa,
Ürək şişər söz qalarsa ürəkdə.
Bu Pişikgöz Tusərdən də bic idi,
Ancaq Tusər Pişikgözdən güc idi,
Şah olsa da başdan-başa öc idi,
Ürək şişər söz qalarsa ürəkdə.
Bilirdi ki, bir gün növbə onundur,
Bu, Başevdə bir köhnəlmiş qanundur,
Bu işlərdə o yorulub, yorğundur,
Ürək şişər söz qalarsa ürəkdə.
Bir də Sərtüz xalq içində şanlıdır,
Adi deyil, o bəlkə də tanrıdır,
Bu iş günah işdir, qandır, qanlıdır,
Ürək şişər söz qalarsa ürəkdə.
Tusər dedi: – İş görənsən sən az-maz,
Səndən başqa bunu heç kəs bacarmaz,
Yoxsa sən də yad olmusan yaramaz!
Ürək şişər söz qalarsa ürəkdə.
Pişikgözə göz ağartdı şah birdən,
Dedi: – Ər ol, qorxma, cayma yerindən,
Yoxsa didib-dağıdaram səni mən,
Ürək şişər söz qalarsa ürəkdə.
Pişikgözü qorxu aldı, saraldı,
Şaha qarşı fikri döndü, daraldı,
Gözlərində dünya sanki qaraldı,
Ürək şişər söz qalarsa ürəkdə.
Dedi: – Yaxşı, mənə bir ay möhlət ver,
Işlərimə düz-əməlli qiymət ver,
Mənə yaxşı vəzifə ver, şöhrət ver,
Ürək şişər söz qalarsa ürəkdə.
Ancaq sabah qaçdı, getdi Turana,
Günahlarım, dedi, qalsın bir yana,
Ta dönmərəm mən zəhərli ilana,
Ürək şişər söz qalarsa ürəkdə.
O Turqərin ayağına döşəndi,
Etirafla günah getməz, yuyulmaz.
Açdı, tamam işlərini söylədi,
Etirafla günah getməz, yuyulmaz.
“Məni aldı haçasaqqal qorxusu,
Mən zəhərli ilan oldum doğrusu,
Bunlar onun işləridir, qurqusu,
Etirafla günah getməz, yuyulmaz.
Indi deyir, get, Sərtüzü xəfələ,
Ya da tapşır işi bir küt əfələ,
Bir türkü tap, onu bərkdən hədələ,
Etirafla günah getməz, yuyulmaz.
Günahgaram, öldür məni Turq ata,
Ya da götür məni qaytar həyata,
Mən artıqam burda, sanki mən yadam,
Etirafla günah getməz, yuyulmaz.
Mən bilirəm yazıların yerini,
Çox tökmüşəm orda alın tərimi,
Yazdım ora, onun darğa fikrini,
Bəlkə qovum üzərimdən şərrini,
Etirafla günah getməz, yuyulmaz.
Turqər dedi: – Toplum qalxsın ayağa,
Hər günahın, hər güzəştin həddi var.
Beş min atlı yürüş etsin İrana,
Hər günahın, hər güzəştin həddi var.
Şimşəkatın kişnərtisi tanışdı,
Sarı yalı atın üçcə qarışdı,
Yalmanında örtük qırış-qırışdı,
Hər günahın, hər güzəştin həddi var.
Hamıdan tez Turqər çatdı Parsaya,
Yolda kəndlər düzülmüşdü sıraya,
Kənddəkilər batmışdılar əzaya,
Hər günahın, hər güzəştin həddi var.
Ağılarda qoşmalarda Tunq adı,
Səslənirdi yer duası, göy andı,
Hər addımda saxlayırdı Turq atı,
Hər günahın, hər güzəştin həddi var.
Tusər çıxdı hədələdi Turqəri,
Hədəqədən çıxmaqdaydı gözləri,
Qorxusundan titrəyirdi dizləri,
Hər günahın, hər güzəştin həddi var.
– Sən öldürdün Tunqu, Pişikgöz ilə,
Qabağıma çıxdın hansı üz ilə,
Daha kimi öldürübsən, düz söylə,
Hər günahın, hər güzəştin həddi var.
– Turparı da mən öldürdüm, bil, qaban,
Mən səni də öldürərəm bir azdan,
Mən üstünəm hər bir yerdə, hər zaman,
Hər günahın, hər güzəştin həddi var.
Şimşəkqılınc endi Tusun çiyninə,
Qandan paltar geydi Tusər əyninə,
Çabaladı uzununa, eninə,
Qaldı o da Pişikgözün gününə,
Hər günahın, hər güzəştin həddi var.
Şimşəkqılınc bir də endi aşağı,
Getdi onun üzü, ağzı, qulağı,
Bir də vurdu, sındı qolu, ayağı,
Hər günahın, hər güzəştin həddi var.
Ancaq Tusər yıxılmadı, ölmədi,
Bir də Turqla o üz-üzə gəlmədi,
Hara getsin, hara qaçsın bilmədi,
Hər günahın, hər güzəştin həddi var.
Şimşəkqılınc göyü, yeri yarırdı,
Kim gəlirdi, beş-beş, on-on qırırdı,
Parsalını vurub yerə sərirdi,
Qan qarışıq Tusər nəfəs dərirdi,
At kişnəyib sıralara girirdi,
Hər günahın, hər güzəştin həddi var.
Hamı dedi: – Tusər ölsün, qalmasın,
Zəhər verən ölsün gərək zəhərlə.
O bir daha bizə başçı olmasın,
Zəhər verən ölsün gərək zəhərlə.
Biri dedi, onsuz da o əlildir,
O şahlığa qadir, layiq deyildir,
O hay-küydür, boş gurlayan təbildir,
Zəhər verən ölsün gərək zəhərlə.
Şah Qardanağ olsun onun yerinə,
Başbaşı da fars qızların birindən,
Biz qurtaraq qancılların əlindən,
Zəhər verən ölsün gərək zəhərlə.
Hərə bir söz dedi, bir cür danışdı,
Muğlar, farslar biri-birinə qarışdı,
Vuruşanlar, küsüşənlər barışdı,
Zəhər verən ölsün gərək zəhərlə.
Turqər dedi: – Tusun evi hardadır?
“Avesta”nın yazıları ordadır,
Sərtüz yolda, hələ orda-burdadır,
Zəhər verən ölsün gərək zəhərlə.
Biri dedi, evdə taxça qazdırıb,
Yazıları qat-qat orda basdırıb,
Üzərində “böyük Tusər” yazdırıb,
Zəhər verən ölsün gərək zəhərlə.
Turqər baxdı, gördü burda baxça var,
Qazılı da iki dərin taxça var,
Basdırılıb, gizlədilən boxça var,
Zəhər verən ölsün gərək zəhərlə.
Turqər dedi: – Bura yaşdır, nəmişdir,
Bura başqa yer altına girişdir,
Yazıları oğurlamaq pis işdir,
Zəhər verən ölsün gərək zəhərlə.
Besyar gəlsin, yazıları götürsün,
Onu Sərtüz olan yerə gətirsin,
Əmanəti yiyəsinə yetirsin,
Zəhər verən ölsün gərək zəhərlə.
Uzun çəkdi Sərtüzərin səfəri,
Yazıların çox böyükdür dəyəri,
Bundan yoxdur heç bir kəsin xəbəri,
Zəhər verən ölsün gərək zəhərlə.
Bunlar bizə ana, Sərtüz atadır,
Bunlar vəhdir, şerdir, qatdır, duadır,
Bunlar öyüd, ruhdur, yeni dünyadır,
Zəhər verən ölsün gərək zəhərlə.
Çaylar, yollar, yallar eniş-yoxuşdur,
Şahla şahlıq gah ucalır gah enir.
Bir məqamda dura bilməz varlıq da,
Şahla şahlıq gah ucalır gah enir.
Niyə İran çökdü, batdı dumana,
Yenə İran tabe oldu Turana,
Onlar durdu üz-üzə yox, yan-yana,
Şahla şahlıq gah ucalır gah enir.
Yazıları Turqər Tusdan qorudu,
Yazı, hərfi, sözü bir-bir oxudu,
Tus haqqında orda bir söz yox idi,
Tus deyənlər yalan idi, ağ idi,
Şahla şahlıq gah ucalır gah enir.
Turq əmr etdi: – Köçürülsün əsərlər!
Tanış olsun bunla kəndlər, şəhərlər,
Durulaşsın gözlər, başlar, təpərlər,
Şahla şahlıq gah ucalır gah enir.
Turq əmr etdi: – Yansın hər gün ocaqlar!
Gəlsin ora yaxın, uzaq qonaqlar,
Sərtüzləşsin toplum, yaraq, dayaqlar,
Dəyişilsin köhnə geyim, papaqlar,
Itiləşsin ağır-ağır yaraqlar,
Şahla şahlıq gah ucalır gah enir.
Turq əmr etdi: – On min inək kəsilsin!
Bu yazılar gön üstündə yazılsın,
Sözlər, hərflər qızıl mıxla basılsın,
Divarlardan varaq-varaq asılsın,
Şahla şahlıq gah ucalır gah enir.
Turq Besyarı Ekbatana gətirdi,
Hər bir evin bər-bəzəyi qadındır.
Turpar üçün Besyar hər gün ağladı,
Hər bir evin bər-bəzəyi qadındır.
Turq söylədi: – Burda otur, ana ol,
Sonanı da gətir, burda ana ol,
Biz dib daşı olaq, sənsə bina ol,
Iki ölkə arasında durna ol,
Hər bir evin bər-bəzəyi qadındır.
Besyar dedi: – Mənim könlüm sınıqdır,
Turparımın üzü kimi yanıqdır,
Utanıram, ağzım, dilim qıpıqdır,
Hər bir evin bər-bəzəyi qadındır.
Turq dedi ki, nəvən mənim olacaq,
Böyüyəcək, o, Turanda qalacaq,
O, dünyaya haray-həşir salacaq,
O, Tusərdən öc-bacını alacaq,
Hər bir evin bər-bəzəyi qadındır.
Turqər, Ağüz, Besyar, Sona birləşdi,
Hərə getdi öz işində yerləşdi,
Qızlar hər gün “Turpar” deyib dərdləşdi,
Yaraq tutub vur-vurlaşdı, ərləşdi,
Hər bir evin bər-bəzəyi qadındır.
Döyüş, vuruş bir sənətdir dünyada,
Sona həvəs, eşq yaratdı anada,
Örgətdilər bu sənəti ona da,
Hər bir evin bər-bəzəyi qadındır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-turqla-tusun-doyus-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Öc almağa yollanırdı Qızay da,Qadın öcü ağır kişi öcündən.
Turqa tanrı öyüdüYer üzünə bir də Zərdüşt gələcək,O, tanrının oğlu, tanrı yoludur.
Ağüzün sevgi söylənciKeçdi yüz gün Araz üstdə döyüşdənSevgi birdən gəlir,-demə!, Yalandır.
Muğanel söylənciMuğanelin yerincliyi Aranda,Hər bir yerin başbiləni yerincdir.
Стихи других поэтов
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir