Çoxu getdi üzdən görsün Besyarı,
Yaxşı baxsan içdə nə var üzdədir.
Gördülər ki, Besyar təmiz, müqəddəs,
Yaxşı baxsan içdə nə var üzdədir.

Nəvəsini Qor çağırdı nənəsi,
Qor ananın oldu bircə dənəsi,
Qorun iri qolu, çiyni, sinəsi,
Yaxşı baxsan içdə nə var üzdədir.

Uşaqiykən anasıyla güləşdi,
Oxla, yayla, yeniyetmə əlləşdi,
Az böyüdü, böyüklərlə dilləşdi,
Yaxşı baxsan içdə nə var üzdədir.

Qor dedi ki, mən Turqərin oğluyam,
Mən Turpara, mən Turana bağlıyam,
Pişikgözdən, Tusdan, Farsdan dağlıyam,
Mən Turqərin oğluyam,
Yaxşı baxsan içdə nə var üzdədir.

On yaşında o and içdi tanrıya,
Anasına, nənəsinə yarıya,
Turqu, Türkü, Ekbatanı qoruya,
Yaxşı baxsan içdə nə var üzdədir.
Sona dedi: – Tanrı, saxla balamı,
Uzaq elə ondan qəsdi, yalanı,
Həm qıtlığı, quraqlığı, talanı,
Uzaq, uzaq Əhriməndən balamı,
Yaxşı baxsan içdə nə var üzdədir.


Qor böyüdü, qılınclaşdı nənəylə,
Evdə keçir oğlan hər bir sınaqdan.
Tutaq oldu qılıncına nəvənin,
Evdə keçir oğlan hər bir sınaqdan.

Qılınclaşma hərdən çıxdı həyətə,
Bir-birinə güzəşt döndü minnətə,
Besyar baxdı Qorda gücə, hiddətə,
Qiptə etdi örgəndiyi sənətə,
Evdə keçir oğlan hər bir sınaqdan.

At minirdi, arxasınca dartmırdı,
Hələ gücü ağır gürzə çatmırdı,
Meşəçiydi, gecə evdə yatmırdı,
Evdə keçir oğlan hər bir sınaqdan.

Bir gün getdi tək başına ocağa,
Orada da at səyirtdi ovlağa,
Yavaş-yavaş döndü cəsur qoçağa,
Evdə keçir oğlan hər bir sınaqdan.

Qılıncını başı üstə hərlətdi,
Sağa, sola çapıb atı tərlətdi,
Vurdu otu, kolu çöldə seyrəltdi,
Evdə keçir oğlan hər bir sınaqdan.

Bir atlını gördü, qalxan əlində,
Xənçər, pıçaq, bir də qılınc belində,
Neçə muncuq astanmışdı telində,
Evdə keçir oğlan hər bir sınaqdan.

Dedi: – Atlı, söylə, qızsan, oğlansan,
Duruşundan görürəm ki aslansan,
Nəsən, ancaq gözəllikdə yamansan,
Evdə keçir oğlan hər bir sınaqdan.

Atlı dedi: – Mən Uruel əriyəm,
Güc, güləşdə çoxlarından bəriyəm,
Mən basılmaz turqdaşlardan biriyəm,
Evdə keçir oğlan hər bir sınaqdan.

Qardaşımı axtarıram burada,
Bilməyirəm o yaşayır harada,
Səsi gəlir ordan, burdan arada,
Evdə keçir oğlan hər bir sınaqdan.

Adı onun Qardanağdır, Urelli,
Pəhləvandır, güləşçidir əməlli,
Çıxıb evdən, yox olubdur on ildir,
Evdə keçir oğlan hər bir sınaqdan.

Qardanağdır qardaşımın ad-sanı,
Bir aydır ki mən gəzirəm Turanı,
Axtarıram, dolaşıram hər yanı,
Evdə keçir oğlan hər bir sınaqdan.

– Tanıyıram Qardanağı, nə yaxşı,
O güləşib, udub, olub başbaşı,
Qardaşından İran bərk-bərk yapışıb,
Evdə keçir oğlan hər bir sınaqdan.

Atlı düşdü atdan, tutdu o Qordan,
Dedi: – Qurban olum sənə, ay oğlan,
Gedək onun qulluğuna buradan,
Evdə keçir oğlan hər bir sınaqdan.
– Çox uzada yaşayır o, çox uzaq,
Söylə görüm adın nədir, ay qonaq,
– Mənim adım Urel qızı Ağdanağ,
– Adınla da sən gözəlsən busayaq,
Yaxşı olar adın olsun Göygözağ,
Oncə buyur evimizə, ol qonaq,
Evdə keçir oğlan hər bir sınaqdan.


Atı çapdı, Qora qonaq getdi qız,
Ilk görüşlə başlar oğlan sevgisi.
Qor sevinclə anasına yan aldı,
Ilk görüşlə başlar oğlan sevgisi.

Dedi: – Ana, bu gözələ yaxşı bax,
Ağdanağdır onun adı, göygöz ağ,
Sona dedi: – Xoş gəlmisən Ağdanağ,
Oğlum Qorun bəyəndiyi ilk qonaq,
Ilk görüşlə başlar oğlan sevgisi.

Besyar dedi: – Xoş gəlibdir bu qonaq,
Qardanağın bacısıdır Ağdanağ,
Xəbər tutsa o gələcək qaçaraq,
Başbaşıdır bir ölkədə Qardanağ,
Ilk görüşlə başlar oğlan sevgisi.

Qız utanır, oğlan üzlü olanda,
Oğlan gülür, qızdan “həri” alanda,
Sonra düşür öz yoluna qalan da,
Ilk görüşlə başlar oğlan sevgisi.

Ancaq uşaq sevgisiydi bu, hələ,
Baxçalarda sarmaşsa da gül gülə,
Göy budaqlar versələr də əl ələ,
Ancaq uşaq sevgisiydi bu, hələ,
Görməmişdi sevənləri heç belə,
Ilk görüşlə başlar oğlan sevgisi.

Uşaqda da sevgi olur, kal olur,
Bulaq axır, damcı, damcı göl olur,
Bu olmasa gül də yanır kül olur,
Buna görə daş sevgisi lal olur,
Ilk görüşlə başlar oğlan sevgisi.

Üç gün qalıb, dördüncü gün getdilər,
Dağda, daşda, kolda-kosda itdilər,
Güllər kimi üzü üzə sürtdülər,
Gücə yatıb, gültək səhər bitdilər,
Ilk görüşlə başlar oğlan sevgisi.

Yavaş-yavaş qardaş yaddan çıxırdı,
İki sevgi günəşsayaq doğurdu,
Yaz yağışı kimi sevgi yağırdı,
İlk görüşlə başlar oğlan sevgisi.


Bacısını tanımadı Qardanağ,
Yarpaq kimi titrək olur ilk görüş.
Görməmişdi bacısını on üç il,
Yarpaq kimi titrək olur ilk görüş.

Qucaqlaşıb qoşa budaq oldular,
Ağladılar, damcı bulaq oldular,
Bacı, qardaş titrək dodaq oldular,
Yarpaq kimi titrək olur ilk görüş.


Şamxat gəldi dilə tutdu baldızı,
Gəlin gərək dilə tuta baldızı.
Şamxat dedi: – Nə gözəlsən, Ağdanağ,
Gəlin gərək dilə tuta baldızı.
O soruşdu öncə Dümağ ananı,
Sonra Urel diyarında qalanı,
O dilucu təriflədi oranı,
Gəlin gərək dilə tuta baldızı.

Dedi: – Göygöz, qoşa hörük Ağdanağ,
Qızbax, Qızod, Qızağ kimi üzü ağ,
Niyə belə çəkinənsən, utancaq,
Gəlin gərək dilə tuta baldızı.

Bu Qor kimdir, düşüb sənin dalına,
Çevrilibdir əsirinə, quluna,
Batıb əli deyən, sevgi balına,
Gəlin gərək dilə tuta baldızı.

Qor dedi ki, Mən Turparın oğluyam,
Mən anama, mən nənəmə bağlıyam,
Bu İrandan mən ürəyi dağlıyam,
Gəlin gərək dilə tuta baldızı.

Şamxat dedi: – Belə demə, cavansan,
Sən də yarı Turan, yarı İransan,
Sən də bura dönəcəksən haçansa,
Gəlin gərək dilə tuta baldızı.

Buralıya xoşdur bura o yandan,
Istəyirsən qal bizimlə İranda,
Ikidamar doğulubsan Turanda,
Gəlin gərək dilə tuta baldızı.

– İkidamar, ikiağız qılıncam,
Turpar oğlu Qoram, sizə qoruncam,
Qisas allam Tusdan, gücüm qalınca,
Gəlin gərək dilə tuta baldızı.

Sona gəldi, təngənəfəs, çaparaq,
Üzərində ağır, iti yal-yaraq,
Dedi: – Oğlum, olma burda oyuncaq,
Öc alanlar gəlib səni tapacaq,
Gəlin gərək dilə tuta baldızı.

Bunu deyib o hay-həşir qopartdı,
O qıy vurdu, Qoru aldı, apardı,
Qor sevdiyi anasına qabardı,
Gəlin gərək dilə tuta baldızı.

Qor söylədi Ağdanağa qəflətən,
– Ay qız, səni mən sevirəm ürəkdən,
Elə bu vaxt ağ at qopdu yerindən,
Gəlin gərək dilə tuta baldızı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви